22.05.2025, 10:48 - Baxış sayı: 27

Türk halklarının birliğinin ana unsuru olan bilim


Saadet D. Mamedova

NAS of Azerbaijan

Institute of Philosophy and Sociology

Baku, Azerbaijan

https://orcid.org/0000-0002-4404-4983

Özet

Bilim, insanın kendini ve çevresini anlama aracıdır. Kişinin içinde bulunduğu toplumsal ilişkiler sisteminin özgünlüğünü anlama çabası, onun analiz, karşılaştırma ve genelleme becerilerini geliştirir ve değişimi teşvik eder. İnsan toplumundaki sürekli değişimlerin kaynağını ve kökenini belirlemeye ve yönlendirmeye çalışan bilim insanları, toplumsal olay ve süreçlerin yaratıcısı ve yöneticisi olarak hareket ederler. Toplumda çok yönlü ilişkiler sisteminin kurulması ve bunların kavramsal temellerinin belirlenmesi, tarihsel sürecin alternatif bir yönünün seçilmesidir. Bilimsel yaklaşım, yalnızca küçük toplumsal grupların değil, aynı zamanda büyük toplumsal birimlerin de yönetilmesini ve ilerlemesini mümkün kılar.

21. yüzyılda bilim hem yapıcı hem de yıkıcı bir unsur haline gelmiştir. Bilimsel temeller üzerine inşa edilen ideolojiler, yeni bilimsel yönetim düzeyleri için fırsatlar yaratır. Genel olarak bilimin yönetimi, tarihi gerçeklerin keşfedilmesi ve bunların gelecek nesillere aktarılması için koşullar yaratır ve bilimin sürdürülebilir gelişimini sağlar. Bu doğrultuda bilimsel araştırma merkezleri, örgütler, dernekler vb. önemli bir role sahiptir. Büyük bilimsel ekiplerin ortak araştırmalarının sonuçları önemli başarılardır.

Anahtar kelimeler: bilim, bilimsel örgütlenme, bilimsel koordinasyon, Türkler, Türkçülük teorisi

SCIENCE AS THE MAIN ELEMENT OF THE UNITY OF TURKIC PEOPLES

Abstract

Science is a tool for understanding oneself and one's environment. The individual's effort to understand the uniqueness of the social relations system in which he is located develops his analysis, comparison and generalization skills and encourages change. Scientists, who try to determine and direct the source and origin of continuous changes in human society, act as creators and managers of social events and processes. Establishing a multifaceted system of relations in society and determining their conceptual foundations is the selection of an alternative direction of the historical process. The scientific approach enables the management and progress of not only small social groups but also large social units.

In the 21st century, science has become both a constructive and destructive element. Ideologies built on scientific foundations create opportunities for new levels of scientific management. In general, the management of science creates conditions for the discovery of historical facts and their transfer to future generations, and ensures the sustainable development of science. In this direction, scientific research centers, organizations, associations, etc. have an important role. The results of joint research of large scientific teams are important achievements.

Keywords: science, scientific organization, scientific coordination, Turks, Turkism theory

Giriş

Bəşəri zəkanın təcəssümü olan elm qarşılıqlı təsiretmə imkanları əsasında yeni sosial mədəni mühit, sosial münasibətlər sistemi, sosial struktur formalaşdırır. Məhz insan zəkasının ali idraki qabiliyyəti bəşəriyyətin bir inkişaf mərhələsindən digərinə keçidinə əsas olmuşdur.

Sosiomədəni fenomen olan elm sosial, siyasi, iqtisadi, ideoloji və s. sahələrin formalaşması və təkmilləşməsinə səbəb olur. Mədəniyyətlərin və sivilizasiyaların tərəqqisinin və özünəməxsusluğunun başlıca amili kimi çıxış edir. Elm sosial institut olaraq, sivilizasiyalararası münasibətləri formalaşdırır.

Müasir dövrdə biz Türk sivilizasiyasının formalaşmasının şahidi oluruq. Qədim tarixi mədəni münasibətlər sisteminə malik olan müasir türk sivilizasiyası 20-dən çox etnosu və 180 milyondan çox türkü birləşdirir (Международная группа ученых создаст 3D-карту тюркского мира Большого Алтая...).

XXI əsr türk sivilizasiyasının yeni təkamül mərhələsi olaraq müəyyənləşdiriə bilər. XX əsrin əvvəllərində türk dünyasını birləşdirməyə çalışan ziyalıların varisləri XXI əsrdə bu istiqamətdə yeni çağırışlara uyğun və daha nizamlı şəkildə türk xalqları arasındakı əlaqələrin tərəqqisinə, türklərin tarixi yaddaşlarının bərpasına, türk milli şüurunun təkamülünə yönələn təşkilatlandırılmış fəaliyyət həyata keçirirlər.

Türkçülüyün nəzəri əsasları

Türkçülük nəzəriyyəsinin tərəqqisində əsaslı rola malik olan Ziya Göy Alp bu nəzəriyyənin mahiyyətini açıqlayarkən – “Yüz milyon türkün bir millətdə birləşməsi türkçülər üçün ən müqəddəs sevinc mənbəyidir” – fikrini vurğulayır. O, Türkçülüyün inkişafı üçün – türklərin mədəni, tarixi, siyasi birliyini, ziyalı və mütəfəkkirlərinin xalqa doğru, xalqın xeyrinə olacaq fəaliyyətə qoşulmasını başlıca amil hesab edirdi (Ziya Göy Alp, 2019: 37-38). Xalqın xeyrinə olacaq və maarirfçilərin xalqa dönüşü türk xalqlarının cəmiyyətlərində elm və təhsilin inkişafını təşviq etməklə bağlı idi.

Ziya Göy Alp türkçülüyün mahiyyətini belə açıqlayırdı: “Türkçülük siyasi partiya deyil; Elmi, fəlsəfi və estetik məktəbdir; Yəni mədəni mübarizə və yeniləşmə yoludur. Məhz bu səbəbdəndir ki, türkçülük hələ bir partiya olaraq siyasi səhnəyə çıxmayıb; bundan sonra, əlbəttə ki, atılmayacaq. Lakin türkçülük siyasi ideallara tam biganə qala bilməz. Çünki türk mədəniyyətinin başqa ideallarla yanaşı siyasi idealları da var. Məsələn, türkçülük heç vaxt klerikalizmlə, teokratiya ilə, tiranlıqla uzlaşa bilməz. Türkçülük müasir bir cərəyandır və yalnız müasir xarakter daşıyan hərəkat və ideallarla razılaşmaya bilər” (Ziya Göy Alp, 2019: 178).

XX əsrin əvvəllərində türkləri elm və təhsil vasitəsilə, maarifləndimə yolu ilə birləşdiməyə çalışan Y.Akçura, H.Əli bəy, Z.Göy Alp kimi görkəmli türk ziyalılarının fəaliyyətinə siyasi xarakter verərək pantürkizm adlandırsalar da, türkçülüyün və türk birliyi ideyasının baniləri olan həmin ziyalıların başlıca məqsədi türk xalqlarının sosial, iqtisadi, siyasi, mədəni, elmi birliyinə və tərəqqisinə nail olmaq idi. Türkizm nəzəriyyəsinin baniləri Y.Akçura, H.Əli bəy, Z.Göy Alp tərəfindən inkişaf etdirilən türkçülük ideologiyasının başlıca ideyası R.F.Muxammetdinov tərəfindən belə təqdim edilir: “Türkçülük ortaq etnik mənşə, dillərin qohumluğu və mədəniyyətlərin yaxınlığı anlayışından irəli gələn fikirlər sistemi kimi Türk xalqlarının birliyini, qardaşlığını və əməkdaşlığını təşviq etmək, həmçinin onların azadlıqlarını və müstəqilliyini, onların inkişaf və tərəqqi yolu ilə irəliləmək bacarığını” təkmilləşdirməyi nəzərdə tutur (Мохамметдинов Р.Ф1996: 272).

Türklərin azadlıq fəlsəfəsindən doğan, azadlığa pərəstişlərini ehtiva edən türkçülük bir nəzəriyyədən böyük bir ideologiyaya qədər inkişaf yolu keçmişdir. XIX ərin sonu – XX əsrin əvvəllərində türk ziyalıları türkçülüyün başlıca silahının xalqın maarifləndirlməsi, elm və təhsilə yönləndirilməsi olduğunu düşünürdülər. XXI əsrdə bir ideologiyaya qədər inkişaf edən türkçülüyün yayılma arealı daha genişdir və bütöv türk xalqlarının birliyinin, mədəni, elmi, siyasi əlaqələrinin genişləndirilməsi mahiyyətini etiva edir.

Türk birliklərinin tarixi və ideologiyası

Türklərin mədəniyyətinin, tarixinin, sosial həyatının elmi əsaslarda araşdırılması məqsədilə 1931-ci ildə Müstafa Kamal Atatürkün qərarı ilə yaradılan Türk Tarix Qurumunun ilk rəhbəri olmuş Yusif Akçura həm bilavasitə özü, həm də qurumun görkəmli nümayəndələri türklərin dövlətçilik ənənələri, mədəniyyətləri və həyat tərzlərini əsaslı şəkildə araşdırmışlar. Türk Tarix Qurumu 1982-ci ildən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Şurasının tərkibinə daxil olmuşdur və XXI əsrdə türk xalqları və dövlətləri arasında əlaqələrin qurulması və inkişafı istiqamətində layihələr reallaşdırırlar.

Bu gün dünyada çox sayda türk ictimai birlikləri var və onların hər biri türk xalqlarının tarixi, mədəniyyəti istiqamətində geniş fəaliyyət göstərir. Belə təşkilatlar sırasında 1992-ci ildə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə yaradılmış TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən həyata keçirilən layihələr - Manas eposunun 1000 illiyi, Dədə Qorqud eposunun 1300 illiyi, Aşıq Pir Aydının xatirəsinə həsr olunmuş I beynəlxalq festival, Məhəmməd Füzulinin yubileyi, qazax şairi Abayın yubiley mərasimi, qazax şairi Cambulun150 illik yubileyi, Türkistan şəhərinin 1500 illiyinin qeyd olunması və digər tədbirlər türk xalqlarının ədəbiyyatı, mədəniyyəti və tarixinin araşdırılması və təbliği, türk xalqlarının yaxınlaşması və birliyinin möhkəmlənməsi istiqamətində çox böyük tarixi hadisələrdir.

Türk təşkilatları türk xalqları arasında elm və təhsil əlaqələrinin genişləndirilməsi və görkəmli elm xadimlərinin türk dünyasına tanıdılması, türklərin inteqrasiyası ilə bağlı uğurlu fəaliyyət göstərirlər. Türk Dövlətləri Təşkilatı türk dövlətləri arasında müxtəlif istiqamətli əməkdaşlığın yaradılmasında əhəmiyyətli rola malik birlikdir.

2009-cu ilədək Türk Şurası, 2021-ci ildən isə Türk Dövlətləri Təşkilatı adlanan Birlik özündə 5 əsas üzv ölkəni (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə) və 3 müşahidəçi ölkəni (Macarıstan,Türkmənistan, Şimali Kipr, ) birləşdirir.

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr qurulub. Türk dövlətləri arasında elmi əlaqələrin inkişafı türk xalqlarının ortaq tarixi, mədəni, siyasi, iqtisadi, sosial münasibətlərinin tarixi köklərinin öyrənilməsi və möhkəmləndirilməsi baxımından xüsusi aktuallıq kəsb edir.

Hələ 2009-cu ildə qəbul edilmiş Naxçıvan sazişində Təşkilatın başlıca məqsəd və vəzifələri sırasında “elm, texnologiya, təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi” – xüsusi yer almışdır (Azərbaycan - Türk Dövlətlər Təşkilatı (TDT) münasibətləri...).

2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Türk Dövlətləri Başçılarının Zirvə toplantısında Qazaxıstan tərəfi türk dünyasını öyrənmək məqsədilə ümumi elmi strukturun yaradılmasını təklif etdi. Bu təklif əsasında 2010-cu il mayın 25-də Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin tabeliyində Astanada “Türk Akademiyası” açılmışdır. 2012-ci il avqustun 23-də Bişkekdə (Qırğızıstan) keçirilən Türk Dövlətləri Təşkilatının II Zirvə toplantısında dövlət başçıları bütün türk dövlətlərinin nümayəndələrinin təmsil olunduğu müstəqil Türk Akademiyasının yaradılması haqqında saziş imzaladllar.

Türk Akademiyası türk dünyası üzrə tədqiqatlar üçün regional mərkəz rolunu oynayır. Türk Akademiyasının missiyası türk dünyasının elm və təhsilə inteqrasiyasını təşviq etməkdir (О Тюркской Академии...).

Türk Akademiyası tərəfdaşlıq əlaqələrinin qurulması, elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülür, türk dünyası araşdırmalarının inkişafı üçün proqram və layihələr reallaşdırır (О Тюркской Академии...).

Türk xalqıarı arasında müxtəlif elm sahələri – tarix, arxeologiya, etnologiya, antropologiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət və sosial-iqtisadi məsələlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə 2015-ci il 29 iyun tarixində Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyi yaradılmışdır. Bu Birlikdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan Milli Elmlər Akademiyaları, Beynəlxalq Türk Akademiyası (UTA), Tatarıstan və Başqırdıstan, və Türkmənistan və Özbəkistan Elmlər Akademiyaları təmsil olunurlar (Türk Dünyası Bilim Akademileri Birliği Kuruldu...).

Türk Dünyası Elmlər Akademiyaları Birliyi türk xalqlarının irsinin öyrənilməsi istiqamətində davamlı layihələr həyata keçirir və türk xalqlarının adət-ənənələrinin təbliği istiqamətində türk dövlətiləri arasında əməkdaşlığın, elmi və mədəni əlaqələrin gücləndirilməsinə çalışır (Руководители Министерств культуры тюркских стран посетили Тюркскую Академию...).

Türk Akademiyası 2015-ci ildə yaradılmış Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (UNASTW) Katibliyi vəzifəsini yerinə yetirir. Birliyin əsas məqsədi türk cəmiyyətləri arasında elm və təhsil sahəsində hərtərəfli əməkdaşlığı təşviq etməkdir (Progress Report on the Activities of the Turkic Academy for 2023, 2024: 66).

Türk Akademiyası tərəfindən reallaşdırılmış uğurlu layihələrdən biri “Türk xalqlarının mifoloji lüğəti”nin hazırlanması ilə bağlı olmuşdur. Lüğətdə “21 türk xalqının, o cümlədən azərbaycanlıların, altayların, balkan türklərinin, başqırdların, dolqanların, qazaxların, qaraqalpaqların, kumıqların, qırğızların, noqayların, özbəklərin, tatarların, tofaxurların, türklərin, tuvanların, yakutların və digər türk etnoslarının mifoloji mətnləri yer almışdır (Мифологический Словарь Тюркских Народов...).

Türk Akademiyasının uğurlu elmi nailiyyərləri sırasında “Türk xalqlarının fəlsəfi və siyasi düşüncələri (XIX əsr-XX əsrin əvvəlləri)”, “Əski türk (run) yazılarının kataloqu”, “Türk dünyasının böyük şəxsiyyətləri: uşaqlar üçün hekayələr toplumu”, “Türk dünyasının böyük şəxsiyyətləri”, “Türk daş heykələri”, “Nomqon-2-də arxeoloji qazıntılar”, “Türk xalqlarının ailə ənənələri”, “Türk dünyası arxeoloqlarının bioqrafiyaları”, “Türk dünyası dekorativ və tətbiqi sənəti (IX-XVIII əsrlər): şirli keramika və memarlik dekorunun tədqiqati”, “Müasir türk dillərinin qrammatikaları”, “Türk dünyasının müqəddəs coğrafiyası: arxeoloji və memarlık abidələri”, “Qırğızıstanın Batken rayonunda Eqiz-Qara və Ak-Taş petroqlifləri”, “Türk barometri 2024: türk dövlətlərində təhsil və elmi əməkdaşlığa müasir yanaşmalar”, “Orta Asiyada qədim türk yazılı abidələri”, “Ümumi türk tarixi”, “Ümumi türk ədəbiyyatı”, “Ümumi türk dünyası coğrafiyası” dərslikləri və s. çap edilmişdir.

Qeyd edilən araşdırmalar arasında “Türk Barometri 2024: Türk Dövlətlərində Təhsil və Elmi İşbirliyinə Mövcud Yanaşmalar” hesabatı xüsusi maraq doğurur. Türk Akademiyası tərərfindən təqdim edilən Hesabatda XXI əsrdə türk ölkələrində təhsil və elmi əməkdaşlığın səviyyəsi araşdırılır, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzrə akademiklərin, müəllimlərin və təhsil siyasətçilərinin perspektivləri təhlil edilir. Hesabatda sosioloji və statistik analiz əsasında türk dövlətləri arasında təhsil və elm sahəsində əməkdaşlığın səviyyəsi ölçülür, türk dövlətləri arasında elm və təhsil nümayəndələrinin mübadiləsi proqramları və birgə tədqiqat layihələri haqda məlumat verilir, mədəni əlaqələrin, sosial həmrəyliyin, əməkdaşlığın və ümumi elm və təhsil siyasətinin inkişafının genişləndirilməsi perspektivləri proqnozlaşdırılır (Turkic barometer 2024...).

Türk Akademiyasının Bülletenində türkdilli ölkələrdən olan müəlliflərin elmin fərqli sahələrinin aktual problemlərilə bağlı məqalələri nəşr edilir. Deyə bilərik ki, jurnal müəyyən mənada türk dünyası alimlərinin qarşılıqlı fikir mübadiləsi missiyasını yerinə yetirir.

Türk Akademiyasının 2023-cü il hesabatında təşkilatın fəaliyyəti belə əsaslandırılır: “Türk Akademiyası türk xalqlarının zəngin irsinin və adət-ənənələrinin qorunub saxlanması, təbliği və dərk edilməsilə bağlı əhəmiyyətli rolu olan layihələr hazırlayır. Türk dünyasının zəngin mədəni irsi onun memarlıq və arxeoloji abidələrində öz əksini tapmışdır. Türk dünyasının müqəddəs coğrafiyası: memarlıq və arxeoloji abidələr türk xalqının dini inanclarını, tarixi yaddaşını və mədəni kimliyini təmsil etdiyi üçün onların müqəddəs coğrafiyasında böyük əhəmiyyət kəsb edən abidələri müəyyən etmək üçün fəaliyyətə başlayıb”.

Türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafında Beynəlxalq Türk Akademiyasının fəaliyyəti danılmazdır.

Beləliklə, XXI əsrdə F.Qurbanovun qeyd etdiyi kimi: “Türk dövlətləri arasında əməkdaşlığın yeni fəlsəfəsi” formalaşmışdır. Bu fəlsəfənin əsas mahiyyəti “müasir mərhələdə türk dövlətləri arasında elm sahəsində ...əməkdaşlıq modeli hazırlamaqla” bağlıdır. Bu modelin üç başlıca məqsədi belədir: “...birinci, hər bir türk dövləti miqyasında fayda versin; ikinci, Türk Dövlətləri Təşkilatı (TDT) özünüinkişaf etdirən açıq sistem kimi fayda götürsün; üçüncü, bütövlükdə dünya miqyasında elmə fayda verilsin” (Qurbanov F., 2024...).

Türkdilli dövlətlərlə elmi əlaqələrin hər bir türk dövləti səviyyəsində faydalılığı türklərə xas dövlətçilik ənənələrinin tədqiqi istiqamətində tarixi yaddaşa yeni yanaşma və yeni təqdimat, türklərin özlərinə qayıdışı fəlsəfəsi, türk təfəkkürünün, türk olaraq özünütəyinetmə imkanlarının açılması deməkdir. Türk dövlətlərini əlaqələndirən birliklər türk mədəniyyəti və elminin dünya səviyyəsində inkişafına, dünya elminə töhvə verməsinə çalışırlar və eyni zamanda türklərin qlobal elmin leytmotivlərinə çevrilməsini ehtiva edirlər.

Nəticə

Müasir bəşəriyyət bilik cəmiyyətinə keçid mərhələsini yaşayır. Müasir qloballaşma prosesi bilik cəmiyyətinin sərhədlərinin genişlənməsinə və bəlkə də ümumbəşəri miqyas almasına gətirir. Bilik cəmiyyətinin əsasında müasir təhsil və elm sisteminin sürətli inkişafı prosesi dayanır. Bu proses sosial inteqrasiyanın genişlənməsi, yəni hər zaman və hər yerdə daha yaxşı təhsil almış, elmli insanlara yüksək tələbatla müşayiət olunur.

Hər bir xalqın, millətin sosial, iqtisadi, siyasi, mədəni inkişaf səviyyəsi burada elmə, biliyə olan münasibətdən çox asılıdır. Bəşəriyyətin bütün tarixi dövrlərində elm – güc, qüvvə, azadlıq, inkişaf və tərəqqi ilə eyniləşdirilmişdir.

Bu gün Türk ziyalıları türk xalqları arasında elmi bilkilərin dövriyyəsi, həmçinin türk alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsinə çalışırlar. Elmi inteqrasiya Tark xalqlarının coğrafi hüdudlarının yaxınlaşdırılmasını, mənəv-mədəni vəhdətinin möhkəmləndirilməsini ehtiva edir.

Türk dövlətlərinin və cəmiyyətlərinin müasir elmi texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək, müxtəlif istiqamətli qlobal münasibətlərə yüksək səviyyəli inteqrasiyası prosesində türk elminin koordinasiyası türkçülük fəlsəfəsinin başlıca məqamlarındandır. 

"dergipark.org.tr"