Dosent Günel Məlikli “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” mövzusunda çıxış edib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.Tədbir Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” mövzusunda çıxış edib. Çıxışında Dahi Heydər Əliyevin dəqiq düşünülmüş dahiyanə siyasəti nəticəsində Naxçıvan hər təzyiqdən, işğal, talan hücumlardan xilas olduğunu, Naxçıvanın mərd, ləyaqətli yolunun davamını şərəfli səhifəsini yazmış olduğunu bildirib.
G.Məlikli bildirib ki, Muxtar respublikanın tarixinə qısa nəzər yetirsək görərik ki, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvan amili xüsusi rol oynayıb. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş edib. Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi isə muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən qoruya bilib.
1996-2014-cü illərdə rektor olmuş görkəmli akademik İsa Həbibbəylinin Azərbaycanı ləyaqətlə təmsil edən bir ictimai xadim, görkəmli elm adamı kimi Naxçıvan Dövlət Universitetinin dünya universitetləri arasında imzasının olmasına dair, beynəlxalq əlaqələrin genişlənməsinə var gücü ilə çalışmasından bəhs edib.
Tarixi gerçəklik budur ki, Ulu Öndərin Naxçıvandan başlatdığı qurtuluş və inkişaf missiyasını cənab İlham Əliyev qətiyyətlə, inamla davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Məhz dahi liderin ilk dəfə Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün bütün Azərbaycanın üzərində dalğalanır.-deyə G.Məlikli çıxışında vurğulayıb.