Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası
Ana Qanunumuzun hər maddəsi Ulu Öndərin amalının inikasıdır
Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır! Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir.
Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Ulu Öndər Heydər Əliyev
Azərbaycan Respublikasında Konstitusiya, demokratik prinsiplər və insan haqları digər ölkələrlə müqayisədə fərqli bir istiqamətdədir. Fərqi ondadır ki, Konstitusiyada Azərbaycan xalqının və burada yaşayan azsaylı xalqların adət və ənənələri, milli-mənəvi dəyərləri nəzərə alınmış, ən əsası isə etik normalara riayət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddəsi və bəndi etik normaların göstəricisidir; həm Konstitusiyada və həm də Ulu Öndərin çıxışlarında dövlətçiliklə yanaşı həm də demokratik prinsiplər, insan azadlığı və bunların funksiyaları təsbit olunmuşdur. Onun müdrik kəlamlarından əsas məqsəd ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli-mənəvi dəyərləri qorumalı, ən əsası isə dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir. Ulu Öndərin Konstitusiya, demokratiya və insan haqları ilə bağlı qeyd etdiyi tarixi kəlamlar təkcə hazırkı dövr üçün deyil, bütün dövrlərdə təhlil olunmasına və gələcək nəsillərə aşılanmasına ehtiyac vardır. Hazırkı araşdırmamız da məhz bu vacib məsələlərə dəlalət edir.
İlk olaraq qeyd etməliyik ki, müstəqil dövlətimizin tarixinə nəzər saldıqda konstitusiya, demokratiya və insan haqlarında etik normalara diqqət etmək hüquqi, ictimai-siyasi və fəlsəfi aspektdə təhlillər aparmaq olduqca zəruridir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra konstitusiyada, insan haqlarında və digər məsələlərdə insanların rifahı və gələcəyi naminə bir sıra əlavələr və dəyişikliklər olunmaqla yanaşı, həm də etik norma və dəyərlərə daha çox yer verildi. Səbəbi odur ki, Azərbaycan tarixən təkcə güclü dövlətçilik, demokratik və hüquqi prinsipləri ilə deyil, həm də bütün hallarda etik normaları qoruyan, bunlara yerindəcə əməl edən, ümumbəşəri və milli dəyərlərə söykənən və dövlətçilik ənənələrini qoruyan fədakar bir millət kimi tarixdə iz qoymuşdur. Bütün bu müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, demokratik prinsiplərində və insan azadlıqlarında öz əksini tapmışdır. Ulu Öndər Konstitusiyanın yaranmasında tarixi keçmişimizlə yanaşı, həm də dünyanın demokratik dövlətlərinin demokratik və hüquqi prinsiplərinə diqqət etməyi və yeri gələndə bunlardan bəhrələnməyi təkidlə bildirirdi: “Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi naliyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.
Konstitusiya – Əsas Qanun ölkədə sabitliyi və suverenliyi təmin etməklə yanaşı, həm də etik normalara riayət etməli və bütün vəziyyətlərdə bu normaların aliliyini qorumalıdır. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Suverenliyi, Azərbaycan Dövlətinin Demokratik Prinsipləri, İnsan Haqları və burada olan müddəalar həm bu günümüzlə, həm də gələcəyimiz ilə sıx bağlıdır. Dövlətimizin əsas simvollarından olan bu dörd kateqoriyanın daha dərindən öyrənilməsi həm bu günümüz, gələcəyimiz, gəncliyimiz və vətənimizin qorunması üçün əsas şərtlərdən biridir. Çünki hər bir insan Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməli, həmçinin demokratik prinsipləri qorumalı və insan haqlarının yerinə yetirilməsində fəal iştirak etməlidir. Azərbaycanlı olan hər bir vətəndaş cinsindən, yaşından, milli mənsubiyyətindən, tutduğu mövqeyindən, elmi səviyyəsindən və dərəcəsindən asılı olmayaraq bütün bu vəzifələri özünə borc bilməli, vətəndaşı olduğu ölkənin inkişafı, gələcəyi naminə çalışmalı və dövlət tərəfindən irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirməlidir. Çünki vətən, ölkə, konstitusiya, suverenlik, dövlət, hakimiyyət hər biri insana məxsusdur, hər biri ayrı-ayrılıqda insanın şərəfi, mənliyi, ləyaqəti, dəyəridir, insanın kimliyidir, insanın ictimai bir fərd kimi formalaşmasında əsas amildir; hər bir fərd məhz bu kateqoriyalarla tanınır. Bunları təkcə sözdə deyil, ən əsası əməldə, qəlbdə qorumaq və möhkəm saxlamaq lazımdır. Vətəndaş olan hər bir şəxs vətəninə, ölkəsinin konstitusiyasına, demokratik prinsiplərinə, hüquqi qaydalarına və etik normalarına nə dərəcədə riayət etməsi ilə seçilir və tanınır. Məhz bugünkü gəncliyin də üzərinə çox böyük məsuliyyət düşür və hər bir gənc tarixi gerçəklikləri nəzərdən keçirərək baş verən tarixi hadisələri dərindən təhlil edərək bu yolda irəliləməli və heç bir kənar qüvvələrin təsirinə düşməməlidir. Belə olan halda həm dövlətimiz, həm də dövlətçiliyimiz daha da inkişaf edəcək, möhkəmlənəcək, demokratik prinsiplər və insan haqları ilə yanaşı bütün məsələlər öz həllini layiqincə tapacaqdır.
Konstitusiya, suverenlik, demokratiya və insan haqlarında əsas müddəalara gəlincə isə qeyd etməliyik ki, Azərbaycan Respublikası özünün çoxəsrlik dövlətçilik ənənələrini və tarixi faktlarını, həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olması və keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək maddələr təsbit etmişdir ki, bu gün biz buna Konstitusiya deyirik. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”. Belə bir şəraitdə, yəni ölkəmizin yenicə müharibə şəraitindən çıxdığı bir dövrdə hər bir vətəndaşın ən mühüm vəzifəsi Konstitusiyanı daha dərindən öyrənmək və onun müddəalarına ciddi əməl etməkdir. Çünki Azərbaycan Respublikasının Konstitusiyası xalqın konstitusiyasıdır. Burada Azərbaycanın gələcəyi, onun inkişafı və perspektivləri müəyyənləşir. Ulu Öndərin qeyd etdiyi kimi: Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır – hər bir vətəndaşın Konstitusiyasıdır. Bizim Konstitusiyamız Azərbaycanın gələcək perspektivlərini müəyyən edibdir və biz o perspektivlər yolu ilə gedirik, bundan sonra da gedəcəyik”. Təbii ki, Konstitusiyanın işlənib hazırlanmasından məqsəd xalqa, dövlətə, dövlətçiliyə, müstəqilliyimizin əbədi olmasına xidmət etmək, ən əsası hüquqi, demokratik dövlət qurmaqdır.
Azərbaycanın ilk demokratik Konstitusiyası xalqın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin etmiş və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli dünya demokratiyasında özünə məxsus yeri olan müstəqil Azərbaycan dövlətini miras qoymuşdur. Bu Konstitusiyanın hər bir maddəsi və bəndi Azərbaycan xalqının adət-ənənəsini, onun keçdiyi tarixi sınaqları və ən əsası etik dəyərləri göstərir. Konstitusiyada Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün təminatların mövcud olduğu göstərilir. Ulu Öndər Konstitusiyada təsbit olunmuş müddəaları əsas gətirərək demokratik hüquqi dövlətin yaradılmasına və insan haqlarının qorunmasına diqqəti yönəldir: “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Konstitusiya ilə bağlı olan digər mühüm məsələ də bundan ibarətdir ki, Ulu Öndər Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi tövsiyə edirdi. Çünki Onun nəzərində, Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli və bundan qanun çərçivəsində bəhrələnməlidir:“Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir”. Azərbaycan Respublikası müstəqil bir dövlət olduqdan sonra hüquqi, dünyəvi dövlət quruculuğu daha da inkişaf etməyə başladı. Məhz buna görə də Ulu Öndər bu müstəqil dövlətin inkişafını əbədi hesab etməklə yanaşı, həm də demokratiya yolu ilə irəliləyişinin dönməz olduğunu bildirir: “Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Azərbaycanın müstəqillik, demokratiya yolu ilə inkişafı dönməzdir”.Digər bir çıxışında isə dövlət müstəqilliyimizin və suverenliyimizin mövcudluğunu igid, cəsur xalqımızın mübarizəsi ilə əlaqələndirir: “Azərbaycanın mərd, igid oğulları, vətənpərvər insanları, respublikamızın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumuş, qoruyub saxlamaq üçün mübarizə etmiş və canlarını qurban vermişlər”.
Yuxarıda qeyd olunan məsələlərdən bəhs edərkən demokratik prinsiplərə diqqəti yönəltmək olduqca zəruridir. Çünki Konstutusiyanın əsas müddəlarından biri də ölkədə hüquqi, demokratik dövlət yaratmaq və insanların hüquqlarının qorunmasını təmin etməkdir. Ulu Öndər demokratik prinsiplərə xüsusi ilə diqqət etmiş və onu insanların şurunda dəyişiklik hesab etmişdir: “Demokratiya insanların şurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir. Respublikamızda bütün demokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüralizm, söz azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqi bərabərliyi təmin edilsin! Demokratik prinsiplər bu günümüzün, gələcəyimizin əsasını təşkil edəcəkdir”.
Ulu Öndərin fikirlərini təhlil etdikdə məlum olur ki, demokratiya dedikdə təkcə insan haqları, siyasi plüralizm, söz, vicdan azadlığı və digər məsələlər nəzərdə tutulmur, demokratiya geniş bir mənaya dəlalət edir. Çünki demokratiya hər bir millətin milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir və təbii ki, bu prosesdə etik normalar də özünü göstərir. Məhz buna görə də Ulu Öndər hər bir nitqində milli və mənəvi dəyərləri önə çəkir və çalışırdı ki, hər bir vətəndaşa əsil demokratiyanın mənasını anlatsın: “Elə etmək lazımdır ki, ayrı-ayrı adamlar demokratiyadan istifadə edərək, öz şəxsi məqsədlərinə nail olmasınlar. Buna yol vermək olmaz. Ona gərə də bu işlərə çox diqqətlə yanaşmaq lazımdır”.Digər nitqində isə demokratiyanı özbaşınalıq və hərc-mərclik deyil, insanların bir-birlərinə olan hörməti və sayğısı kimi dəyərləndirirdi: “Demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır”. Ulu Öndər demokratik prinsiplərə o dərəcədə diqqət edirdi ki, dəfələrlə çıxışlarında buna toxunurdu. O, demokratiyanı etik, əxlaqi və mənəvi bir dəyər hesab edirdi. Onun nəzərində, demokratiya qanunları pozmaq deyil, hər hansı bir iş qanun çərçivəsində olmalı və etik normaları ehtiva etməlidir. Əgər bu normalara təkcə sözdə deyil, praktikada da əməl olunarsa onda dövlət də olacaqdır, hüquqda, qanunda. Çünki dövlət və hüquq arasında sıx bağlılıq mövcuddur; demokratik və hüquqi dövlətin yaranmasında, insan haqlarının qorunmasında hüququn mövcudluğu əsas şərtdir: “Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin də əsasını təşkil edən qanunlardır. Ona görə bizim hamımızın üzərinə çox vəzifələr düşübdür. Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm”. Ulu Öndər demokratiyanı etik, əxlaqi və mənəvi bir dəyər hesab etməklə yanaşı, həm də yüksək mədəniyyət hesab edirdi. Belə bir yüksək mədəniyyətə sahib olmaq üçün İslam dininin ayinlərinə diqqət etmək, mənəvi dəyərlərə yiyələnməyi zəruri hesab edirdi: “Demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün, gənc nəsli bu əsaslarda tərbiyələndirmək üçün İslam dininin mənəvi dəyərləri çox gərəkdir”. Dövlətin hüquqi statusuna gəldikdə isə qeyd etməliyik ki, dövlət hüquqi statusa, yəni müstəqil səlahiyyətə malikdir. İnsanlar dövlətin müəyyənləşdirdiyi vəzifələri yerinə yetirir və ictimaiyyət dövlətin əsas hissəsi hesab olunur. Məhz buna görə də deyə bilərik ki, dövlət ictimaiyyət əsasında hüquqi statusa və səlahiyyətə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş maddələrdən biri də insan haqlarıdır və dövlətin ali məqsədi insan – vətəndaş hüquqlarını qorumaq və təmin etməkdir. Konstitusiyada bu müddəaların yerinə yetirilməsi dövlətin vəzifəsi və ali məqsədi hesab olunur: “Hər kəsin azadlıq hüququ vardır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan dövləti insan hüquqlarının qorunmasına xüsusi diqqət göstərmiş və bundan irəli gələn məsələləri yerindəcə həll etmişdir: “İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir”.
İnsan haqlarında mühüm məsələlərdən biri də vətəndaşın mülkiyyətidir. Dövlət şəxsə mənsub olan mülkiyyəti toxunulmaz hesab etməklə yanaşı, həm də bu mülkiyyətin dövlət tərəfindən müdafiə olunmasını bildirir, həmçinin mülkiyyətdən vətəndaş hüquqları və azadlıqları, dövlətin mənafeləri və şəxsin əleyhinə istifadə edilməsini yolverilməz hesab edir: Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Ümummilli lider Konstitusiya müddəalarını əsas tutaraq, özünü bütün vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi təqdim etməklə yanaşı, həm də vətəndaşları hüquqlarını tanımağa və bu hüquqları qorunmağa ruhlandırır: “Mən Azərbaycanın Prezidenti kimi ölkənin bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısıyam. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər gücü olur”.
İnsan haqlarından bəhs edərkən qeyd etməliyik ki, xalqımız tarixən humanizm, insanpərvərlik nümayiş etdirərək, həmişə qanunun aliliyinə, insan haqlarına və azadlıqlarına hörmətlə yanaşmış, ölkəmizdə yaşayan və müxtəlif dini, dili və milli mənsubiyyəti olan xalqlarla da çox səmimi və mehriban münasibətlər qurmuşdur. Məhz bu səbəbdəndir ki, ölkəmizdə azsaylı xalqlar çoxluq təşkil edir. Ölkəmizdə qəbul edilən qanun və qərarlar beynəlxalq rəsmi nümayəndələrin, ekspertlərinin iştirakı ilə hazırlanır. Hüquqi islahatlar əsasında hər bir vətəndaş şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Bu, onu göstərir ki, dövlətimiz azadlıq, suverenlik və demokratiya prinsipləri əsasında Konstitusiyanı – Əsas Qanunu rəhbər tutaraq demokratik, hüquqi, dünyəvi, unitar respublika qurmuşdur. Ümummilli liderin vurğuladığı kimi: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Dövlət suvernliyinin və Konstitusiyanın əsas meyarlarından biri də digər ölkələrlə müqayisədə cəza tədbirlərinin humanist olmasıdır. İnsan haqlarında qəbul olunan mühüm qərarlardan biri – ölüm hökmünün ləğv olunması xüsusi ilə qeyd olunmalıdır. 1998-ci fevral ayının 10-da Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etdi və bu hökm o zamandan qüvvədədir. Ulu Öndər dəfələrlə bu barədə məsələ qaldırmış, ölüm cəzasının mövcud olmasını və tətbiqini insan ləyaqətinə zidd hesab etmişdir: “İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir”. İnsan haqlarına və azadlıqlarına təkcə qanunvericilikdə deyil, həmçinin siyasətdə və iqtisadiyyatda da əməl olunması Ümummilli liderin əsas hədəflərindən biri idi: “Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Bu düzgün yoldur, doğru öldür, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Biz çalışacağıq ki, vətəndaşların konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun, qorunsun”.
Nəticə olaraq qeyd etmək istərdik ki,ümumiyyətlə, hər bir xalqın inkişafında və xalq olaraq tanınmasında təkcə siyasi məsələlərin inkişafı və perspektivliyi deyil, konstitusiya, suverinlik müddəalarına, demokratik prinsiplərə və insan haqlarına riayət olunması əsas şərtlərdən biridir. Bu məsələlərə riayət olunarkən təkcə hüquqi normalar deyil, etik normaların da olması vacibdir. Çünki hər şeydən əvvəl hüququn əsas iki hədəfi vardır: birinci, ictimaiyyətdə nizam-intizam yaratmaq; ikinci, ədaləti bərpa etməkdir. Sual olunur: ədalət hansı kateqoriyaya aiddir? Təbii ki, ədalət etik bir normadaır və əxlaqın seçilmiş xüsusiyyətlərindən biridir. Bu, onu deməyə əsas verir ki, Konstitusiyanın və dövlət suverenliyinin ən əsas hədəfi etik normaları ictimaiyyətdə tətbiq etməkdir. Məhz buna görə də konstitusiyadan, suverenlikdən, demokratik prinsiplərdən və insan haqlarından bəhs edərkən ilk olaraq etik normalar önə çəkilməlidir. Çünki hər bir xalqın özünə xas əxlaq normaları mövcuddur və bunlar demokratik prinsiplərlə vəhdət təşkil edir; etik normalara əsaslanmayan hər hansı bir müddəa və qərarın hüquqi əsası yoxdur. Ulu Öndər məhz bunları rəhbər tutaraq təkcə konstitusiya, demokratiya və insan haqlarında deyil, bütün sahələrdə milli-mənəvi dəyərlərin, etik normaların inkişafına, tətbiqinə səy göstərmişdir. Onun fikrincə, ölkədə mili-mənəvi dəyərlər qorunarsa, vətəndaş azad olarsa, dövlət qüdrətli və güclü olar; dövlət, onun ərazisində yaşayan hər bir vətəndaşın təminatçısı olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər sülh və təhlükəsizlik təmin olunmasa nə demokratiya, nə iqtisadiyyat, iqtisadi inkişaf, nə də insanların firavan həyatı ola bilər. Güclü dövlətə, demokratik prinsiplərə və insan azadlığına sahib olmaq üçün yalnız dövlətin arxasında möhkəm dayanmaq və irəli gələn vəzifələri vicdanla və ləyaqətlə yerinə yetirmək tələb olunur. Necə ki, Ulu Öndər bizi bu müdrik kəlamlarla nəsihət edərək, heç bir halda və heç bir zamanda doğru və düz yoldan dönməməyimizi, həmçinin vətənimizi qorumağı təkidlə bildirir: “Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur”.
Əntiqə Paşayeva,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
“Azərbaycan” qəzeti, № 45 (9790) 28 fevral 2025-ci il, cümə