10.06.2021, 09:44

Elm fəlsəfəsi və süni intellektin bəzi problemləri haqqında


İlham Məmmədzadə
Fəlsəfə elmləri doktoru, professor
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru

Elm fəlsəfəsi fənlərarası tədqiqatların geniş və mürəkkəb bir sahəsidir, elm tarixi onun, ola bilsin, maraqlı, fəqət yalnız bir və həm də qeyri-əsas hissəsidir. Bu barədə bizdə az yazırlar, amma yazmağa dəyər. Elmin gələcəyi daha çox bu sahədə elmin keçmişindəkiləri deyil, onun bu günündəki və süni intellekt, biliklərin inkişafı, proqnozlaşdırılması, onların artım məntiqi və etikası ilə bağlı olanların aşkar edilməsi ilə əlaqədar aparılan tədqiqatlardan asılıdır. Maraqlıdır ki, bir çoxları hələ də bunun sosial media üçün, elmin sosial perspektivləri və funksiyalarının mahiyyəti, alimin məsuliyyəti üzərində düşünmək üçün bir mövzu olduğunu hesab edirlər. Lakin fəlsəfə, süni intellekt və elmin məntiqi çoxsaylı bölmə və altbölmələri olan çox mürəkkəb bir tədqiqat sahəsidir. Bu sahələrdən yalnız bəzilərini göstərək: beynəlxalq elmi əməkdaşlıq, ortaq nəşr və layihələr, humanitar, sosial və təbiət elmləri ilə inteqrasiya perspektivləri, idrakda riyaziləşmə və biologiyanın, metodologiya, elm obrazı (surəti) və ideologiyasının və s. rolu. Təəssüf ki, bəzi alimlərimizin bu sahədəki araşdırmalarında başqa ölkələrin təcrübəsi və əməyin təşkilinə məftunluqdan savayı, Azərbaycan üzrə hansısa konkret təkliflər, proqnozlar, elmi inkişaf etdirmək üçün töfsiyələr yoxdur. Bununla belə, əlbətdə aydındır ki, Azərbaycan elminin inkişafı başqa ölkələrdə elmin inkişafından daha çox, alimlərimizin, , elm təşkilatçılarımızın səylərindən, iqtisadi inkişaf və təcrübədən, innovasiyalara açıqlıqdan asılıdır.

Elm fəlsəfəsi haqqında

İndi isə elm fəlsəfəsinin elm obrazını ifadə və onun bu və ya digər dövrlərdə dəyişməsinin səbəblərini izah etməyə çalışarkən, bizə elmin keçmişini, bu gününü və gələcəyini anlamağa imkan verdiyi barədə. Elm fəlsəfəsinə, ilk növbədə, fəlsəfənin özü aiddir, lakin bütünlüklə deyil, onun müasir elmin ən əsas cəhətinin dərk olunduğu hissəsi ilə. Təbii ki, bu, onun qalan hissələrinin əhəmiyyətsiz olduğu demək deyil, fəqət,sadəcə, onların funksiyaları başqadır. Bu məsələni bəzi kitab və məqalələrimizdə araşdırmışıq. Məsələn, “Fəlsəfə müasirlik, tarix və mədəniyyət haqqında”. (“Tarixi-mədəni epistemologiyanın konturları barədə)” (1; Bakı, 2020) əsərində biz dissiplinar (fənni) tədqiqatların elmin müəyyən mərhələsi, surəti, etikası və məntiqinə müvafiq olduğuna, fənlərarası araşdırmaların isə başqa səviyyəyə, münasibətlərə, qeyri-səlis məntiqə və etikaya keçidi nəzərdə tutduğuna əsaslanaraq fənlərarası tədqiqatlar və fəlsəfənin qarşılıqlı münasibətləri məsələlərini təhlil etmişik. Həmin problemin məntiqi aspektləri də bəzi məqalə və kitablarımızda nəzərdən keçirilib. Əlbətdə ki, elm etikasına aid olan bütün məsələlər bioetika üzrə kitab və məqalələrimizdə təhlil olunub (2; “Etikaya Giriş”, Bakı, 2004). Onu da qeyd etməliyik ki, bütün bu problemlər elmin idarə edilməsi, elmi kollektivlərin qarşılıqlı əlaqələri məsələləri ilə ayrılmaz surətdə bağlıdır və bu haqda da ayrı-ayrı məqalələrimizdə yazmışıq. Əlbətdə ki, alim tədqiqatçı və elm üzrə menecerləri elmin dünyada, ölkədə islahatına imkan yaradan amillər xüsusunda müzakirə aparmağa dəvət edə bilər. Lakin, görünür, əvvəlcə, ilk növbədə, müasir elm obrazının, yəni problemin fəlsəfəsinin nədən ibarət olduğunu müəyyənləşdirmək lazımdır. Bizcə, hal-hazırda həm bu, həm də maarifçilik, Azərbaycan elminin nəailiyyətləri və elmin dünyada mövqeyi ilə bağlı məsələləri sosial medialara həvalə etmək lazımdır. Bütün əhəmiyyətinə baxmayaraq tərcümə olunmuş keçmiş dövrlərə aid əsərlər müasir elm obrazı barədə əsərləri və onun əski elmdən fərqini təşkil edən nəsnələri əvəz edə bilməz. Yeri gəlmişkən, Sovet dövrü elminin nəailiyyətlərinə olan hörmətimizə baxmayaraq onun da müasir elm surətinə uyğun olmadığını başa düşmək lazımdır.
Müasir elm obrazı fənlərarası tədqiqatlarla formalaşdırılır. Onlarda, fikrimizcə, iki məqam üstünlük təşkil edir. Keçmişdəki bütün nəailiyyətlərinə rəğmən, dissiplinar (fənni) elm, ilk növbədə, elmlərin prioritet təşkil edən, mühüm, fundamental, verifikasiya edilə (yoxlanıla) bilən və qeyri-mühüm ictimai, humanitar, qeyri-inandırıcı və veifikasiya olunmayan fənlərə bölünməsi ilə bağlı idi. Sonra məlum oldu ki, bütün fənlərdə kifayət qədər plagiat vardır, inandırıcılıq (sübutluluq) isə təkcə riyaziyyat və məntiqin köməyi ilə yoxlanılmalı deyil, sosial elmlərin isə öz vəzifə və funksiyaları vardır və onlar olmadan fizika və riyaziyyat inkişaf etməyəcəkdir. İkincisi, bütün elmlərin nəailiyyətlərində - onlar öz tezis və nəticələrini müstəqil mənbələrin, digər elmlərə aid nəlumatların köməyi ilə yoxladığı üçün - ictimai və humanitar elmlərin öz töhvəsi var. Burada E. Şrödingerin "Həyat nədir?" adlı kitabını xatırlatmaq istərdik: əsərdə məşhur fizik biologiya, fizika və kimyanın qovuşuğunda olan həyat probleminə müraciət edib və yolüstü fəlsəsfə üçün aktual olan şüur prbleminin tədqiqinə öz töhfəsini verib. (3; Ervin Şrödinger. Həyat Nədir? M. "AST", 2018). Qeyd etmək lazımdır ki, bu, Şrödingerə yalnız onun yanaşmasının deyil, həm də bəzi fərdi keyfiyyətlərinin, mövzuya münasibətinin, çox sonralar geniş bilik dairəsi, bəsirət, fəlsəfə və alimin özünüdərki, onun ideyaların gələcəyini anlamaq qabiliyyətinin təsiri nəticəsində formalaşan emosional intellekt adlanan fenomenin sayəsində müyəssər olmuşdur. Yeri gəlmişkən, hiss və emosiyalarımızın idrakda rolu barədə məsələ əvvəllər də alim və filosofları maraqlandırırdı, lakin indi, süni intellekt əsrində, bu məsələ nəinki aktual, həm də, məsələn, süni və təbii intellekti müqayisə edərkən, həlledici oldu.
Dissiplinar elmdə hesab edilir ki, sıçrayış yaradan ideyalar fənnin özündə formalaşır, fənlərarası tədqiqatlar dövründə bunun başqa cür olduğu meydana çıxır: bu cür ideyalar alimin şəxsiyyətindən, onun qabliyyətindən, biliklərindən, yalnız öz fənninin deyil, başqa elmlərin də inkişafında, biliklləri artıran əsas təmayülləri aşkar edərək, başlıca məqamları dərhal anlamaq bacarığından asılıdır. Bu, heç də o demək deyildir ki, dissiplinar bölgü artıq tükənib, ona laqeyd yanaşmaq olar və ayrı-ayrı elmlər üzrə professorlara ehtiyac yoxdur. Dəfəatla qeyd etdiyimiz kimi, dissiplinar biliklər öz əhəmiyyətini itirməyib, lakin fənlərarası tədqiqatlar olmadan çətin ki onlar həm öz fənninin, həm də bütövlükdə elmin gələcəyini proqnozlaşdırmağa kömək edə. Məsələ alimin когнитив, emosional və digər qabiliyyətlərindən, elmi kollektivlərdə bu cür qabiliyyətlərə malik olan alimlərə münasibətdən, işin təşkilindən asılıdır. Bu mövzuya biz “Fənlərarası tədqiqatlar fəlsəfəsi məsələsinə dair” adlı məqaləmizdə müraciət etmişik. (4; Bakı, 2018, səh. 7-11).
30 ildən çox davam edən münaqişəni başa çatdırmış 44-günlük müharibədə çaldığımız Qələbə Prezident İlham Əliyevin, Heydər Əliyevin irsinin, Türkiyə, İsrail və Pakistanın dəstəyi və bir çox başqa amillərin sayəsində qazanılıb. Bunun səbəbi həm də Azərbaycan xalqının vahid ideologiya bağları ilə birləşərək vəhdət təşkil etməsi idi. Qeyd etmək gərəkdir ki, münaqişənin 80-ci illərin sonu və 90-cı illərin əvvəllərindəki ilk mərhələlərində belə birlik yox idi. O illərdə Azərbaycan alimləri – təkcə tarixçilər deyil, filosoflar, hüquqşünaslar və hətta kimyaçılar da – ermənilərin mifologemləri, onların tarixi, Cənubi Qafqazda məskunlaşmalarını yanlış şərh etməsi barədə bir çox əsərlər yazmışdılar. Alimin fənni mənsubiyyətindən asılı olmayaraq Beynəlxalq hüquq pozuntuları, geosiyasət, Xocalının dinc mülki sakinlərinə qarşı soyqırım və bir çox bu cür hallar haqqında müxtəlif fənn nümayəndələri yazıblar. Şərqşünas Ziya Bünyadovun, təbiətşünas Xudu Məmmədovun adlarını xatırlamaq olar. Bu iş azərbaycançılıq ideologiyasının, ölkə Prezidentinin obrazlı ifadəsi ilə desək, "dəmir yumruq"un əsaslarından biri oldu. Aydındır ki, bu, Azərbaycan elminin yeganə funksiyası deyildi, lakin uzun illər boyunca o, həlledici idi. İndi, Qələbədən sonra, münaqişə başa çatdıqdan sonra, görünür, elm həqiqətən də özünün digər, qeyri-əsas funksiyaları ilə yanaşı başlıca, araşdırma funksiyasını gerçəkləşdirməklə məşğul olmalıdır. Və burada bir çoxlarının düşünə bildiyi kimi sadə yox, çox mürəkkəb bir sual yaranır: bəs məhz hansı əsas funksiya tədqiqat funksiyasıdır və biz alimlər elmin əsas funksiyası dedikdə nəyi nəzərdə tuturuq? Bu funksiya bilik artımı ilə bağlıdır, başqa sözlə, elmi kollektivlərin əldə etdiyi nəticələrə məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Yeri gəlmişkən, burada qeyd edilməlidir ki, alimlərimizin Azərbaycan haqqındakı ən yaxşı əsərləri də bilik artımıdır. Bu artıma yeni koqnitiv, informasiya, bioloji fənlərarası texnologiya və metodologiyalardan istifadə etməklə nail olmaq olar.
Müasir aləmdə bu sahədəki nəailiyyətlər reytinq jurnallarında dərc olunmuş əsərlərə görə, alimlərin həmin nəşrlər üzrə topladıqları reytinqlər, birgə beynəlxalq layihələrdə iştirak, ortaq nəşrlər və s. əsasında dəyərləndirilir. Vurğulamağa dəyər ki, münaqişə və iki müharibəyə dair yazılar xarici reytinq jurnallarında çox çətinliklə dərc olunur. Əlbəttə ki, ümumilikdə, təbiət elmləri ilə məşğul olan alimlərimiz arasında bu cür nəşr müəlliflərinin sayı daha çoxdur, lakin son illərdə ictimai və humanitar fənn mənsubları olan alimlər də fəallaşıblar. İndi onlar daha çox əsər dərc etdirir, qərb və qeyri-qərb elmi mərkəzlərlə birgə layihələr həyata keçirirlər. Hər halda, AMEA-da nəşrlərin həm kəmiyyət və keyfiyyətində, həm də elmi jurnallarımızın beynəlxalq reytinqləri üzrə işin qaydaya salınmasında nəzərə çarpan irəliləyiş var. Yeri gəlmişkən, AMEA institutlarının veb saytlarındakı informasiyanın araşdırılması da buna dəlalət edir. Məsələn, Fəlsəfə və Sosiologiya İnstitutunun veb saytında (philosophу.edu.az) bunu o dəqiqə görmək olar. Bu saytda İnstitut alimlərinin beynəlxalq əlaqələri, Rusiya, Qazaxıstan, İtaliya, Bolqarıstan alimləri ilə ortaq əsərləri, virtual laboratoriyaların yaradılması və kitab və nəşrlər şəklindəki məhsulları, elmi jurnallarda onlara bildirilən münasibət diqqəti cəlb edir. Həmin laboratoriyalardan biri "İpək Yolu" problemləri, digəri süni intellekt və Lütfi Zadənin irsi ilə məşğul olur. Bu məlumatlar hansı təmayllərin mövcud olduğunu göstərir. Bundan başqa, Vətən müharibəsindən sonra Cənubi Qafqazın yeni gerçəklikləri və geosiyasətinin dərk edilməsinə həsr olunmuş və 30 alim, filosof, sosioloq və tarixçinin çıxış etdiyi geniş beynəlxalq konfrans da keçirilib. Bu tədbirdə Rusiya, Türkiyə, Pakistan, Bolqarıstan, İtaliya və digər öıkələrdən olan alimlər iştirak ediblər ki, bu da ideoloji sahəyə yeni yanaşmaların cəlb olunmasına, nəzəriyyə, fəlsəfə və ideologiya arasında əlaqələrin axtarışına dəlalət edir.
Alim və alim-menecerlər yaxşı bilirlər ki, bütün islahatlar yalnız institutsional yenidənqurmanı deyil, həm də alimlərin dünyanın elmi mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, inkişaf etdirilməsi, yeni elmi yanaşma və tendensiyaların axtarışlarını da ehtiva etməlidir. Elm özünə qapanmayıb, bunun üçün, əlbəttə, müvafiq maliyyələşdirmə, həmçinin yeni əməkdaşlıq formaları (fərqli qavranmasına rəğmən karantin dövründə onlayn-əlaqələr xeyli genişləndi) və prioritetlərin axtarışı tələb olunur. Və, yeri gəlmişkən, görünür, prioritetlər həmişəlik, dəyişməz olmur, onları dəqiqləşdirmək, təshih etmək, genişləndirmək və ya məhdudlaşdılmaq lazımdır. Əlbəttə, elmdə ənənələrdən, ənənəvi formalardan imtina etmək çətindir, amma bunun başqa yolu yoxdur.
Şübhəsiz ki, prioritetlərin əvəz edilməsi ciddi problemlər doğurur. Dissiplinar tədqiqatlardan fənlərarası araşdırmalara necə keçmək və keçid zamanı adi müqayisəli metodu necə tətbiq etmək lazım olduğunu bilmək və bunları bacarmaq gərəkdir. Məsələn, elmi kollektivlərimizin işlərinin nəticələri və kəmiyyətinə görə necə və kimlə müqayisə oluna biləcəyini, nüfuzlu elmi fondlardan qrant almağın necə mümkün olduğunu anlamaq beynəlxalq elm bazarına daxil olmaq deməkdir. Əlbətdə ki, bu istiqamətdə Heydər Əliyev Fondu çox geniş fəaliyyət həyata keçirir. Fəqət, iş yalnız bunda deyil, axı hələ texnologiya və metodologiyalara yiyələnmək və onları tətbiq etmək lazımdır. Məsələn, alimlərimiz çox vaxt komparativ metoddan istifadə edirlər, halbuki hansı müqayisənin düzgün olduğunu, oxşar və fərqli sahələri, ölkələri, mədəniyyətləri, müxtəlif elmlərə aid məlumatları və s. necə tutuşturmaq lazım olduğunu bilmək gərəkdir. Burada başqa amillər də əhəmiyyət kəsb edir, məsələn, Çinin 81 milyon alimi, onlardan nə qədərininsə elmlər doktoru olması, xarici dil bilməsi və s. fonunda Azərbaycan, Rusiya və Qazaxıstanı və s. onunla necə müqayisə etməli? Görünür, Çinlə də, Avropa ölkələri ilə də müqayisə aparmaq, elmi ənənə etibarilə yaxın olduğumuz, bəzən onlarla tutuşdurula biləçəyimiz sayılan ölkələrlə, yəni Belarusiya, Özbəkistan ilə və s. əlaqələri itirməmək lazımdır. Həmşinin, biz, məsələn, ölkələrin elmi potensialını, mədəniyyətlərini nə üçün müqayisə etdiyimizi bilməli və anlamalıyıq. Burada biz ona görə mədəniyyət, sosiomədəni amil anlayışından istifadə edirik ki, onun elm, texnologiya və metodologiyanın inkişafında hansı rol oynadığı görünsün. Alimin texnologiya və metodologiyalara münasibəti onun mədəniyyətindən, emosional intellektindən, başqalarına və elmin inkişafı mexanizmi olan dialoqa necə yanaşdığından asılıdır. Burada məşhur rus filosofu S. Xorujinin "fəlsəfənin ərazisizləşməsi" (5) adlandırdığı fenomendə, bizcə isə fəlsəfə ilə sosiologiya arasındakı əlaqələrin axtarışında, metodoloji araşdırmalarda, mədəniyyətlərarası və fənlərarası tədqiqatların aparılmasında sosiologiyanın da oynadığı əhəmiyətli rol aydın təzahür edir.

Süni intellekt və fəlsəfə

Süni intellekt bir problem kimi bir çox elmi araşdırmaların actual mövzusu olmuşdur. Əlbəttə, filosofları süni intellektin mahiyyəti, onun şüur və təfəkkürlə münasıbəti, intellekt və süni intellekt arasındakı fərq məsələləri maraqlandırır. İndiki halda ondan istifadənin fəlsəfəni necə dəyişdirdiyi, hansı problemləri aktuallaşdırdığı və nəticədə fəlsəfənin necə dəyişdiyi əhəmiyyət kəsb edir. Prinsipcə, süni intellekt kompüter sistemləri və proqramlarına, rəqəmsal texnologiyalara, qeyri-səlis və qeyri-konkret məlumatlar əsasında işləmə və nəticələrə, biliklərdən istifadə və onların toplanmasına aid ideyalara, tədrisə, yəni insan intellektinin funksiyalarının əvəzləməsi deyilən proseslərə aid olan bütün fenomenlərdir . Etiraf etmək lazımdır ki, çox vaxt filosoflar bu problemlər barəsində düşüncələrində gənc nəsli “kompüterlərin, İnternetin vurduğu zərərdən müdafiə edən ekspertlər kimi çıxış edirlər. Ancaq aydın olur ki, əhəmiyyət daşıdığına baxmayaraq bu funksiya bütün fəlsəfə üçün kifayət etmir. Bu məsələlərin təhlili bizə fəlsəfənin və digər elmlərin hansı istiqamətdə inkişaf edəcəyini və onların hansı funksiyalarına diqqət yetirilməyin zəruri olduğunu müəyyənləşdirməyə və proqnozlaşdırmağa imkan verəcəkdir. Fəlsəfi araşdırmalarda çox vaxt fəlsəfə tarixinə xüsusi əhəmiyyət verilir. Etiraf etmək lazımdır ki, belə bir təmayül bəzi hallarda fəlsəfə tarixini bir manifestə, hekayətə, təsvirə çevirir. Yalnız son vaxtlar Lütfi Zadənin (Azərbaycan mənşəli XX əsrin amerikalı alimi) banisi olduğu qeyri-səlis məntiqə yaranmış maraqla əlaqədar bizdə süni intellektə və qeyri-səlis məntiqə müstəqil fəlsəfi yanaşmanı meydana çıxartmaq cəhdləri fəallaşdı, biliklərin davamlılığı, təhrifi və verifikasiyası (həqiqiliyinin yoxlanılması), təftişi və s. üzrə tədqiqatların sayı artmağa başladı (6). Hələ ki, filosoflar çox vaxt məntiq və epistemologiya haqqında az-çox ətraflı yazır, lakin onların tədqiqatlarda necə istifadə olunduğunu üzə salmırlar, bu isə süni intellektin bunda oynadığı rolu yenidən dəyərləndirməyə vadar edir. Bəlkə də çox şeyə müvəffəq olduğumuzu, əlaqələri aşkar etdiyimizi, strukturlaşdırdığımızı söyləmək mübaliğə olardı, amma, bizcə, bəzi məqamlar inkişaf potensialını ehtiva etdiyi üçün çox maraqlıdır.
Onlar haqqında bir qədər ətraflı: birincisi, bəzi tədqiqatlarımızda süni intellektin problem kimi bariz surətdə ifadə olunmuş fəlsəfi və etik aspektinin olduğu, onun və o cümlədən, Lütvi Zadənin qeyri-səlis məntiqinin elm fəlsəfəsi üzrə araşdırmaları dərinləşdirməyə, onun məntiqindən, ideyaları, materialları məcmusundan elm fəlsəfəsi və tarixində, o cümlədən fəlsəfə tarixində, fəlsəfənin digər sahələrində istifadə edilməsi ilə məşğul olmağa imkan verəcəyi dərk edilmişdir. Etiraf edilmişdir ki, bu problemə fəlsəfi yanaşma onun yalnız aşkar olunmasını deyil, həm də tətbiq edilməsini və bunun nəticələrinin başa düşülməsini, həmçinin bunun fəlsəfənin özünü necə dəyişdirəcəyi barədə düşünməyi nəzərdə tutur. Təəssüf ki, biz hələ onun ictimai və humanitar fənlərdə yaratdığı imkanlar, onları təkmilləşdirəcəyi, fənlərarası araşdırmaların inkişafı və nəticələrinin yoxlanılması üçün şərait yaratdığı barədə düşünmürük. Bütün bunlar əhəmiyyət kəsb edir, çünki müasir dövrün təbiət və ictimai elmləri hansı çağırışlarla üz-üzə qoyduğu, fəlsəfənin belə bir intellektə məlum mənada yiyələnərkən öz spesifikasını, əhəmiyyətinin dərkini qoruyub saxlaya bilib-bilməyəcəyi barədə müəyyənləşmək lazımdır. İkincisi, bu cür yanaşma digər ictimai elmlərin də fəlsəfəsi məsələlərini (bir elm kimi necə dəyişməli olacaqları və s.) aktuallaşdırır. Ehtimalən, bu, ictimai və humanitar fənlərdə fəlsəfəyə tələb olduğu deməkdir. Beləliklə, süni intellektdən istifadə cəmiyyət və alimlərin bir-birindən nə gözlədiyi xüsusundakı bütün məsələlər kontekstini aktuallaşdırır. Nəhayət, fəlsəfə bu məsələni həm də onlar üçün qaldırırsda, о yenə də tələb olunmuş, onlara indikindən daha çox dərəcədə lazım olur. Üçüncüsü, süni intellekt, onun imkanları informasiya bolluğu şəraitində tarixi yaddaş adlanan fenomeni dərk etməyə, onun riyaziyyat və məntiq vasitəsi ilə yoxlanılmağa, həqiqətə uyğunluğunu müəyyənləşdirməyə, sosiomədəni dəyərlərin elm, fəlsəfə və tarixin və s. inkişafında hansı rol oynadığını anlamağa şərait yaradır (7). Qlobal informasiya inqilabı mədəniyyətdə, tarixdə, şüur, milli mədəniyyət deyilən fenomenlərdə ciddi dəyişikliklərə gətirib çıxarır (6; 7). Hansı elmin süni intellektdən istifadə edə biləcəyi məsələsi yalnız elmi deyil, həyatda sağ qalmaq, yaşamaq məsələsidir. Dördüncüsü, süni intellekt problemi üzərində işləyən filosofların, bir qayda olaraq, epistemologiya və məntiqlə öz münasibəti vardır, lakin, görünür, əvvəlcə fəlsəfədə, sonra da elmdə keçmiş və indiki dövrdə elm epistemlərinin fərqləndirilməsinə xüsusi diqqət yetirməк lazımdır (M. Fuko). Hal-hazırda bizdə və başqalarında hansı əlaqənin, şüur, təcrübə və ya dilin hansı dərkininn prioritet təşkil etdiyi, dünya elmi birliyi tərəfindən qəbul edilməsi üçün inandırıcı, sübutlu tədqiqatların necə aparılmalı olduğu barədə düşünmək gərəkdir. Beşincisi, bəzi tanınmış rus və azərbaycanlı filosoflar elmi müxtəlif mədəni-tarixi növlərə bölürdülər, bəs fəlsəfənin özü hansı növlərə bölünür, onda hansı prioritetlər üstünlük təşkil edirdi, o, bu məsələdə elmi təkrarlayırmı və bu gün digər elmlərdən nədə geri qalır və ya onlardan üstündür- bunları anlamaq onun inkişafına nələrin mane olduğunu müəyyən etməyə imkan verər. Belə ki, rus filosofu S. Lebedev elmi altı mədəni-tarixi növə ayırır və hesab edir ki, fəlsəfənin də eyni mədəni-tarixi tipi olub (8). Lakin həqiqətənmi bu belədir? Və mütəfəkkir fəlsəfəni elmə qatarkən, onun milli fəlsəfələrə bölünərək necə və nə üçün müxtəlifləşdiyi və bu müxtəlifliyin vəhdətini necə qoruyub saxladığı barədə suala cavab verə bilmir. Bu suallar, xüsusən ölkəmizdə və bir çox başqa ölkələrdə milli fəlsəfə anlayışının təsbit olduğu andan etibarən, mücərrəd sorular deyil. Universal fəlsəfə və milli fəlsəfələr metodoloji və məntiqi plüralizmlə necə uyğunlaşır, onlar nəyə doğru aparır. Bu problemlər üzərində, bizcə, düşünmək lazımdır. Metodologiyalar plüralizmi milli fəlsəfənin elmiliyini və nəticələrinin yoxlanılmasını itirməli olduğu demək deyil. Plüralizm həm də araşdırmalarda metodoloji əsasların olmadığı və onlardan necə istifadə edildiyinin tam dərk olunmadığı demək deyil.Onu da qeyd edək ki, plüralizm və fəlsəfələrin fərqləndirilməsi üçün müxtəlif ölkələrin filosofları məhz daimi təmasda olmalıdırlar. Altıncısı, süni intellekt və qeyri-səlis məntiq qarşılıqlı əlaqədə bulunur, lakin biz nə dərəcədə bu əlaqəni başa düşür və ondan istifadə edirik, bu qarşılıqlı əlaqələrin hansı praktiki tətbiqi var? Məsələn, fikrimizcə, burada düzgünlüyün tolerantlıq və plüralizmlə necə birləşdiyi və ya obyekt-subyekt əlaqələrinin necə olduğu, bu məntiqin, alimlərin üstün tutduqları dəyərlərin (ideal və standartlar) və fənlərarası tədqiqatların, ya da təbii və süni intellektin bir-biri ilə necə uyğunlaşdığı, bu məsələlərin təhlili məntiq və ya məntiqlərlə, riyazi ziddiyyətsizliklə necə əlaqədar və s.olduğu əhəmiyyət kəsb edir. Həmin kontekstdə bu suaların da əhəmiyyəti az deyil: posthumanızm, postinsan, dəyərlər və məntiq, dəyərlərin iyerarxiyası və humanizmin dekonstruksiyası (natamamlığı) nə deməkdir? Bu anlayışlarla, onların ifadə etdiyi proseslərlə razılaşmaq və ya razılaşmamaq olar, lakin onları başa düşmək lazımdır. Yeddincisi, bizdəki fəlsəfi ədəbiyyatın təhlili göstərir ki, tarixi və kulturoloji tədqiqatlarda bir çox problem ümumdünya fəlsəfi diskursdan təcrid olunmuş halda nəzərdən keçirilir. Universal yanaşmalara metodologiya və məntiq problemləri və onların tətbiqi daxildir, hərçənd yalnız onlar yox. Bunun nə üçün bu cür baş verdiyini başa düşmək olar, lakin bunu necə aradan qaldırmaq mümkün olduğu barədə düşünmək lazımdır. Məsələn, Nizami, Füzuli, Nəsimi irsini bunu irsin fəlsəfədə necə tədqiq edildiyi ilə müqayisə etməyərək, yaradıcılığa təsir edən bir çox problemlərin, biologiya, psixologiya, siyasi dövr, coğrafiya və s. kontekstində araşdırmaq mümkündürmü? Onların yaradıcılığı qapalı deyildl. Onlar öz əsərlərində zaman və məkan boyunca səyahət edirdilər. Beləliklə, süni intellektnın imkanlarından bu qapalılığı aradan qaldırmaq üçün istifadə etmək gərəkdirr. Yeri gəlmişkən, qapalılıq tədqiqatın yalnız dəqiqliyinə deyil, həm də elmdə idarəetmə qərarlarının qəbul edilməsinə təsir göstərir. Və ya mədəniyyətlərarası qarşılıqlı təsir problemi və məntiqi üzrə. Multikulturalizm cəmiyyətin xarakteristikasıdır, fəqət çoxmədəniyyətli cəmiyyətin ziddiyyətləri və problemlərini həll etmək üçün əlac deyil. İngiltərə və Böyük Britaniyada multikulturalizmin iflası etnik icmaları konkret ayırma siyasətinin uğursuzluğudur, Fransada isə - assimilyasiya siyasətinin, Almaniyada və Rusiyada, Ukraynada bu sahədə problemlərin nədən ibarət olduğu barədə düşünmək lazımdır. Özlüyündə yalnız miqrasiya Rusiyanın demoqrafik problemlərini həll etməyəcək, amma miqrantların cəmiyyətə daxil edilməsi siyasəti tamamilə başqa məsələdir. Göründüyü kimi, burada mədəniyyətlərin, dinlərin dialoquna, məsləhətləşmələr aparılmasına, müəyyən iqtisadi və siyasi imtiyazların verilməsinə və bəlkə də assimilyasiya siyasətinin tətbiq edilməsinə səy göstərmək gərəkdir. Fikrimizcə, bununla bərabər, cəmiyyətin təhlili yalnız onun keçmişdə və indidə necə olduğunu təsbit etməklə kifayətlənmir, hərçənd çoxları bununla uğurla məşğul olur. Zənn edirik ki, məsələn, nə üçün yaxın keçmişdə cəmiyyətin sinfi və sosial xarakteristikaları mədəni müxtəliflikdən daha çox əhəmiyyət kəsb etdiyi və bu dərəcədə nəzərə çarpan dəyişikliyin nədən doğduğu və yaxın və uzaq gələcəkdə onların taleyinin necə olacağı barədə düşünmək və bunları izah etmək tələb olunur. İkinci Qarabağ müharibəsində çaldığımız Qələbə, fikrimizcə, həm də beynəlxalq münasibətlərdə məntiq, müharibədə süni intellektdən istifadə məsələlərini aktuallaşdırdı. Uzun müddət siyasətində ən çirkli vasitələrdən istifadə edən dünənki düşmənlə bölgənin inkişafı naminə əlaqə qurmalıyıq. Hazırda bu cür problemlər bir çox başqa ölkələr üçün də aktualdır. XXI əsr artıq çoxdandır ki, siyasi və ideoloji müxtəlifliyi ilə səciyyələndirilir. Beynəlxalq təşkilatlar nüfuzunu itirir və əksinə, idarəetmə üslubu və mədəniyyətinə görə fərqli ölkələrin dialoqu üçün qeyri-rəsmi platformaların əhəmiyyəti artır. Bu cür münasibətlərdə dialoq, ikili standartlar, ustalıq və dirişbaşlıq, danışıqlarda qeyri-səlis məntiqin tətbiqi kimi, qaçılmazdır.

Nəticə: Fəlsəfə, etika və süni intellekt haqqında

Pandemiya bir daha tam aydınlığı ilə göstərdi ki, təbiət, biologiya, insan və əxlaq bir-biri ilə qırılmaz surətdə bağlıdır. Fəqət biz onların etika üzrə tədqiqatlarımızda və dini baxışlarımızda lazımlı və ya heç olmasa müəyyən dərəcədə əks olunduğunu iddia edə bilmərik. Pandemiya ilə mübarizə formalarından biri kimi karantin etika, mədəniyyət, hüquq və süni intellekt arasında başqa bir, deyək ki, çoxkanallı əlaqənin də olduğunu nümayiş etdirdi. Bu məsələlər müxtəlif məqalələrimizdə araşdırılıb, burada isə yalnız onu qeyd etmək istərdik ki, süni intellekt fəlsəfi təhlil obyekti olarkən nəsihətçilik illüziyalarından, xeyir və şərin nə olduğunu guya bildiyimizdən azad olaraq etikaya həmin məsələləri bütövlükdə və konseptual surətdə dərk etməyə imkan verir. Əxlaq haqqındakı təsəvvürlərimizdən fərqli olaraq etika problemlərinin hazır həlli yoxdur, onlar bu həllərin axtarışını və buna görə risk, ehtimal, hüdudların hesablanması kimi anlayışların istifadəsini nəzərdə tutur. Görünür, etikada məsuliyyətlə bağlı olan hər bir şeyə diqqət yetirmək lazım olduğunu güman edərkən bu iş əxlaqi əhəmiyyətə malik qərarlar qəbul etmək məntiqi ilə birlikdə həyata keçirilməlidir. Yalnız bu zaman biz ehtimali mühakiməyə, bu cür mühakimələrin dəyərləndirilməsi və onlara münasibət xüsusunda əvvəlcədən yaranmış yanlış dini və sosiomədəni fikirləri aradan qaldırmağa qadir şüur tipinin təşəkkül tapmasına kömək edə bilərik. Buna görə də, süni intellekt qavranılması lazım olan material təchiz etməklə kifayətlənməyərək, eyni zamanda, insan şüurunun mahiyyəti, onun formalaşmasında əxlaq və zəkanın hansı rol oynadığı, rasionallıq və fədakarlığın nə olduğu, nəhayət, xeyir və şərin necə meydana çıxdığı barədə düşüncələrimizi dərinləşdirmək üçün imkan yaradır. Bu məsələlər çətinliklə təhlil olunandır, lakin onları təhlil etməsək, gələcəyin adekvat dərkinə və onun proqnozlaşdırmasına nail ola bilməyəcəyik. Beləliklə, mədəniyyət və həyatımızın fəlsəfə və etikadan asılılığı texnologiyaların inkişafından olduğu asılılıqdan heç də az deyi. Və nəhayət, qeyd edək ki, kompüterlər və İnternet bizim akademik Fəlsəfə və Sosiologiya İnstitutunda fəlsəfə, məntiq və süni intellekt üzrə virtual tədqiqat laboratoriyası yaratmağımıza imkan verdi və ümid edirik ki, onun nəaliyyətləri gələcək barəsində fikirlərimizi dərinləşməsini şərtləndirəcəkdir.

Ədəbiyyat

1. Ильхам Мамедзаде. Философия о современности, истории и культуре (О контурах историко-культурной эпистемологии) Баку, «Elm ve tehsil», 2020. – İlham Məmmədzadə. Fəlsəfə müasirlik, tarix və mədəniyyət haqqında (Tarixi-mədəni epistemologiyanın konturları barədə), Bakı, "Elm və təhsil", 2020.
2. Ильхам Мамедзаде. Введение в этику, Баку, 2004.- İlham Məmmədzadə. Etikaya giriş, Bakı, 2004.
3. Эрвин Шредингер. Что такое жизнь? М. «АСТ», 2018. - Ervin Şrödinger. Həyat nədir? M. "AST", 2018.
4. Материалы Первой международной конференции на тему «История науки и науковедение: междисциплинарные исследования» Баку, 2018, с.7-11. - "Elm Tarixi və elmşünaslıq: Fənlərarası Tədqiqatlar" mövzusunda Birinci Beynəlxalq Konfransın materialları, Bakı, 2018, s.7-11.
5. С.С.Хоружий. Глобальный тренд ХХ1 века: детерриторизация философии//»Вопросы философии», № 7, 2020. – S.S.Horuji. XXI əsrin qlobal tendensiyası: fəlsəfənin ərazisizləşməsi// "Fəlsəfə məsələləri", № 7, 2020.
6. Fuzzy Logic and Its Application. Ed. Shahnaz Shahbazova. Baku, 2015.
7. İlham Məmmədzadə. «Mədəniyyətlərarası kommunikasiyanın bəzi fəlsəfi problemləri» -// “PUBLİC ADMİNİSTRATİON: THEORY and PRACTICE”, 2020, 2 (70).s. 125-133. The Academy of Public Administration under the President of the Republic of Azerbaijan.
8. С. А. Лебедев. «Аксиология науки: ценностные регуляторы научной деятельности»- // «Вопросы философии», 2020, №7, с.82. - S. A. Lebedev "Elm Aksiyologiyası: Elmi fəaliyyətin dəyəri tənzimləyiciləri" - // "Fəlsəfə məsələləri", 2020, No 7, s.82.