05.02.2025, 12:56 - Baxış sayı: 309

 Elmi işçi  Nigar İsmayılova AMEA prezidenti  İsa Həbibbəyli tərəfindən  “İlin gənc alimi”  diplomu ilə təltif olunub


AMEA Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə akademik İsa Həbibbəyli bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olaraq formalaşıb və davamlı inkişaf yoluna qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti müasir çağırışlara cavab verən, innovativ yanaşmalara əsaslanan və gənclərin hərtərəfli inkişafını təmin edən dövlət strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, gənclərin təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə potensiallarını tam reallaşdırmasına geniş imkanlar açır. Eyni zamanda, Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edərək milli maraqlarımızın müdafiəsində fəal iştirak edirlər. Akademik İsa Həbibbəyli müsabiqənin qalibi olan gənclərə Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” mükafatı diplomlarını və 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda  (Web of Science və Scopus)  məqalə nəşr etdirən əməkdaşlara mükafatlarını təqdim edib. Müsabiqənin nəticələrinə əsasən,  “İlin gənc alimi” diplomu AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi  Nigar İsmayılovaya    təqdim edilib. Akademik İsa Həbibbəyli 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc alim və mütəxəssisləri səmimi qəlbdən təbrik edib, gənclərin bilik və innovasiyaya əsaslanan uğurlarının ölkənin elmi inkişafına töhfə verəcəyinə inandığını bildirib. Bu yolda onlara yorulmaz əzmkarlıq, geniş perspektivlər və nailiyyətlər arzulayıb.