“Azərbaycan fəlsəfəsinin yadda qalan simaları - Məqsəd Səttarov-100” mövzusunda respublika elmi konfransı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan fəlsəfəsinin yadda qalan simaları - Məqsəd Səttarov-100” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq konfrans iştirakçılarını salamladıqdan sonra mövzunun aktuallığını konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Akademik bildirib ki, görkəmli Azərbaycan müəllimi, fəlsəfə elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü Məqsəd Səttarovun anadan olmasının 100 illik yubileyini əziz xatirəsinə hörmət əlaməti olaraq qeyd edirik. Bu da bizim Fəlsəfə İnstitutunun bazasında keçirilən tədbirlər sırasına daxildir. Məqsəd müəllimin fəaliyyəti AMEA ilə birbaşa bağlıdır.
M.Səttarov Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri və Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışmış, yeni kadrların hazırlanması və inkişafında müstəsna rolu olmuş və çox şərəfli bir ömür yolu keçdiyini qeyd edərək vurğulayan Akademik Məqsəd Səttarovun həyat və yaradıcılığından, otuz ildən çox fəlsəfə kafedrasına rəhbərlik etməsindən və fəlsəfə, din, ontologiya, qnoseologiya və etikanın bir çox aktual problemlərinə həsr olunmuş otuzdan çox kitab, monoqrafiya və çoxsaylı məqalələrin müəllifidir-deyə qeyd edib.
M.Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həmçinin ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini əhatə etmişdir. Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, Azərbaycanda ateist fikir kimi məsələləri, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yenilənməsi və yeni tərtibat yollarını araşdırmışdır. Onun redaktorluğu ilə çap olunan onlarca məcmuə və kitab öz aktuallığına, elmi-nəzəri səviyyəsinə görə fəlsəfə ictimaiyyəti, eləcə də geniş oxucu kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir - deyə Akademik bildirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə Məqsəd Səttarovun ictimai elmlərin, eləcə də fəlsəfə elminin ideoloji, maarifçilik və onun əsərlərinin çoxaspektli, fəlsəfə və ictimai elmlərin bir çox aktual məsələlərindən olduğunu vurğulayıb. İlham Məmmədzadə alimin ömrünün son illərində ərsəyə gətirdiyi "Fəlsəfə və ideologiya", yaxud Məqsəd müəllim həyatdan gedəndən sonra işıq üzü görmüş "İnsan və cəmiyyət haqqında düşüncələr" adlı əsərləri haqqında xatirələrini bölüşüb. Filosof bu kitablarında o dövr üçün yeni olan problemlərə toxunaraq onun cəmiyyət və ideologiya haqqında düşüncələrini o illərin filosoflarının fikir və ideyalarının təsdiqi kimi müəyyən maraq kəsb etməklə bərabər, həm də misilsiz əhəmiyyət daşıdığını bildirib: “Odur ki, Məqsəd Səttarovun ideya və düşüncələri alimlər tərəfindən müzakirə edilir, məsləhətləri yada salınır. Bu isə o deməkdir ki, yaddaş mürəkkəb və polifonik fenomendir, onu bəsitləşdirmək olmaz, ona ciddi yanaşmaq lazımdır”.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Elmi rəhbər tələbkarlığı ilə səmimi qayğının vəhdəti” mövzusunda məruzə edərək alimlə olan ünsiyyətindən M. Səttarovun onun elmi rəhbəri olduğu zaman apardıqları elmi müzakirələrdən, diskussiyalardan danışdı.
Sonra f.e.d., professor Rəna Mirzəzadə “XX əsr Azərbaycan fəlsəfəsində yeri və rolu olan professor Məqsəd Səttarov”, f.e.d., Arzu Hacıyeva “Məqsəd Səttarov opponent rolunda, yaxud zaman içində fəlsəfi dialoq”, f.e.d., professor Sakit Hüseynov “Düşüncənin yolu: Məqsəd Səttarovun fəlsəfi elmə və Azərbaycan həyatına töhfəsi” və f.e.d., professor Azər Mustafayev “Məqsəd Səttarov: fəlsəfi düşüncələrdə, yaddaşlarda və xatirələrdə” mövzularında məruzə ilə çıxış ediblər. Professor Rəbiyyət Aslanova “Məqsəd Səttarovun fəlsəfi irsinə münasibətini bildirdi və Azərbaycan fəlsəfi fikrinin daha dərindən tədqiqinin vacibliyini vurğulayıb.