Qərbi Azərbaycanın düşüncə və mədəniyyət tariximizdə yeri
Qərbi Azərbaycan və bu tarixi torpaqlara qayıdış konsepsiyası hazırda Azərbaycan siyasətinin prioritet istiqamətlərindən biridir. Söhbət yalnız 1988-ci ildə öz tarixi torpağını itirməkdən və ora ləyaqətli qayıdış konsepsiyasının həyata keçirilməsindən deyil, Qərbi Azərbaycanın ümumiyyətlə Azərbaycan tarixindəki yeri və əhəmiyyətindən gedir. Bu konsepsiyada iki əsas məsələ ehtiva olunur: Azərbaycan tarixinin və mədəniyyətinin tam halda işlənib öyrənilməsi və onun milli kimliyin formalaşmasında rolunun müəyyən edilməsi. Bu addımın əhəmiyyətini göstərən həm 24 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla görüşü, həm də dövlət başçısının məhz Qərbi Azərbaycana aid müəyyən tarixi hadisələrin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamlar imzalaması oldu. Mirzə Qədim İrəvaninin 200 illiyinin, Aşıq Ələsgərin 200 illik yubileyi və şəhərin ən gözəl yerində ona abidənin ucaldılması, İrəvan mahalı Uluxanlı məktəbinin 125, İrəvan müəllimlər seminariyasının 140 illiklərinin qeyd olunması öz tarixi ilə yanaşı, öz mədəniyyətinə, düşüncəsinə də sahib çıxmaq, əsrlər boyu parçalanan, təhrif edilən milli kimliyinin bərpası deməkdir.
Əhəmiyyətli məqamlardan biri də budur ki, Qərbi Azərbaycana diqqət və dinc yolla öz tarixi vətəninə qayıdış məhz Qarabağ və Şərqi Zərgəzur torpaqlarının işğaldan azad olunmasından sonra aktuallaşdı. Çünki, dövlət başçısının da qeyd etdiyi kimi, “Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.” Başqa sözlə desək, Azərbaycan coğrafi sərhədləri ilə yanaşı, mənəvi, mədəni sərhədlərini də bərpa etməyə başladı. Xatırladaq ki, 44 günlük müharibə zamanı Ali Baş komandan öz müsahibələrində Dağlıq Qarabağ adlı qondarma problemin 1988-ci ildə başlanmasından daha çox, məhz XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın torpaqlarının müqavilələrlə, razılaşmalarla parçalanmasından, ərazisində süni Ermənistan dövləti yaradılmasından, yerli əhalinin sıxışdırılaraq yerinə ermənilərin köçürülməsindən danışırdı. Belə nəticə çıxartmaq olur ki, Qərbi Azərbaycan özündə elə bir tarixi təməl ehtiva edir ki, yad qüvvələr onu işğal etməklə, Azərbaycanı ondan məhrum etməklə, xalqı əsrlər boyu formalaşmış kimliyindən uzaq salmaq istəmişlər və müəyyən mənada buna nail olmağa başlamışlar.
Qərbi Azərbaycan – tarixlə buğun arasında körpü
Qərbi Azərbaycan bir vaxtlar rəsmilər tərəfindən süni Ermənistan dövləti yaratmaq xətrinə Azərbaycandan qoparılan ərazilərdir. Bununla belə, hər nə qədər beynəlxalq səviyyədə rəsmi sərhədlər onu ayırsa da, ümumi tarixdə, mədəniyyətdən, düşüncədən ayrılmayıb və bütövün hissəsi olaraq qalıb. Deməli, burada artıq silahlar, hərbi güc deyil, ləyaqət, yumşaq güc, güclü diplomatiya danışmalıdır. Ən vacibi isə, əvvəlcə bu addımı atan şəxslərin özləri Qərbi Azərbaycanın əhəmiyyətini, rolunu, zəruriliyini dərk etməlidir.
AMEA-nın 80 illik yubileyi yığıncağında ölkə başçısı cənab İlham Əliyev alimlər qarşısında duran prioritet mövzular sırasında Qərbi Azərbaycan üzərində xüsusi dayandı. Bununla o, əvvəla, bu torpaqların qədim köklərinin öyrənilməsinin zəruriliyini vurğuladı: “Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır”. Bu, xalqın böyüklüyünün, dərin kökə və sabit kimliyə malik olduğunun təsdiqidir və hər bir vətəndaşa, xüsusilə gənclərə böyük bir güvən hissi verir. Bu, dünənlə qürur duyulsa da, keçmişlə kifayətlənmək deyil, uzunəsrlik bir xalqın buğunu və gələcəyi üçün məsuliyyət hissinin doğulması üçün şərtdir. Öz tarixini bilib və öz kimliyini bu kök üzərində formalaşdırmaq, başqa bir xalqı təqlid etməklə onun kölgəsinə çevrilmək təhlükəsindən qorunmaq üsuludur.
Bu gün sabah üçün tarixdirsə, deməli, bugünün şərəfli səhifələri gələcək nəslə bütün dolğunluğu və həqiqəti ilə ötürülməlidir. Xatırladım ki, bəzən qürurla “biz tarixi yaradırıq, başqaları yazır” deməyimiz bizim öz əleyhimizə çevrilib, faktlar təhrif olunub və bu, yalanın ayaq tutub yeriməyinə imkan yaradıb. Böyük Zəfərdən sonra ölkə başçısı qılıncla bərabər qələmin də vacibliyini vurğulayır: “Bizim şanlı Vətən müharibəmizin... hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir”. Deməli, onu ən yüksək səviyyədə, tarixin həmin anına layiq şəkildə yazmaq ilk növbədə bizim öz öhdəliyimiz olmalıdır.
Qərbi Azərbaycan özündə böyük mədəniyyətin, şanlı tarixin əhəmiyyətli bir hissəsini ehtiva edir və ondan imtina məhz həmin hissələrdən imtina deməkdir. Əbu Turxanın dediyinə görə, “cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir.” Deməli, tarixin kəsilməzliyi prinsipinə müvafiq olaraq yalnız keçmiş sağlam bünövrə üzərində qurulmuş yenilik inkişafa və yüksəlişə səbəb ola bilər. Tarix tarixdə qalmamalıdır, ondan nəticə çıxarılmalıdır, çünki dünənini unudan sabahına əliboş gedər.
Qərbi Azərbaycan coğrafi olaraq başqa dövlətin tərkibindədir, ancaq mədəniyyəti, kökü olduğu kimi qalır. Bu baxımdan ölkə başçısının yaddaşın vacibliyini vurğulaması və diqqəti Qərbi Azərbaycan torpaqlarının öyrənilməsinə yönəltməsi taleyüklü məsələdir. Di. Bir var, azərbaycanlı uzaq ellərdə yaşayıb yaradır, Vətəninin orda bir parçasına, simvoluna çevrilir. Bir də var tarixi torpaqlarımız taleyin hansısa hökmü ilə yadların tapdağında, bizsiz qalıb. Qarabağ torpaqlarına qayıdanda da şahidi olduq ki, torpaq öz sahibi olmayanda viran qalır. Zəngəzur, Göyçə, İrəvan da öz sahibinə qovuşmalıdır. Sadəcə, Prezidentin də fərqli zamanlarda dönə-dönə qeyd etdiyi kimi, sülh yolu ilə. Lakin bunun üçün əvvəlcə düşüncələr formalaşmalı, inamlı olmalıdır ki, qarşıdakını da inandıra bilsin. Ölkə başçısı qeyd edir ki, “Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır.” Başqa sözlə desək, ərazinin, dövlətin tarixi düşüncənin tarixi ilə qoşa yaradılmalı və yazılmalıdır.
Qərbi Azərbaycan – ziyalılar məskəni və mənbəyi kimi
Qərbi Azərbaycan yalnız tarixin deyil, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və düşüncə tarixinin əhəmiyyətli hissəsidir. Azərbaycan torpağında həmişə fərqli millətlər mehriban yaşayıb və bu xüsusiyyət daxilən xalqın hər vətəndaşına xasdır. Ta qədimdən bəri öz tarixi köklərinə bağlı olmaqla yanaşı, başqa yerlərdə yaşadığı məkana öz istedadı, qabiliyyəti, ağlı ilə ləyaqətlə xidmət etməyi bacarıb. Maraqlıdır ki, məhz bu xoş münasibətindən, qonşuya mehribanlığından sui-istifadə edən xainlər Azərbaycanın torpaqları üzərində yeni bir dövlət qurub, ərazilərini işğal ediblər. Ulu Öndər tarixi çıxışlarının birində deyir: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır”. Bu sözlərdə gələcək üçün iki mühüm ismarıc var: birincisi, məhz bütöv Azərbaycan xalqı Qafqazda islam sivilizasiyanın qurucusu və inkişaf etdirən qüvvə olub və olacaqdır. İkincisi, hər nə qədər torpaqlar başqa millətlər tərəfindən işğal edilsə də, lap üzərində dövlət qurulsa da, tarixi kökləri məhv etmək mümkün deyil. “İrəvanda Azərbaycan təhsil tarixi” kitabında müəllif Cəlal Allahverdiyevin də vurğuladığı kimi, “Azərbaycan etnomədəni və tarixi coğrafiyası hazırkı inzibati-siyasi coğrafiyasından dəfələrlə böyükdür. Xalqımızın yaratdığı maddi və mədəni irs bu gün bir çox ölkələrin inzibati-siyasi sərhədləri içərisində qalsa da, o mirasın bizə aid olması gerçəkliyini dəyişmir.”
Əhəmiyyətli bir fakt kimi vurğulamaq lazımdır ki, Qərbi Azərbaycanda təhsilin, mədəniyyətin, fəlsəfi təfəkkürün inkişafını öyrənəndə belə məlum olur ki, bu ərazilər cənubi Qafqazda bir maarifçilik mərkəzi olmuşdur. Orada, bir tərəfdən, başqa millətlərdən gələn təhsil işçiləri, tanınmış təhsil ocaqlarının filialları açılmış, digər tərəfdən, yerli maarifçi, ziyalı şəxslər fəaliyyət göstərmişdir. Ümumilikdə Azərbaycanın düşüncə və mədəniyyət tarixinə nəzər salanda belə məlum olur ki, millətin maariflənməsində, təhsil və mədəniyyətinin inkişafında, bütövlükdə elit təbəqənin formalaşmasında məhz Qərbi Azərbaycan ziyalıları bir mənbə, özək rolunu oynamışdır.
Əslində, bu fakt bizimlə yanaşı, həmin torpaqlarda indi kök salmağa çalışan xalqlara da məlumdur. Lakin bir qanunauyğunluq da var ki, torpaqda daha dərindən var olan mədəniyyət üst qatda, yaxın zamanlarda süni yolla qurulan psevdo-mədəniyyəti əritmək, yox etmək gücünə malikdir. Bu səbəbdən, həmin ərazilərdəki Azərbaycan mədəniyyətinə qarşı bir soyqırım – mədəni genosid törədilmiş və hələ də davam etməkdədir. Qeyd etmək lazımdır ki, mədəni genosid fiziki və siyasi genosiddən fərqli olaraq, təkcə müharibə dövrlərində deyil, dinc zamanlarda da həyata keçirilə bilən bir cinayətdir. Bu isə onun daha gizli, lakin daha təsirli və davamlı xarakter daşımasına səbəb olur. Məhz bu xüsusiyyətinə görə mədəni genosid çox zaman dünya ictimaiyyətinin diqqətindən kənarda qalır; çünki bu cür siyasətlər bəzən mövcud hakimiyyət tərəfindən “daxili islahat”, “tarixi düzəliş” və ya “mədəni inteqrasiya” adı altında legitimləşdirilir. Tarixçi alimlərimizin, məsələn, Könül Səmədovanın, Cəbi Bayramovun, Kərim Şükürovun öz əsərlərində faktlar əsasında təsdiq etdiyi kimi, hələ Sovet dövründə Göyçə, Zəngəzur və Qarabağ bölgələrində Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi, kənd və şəhərlərin adlarının erməniləşdirilməsi, azərbaycanlıların yaratdığı xalı və xalçaların erməni mədəniyyəti kimi təqdim olunması, tarixi abidələrin isə müxtəlif bəhanələrlə dağıdılması mədəni genosidin tipik nümunələrindəndir. Yaxud “İrəvan təhsil tarixi”ndən də məlum olduğu kimi, dünya təcrübəsində olduğu kimi, İrəvanda da yalnız dini deyil, dünyəvi təhsil də verən mədrəsələr, məktəblər tədricən məhv edilmiş, əsərlər yox edilmiş, ziyalılar qətlə yetirilmişdir. Mədəni genosidin ilk və ən mühüm hədəfi bir xalqın tarixi köklərini, mədəni keçmişini və mənəvi irsini unutdurmaqdır. Bunun üçün həmin xalqın tarixi mənbələri saxtalaşdırılır, abidələr dağıdılır, toponim və etnonimlər dəyişdirilir. Tarixi yaddaşın silinməsi nəticəsində xalq öz kimliyini itirməyə başlayır və yad ideoloji təsirlər qarşısında müdafiəsiz qalır. Məhz bu prizmadan baxanda, Qərbi Azərbaycana qayıdışın və həmin əraziyə məxsus mədəniyyətin, tarixin öyrənilməsinin nə dərəcədə əhəmiyyətli olması məlum olur.
Bugünkü Azərbaycanın siyasətinə, nailiyyətinə, Qərbi Azərbaycana dinc yolla qayıtmaq istəyinə və bunun üçün apardığı mübarizəyə baxsaq, maraqlı bir nəticəyə gəlmək mümkündür. Azərbaycançılıq ideologiyası elə bir gücə malikdir ki, nəinki Azərbaycanın sərhədlərini uzaq ellərə qədər genişləndirə bilir, həm də qədim torpaqlarındakı köklərini də dirçəltməyə qadirdir. Qərbi Azərbaycana qayıdış sadəcə bir tarixi ədalətin bərpası deyil. Bu, xalqa məxsus milli kimliyin, mədəniyyətin, eyni zamanda, bölgədə doğulan və yüksək inkişafa çatan, lakin təəssüf ki, məqsədli şəkildə məhv edilən bir sivilizasiyanın tarixinin öyrənilməsi və gələcək üçün örnək alınmasıdır.
Könül BÜNYADZADƏ, AMEA-nın müxbir üzvü, professor

