05.02.2025, 12:39 - Baxış sayı: 74

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Naxçıvanda keçirilən konfransda iştirak ediblər


 3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında “Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək nəsil üçün bacarıqların inkişafında müəllimlərin rolu” mövzusunda Naxçıvan MR-da konfrans keçirilmişdir. 

Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dos. Radif Mustafayev “Azərbaycanda ekoloji düşüncənin formalaşdırılmasının əhəmiyyəti: milli siyasətə uyğunluq və perspektivlər” mövzusu üzrə, Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin elmi işçisi Hafizə İmanova “Azərbaycanda ekoloji təhsilin rolu və əhəmiyyəti: davamlı inkişaf naminə yeni yanaşmalar” mövzusunda ekspert qismində məruzə ilə Naxçıvan müəllimləri qarşısında çıxış etmişlər. 

Konfransda müəllimlərin gələcək nəslin eko təfəkkürünün və düşüncənin yetişdirilməsindəki rolu və əhəmiyyətindən, iqlim savadlılığı və eko düşüncənin gənc nəslə məhz müəllimlər vasitəsilə çatdırılmasının zəruriliyindən bəhs edilmişdir. Ölkənin Davamlı inkişaf hədəfləri istiqamətində 13-cü hədəf İqlim Dəyişikliyi ilə mübarizə çərçivəsində keçirilən bu konfrans gənc nəslin maarifləndirilməsinə öz töhfəsini vermiş oldu.