14.04.2025, 14:09 - Baxış sayı: 61

“Nəriman Nərimanov: şəxsiyyət və zaman” mövzusunda ümuminstitut seminarı keçirilib


Aprelin 14-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Fəlsəfə tarixi” şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyevanın Nəriman Nərimanovun 155 illik yubileyinə həsr olunmuş “Nəriman Nərimanov: şəxsiyyət və zaman” mövzusunda ümuminstitut seminarı keçirilib.Seminarın moderatoru, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığını diqqətə çatdırıb. Sonra sözü məruzəçi, f.e.d. Arzu Hacıyevaya verib. Məruzəçi çıxış edərək, Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış N.Nərimanovun zəngin yaradıcılığından və publisistik fəaliyyətindən danışaraq, onun Azərbaycanın ictimai-siyasi fikir tarixinə daxil olmuş çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmış dövlət xadimi olduğunu vurğulayıb. Nəriman Nərimanov öz xalqının özünəməxsusluğu, identikliyi haqqında fikirlərini əvvəllər millətin ayrı-ayrı dərdləri fonunda açıqlayırdısa, sonralar həmin problemi nəzəri cəhətdən təhlil edib, fəlsəfi mahiyyətini açmağa çalışıb. N.Nərimanovun bədii və publisistik əsərlərini yazdığı vaxtdan bir əsr, hətta daha çox bir müddət keçsə də, cəmiyyətdə hər şey kökündən dəyişsə də, ədibin obrazları bizə doğmadır, onlarda biz özümüzü tanıya bilirik, çünki o, xalqın mənəvi varlığının mahiyyətini, psixologiyasını, mentalitetinə xas arxetipləri düzgün göstərə bilmişdir. Ona görə də irs bu gün də Azərbaycan xalqının milli özünüdərk və özünütəsdiq mənbələrindən biridir. O, keçmişimizin mədəni sərvətlərinin qorunmasına, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, həm öz dövrünün,həm də ondan sonraki ədəbi mühitin nadir incilərindən olmaqla çox mühüm təlim-tərbiyəvi əhəmiyyətə malik olmuşdur.Moderator sonra sözü Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., prof. İlham Məmmədzadəyə verib. Professor qeyd edib ki, yaddaş və zaman, dil, din,intibah dövrü, millətin inkişafı, inteqrasiya, dövlətlərin ideal tipləri və nümunələrini, elmi-nəzəri metodologiyasını şərh edərək N.Nərimanovun öz xalqının özünəməxsusluğunun identikliyi haqqında fikirlərini nəzəri cəhətdən təhlil edib, fəlsəfi mahiyyətini açmağa çalışıb.Sonda akademik Nərgiz Axundova,f.e.d., professor Rafail Əhmədli, f.ü.f.d.dosent, Radif Mustafayev, f.ü.f.d. Vahid Ömərov, f.ü.f.d, dos.Mətanət Şəkixanova, f.ü.f.d. Füruzə Əliyeva Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı mövzularla məruzə ilə çıxış ediblər.