“Mirzə Cəfər Topçubaşov köçəri türk mədəniyyətinin apologeti kimi” mövzusunda ümuminstitut seminarı keçirilib
Mayın 21 də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Zaur Rəşidovun “Mirzə Cəfər Topçubaşov köçəri türk mədəniyyətinin apologeti kimi” mövzusunda ümuminstitut seminarı keçirilib.
Seminarın moderatoru " İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi " şöbəsinin müdiri, f.ü.f.d. Məhəmməd Cəbrayılov seminarı açıq elan edərək sözü məruzəçi Zaur Rəşidova verib.
Mövzu ilə bağlı çıxış edən“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Zaur Rəşidov mövzunu bir neçə aspektdə dəyərləndirib.
XIX əsrin əvvəllərindən etibarən formalaşmağa başlayan Rusiya şərqşünaslığının ilk nümayəndələrindən biri də Mirzə Cəfər Topçubaşovdur (1784/1790-1869). O, Sankt-Peterburq universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, Rusiya imperiyasının ilk şərqşünas pleyadasına fars dilini tədris etmişdir. Azərbaycanlı alim təsəvvüf haqqında dərin biliklərə sahib olmaqla yanaşı, şair kimi də tanınmışdır. Günümüzədək çatan irsindən tənqidi rəylər və bir-neçə tərcümədən ibarət azsaylı yazıları qalmışdır. Kiçik həcimli elmi və ədəbi mirasında Şərq mədəniyyətlərinin təhrif edilmiş obrazlarını obyektiv tarixi faktlar əsasında rekonstruksiya etməyə çalışmışdır. M.C.Topçubaşov Şərq, xüsusən də Asiyanın köçəri mədəniyyətlərinin apologeti olmuşdur. Monqolların timsalında köçəri mədəniyyətlər haqqında uydurulan yanlış düşüncələrə tamamilə əks mövqe sərgiləmişdir. Rusiya imperiyasının elmi ictimaiyyətində Böyük Çölün türk sivilizasiyalarına qarşı münasibətin birmənalı olmadığı dövrdə, şərqşünas formalaşmış mənfi sterotipləri açıq şəkildə tənqid etmişdir. “Vəhşi” Şərqin tarixini akademik mühitdə aktual olan məlum qərəzli mülahizələr əsasında deyil, bilavasitə elmi baxış bucağından dəyərləndirməyin vacibliyi fikrini bildirmişdir. O, istər Uzaq, istərsə də Yaxın Şərqin qədim
mədəniyyətlərinə xas üstün məziyyətləri tutarlı tarixi dəlillərə istinadən ortaya qoyub tanıtmışdır.
Sonda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d., professor Əli Abasov, f.ü.f.d. dosent Əli İbrahimov, f.ü.f.d., Rövşən Hacıyev, f.ü.f.d., dosent İradə Zərqanayeva, və başqaları mövzu ətrafında çıxış edərək öz fikirlərini, mülahizələrini bildiriblər. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.