30.05.2025, 10:42 - Baxış sayı: 18

Tarix elmləri doktoru Eynulla Mədətli “Cavad Heyət və “Varlıq” dərgisi milli varlıq uğrunda mübarizədə” mövzusunda məruzə ilə çıxış edib


Mayın 27-də Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, AMEA-nın elmi dəstəyi ilə Azərbaycanın və Türk dünyasının bir sıra qurumlarının dəstəyi ilə keçirilən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Hər gün bir mövzuya həsr olunan “AMEA-80” tədbirində “Cavad Heyət-100” panel çıxışında Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr olunmuş “Cavad Heyət və “Varlıq” dərgisi milli varlıq uğrunda mübarizədə” mövzusunda məruzə edib. O, çıxışında Cavad Heyətin fədakar zəhməti sayəsində dəyərli məsləkdaşlarının, geniş ziyalı-tədqiqatçı təbəqəsinin, həmçinin Azərbaycan Respublikasındakı və dünyadakı azərbaycanlı tədqiqatçıların elmi əməkdaşlığı nəticəsində “Varlıq” dərgisinin xalqımızın, eləcə də bütün digər türk xalqlarının milli-mədəni kimliyinin dərk edilməsində, Azərbaycançılıq və türkçülük ideyalarının üzvi vəhdətdə mənimsənilməsi və inkişaf etdirilməsində, ədəbiyyatımızın, tariximizin, həmçinin ictimai-siyasi həyatımızın tarixi-mədəni ənənələri və keyfiyyətləri ilə zənginləşməsində misilsiz rol oynadığını deyib.

Eynulla Mədətli həmçinin Cavad Heyətin Azərbaycan Respublikası ictimaiyyəti ilə, xüsusilə Ulu Öndər Heydər Əliyev və möhtərəm prezident İlham Əliyevlə görüşlərindən, onun I Qarabağ döyüşlərində yaralanmış əsgərlərimizə əvəzsiz tibbi yardımlarından söz açmışdır.