18.12.2024, 13:56 - Baxış sayı: 25

“Məhəmməd Füzulinin fəlsəfi dünyagörüşü” mövzusunda seminar keçirilmişdir


Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan  Respublikası Prezidenti İlham Əliyevin  25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar ittifaqı hərəkatı və sosial fənlər kafedrasında “Məhəmməd Füzulinin fəlsəfi dünyagörüşü” mövzusunda elmi seminar keçirilmişdir.  Seminarda  AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqları fəlsəfəsi tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,  fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Faiq Ələkbərov və  Müasir fəlsəfə problemləri şöbəsinin aparıcı elmi işçisi,  fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Zeynəddin Şabanov məruzə ilə çıxış etmişlər. Məruzələrdə filosof-şairin  türk  fəlsəfəsi tarixində  yeri,  onun dünya fəlsəfi irsinə münasibəti ətraflı təhlil edilmiş, “Etiqada giriş” fəlsəfi əsəri haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, şairin təfəkkürünün məhsulu olan əsərlərdə ürfani eşq, saf məhəbbət, insanın mənəvi aləmi, dostluq, nəciblik, humanizm, ədalətli idarəetmə, ilkin yaradılış, bilik və onun növləri, elmin və  alimlərin cəmiyyətdə yeri, yaradana inam, axirət inancı, qadın hüquqsuzluğu kimi məsələlərə toxunulmuş, cəmiyyətin kamilləşməsi üçün biliklərə üstünlük verilməsinin zəruriliyi barədə  maraqlı fikirlər irəli sürülmüşdür. Sonda xatirə şəkilləri çəkilmişdir.