Pozitiv hüquq nəzəriyyəsində əxlaq və qanun anlayışına fəlsəfi və hüquqi baxış
Hüququn fəlsəfəsində hüquq və əxlaqla yanaşı əxlaq və qanun anlayışı, əlaqəsi və digər funksiyaları mühüm məsələlərdəndir ki, tarix boyu mütəfəkkirləri düşündürmüşdür. Uzun bir tarixə malik olan qanun elə bir məfhumdur ki, bütün dövrlərdə ona itaət olunmuşdur; insanların baxışlarında qanuna itaət etmək etik və ictimai vəzifə hesab olunaraq, həmçinin davranışlara nəzarət edən bir sistem olaraq qəbul edilirdi. Məhz bu səbəbdən də bəzi hallar istisna olmaqla əxlaq və qanun arasında ayrılıq mümkün deyil. Qanunun insanın davranışınada təsirini nəzərə alaraq, Kant bu barədə yazır: “Elə davran ki, sizin əməlləriniz qanunvericiliyin prinsiplərinə uyğun olsun”. Alman hüquqşünas filosofu Aliksi Robert də bu məsələyə diqqət etmiş, əxlaq və qanunun nisbətinin iki min ildən daha çox tarixə aid olduğunu bildirmişdir. O, məşhur əsərində (The Argument from Injustice: A reply to Legal Positivism) qərb mədəniyyətində əsas suallardan olan əxlaq və qanun barədə yunan mütəfəkkirlərindən nümunə gətirmişdir. Burada Ksenofon (Xenonphon) Alkiviadın (Alkibiades) Periklidən (Perikles) sual suruşduğunu rəvəyat etmişdir: “o zaman ki, zalım bir bir hökmdar hakimiyyətə gələrsə və vətəndaşlara icra oluna bilən fərmanlar verərsə, bu fərmanı qanun adlandırmaq olarmı?” Alkiviadın verdiyi sualdan əsas məqsədi əslində əxlaq və qanun arasında nisbətə işarə etməkdir, əxlaqa əsaslanan qanunu göstərməkdir, yəni qanun fəzilətə – ən üstün etik dəyərlərə istinad etməlidir.
Ümumiyyətlə, qədim dövrdən başlayaraq hazırkı dövrə qədər qarşıya qoyulan mühüm suallar mütəfəkkirlər arasında real fikir ayrılığına səbəb olmuşdur. Buna görə də, əxlaq və qanun anlayışını, ictimai-siyasi təsirini, bunların bir-birinə nisbətini və əlaqəsini müəyyənləşdirmək üçün təkcə filosoflar deyil, hüququşünaslar da iki dəstəyə ayrılmışlar: birinci qrup əxlaq və qanun arasında olan nisbəti qəbul etmiş, qanunun kökündə etik dəyərlərin mövcudluğunu təkidlə bildirmişlər; ikinci qrup isə əxlaq və qanun arasında olan əlaqəni rədd etmişlər.
Birinci qrupun rəyinə əsasən iki cür qanun mövcuddur: təbii qanun (natural law), yəni etik normalarla bağlı olan qanun və ya ən yaxşı qanun; digəri isə tədqiqi – pozitiv qanundur (positivie of law) ki, bu qanunun kökləri təbii qanunla bağlıdır. Buna görə də, bu normaların qanuni və ya etibarlı olması üçün təkcə qanunverici orqanın iradəsi və pozitiv normaların ictimai cəhətdən qəbulu kifayət etmir, bəlkə bu normaları əxlaqla – təbii qanunla uyğunlaşdırmaq vacibdir. Ancaq ikinci qrupun gəldiyi nəticə isə bundan ibarətdir ki, pozitiv qanun müəyyən bir cəmiyyətdə qəbul olunmuş normalar məcmuəsidir ki, onun yaranması qanunvericiliklə bağlıdır, nəinki etik normalarla; pozitiv normalar qanunverici orqanın iradəsi və ictimai razılaşmaya əsasən qanuna çevrilir və legitimlik qazanır, bir növ qanuniləşir. Məhz buna görə də pozitiv normalar əxlaq dəyərləri ilə əlaqəsi olmadan belə mötəbər qanun hesab oluna bilər. Bu qurupun nəzərində pozitiv qanunlar əxlaq dəyərlərinə deyil, hakimiyyətin iradəsinə və ümumi rəyin razılığına əsaslanır.
Göründüyü kimi birinci qrupa daxil olan hüquqşünas filosoflar əxlaq normalarına əsaslanan qanunu hər hansı bir pozitiv qanunundan üstün hesab edirlər; pozitiv və ya tədqiqi olmayan təbii normalar hər hansı bir qanunverici orqanın iradəsindən, istəyindən daha üstündür. Məhz buna görə də birinci qurupun nəzəriyyəsi “Təbii qanun nəızəriyyəsi” (Theory of natural law) adlanır. Bu nəzəriyyə tərəfdarları qanunu təbii və pozitiv hissəyə ayıraraq, pozitiv qanunun təbii qanuna tabe olduğunu bildirmişlər. Ancaq bunun qarşısında ikinci qurup qanunun təbii və pozitiv hissəyə bölünməsini, həmçinin əxlaq dəyərləri ilə uyğunluğunu qəbul etməmiş, qanunların yalnız qanunverici orqan tərəfindən yaranmasını iddia etmişlər. Buna görə də onların nəzəriyyəsi “Pozitiv hüquq nəzəriyyəsi” (Theory of positive right) adlanır ki, bu haqda bəhs olunacaq. Əsas mövzuya keçməzdən əvvəl qanunun terminoloji aspektlərinə və qanuni etika anlayışına diqqəti yönəldək.
Qanun, lüğətdə və mövzuda işlənmə mənaları: “Qanun” yunan dilində “kanon” sözündən götürülmüş ərəb dilində düzəldilmiş formasıdır. Bu sözün lüğəti mənası “qayda”, “adət”, “şərəf”, “ləyaqət”, “nizam”, “əmr”, “göstəriş” və “ayinlər” deməkdir; digər mənası da (müəyyən hədd və ölçü meyarı) mövcuddur ki, bu, sonralar qaydalara şamil olunmuşdur. Mövzuda işlənmə mənasına gəlincə isə hüquqşünas filosofların nəzərində “qanun” fərdi, peşəkar və təşkilati səviyyədə davranışları idarə etmək üçün istifadə olunan xüsusi bir qaydadır; qanun qanunvericilik orqan tərəfindən müəyyən prosedurlara uyğun olaraq təsbit edilən məcburi qaydalardır; qanun insan davranışının qanunauyğunluğu ilə əlaqədardır və insan davranışının ümumi qaydasıdır. Qanun termin olaraq həm də ictimai və təbiət elmlərində də işlənir, ancaq hüquq mətnlərində qanun yalnız insanın davranışına şamil olunur. Ümumiyyətlə, həm filosofların, həm də hüquqşünasların nəzərində qanun bütün məsələləri əhatə edən ümumi bir əmrdir. Hüquq mətnlərində və qayda-qanunlar baxımından qanun iki mühüm – xüsusi və ümumi hissəyə bölünür. Qanunun xüsusi mənası, yəni hüquq qaydaların bir hissəsi olan qanun rəsmi formada qanunverici orqan tərfindən yazılır.
Qanunun ümumi mənasına gəlincə isə qanun səlahiyyətli orqan (məclis, qanunverici orqan, nazirlər kabineti, hətta nazirlərdən biri) tərəfindən yazılı formada hazırlanan hüquqi bir qaydadır; mümkündür bəzən qanun konstitusiya da adlandırılsın. Qanunun hüquq mətnlərində işlənmə mənasını araşdırarkən şahidi oluruq ki, qanun digər qaydalardan fərqli olaraq bəzi meyar və üstünlüklərə malikdir: qanunun möhkəm, düz, dəqiq və aydın bir məfhum olması; qanunun asanlıqla və sadə formada dərk olunması; cəmiyyətin inkişafında, yeni mərhələlərdə qanunun bu proseslərə asanlıqla uyğunlaşması; qanunvericiliyin inkişafı üçün sistemləşmiş platformanın təmin edilməsi; qanunun demokratiya və sosial iradə prinsiplərinə daha çox uyğun olması; hüquqi sistemə birliyin ötürülməsi (unification and assimilation) və bununla uyğunlaşması. Hüquqşünas filosofların fikrincə, bu meyar və imtiyazlarla yanaşı qanunla bağlı olan iradlara da diqqət yetirməliyik: qanunun iki əsas çatışmayan cəhəti vardır ki, bunlardan birincisi, cəmiyyətin inkişaf prossesində davamlı uyğunluğun olmaması və nəticədə cəmiyyətdə durğunluğun yaranmasıdır; ikincisi, sosial münasibətləri və məhkəmə çəkişmələrini tənzimləmək üçün qanunun qeyri-fəallığı (adekvat olmaması), xüsusilə ailə hüququ sahəsində ədalət və insaf prinsiplərinin qorunmaması. Bu, onu deməyə əsas verir ki, qanunu cəmiyyətdə təmsil edən fərd (hüquqşünas) xüsusi tələblərə cavab verməlidr, necə ki, Ulu Öndər hər bir çıxışında qanunun aliliyinə və qanunçuluğa istinad edərək bu sahədə çalışan vətəndaşların yüksək xüsusiyyətlərə sahib olmalarını təkidlə bildirmişdir: “qanuna xidmət edən hər bir adam aydın zəkaya, təmiz əllərə və alovlu qəlbə malik olmalıdır.”
Qanuni etika anlayışı: “qanuni etika” cəzanın (punishment) prinsiplərindən biri olaraq insanların əxlaqdan kənar hərəkətlərə yol verməməsi üçün tətbiq edilən cəza növünə deyilir. Bu prinsipə görə əxlaqdan kənar davranış cəzanın mövcudluğuna səbəb olacaqdır; cəmiyyət bəzi dəyərləri o qədər vacib hesab edir ki, bu dəyərləri pozan davranışlar əxlaqdan kənar heasab olunaraq cinayət əməli kimi qadağan edilir; qanuni etika mahiyyət etibarı ilə qeyri-etik hərəkətlərə yol verildiyi halda (hətta bu, iştirakçı olan tərəflərə heç bir zərər verməsə belə), cinayət vasitələrinin istifadəsini qanuni hesab edir və bunu qarşısına məqsəd qoyaraq rəsmi formada elan edir. Qanuni etika dedikdə, yəni davranışda müsbət əməl. Çünki bir sıra əməllər vardır ki, bunların ətrafa zərəri olmasa da, ancaq ümumilikdə insan varlığı üçün qəbuledilməzdir; etik dəyərlərdən kənar hər hansı bir əməl tədricən cinayət əməlinə çevrilir və digər insanlara da sirayət edir ki, bunun da nəticəsində cəmiyyət zərər görmüş olur. Məhz buna görə də cəmiyyət qanuni etikaya ehtiyacı vardır, çünki etik dəyərlərdən kənar davranış hətta başqalarına zərər vermədiyi halda da cinayət məsuliyyətinə cəlb edilməsi zərurətini yaradır.
Qanunu əxlaq normalarından ayırmaq: pozitiv hüquq nəzəriyyəsinə əsasən əxlaq və qanun anlayışından, onun funksiyalarından bəhs edərkən, burada əsas məsələ təbii və pozitiv qanunlarda (legal positivism) əxlaqın təsiridir. Təbii qanun nəzəriyyəsinə əsasən əxlaq və qanun arasında zəruri əlaqə mövcuddur, ancaq pozitiv hüquq nəzəriyyəsinə əsasən əxlaq və qanun arasında əlaqə mövcud deyil. Hüququn fəlsəfəsində təbii qanun nəzəriyyəsi tərəfdarları əxlaq və qanun arasında olan əlaqəni müdafiə edirlər. Onlar əxlaq normalarını pozitiv qanundan daha üstün hesab edərək, pozitiv qanunların məhz təbii qanunlardan təsirləndiyini iddia edirlər. Onların fikrincə, pozitiv qanunların qanuniliyi və etibarlılığı əxlaq normaları ilə birlikdə olmasındadır. Əgər qanunverici orqan qanunların yaranmasında əxlaq normalarına əsaslanmırsa bunu mötəbər qanun adlandırmaq olmaz. Lakin pozitiv hüquq nəzəriyyəsi tərəfdarları bu iddia ilə razılaşmır. Onların fikrincə, ən yaxşı normalar ya mövcud deyil, ya qanundan müstəqil olmayan və qanunların bir hissəsi hesab olunan normalardır ki, bu normalar əxlaq normaları hesab olunmur; ola bilər bəzən bu normalar əxlaq normalarından qaynaqlansın, ancaq nəzərə almaq lazımdır ki, qanuna mənsub olan normaların bir hissəsinin digər bir hissəsindən üstünlüyü, həmçinin əxlaq normalarının üstünlüyü qanunun normalarının üstünlüyündən fərqlidir. Bu, onu göstərir ki, pozitiv hüquq nəzəriyyəsi əxlaq və qanun arasında olan hər hansı bir zəruri əlaqəni inkar edir. Buna əsasən, onların gəldiyi nəticə bundan ibarətdir ki, qanunun mahiyyəti və etibarlılığı əxlaq normaları ilə uyğunluq təşkil etmir (Hart H. L. A. Legal Positivism, in Borchert, 2006, vol. V, p. 238). Bu iki nəzəriyyə arasında fərqin olmasına baxmayaraq, qanun istər təbii, istərsə də tədqiqi olsun, hüququn əsas mənbəyi hesab olunur.
Qanun bəşər sivilizasiyasında çox geniş və əhatəli bir tarixə malikdir; burada qanunun mahiyyəti, onun haqq, ədalət, insaf, vicdan, azadlıq və insan səadəti kimi kateqoriyalarla əlaqəsi daim tədqiq olunmuşdur. Qanun anlayışı insanın özünü və kainatı dərk etməsində, həmçinin insana mənsub olan məqam və dərəcənin müəyyənləşməsində mühüm təsirə malikdir. Qanunun insan həyatında və təfkküründə mühüm təsiri vardır, çünki müxtəlif sivilizasiyalı məkanlarda yaşayan insanların düşüncə tərzi, potensialı bunu deməyə əsas verir. Şərqi Asiya sivilizasiyasında Reta və Asanzd Aryanlar, Tao və Darma, yunan düşüncəsində Kosmos, İslam dinində Şəriət kimi sözlər məhz qanun anlayışı ilə əlaqələndirilmişdir. Bununla belə, qanun anlayışı, onun əhəmiyyəti təkcə insan həyatı və insan təfəkkürü ilə bağlı deyil, qanun həm də kosmoloji və ontoloji nizamdan ictimai həyat sahəsinə, ictimai həyat nizamına qədər mövcud olmuş və hər bir məsələdə də həlledici təsiri vardır.
Pozitiv hüquq nəzəriyyəsində iddia olunan digər mühüm məsələlərdən biri də pozitiv qanunun əhəmiyyəti məsələsidir. Yaxşı olar ki, diqqəti aşağıdakı mövzuya yönəldək.
Pozitiv qanunun əhəmiyyəti: pozitiv qanunun əhəmiyyətindən bəhs edərkən ilk olaraq qeyd etməliyik ki, belə bir qanunun əhəmiyyəti və yeri müasir bir hadisə kimi qəbul olunur, ancaq orta əsrlər və ondan əvvəlki dövrlərdə belə mövqe ilahi qanunlara, xalqın adət-ənənələrinə aid edilirdi. Ümumiyyətlə, hüququn tarixinə nəzər salsaq görərik ki, qanun müxtəlif dövrlərdə fərqli kateqoriyalarda mövcud olmuşdur; məsələn, Roma-German hüquq sistemində qanun hüququn ilk və ən mühüm mənbəyi hesab olunur, buna görə də hakim hökm çıxararkən hüququn digər mənbələrinə deyil, məhz qanuna istinad edir. Qanuna əsasən hakimin digər hüquq mənbələrinə istinad etmək hüququ yoxdur, hətta qanun anlayışının qeyri-müəyyənliyini, mürəkkəbliyini fərz etsə belə, qanunu asanlıqla nəzərdən qaçıra və digər hüquq mənbələrinə əsaslanaraq qərar verə bilməz. Burada hakimin niyyətini aydınlaşdırmaq lazımdır, yəni hökmü əsaslandırmaq üçün qanunun prinsiplərinə və nəticə çıxarma texnikasına diqqət olunmalıdır. Hakim qanunla müəyyən edilmiş qaydada digər mənbələrə yalnız o zaman istinad edə bilər ki, qanunun qeyri-müəyyənliyi sübuta yetirilsin; məcazi mənada desək, yəni bir növ qanun sussun. Bununla belə, qanun hüquq sistemində ən yüksək səlahiyyətə malikdir və onun əhəmiyyəti hüququn müxtəlif sahələrindən asılı olaraq dəyişir. Məsələn, qanun cinayət hüququnda ən mühüm rola malikdir, ancaq müqavilə hüququnda isə az təsir göstərir; çünki müqavilələrlə bağlı olan qanunların çoxu razılaşdırıla bilən tamamlayıcı qaydalardır. Qanun ümumi hüquqda isə (Common Law) ikinci yerdə olmasına baxmayaraq, çox böyük təsirə malikdir. Qanun həmçinin məhkəmə prosedurunda da çox təsiri var və demək olar ki, hər bir prosesdə özünü göstərir; hüquq sisteminin strukturuna görə qanun hüququn bir hissəsi olaraq qəti şəkildə qəbul edilir və məhkəmələr də məhz bu qanunları şərh və icra edirlər. Lakin inkar etmək olmaz ki, bəzi hallarda qanunların şərhi qanunun prinsiplərini əvəz edir, yəni praktikada qanundan daha çox məhkəmələrin çıxardığı hökmlərə istinad edilir.
Əxlaq və qanunun nisbəti: əxlaq və qanunun nisbətindən bəhs edərkən ilk olaraq fikrimizdə mühüm bir sual yaranır: qanunu əxlaq adlandırmaq olarmı? Bəzən iddia olunur ki, əxlaq və qanun arasında lazımi əlaqə yoxdur. Amma bu, o demək deyil ki, hakim yalnız qanuna diqqət etməli və qanunla bağlı etik məsələlərə biganə olmalıdır. Əgər belə olarsa (yəni hakim yalnız qanuna diqqət edərsə və qanunla bağlı etik məsələlər nəzərə alınmasa), onda qanunun icrası daha çox bir qrupun maraqlarını müdafiə edəcəkdir. Əxlaq və qanunun nisbətinə gəlincə, burada üç əsas mərhələni təsəvvür etmək olar: birinci mərhələdə əxlaq və qanun arasında heç bir fərq yox idi; dövlətlər formalaşmazdan əvvəl insanlar ictimai adətlərə riayət etməklə həm əxlaqa, həm də qanuna riayət edirdilər.
İkinci mərhələdə, XVIII əsrdə azadlıq hərəkatlarının formalaşması ilə əxlaq və qanun yeni perspektivlələr əsasında araşdırıldı. Burada ən əsas tələblərdən biri dövlətlərin insanların daxili işlərinə nəzarət dairəsini məhdudlaşdırmaq idi. Bunu filosofların, o cümlədən Kantın fikirlərində də müşahidə edirik. O, əxlaq və qanunun nisbətindən bəhs edərkən əxlaqın insanın daxilinə, qanunun isə insanın əməllərinə bağlı olduğunu yazır (Friedrich C. J. The Philosophy of Law in Historical Perspective. Chicago: The University of Chicago Press, 1969, pp. 125 & 126).
Üçüncü mərhələdə isə insan haqlarının toplanması (kodlaşdırılması) zərurəti formalaşdı. Birinci və İkinci Dünya Müharibələrinə əsasən sübut olundu ki, demokratiya, xalqın azadlığı və idarəçiliyi yolunda nə qədər səy göstərilsə də, demokratiyada qüsurlar vardır və çoxluğun azlıq üzərində hakimiyyəti onlardan biridir. Bu mərhələyə əsasən baxmayaraq ki, əxlaq insan həyatının bir çox aspektləri ilə bağlıdır, ancaq qanun (ideal olaraq) əxlaqi dəyərlərin möhkəmləndirilməsinə diqqət yetirir. Bəzən əxlaqın qanundan ayrılması bildirilsə də, bəzən qanun əxlaqdan üstün hesab olunur. Halbuki, əxlaq və qanunun prinsipləri üst-üstə düşür və bir çox hallarda qanun əxlaq prinsiplərini əks etdirir. Bəzən əxlaq və qanun ümumi məqsədə malikdir. Məsələn, əxlaqdan kənar (əxlaqsız) bir hərəkətin qurbanı olan şəxs məhkəmə sistemindən, qanuni şərtlərdən uzaq, əxlaqi dəyərlərə uyğun hökm gözləyir. Belə bir vəziyyətdə qanun əxlaqi prinsipdən başqa bir şey deyil. Beləliklə, əxlaq və qanun arasında nisbətin olduğunun şahidi oluruq, çünki əxlaq baxımından qəbul olunmayan hərəkət qanunsuz olduğu üçün, qanun da mənəvi cəhətdən məcburi və ya ən azı məqbul olmalıdır. Buna görə də bəzi filosoflar əxlaq normalarını önə çəkərək, dövlət və hakimiyyətdən asılı olmayaraq müstəqil formada təkliflər irəli sürürmüşlər. Filosofların əsas gəldiyi nəticə bundan ibarətdir ki, insanın qanundan daha çox əxlaqa ehtiyacı var, çünki qanunda mənəvi cəhətdən zəruri ola biləcək yaxşı davranışlar yer almır. Ancaq bir az dərindən düşünsək deyə bilərik ki, bu, həmişə belə deyil, bəzən qanuna olan ehtiyac əxlaqa olan ehtiyacadan heç də az olmur. Məsələn, iqtisadi məsələrdə qanunları pozmaq etik səhv etmədən də mümkündür. Bu, o deməkdir ki, qanun cəmiyyətin ümumi əxlaq normalarına uyğun olamaya da bilər. Bəzi hallarda qanunun əxlaqa uyğun olmaması zərurəti yaranır, çünki odlu silahlara sahib olmaq hüququ heyvanları ovlamaq, bilməyərəkdən öldürmək (ehtiyatsızlıqdan baş verən qətl) kimi məsələlərdə nəyin doğru, nəyin yanlış olduğuna dair ümumi bir fikir birliyi yoxdur. Həmçinin, köləliyin qanuni təsdiqi və qul ticarəti əxlaqla qanunun açıq-aşkar uyğunsuzluğunu göstərir. Əlbəttə, bunlar müəyyən bir dövrün qanunları olmuş və təbii ki, bu qanunların bir çoxu həmin dövrün yerli əxlaq prinsipləri ilə həmahəng olmuşdur. Hazırki dövrdə isə müasir qanunla əxlaq prinsiplərinin tələbləri arasında heç bir ziddiyyət yoxdur.
Pozitivist nəzəriyyəçilər (positivist theorists) əxlaq və qanunun fərqli olduğunu iddia edəndə, bunun mənası o deməkdir ki, əxlaq və qanun arasında əlaqə mümkündür, lakin bu iki məfhum heç də həmişə əxlaqi dəyərlərə uyğun gəlmir. Ancaq buna baxmayaraq, əxlaqın əsas kateqoriyası olan ədalət qanunla bərabərdir, çünki hər bir qanunun kökündə etik normalar mövcuddur; o qanun ki, etik normaları özündə əks etdirmir hüquqi qüvvədən məhrumdur, həmçinin bəzi məsələlər özlüyündə ədalətsizlik sayılmır. Lakin qanunun icra olunmaması və əxlaq normalarına əməl olunmaması ədalətsizlik hesab olunur; məsələn, təbii fəlakətlərin baş verməsi zamanı atılacaq addımlar və bu kimi digər məsələlər. Əslində, əksər sosial məsələlərdə fərdi əxlaqa riayət etmək, qanunlara hörmət etmək ədalətin həyata keçirilməsidir və bu, əxlaq və qanunun nisbətinin ən əsas göstəricisidir.
Əxlaq və qanunun sosial hədəfi: əgər cəmiyyətdə əxlaqa zidd olan bir əməl dəyər kimi tanıdılırsa, bu, təkcə ictimai tənəzzülə deyil, həm də iqtisadi fəsada da yol açır. Bəzən belə əməllər fərasətli və məntiqə uyğun sayılır, əslində cəmiyyət belə əməllərdən əziyyət çəkir və bu cür davranışlar getdikcə çoxalır, yayılmağa başlayır. Bəşər tarixində əxlaq (istər fərdi, istərsə də qrup halında olsun) davranış və hərəkətlərdə həmişə mərkəzi rol oynamışdır. Bu mərkəzilik fərdin və cəmiyyətin azadlıq və hüquqlarını, həqiqi ehtiyaclarını qorumaqla yanaşı, həm də müəyyən edilmiş və müdafiə olunmuşdur. Fərz edək ki, əgər bir icra komandasında etik normalara riayət olunmasa, hansı qeyri-insani və qanuni hadisələr baş verə bilər? Əgər belə olarsa, təbii ki, etibarsızlıq, hörmətsizlik, ədalətsizlik, insafsızlıq, vicdansızlıq, azadlığın qorunmaması, bütün məsələlərdə korrupsiya və digər əxlaqa zidd əməllər baş verər. Əxlaq və qanun cəmiyyətin ümumi cəhətlərindən biridir; əxlaq ailədən başlayır və getdikcə böyüyür. Başqa sözlə desək, ailə cəmiyyətdə təsiri olan ən kiçik institutdur ki, bunun təsirindən qruplar, icmalar və cəmiyyətlər yaranır. İlk olaraq şəxsiyyət mövcud əxlaq normalarına əsasən müəyyən edilir, yəni əxlaqda daxildən xaricə doğru görünən bir hərəkət var. Əgər cəmiyyətdə bu proses yaxşı idarə olanarsa, qüsurlar müəyyən edilərsə, bir sözlə humanist və rasional formada tərbiyə olunarsa, onda sağlam bir sosial cəmiyyətin şahidi olarıq. Belə olan halda mədəni əxlaq, siyasi əxlaq, iqtisadi əxlaq, o cümlədən insanın fitrəti (zatı), mahiyyəti cəmiyyətə geri qayıdır. Əgər bunun əksi olarsa, onda əxlaqa zidd əməllərlə dolu olan sosial bir cəmiyyətdə artıq qanuna və qanunun aliliyinə yer olmayacaqdır. Belə olan halda, qanunun nüfuzunu qorumaq üçün əxlaq normalarına riayət olunmalıdır. Əxlaqın sosial hədəflərindən biri də budur ki, insanları qanuna tabe olmağa istiqamətləndirsin.
Təhlil əsnasında bəzi suallar yaranır: ola bilərmi ki, fərd azadlıq uğrunda vuruşsun, amma əxlaq normalarına riayət etməsin və qanuna zidd hərəkətlər etsin? Digər tərəfdən, kütlənin məsuliyyətini əxlaq, qanun, azadlıq olmadan qəbul etmək olarmı? İnsan olub, lakin insanlığa dəyər verməmək olarmı? Təbii ki, bunların heç biri mümkün deyil, çünki sağlam düşüncəyə malik olan hər bir insan (istər ailədə, istərsə də cəmiyyətdə) sosial mühitin qorunmasında etik normalara və qanunun aliliyinə ehtiyacı vardır. Nəticə olaraq demək olar ki, əxlaq hər bir ölkədə sosial qanunların həyata keçirilməsində funksiya daşıyır, həmçinin əxlaq və qanunun hədəfi sağlam sosial cəmiyyət qormaqdır.
Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

