PREZİDENT İLHAM ƏLİYEV MƏDƏNİ ABİDƏLƏRİMİZİN BƏRPASI HAQQINDA
Günel Məlikli
AMEA Fəlsəfə və Sosiologiya İnstitututunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovşağındakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Hər bir xalq ancaq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib, ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir.Xalqımızın XX əsrin sonunda və üçüncü minilliyin əvvəlində həyatın ən müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər məhz bütün şüurlu ömrünü Vətənə xidmətə həsr edən ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Onun 2003-cü ilin oktyabrında xalqımıza ünvanladığı müraciətdə deyilirdi: “...bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin torpağa, milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, bir sözlə, milli mənəvi dəyərlərimiz, soykökümüz özümüzə qayıdıb. Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində paytaxt şəhərimizdə və respublikamızın ayrı-ayrı bölgələrində əzəmətli abidələr ucaldıldı. Məhz ulu öndərin təşəbbüsü ilə Nəsimi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavidin abidələri şəhərlərimizin ümumi görkəminə xüsusi cazibədarlıq gətirdi. Öndərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin, Bülbülün, M.S.Ordubadinin, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri açılmışdır. Respublikada mədəni quruculuq işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları və həyata keçirdiyi genişmiqyaslı mədəni quruculuq işləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi milli mədəniyyətimizin inkişafına yeni nəfəs gətirir. 2020-ci ilin 27 dekabrında düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Silahlı qüvvələrinin həyata keçirdiyi 44 günlük hərbi əməliyyatlarla 30 illik işğal faktına son qoyuldu. Belə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan ordusu Ermənistan üzərində öz tarixi qələbəsini təmin edə bildi. 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının müasir tarixində yeni dövrün başlanğıcı oldu. Bu dövrün milli prioriteti isə işğaldan azad edilmiş ərazilərimizin - Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunmasıdır. Prezident İlham Əliyevin həm də milli ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri möhtəşəmliyi ilə fərqlənir. Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Mamayı məscidlərinin, Mehmandarovların malikanə kompleksi ərazisindəki məscidin, Mehmandarovların malikanəsinin, "Şirin su" hamamının, Şuşada Yaradıcılıq Mərkəzinin, Zəngilan məscidinin, Ağdam Cümə məscidinin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm Prezidentimiz həm də dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Azərbaycanın tarixi qələbəsinin nəticəsi olaraq ərazi bötövlüyünün bərpası ölkənin inkişafı üçün yeni perspektivlər yaratdı. Ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa səhərinin infrastrukturunun yenidən, tam müasir formada qurulması, nəqliyyat, bank, rabitə sistemlərinin bərpası yüksək səviyyədə həyata keçirilməyə başladı. Bunun nəticəsi olaraq Azərbaycanın tarixi şəhəri olan Şuşa 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edildi. Qarabağ bölgəsində və Şərqi Zəngəzur ərazisində həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələri təkcə ölkə paytaxtının deyil, həmçinin regionların, o cümlədən işğaldan azad olunmuş ərazilərin müasir tələblərə uyğun şəkildə yenidən qurulmasında mühüm hadisədir. Dünya standartlarına cavab verən Füzuli aeroportunun istifadəyə verilməsi, Laçında, Zəngilanda təməlləri atılan və inşası həyata keçirilən müasir aeroportların tikintisi, Qarabağın yeni dövrünün başlanmasını, prezident İlham Əliyevın milli inkişaf strategiyasını ən yüksək səviyyədə dünyaya nümayiş etdirir. 2024-cü il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Prezident İlham Əliyev bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdacağını bəyan etdi: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq". Bir sözlə, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və quruculuq əzmi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır.