"Bilik cəmiyyəti" anlayışı: tarixi davamlılıq, yoxsa struktur dəyişimi?
Ayxan Mustafayev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı
ayxan.mustafayev20@gmail.com
Xülasə
Məqalədə “biliklər cəmiyyəti” anlayışı ətrafında formalaşmış fəlsəfi və elmi diskurs təhlil edilir. Burada əsas məqsəd bilik cəmiyyəti anlayışının həqiqətən sənaye-modern cəmiyyətdən keyfiyyət baxımından fərqlənən yeni bir mərhələ, yoxsa sadəcə mövcud sosial-iqtisadi quruluşda baş verən dəyişiklikləri metaforik dillə ifadə edən bir nəzəri çərçivə olduğunu aydınlaşdırmaqdır. Tədqiqatda konsepsiyanın həm tərəfdarlarının, həm də tənqidçilərinin başlıca arqumentləri müqayisəli təhlil ilə araşdırılmışdır. Nəticələrə görə, bir qrup tədqiqatçı “biliklər cəmiyyəti”ni çoxdan mövcud olan sosial proseslərin sadəcə yenidən adlandırılması və ya neoliberal ideologiyanın məhsulu kimi dəyərləndirdiyi halda, digər qrup müəlliflər biliyin iqtisadi, siyasi və gündəlik həyatın mərkəzinə keçməsini modernliyin yeni fazası hesab edir. Məqalədə nəticə olaraq göstərilir ki, “biliklər cəmiyyəti” nə tamamilə əsassız bir mif, nə də əvvəlki mərhələləri tamamilə silən radikal qırılmadır. Əksinə, tarixi davamlılıq zəminində formalaşıb cəmiyyətin işləmə məntiqini yeniləyən hibrid bir transformasiyanı ifadə edir.
Açar sözlər: biliklər cəmiyyəti, informasiya cəmiyyəti, bilik iqtisadiyyatı, postindustrial cəmiyyət, modernlik.
THE CONCEPT OF THE “KNOWLEDGE SOCIETY”: HISTORICAL CONTINUITY OR STRUCTURAL TRANSFORMATION?
Aykhan Mustafayev
Doctoral student, Institute of Philosophy and Sociology,
Azerbaijan National Academy of Sciences
ayxan.mustafayev20@gmail.com
Summary
This article analyzes the philosophical and scientific discourse surrounding the concept of the “knowledge society.” It aims to determine whether the “knowledge society” represents a qualitatively new stage beyond industrial-modern society or is merely a metaphorical label for internal transformations of the existing system. The study employs a comparative analysis of the main arguments put forth by both proponents and critics of this concept. The findings indicate that while some researchers view the “knowledge society” as a rebranding of long-standing social processes or a construct of neoliberal ideology, others evaluate the growing centrality of knowledge in economic, political, and daily life as a new phase of modernity. The article concludes that the concept of a “knowledge society” is neither an unfounded myth nor a radically novel epoch that erases prior stages; rather, it describes a hybrid stage that combines historical continuity with a transformation of the operative logic of society.
Keywords: knowledge society, information society, knowledge economy, post-industrial society, modernity.
ПОНЯТИЕ «ОБЩЕСТВА ЗНАНИЙ»: ИСТОРИЧЕСКАЯ ПРЕЕМСТВЕННОСТЬ ИЛИ СТРУКТУРНАЯ ТРАНСФОРМАЦИЯ?
Айхан Мустафаев
аспирант Института философии и социологии
Национальной академии наук Азербайджана
ayxan.mustafayev20@gmail.com
Аннотация
В статье анализируется философский и научный дискурс, связанный с концепцией “общества знаний”. Цель исследования – выяснить, представляет ли “общество знаний” качественно новый этап развития, продолжающий индустриальную эпоху, или же является метафорическим обозначением внутренних трансформаций существующей системы. В рамках исследования проведён сравнительный анализ основных аргументов как сторонников, так и критиков данной концепции. Результаты показывают, что одна группа исследователей рассматривает “общество знаний” как переосмысление уже существующих социальных процессов либо как идеологический конструкт неолиберального толка. В то же время другая группа подчеркивает возрастающую центральную роль знаний в экономической и социальной структуре, трактуя это как новую фазу современности. В заключение делается вывод, что концепция “общества знаний” не является ни полностью новой эпохой, ни простым мифом, отменяющим предыдущее развитие. Напротив, она отражает гибридный этап, сочетающий историческую преемственность с трансформацией принципов функционирования общества.
Ключевые слова: общество знаний, информационное общество, экономика знаний, постиндустриальное общество, модерн.
Giriş
XX əsrin sonu və XXI əsrin əvvəllərində bilik və informasiyanın istehsalı, ötürülməsi və istifadəsi cəmiyyətin bir çox istiqamətlərində olduğu kimi sosial-iqtisadi quruluşunda da əsaslı dəyişikliklərə səbəb olmuşdur. Artıq rəqəmsallaşma, elmi biliklərin institusional xarakter alması, innovasiya və intellektual əmək formalarının genişlənməsi fonunda “biliklər cəmiyyəti” anlayışı cəmiyyətin yeni mərhələsini təsvir edən əsas konseptlərdən biri kimi irəli sürülmüşdür. Sözügedən anlayışa görə, sənaye-modern cəmiyyət üçün səciyyəvi olan maddi istehsal və fiziki əmək mərkəzli struktur tədricən zəifləyir. Belə ki, onun yerini bilik, informasiya və simvolik istehsal formaları tutur. Lakin bu iddia cəmiyyətin mahiyyəti və inkişaf məntiqi ilə bağlı dərin nəzəri suallar doğurur.
Biliklərin sosial həyatın bütün sahələrinə nüfuz etməsi ilk baxışda keyfiyyətcə yeni bir ictimai formasiya təsiri yaratsa da, bu dəyişikliklərin həqiqi mahiyyəti hamı tərəfindən birmənalı şəkildə qəbul edilmir. Bir tərəfdən, bilik istehsalının iqtisadi dəyərə çevrilməsi, elmi-texnoloji innovasiyaların gündəlik həyatın strukturunu dəyişməsi və informasiya axınlarının qlobal miqyas alması “yeni cəmiyyət” tezisini gücləndirsə də, digər tərəfdən isə tənqidçi yanaşmalar bu prosesi kapitalist sistemin daxili adaptasiyası, idarəetmə və nəzarət mexanizmlərinin daha mürəkkəb forması kimi şərh edir. Bu baxımdan “biliklər cəmiyyəti” anlayışı ya real struktur dəyişməni ifadə edən analitik kateqoriya, ya da mövcud ictimai münasibətləri normativ və ideoloji baxımdan legitimləşdirən diskursiv etiket kimi qiymətləndirilə bilər.
Məsələnin fəlsəfi çəkisi məhz bu ikili interpretasiyada üzə çıxır. Əgər “biliklər cəmiyyəti” tarixi baxımdan əvvəlki cəmiyyət tiplərindən prinsipial şəkildə fərqlənirsə, onda sosial struktur, hakimiyyət münasibətləri, iqtisadi dəyər anlayışı və biliklə güc arasındakı əlaqələr yenidən düşünülməlidir. Əksinə, əgər bu anlayış daha çox tarixi davamlılıq çərçivəsində baş verən dəyişikliklərin yeni adlandırılmasıdırsa, onda əsas problem bu diskursun ideoloji funksiyasının və normativ iddialarının təhlilidir. Beləliklə, “biliklər cəmiyyəti” anlayışı yalnız empirik təsvir deyil, həm də ontoloji və epistemoloji xarakter daşıyan bir iddia kimi çıxış edir və bu səbəbdən tənqidi fəlsəfi analiz tələb edir.
Aktuallıq: Müasir dövrdə bilik və informasiyanın iqtisadi, siyasi və mədəni resursa çevrilməsi cəmiyyətin inkişaf modellərinə, idarəetmə strategiyalarına və sosial bərabərsizlik mexanizmlərinə birbaşa təsir göstərir. “Biliklər cəmiyyəti” anlayışının analitik və ontoloji əsaslarının aydınlaşdırılması təkcə nəzəri mübahisə deyil, eyni zamanda müasir sosial siyasətlərin və inkişaf strategiyalarının fəlsəfi legitimliyini dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Yeni tarixi mərhələnin fəlsəfi xarakterləndirilməsi Azərbaycan fəlsəfi düşüncəsində də fəal müzakirə predmetidir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun tədqiqatçısı F. Qurbanov müasir dövrü “yeni transformasiya mərhələsi” kimi xarakterizə edir və belə mərhələnin həm varislik, həm də yeni keyfiyyət elementlərini özündə birləşdirdiyini göstərir [1](Qurbanov, 2024, s. 38). Bu yanaşma biliklər cəmiyyəti anlayışının da sadəcə texnoloji yenilik kimi deyil, daha geniş tarixi-fəlsəfi transformasiya kontekstində təhlil edilməsinin zəruriliyini əsaslandırmağa imkan verir. Bu səbəbdən anlayışın tarixi davamlılıqmı, yoxsa struktur dəyişimi ifadə etməsi məsələsi aktual elmi problem kimi çıxış edir.
Metodologiya: Məqalədə analitik və müqayisəli fəlsəfi yanaşmadan istifadə olunmuşdur. “Biliklər cəmiyyəti” konsepsiyası üzrə klassik və müasir nəzəriyyələr tarixi-müqayisəli metod əsasında təhlil edilmiş, tərəfdar və tənqidçi mövqelərin əsas arqumentləri konseptual səviyyədə üzləşdirilmişdir. Tədqiqat boyunca tənqidi yanaşma prinsipi əsas götürülərək anlayışın ideoloji, normativ və ontoloji çalarları kompleks şəkildə qiymətləndirilmişdir.
Fəlsəfi mübahisə Skeptik yanaşmalar
Bir sıra tədqiqatçılar “biliklər cəmiyyəti” konsepsiyasını şübhə altına alaraq onun əslində tam yeni bir ictimai formasiyanı ifadə etmədiyini iddia edirlər. Bu skeptik mövqeyə əsasən, cəmiyyətin inkişafında bilik və informasiya həmişə mühüm rol oynayıb. Dolayısıyla, müasir dövrdə biliyin əhəmiyyətinin artması avtomatik olaraq cəmiyyətin mahiyyətcə dəyişdiyi anlamına gəlmir. Məsələn, filosof Roberto Unger vurğulayır ki, “indiyədək elə bir iqtisadi sistem olmayıb ki, orada ideyaların rolu sıfıra bərabər olsun; bu səbəbdən biliyin yüksəlişini insan sivilizasiyasında fasiləsiz və tam yeni bir qırılma (discontinuity-si) kimi təqdim etmək doğru deyil” [2] (Unger, 2020, s.140-143). Yəni biliklərin artan rolu daha çox tarixi inkişafın davamı kimi anlaşılmalıdır. Bu tənqidi mövqeyə görə müasir “biliklər cəmiyyəti” əvvəlki sənaye və informasiya erasının üzərində inşa olunduğu üçün cəmiyyətin fundamental quruluşu dəyişməyib.
Sosioloq Frank Webster də “informasiya cəmiyyəti” tezisinin özəyini təşkil edən “yeni tip cəmiyyət” iddiasını hədəfə alaraq skeptik yanaşanlar sırasında mövqe göstərir. O göstərir ki, bir çox müəlliflər cəmiyyətin informasiya ilə bağlı göstəricilərini sadəcə kəmiyyətcə yəni informasiya sektorunda çalışanların sayını, informasiya axınlarının həcmini və s. ölçürlər və buradan “yeni bir cəmiyyət tipi” nəticəsini çıxarırlar. O, informasiya bolluğunun yeni bir cəmiyyət tipi yaratdığı fikrini tənqid edərək bildirir ki, “sadəcə dövriyyədə olan informasiyanın kəmiyyətcə artmasına baxaraq cəmiyyəti yeni tip adlandırmağa əsas verən aydın meyarlar yoxdur və buna görə də “informasiya cəmiyyəti konsepsiyası dərin qüsurludur” [3] (Webster, 2014, s.36, 352). Webster məşhur bir analogiyadan istifadə edir: “ərzağın həyati əhəmiyyət daşımasına və son onillərdə istehlakının misli görünməmiş dərəcədə artmasına baxmayaraq, heç kim yaşadığımız dövrü “Qida Cəmiyyəti” adlandırmır və bununla əvvəlki dövrlərlə sistematik qırılma yarandığını iddia etmir” (Webster, 2014, s.38). Bu müqayisə ilə o demək istəyir ki, informasiyanın çoxalması da təkbaşına yeni bir cəmiyyət qurduğumuzu sübut etmir. İnformasiyanın (və biliyin) müasir həyat üçün əvəzolunmaz olduğunu Webster qəbul edir, lakin bir fenomenin əvəzolunmazlığı onun cəmiyyəti təyin edən əsas amilə çevrilməsi anlamına gəldiyi ilə razılaşmır. Deməli, “informasiya cəmiyyəti” anlayışı, Webster’in fikrincə, əsasən sayca artımı keyfiyyət dəyişikliyi kimi qələmə verən səthi təsəvvürdür.
Eyni fəlsəfi perspektivindən çıxış edən Stiv Fuller də (Steve Fuller) daha epistemoloji-siyasi dildə “bilik cəmiyyəti” ideyasına skeptisizm nümayiş etdirir. O, xatırladır ki, “bilik cəmiyyətində yaşayırıq demək, əslində güc cəmiyyətində və ya pul cəmiyyətində yaşadığımızı deməkdən daha informativ deyil” [4] (Fuller, 2001, s.177). Yəni bilik həmişə cəmiyyətin təşkili və tərəqqisində mühüm rol oynaması “bilik cəmiyyəti” ifadəsi cəmiyyətin xarakterini açıqlamır. Fuller üçün “bilik cəmiyyəti” diskursu, daha çox biliyin və universitet sisteminin bazar mexanizmlərinə tabe edilməsini və bilik məhsullarının əmtəələşməsini ifadə edən neoliberal ideoloji dildir. Bu yanaşmaya görə, “bilik cəmiyyəti” anlayışı elmdə və ali təhsildə tətbiq olunan bazar yönümlü idarəetmə siyasətlərini ört-basdır etmək üçün istifadə olunan normativ bir ritorikadır.
William Leiss isə “The Myth of the Information Society” adlı məqaləsində informasiya cəmiyyəti haqqında populayarlaşdırılmış təsvirləri birbaşa “mif” kimi adlandırır və göstərir ki, “informasiya inqilabı”, “informasiya iqtisadiyyatı” və “informasiya cəmiyyəti” anlayışları “müasir cəmiyyətdə texnokratik düşüncə ənənəsinin yeni mərhələsidir” [5] (Leiss, 1989, s. 282). Onun arqumentində əsas vurğu budur ki, bu terminlər real struktur dəyişikliklərini neytral təsvir etməkdən çox, ictimaiyyəti “yeni mühitə adaptasiya olunmağa məhkum edən” texnokratik ideologiyanı təkrar istehsal edir. Yəni “informasiya cəmiyyəti” də faktiki olaraq əvvəlki kapitalist inkişaf modelinin davamı, lakin fərqli simvolik paketlənməsidir.
Bu xətdə daha yeni mövqeni Benedikt Fecher təmsil edir. O, “There is no Knowledge Society” başlıqlı məqaləsində açıq şəkildə yazır ki, “bilik cəmiyyəti mifi elə bir təsəvvür yaradır ki, guya biz universal, bərabər və inklüziv bilik istehsalı dövrünə daxil olmuşuq, halbuki “bu sadəcə bir mifdir” və hətta akademiyanın özündə belə bilik istehsalına çıxış nə universal, nə bərabər, nə də inklüzivdir” [6] (Fecher, 2013). Fecher konsepti heç bir empirik reallığa uyğun gəlməyən, havada asılı qalan bir qəsr adlandırır və məqaləni bu cümlə ilə bitirir: “Biz bilik cəmiyyətində yaşamırıq, amma ora çatmaq üçün əlimizdən gələni etməliyik”. Bu mövqe bir tərəfdən “biliklər cəmiyyəti yoxdur” dediyiniz arqumenti gücləndirir, digər tərəfdən normativ istiqamət verir. Əslində Fecher bilik cəmiyyəti anlayışının mövcud olması fikrini tam məhv etmir, sadəcə onun var olmasını inkluziv paylanma, tərəflər üçün əlçatan olması ilə şərtləndirir. Onun mövqeyi ilə problem bilik və texnologiyanın artmasında yox, onun paylanma və idarə edilmə mexanizmlərindədir.
Qeyd olunan skeptik yanaşmaların ortaq cəhəti ondan ibarətdir ki, onlar bilik və informasiyanın artan mərkəziliyini inkar etmirlər, lakin bu faktı “tamamilə yeni bir cəmiyyət forması” kimi təqdim edən diskursu metodoloji cəhətdən qüsurlu və ideoloji cəhətdən yanıltıcı hesab edirlər. Unger, Webster, Fuller, Leiss, Fecher kimi müəlliflər bildirirlər ki, müasir dövrdə cəmiyyətin ontoloji tipi deyil, yalnız biliklə bağlı proseslərin miqyası, qloballığı və idarəedilmə formaları dəyişir. Bu baxımdan, onların fikrincə “biliklər cəmiyyəti” dedikdə tamamilə misilsiz yeni bir formasiya başa düşülməməlidir. Əksinə, müasir durum tarixi davamlılıq kontekstində dəyərləndirilməlidir, yəni indiki cəmiyyət hələ də əvvəlki sənaye və informasiya cəmiyyətinin üzərində yüksəlir və onun əsas institutiv nümunələrini daşıyır. Skeptik yanaşma “bilik cəmiyyəti” ritorikasının ideoloji qatını, xüsusilə neoliberallaşma və texnokratik rasionalizm aspektlərini ifşa etməsi ilə dəyərli olsa da, onun zəif tərəfi müasir dövrdə baş verən struktur dəyişikliyin miqyasını sadəcə kəmiyyət artımı kimi şərh etməklə məhdudlaşmasıdır. Bu tənqidçilər biliyin sosial nizamın özəyinə keçməsi faktını ayrı bir analitik kateqoriya kimi dəyərləndirmir, halbuki elə bu məqam müzakirənin mərkəzindədir.
Struktur transformasiya tezisi: biliklər cəmiyyətinin müdafiəçi yanaşmaları
Skeptik tənqidlərə baxmayaraq, bir çox klassik və müasir müəlliflər “biliklər cəmiyyəti” anlayışını qoruyub saxlamağın elmi zərurət olduğuna inanır və hesab edirlər ki, müasir cəmiyyətdə baş verən struktur dəyişikliklərin miqyası yeni bir konseptual çərçivəyə ehtiyac yaradır. Daniel Bell postindustrial cəmiyyət nəzəriyyəsində cəmiyyətin yeni quruluşunun əsas prinsipini belə formulə edirdi: “nəzəri biliklərin innovasiyanın mənbəyi və cəmiyyət üçün siyasət formalaşdırmanın əsası kimi mərkəzi rola malik olması” [7] (Bell, 1973, s. 14). Bell-in fikrincə, artıq istehsal prosesləri təkcə fiziki əmtəələr ətrafında deyil, bilik ətrafında təşkil olunur. Postindustrial cəmiyyət “artıq fərdlərin və maşınların əmtəə istehsalı üçün əlaqələndirilməsi deyil, bilik ətrafında təşkil olunan” sosial quruluşa çevrilir (Bell, 1973, s. 20-21). Bu vurğu sadəcə biliyin kəmiyyətcə artdığını göstərməklə kifayətlənmir; o, eyni zamanda cəmiyyətin iqtisadi sektoru, peşə strukturu, sosial stratifikasiyası və qərarvermə mexanizminin nəzəri və elmi biliklərin təşkilatlandırıcı oxu ətrafında yenidən qurulduğunu bildirir. Başqa sözlə, Bell deyir ki, bilik əvvəlki cəmiyyətlərdə olduğu kimi sadəcə fond amillərdən biri olmaqdan çıxmış, “sosial nizamın seçici və ələyici meyarına” çevrilmişdir. Yəni digər faktorlar əsas amildir və bilik orda sadəcə dəstəkləyici rol oynayır yox, əksinə digər faktorların olması yalnız və yalnız biliyin seçiciliyi amilindən asılıdır. Daha ümumi sözlə Hərşey biliyin alt çoxluğudur da deyə bilərik.
Peter Drucker bu xətti postkapitalist cəmiyyət təhlilində davam etdirir. O, açıq şəkildə qeyd edir ki, “biliyin sadəcə bir resurs yox, resursun özü statusuna yüksəlməsi cəmiyyətimizi postkapitalist edən başlıca amildir” [8](Drucker, 1993, s. 45). Druckerə görə istehsalın klassik dayaqları olan torpaq, fiziki kapital və ənənəvi əmək öz nisbi çəkisini itirir, sosial quruluş isə “bilik işçiləri” və yüksək ixtisaslı xidmət peşələri ətrafında formalaşır. Bilik “əsas iqtisadi resurs”a, bilik əsasında işləyənlər isə yeni dominant təbəqəyə çevrilir. Beləliklə, Bell-in nəzəri çərçivəsi ilə Druckerin postkapitalist diaqnozu bir nöqtədə kəsişir: cəmiyyətin strukturunda baş verən transformasiyaları anlayıb izah etmək üçün bilik yalnız “köməkçi faktor” kimi deyil, analizin başlanğıc kateqoriyası kimi götürülməlidir. O həmdə istənilən digər ənənəvi resursdan daha bahalı və dəyərli bir ünvana çatıb.
Bu iddianın əsaslandığı arqumentlər təkcə nəzəri deyil, eyni zamanda empirikdir. Fritz Machlup artıq 1960-cı illərdə ABŞ iqtisadiyyatında “bilik industriyaları”nın payını hesablayarkən göstərirdi ki, texniki biliklərin artımı və ondan qaynaqlanan məhsuldarlıq artımı istehsal dinamikasını izah edən əsas dəyişənlərdən birinə çevrilir. Onun ifadəsi ilə, texniki biliklərin artımı və ondan irəli gələn məhsuldarlıq artımı istehsalın artımında həlledici amillərdəndir. Machlup-un hesablamalarına əsaslanan sonrakı tədqiqatlar göstərir ki, “artıq 1950–1960-cı illərdə ABŞ ÜDM-nin təxminən üçdə birinə yaxını bilik istehsalı və ötürülməsi ilə bağlı sahələrdə formalaşırdı” [9](Machlup, 1962, s. 5). Bu, Unger tipli skeptik mövqedən fərqli olaraq, bilik sahələrinin iqtisadi struktur daxilində ayrıca “sektor” kimi formalaşdığını və cəmiyyətin “çəki mərkəzinin” getdikcə bilik üzərinə keçdiyini göstərən empirik əsasdır.
Manuel Castells bu dönüşü “informasion inkişaf modeli” anlayışı ilə ümumiləşdirərək qeyd edir ki, “sənaye dövründə məhsuldarlığın əsası xammal və enerji üzərində qurulurdusa, informasional dövrdə məsuldarlığın mənbəyi bilik əsasında məlumatın yaradılması, işlənməsi və tətbiqi texnologiyalarında cəmlənir” [10] (Castells, 1996, s. 17–21). Onun “şəbəkə cəmiyyəti” konsepsiyasında qlobal iqtisadiyyatın məntiqi kapital axınlarından çox, bilik və informasiya axınlarının şəbəkə strukturları ilə müəyyən olunur. İnnovasiya, rəqabət üstünlüyü və güc münasibətləri getdikcə daha çox bilik infrastrukturuna, Araşdırma və İnkişaf (Ar-Ge) və İKT şəbəkələrinə bağlanır. Bu mənzərə biliklər cəmiyyətinin sadəcə “ideoloji etiket” deyil, qlobal iqtisadi sistemin başlıca işləmə mexanizmini ifadə edən anlayış olduğunu göstərir.
Bu nəzəri mənzərəni empirik müstəvidə dəstəkləyən müasir tədqiqatlar da mövcuddur. Mövlanov göstərir ki, rəqəmsal texnologiyalar "Ümumi Məqsədli Texnologiyalar" olaraq cəmiyyətin demək olar ki, bütün sahələrinə təsir göstərir, lakin bu texnologiyalar eyni zamanda bacarıq əsaslı bölünmə yaradır: “texnoloji yenilikləri mənimsəyənlər üçün gəlirlər artır, uyğunlaşa bilməyənlər üçün isə azalır, bu da sosial stratifikasiyanın yeni formalarının ortaya çıxmasına gətirib çıxarır” [11](Mövlanov, 2025, s. 113).
Bu mənzərə biliklər cəmiyyətinin sadəcə “ideoloji etiket” deyil, qlobal iqtisadi sistemin başlıca işləmə mexanizmini ifadə edən anlayış olduğunu göstərir. Bu yanaşma müasir yerli akademik mühitdə də əksini tapır. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Rəqəmsal İnkişaf və Süni İntellektin Fəlsəfi Problemləri" şöbəsinin müdiri M. Cəbrayılov vurğulayır ki, "məlumat toplamaq sırf texniki məsələ deyil; postindustrial cəmiyyətlərdə məlumat gücün başlıca resursudur. Daha çox və daha yüksək keyfiyyətli məlumat toplayan eyni zamanda öz iqtisadi, siyasi və mədəni təsirini də genişləndirir" [12] (Jabrailov, 2025, s. 424).
Eyni kontekstdə İ. Məmmədzadə vurğulayır ki, “qlobal informasiya inqilabı mədəniyyətdə, tarixdə və şüurda ciddi dəyişikliklərə gətirib çıxarır, elmin gələcəyi isə artıq keçmiş nailiyyətlərin təkrarından yox, biliklərin inkişafı, proqnozlaşdırılması və onların artım məntiqi ilə bağlı tədqiqatlardan asılıdır” [13](Məmmədzadə, 2021). Bu mövqe onu göstərir ki, bilik yalnız iqtisadi dəyər deyil, həm də mədəni və intellektual həyatın strukturunu yenidən formalaşdıran transformativ qüvvədir.
Nico Stehr isə məhz Unger tipli etirazı birbaşa hədəfə alaraq əvvəlcə onların haqlı tərəfini etiraf edir. O xatırladır ki, “bilik həmişə sosial həyatın müəyyənedici funksiyasına malik olub” və müəyyən mənada “hər cəmiyyət bilik cəmiyyəti adlandırıla bilər” [14] (Stehr, 1994, s. 8–9). Lakin Stehr üçün həlledici yenilik ondadır ki, müasir dövrdə bilik “mülkiyyət və əmək” kimi klassik konstitutiv prinsiplərin yanına üçüncü prinsip kimi əlavə olunur. Böhme bunu belə ifadə edir: cəmiyyətin tarixi inkişafında “əvvəllər əsasən mülkiyyət və əmək əsasında müəyyən edilən üzvlük kriterilərinə indi bilik prinsipi əlavə olunur və müəyyən mənada bu iki atributu konstitutiv mexanizm kimi çağırışa məruz qoyur” [15] (Böhme 1986, s. 7). Stehr-in fikrincə bilik yalnız iqtisadi artımın mənbəyi deyil, həm də hakimiyyət münasibətlərinin, sosial stratifikasiyanın və gündəlik həyatın təşkil olunma qaydasının əsas determinantına çevrilir. Bu səbəbdən “müasir cəmiyyəti bilik cəmiyyəti adlandırmaq nə qədər məntiqlidirsə, sənaye dövrünü sənaye cəmiyyəti adlandırmaq da bir o qədər məntiqlidir” [16] (Stehr, 2007, s. 311–313).
Bu mövqeni yalnız nəzəri sosiologiya deyil, qlobal normativ və siyasət diskursu da gücləndirir. UNESCO-nun biliklər cəmiyyəti strategiyalarında və Abdul Waheed Khan-ın məqalələrində bilik açıq şəkildə “insanlığın ən böyük sərvəti” kimi xarakterizə olunur və “qlobal ictimai nemət” statusu alır, universal çıxışın həm demokratik iştirak, həm də dayanıqlı inkişaf üçün şərt olduğu vurğulanır. OECD-nin “knowledge-based economy” sənədlərində “müasir iqtisadiyyatların getdikcə bilik və informasiya əsasında qurulduğu” və biliklərin “məhsuldarlıq və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi qəbul olunduğu” qeyd edilir [17] (OECD, 1996, s. 7–10). Dünya Bankının “Knowledge for Development” və “Constructing Knowledge Societies” hesabatlarında isə inkişaf strategiyasının mərkəzinə məhz bilik infrastrukturunun, təhsilin və innovasiya sistemlərinin qurulması yerləşdirilir; bilik və təhsil siyasəti təkcə sosial sahə kimi deyil, yeni “biliklər cəmiyyətinə keçidin institusional dayağı” kimi təqdim olunur [18] (World Bank, 2002). Burada artıq söhbət sırf təsviri etiketdən yox, dövlət proqramlarını, beynəlxalq hüquqi mexanizmləri və inkişaf gündəmini strukturlaşdıran real siyasi layihədən gedir.
Biliklər cəmiyyətinin mövcudluğunu ən güclü təsdiq edən arqumentlərdən biri Paul Romerin endogen artım nəzəriyyəsidir. Romer göstərir ki, müasir iqtisadiyyatın strukturunda bilik fiziki kapitaldan tam fərqli olaraq “qeyri-rival” xarakter daşıyır; yəni “birinin istifadəsi başqasının istifadəsini məhdudlaşdırmır” [19] (Romer, 1990, s. S74). Bu xüsusiyyət biliki tükənən resurslardan ayırır və ona iqtisadi sistemdə strateji üstünlük qazandırır. Romer bu məntiqi davam etdirərək qeyd edir ki, davamlı iqtisadi inkişafın əsası artıq kapital yığımı deyil, “innovasiyanın davamlı artımın əsas mənbəyinə çevrilməsi”dir. [20] (Romer, 1986, s. 1003). Ona görə də bilik yalnız əlavə istehsal amili deyil, iqtisadi dinamikanı dəyişdirən konstitutiv faktora çevrilir. Romerin klassik tezislərindən biri bu dönüşümün mahiyyətini daha aydın ifadə edir: “ideyalar xammalı dəyər yaradan formalara çevirmək üçün istifadə olunan təlimatdır” (Romer, 1993, s. 543). Bu fikir artıq sənaye dövründəki material əsaslı iqtisadi modelin yerini bilik-intensiv, yaradıcılıq əsaslı istehsal sisteminə verdiyini göstərir. Romer həmçinin vurğulayır ki, bilik “tətbiq olunduqca və paylaşdıqca artan gəlir yaradır, çünki sıfıra yaxın marjinal xərc ilə sonsuz sayda təkrar istifadə edilə bilir” [21] (Romer, 1990, s. S72). Bu, biliyi müasir iqtisadiyyatın tükənməz və öz-özünü artıran əsas resursuna çevirir. Nəhayət, Romerin ümumi nəticəsi biliklər cəmiyyətinin struktur arqumenti ilə üst-üstə düşür: “iqtisadi tərəqqi getdikcə daha çox insan biliklərinin həcminə və bu bilikləri yaradan institutlara bağlıdır” (Romer, 1993, s. 543). Bu arqumentlər bilikin yalnız çoxaldığını deyil, cəmiyyətin iqtisadi və institusional quruluşunu müəyyən edən birinci dərəcəli amilə çevrildiyini göstərir. Elə məhz bu səbəbdən Romerin nəzəriyyəsi biliklər cəmiyyətinin real mövcudluğuna güclü, empirik və nəzəri əsas təqdim edir.
Romerin biliyi iqtisadi artımın əsas resursu kimi müəyyənləşdirməsindən sonra müasir cəmiyyətin struktur dəyişimini anlamaq üçün epistemik səviyyədə daha fundamental dönüşə diqqət yetirmək zəruridir. Bu dönüşü ən dəqiq ifadə edən müəlliflərdən biri Niklas Luhmanndır. Luhmann modern cəmiyyətin fəaliyyət mexanizmini ən yığcam şəkildə belə təsvir edir: “cəmiyyət kommunikasiya vasitəsilə mövcuddur”, çünki kommunikasiya informasiya seçimi, emalı və yenidən istehsalı prosesidir. “Bilik artıq cəmiyyətin sadəcə atributu deyil, onun özünü istehsal edən əsas mexanizmidir” [22] (Luhmann, 1995, s. 137). Bu ontoloji dönüşün epistemoloji əsası da mövcuddur. Əlibəyova və Qurbanov göstərir ki, postneoklassik mərhələdə klassik subyekt-obyekt münasibətləri artıq biliyin formalaşma dinamikasını izah etməyə kifayət etmir; bilik intersubyektiv və özünütəşkil edən xarakter alaraq idrakın nəticəsindən onun təşkilatlandırıcı prinsipinə çevrilir [23] (Əlibəyova və Qurbanov, 2022, s. 51–52). Bu epistemoloji keçid biliklər cəmiyyəti konsepsiyasının fəlsəfi legitimliyini gücləndirir.
Bu fikir cəmiyyətin özünüqurucu mexanizminin artıq maddi resurslara deyil, bilik axınlarının fasiləsiz dövriyyəsinə bağlandığını göstərir. Burada həlledici məqam ondan ibarətdir ki, bilik Romerin qeyd etdiyi kimi tükənməyən və istifadəsi azalmayan qeyri-rival resursdursa, və Luhmannın təsvir etdiyi kimi cəmiyyət öz varlığını bilik əməliyyatları üzərində qurursa, onda müasir mərhələdə cəmiyyət tam mənada yeni növ “xammal”a əsaslanır. Tükənən resurslara söykənən tarixi cəmiyyətlərdən fərqli olaraq, müasir cəmiyyət öz davamlılığını tükənməyən bir resurs olan biliyə bağlayır. Bu isə əvvəlki formalarla müqayisədə ontoloji fərq yaradır: əgər xammal dəyişirsə, cəmiyyətin quruluşu da dəyişir. Beləliklə, bilik yalnız sosial funksiyanı yerinə yetirən amil deyil, cəmiyyətin konstitutiv prinsipi və özünü istehsal edən mexanizmi kimi çıxış edir. Bu isə biliklər cəmiyyətinin həqiqətən də yeni bir sosial formasiya olduğunu əsaslandırır.
Bu nəzəri xəttin əksini Azərbaycan tədqiqat ənənəsində də görmək mümkündür. S. Xəlilov "Elm haqqında elm" əsərində müasir dövrün başlıca səciyyəsini belə ifadə edir: "İnformasiya və bilik müasir dövrü səciyyələndirən ən mühüm əlamətlər kimi qəbul olunur… Digər dəyərlərlə müqayisədə biliklərin rolunun artması ilə yanaşı, bütün digər bilik formaları ilə müqayisədə məhz elmi biliklər getdikcə daha böyük önəm kəsb edir" [24] (Xəlilov, 2011, s. 11). Bu mövqe Stehr-in bilik cəmiyyəti tezisi ilə birbaşa rezonans yaradır. Ə. F. Abbasov isə postneoklassik epistemologiya çərçivəsində biliyin rolunu mürəkkəblik və qeyri-müəyyənliyin idarə olunması kontekstində yenidən qiymətləndirir və müasir sivilizasiyanın məhz "bilik xəzinəsi" üzərində qurulduğunu önə sürür [25](Abbasov, 2021). Empirik müstəvidə isə Ə. Q. Əliyev özünün doktorluq tədqiqatında "Sənaye iqtisadiyyatının postsənaye dövrü və İnformasiya iqtisadiyyatı ilə əvəzlənməsi" tezisini Machlup-Romer ənənəsinin davamı kontekstində əsaslandıraraq qeyd edir ki, "yeni informasiya cəmiyyətinin və informasiya iqtisadiyyatının formalaşdığı dövrdə informasiya, texnologiya və bilik əksər dünya ölkələrinin rəqabətədavamlılıq və inkişaf faktoru hesab olunur" [26] (Əliyev, 2021, s. 4–5).
Yuxarıda nəzərdən keçirilən yanaşmalar göstərir ki, müasir cəmiyyətdə cərəyan edən dəyişiklikləri adekvat dərk etmək üçün “biliklər cəmiyyəti” anlayışı zəruri bir analitik çərçivə rolunu oynayır. Bilik iqtisadiyyatı və informasiya cəmiyyəti üzrə aparılan tədqiqatlar cəmiyyətin “oyun qaydaları”nın dəyişdiyini önə sürür. Bu struktur dəyişimin konkret təzahürü təhsil sahəsində də aydın müşahidə olunur. Məmmədova göstərir ki, “informasiya cəmiyyətində ənənəvi tədris metodları təkbaşına artıq kifayət etmir və rəqəmsal savadlılıq yalnız texnoloji bacarıq deyil, eyni zamanda informasiyanın tənqidi təhlili, rəqəmsal alətlərlə ünsiyyət, məzmun istehsalı və etik davranış qaydalarını əhatə edən kompleks bir kompetensiya kimi çıxış edir” [27] (Məmmədova, 2025, s. 93–94). Bu fakt onu göstərir ki, bilik yalnız iqtisadiyyatın deyil, cəmiyyətin təhsil kimi fundamental institutlarının da işləmə prinsipini dəyişdirir. Əgər cəmiyyətin iqtisadi, texnoloji və kommunikativ infrastrukturu bilik əsasında yenidən qurulursa, onda bunu ifadə etmək üçün ayrıca bir konsepsiyaya ehtiyac yaranır. “Biliklər cəmiyyəti” tərəfdarlarının arqumenti budur ki, cəmiyyətin struktur məntiqi transformasiyaya uğrayıb. Yəni cəmiyyət özünü qorumaq və inkişaf etdirmək üçün artıq bilik proseslərinə əvvəlki dövrlərdə olmadığı qədər güvənir. Bu isə, tarixi inkişaf xəttində yeni bir dönəmin doğulduğunu göstərir.
Nəticə
Yuxarıda aparılan təhlil “biliklər cəmiyyəti” konsepsiyası ətrafında gedən mübahisələrin iki zidd mövqedən qaynaqlandığını üzə çıxarır. Birinci mövqe (skeptiklər) iddia edir ki, bilik insan tarixində həmişə önəmli olub. Bu səbəbdən müasir dövrdə biliyin artan roluna istinad edərək cəmiyyətin tamamilə yeni bir tipə keçdiyini iddia etmək metodoloji baxımdan əsassızdır. Bu yanaşmanın güclü tərəfi ondan ibarətdir ki, o, “biliklər cəmiyyəti” diskursunun ideoloji və normativ qatını (xüsusilə neoliberal idarəçilik və texnokratik dil aspektlərini) ifşa edir və bizi konsepsiyaya tənqidi yanaşmağa sövq edir. Lakin zəif tərəfi odur ki, skeptik müəlliflər müasir dövrdə baş verən struktur dəyişikliklərin miqyasını və mexanizmini yalnız kəmiyyət artımı kimi şərh etməklə məhdudlaşırlar və beləcə bilik və informasiya axınlarının cəmiyyətin nizamlayıcı prinsipinə çevrilməsi faktını ayrıca nəzəri kateqoriya kimi qiymətləndirmirlər.
İkinci mövqe (tərəfdarlar) isə göstərir ki, dəyişən təkcə biliklərin həcmi deyil, eyni zamanda cəmiyyətin işləmə məntiqinin özüdür. Bell-in nəzəri biliklərin “təşkilatlandırıcı ox” kimi çıxış etməsi barədə tezisi, Drucker-in biliyi “əsas resurs” səviyyəsinə qaldırması, Machlup-un bilik industriyalarının iqtisadiyyatda ayrıca sektor təşkil etməsi barədə hesablamaları, Castells-in məhsuldarlıq mənbəyinin xammaldan informasiya emalına keçdiyini göstərən analizləri cəmiyyətin strukturu daxilində biliyin əlavə komponentdən struktur prinsipə yüksəldiyini ortaya qoyur. Bu xəttin ən güclü nəzəri təsdiqlərindən biri Romer-in biliyi “qeyri-rəqabət və tükənməz resurs” kimi müəyyənləşdirməsi və müasir iqtisadi artımı kapitaldan çox ideyaların artırılması ilə izah etməsidir. Niklas Luhmann isə “cəmiyyət kommunikasiya vasitəsilə mövcuddur” deyərək bu iqtisadi və sosial transformasiyanı ontoloji müstəviyə keçirir. Cəmiyyət artıq öz-özünü maddi resurslar və əmək bölgüsü ilə deyil, bilik və informasiya axınlarının fasiləsiz emalı ilə yenidən istehsal edir. Əgər cəmiyyətin özünüqurucu mexanizmi dəyişibsə, bu, əvvəlki sosial formalarla müqayisədə keyfiyyət fərqinə işarədir.
Bu nəticə yerli tədqiqat ənənəsində də öz əksini tapır. A. Rüstəmova qeyd edir ki, "İndustrializm dövrün ictimai inkişafının aparıcı istiqamətinə çevrildi… Dünya miqyasında informasiyanın azad şəkildə dövr etməsi isə industrial eranın süqutunu gerçəkləşdirdi və sosial varlığın bütün sahələrində ciddi dəyişikliklərin yaranmasına səbəb oldu" (Rüstəmova, 2020, s. 155). Bu formulə yeni mərhələni köhnəni tamamilə silən qırılma kimi deyil, ondan çıxan transformasiya kimi təqdim edir.
Beləliklə, “biliklər cəmiyyəti” anlayışını nə skeptik tənqidçilərin dediyi kimi boş bir metafora, nə də radikal qırılma ilə əvvəlki mərhələləri tamamilə silən diskret yeni epoxa kimi qəbul etmək düzgün deyil. Daha balanslı nəticə ondan ibarətdir ki, müasir cəmiyyət bilik və informasiyaya dayanan yeni struktur məntiqi qazanmışdır, lakin bu dəyişiklik tarixi inkişaf xəttindən tam qopmayıb, məhz onun içindən çıxaraq formalaşmışdır. Başqa sözlə, “biliklər cəmiyyəti” həm davamlılıq, həm də yenilik elementlərini özündə birləşdirən hibrid bir mərhələdir. O, keçmiş sənaye və informasiya quruluşları üzərində yüksəlir, amma onların işləmə prinsipini dəyişdirərək biliyi cəmiyyətin konstitutiv dayağına çevirir. Bu baxımdan, “biliklər cəmiyyəti” anlayışı müasir dövrdə gedən sosial-iqtisadi transformasiyaları izah etmək üçün həm analitik, həm empirik, həm də fəlsəfi cəhətdən əsaslı bir kateqoriya olaraq dəyərləndirilə bilər.
Tövsiyə və təkliflər
Balanslı konseptual yanaşmanın qorunması: Biliklər cəmiyyəti haqqında gələcək tədqiqatlarda tarixi davamlılıqla struktur yenilik arasındakı incə tarazlıq nəzərə alınmalıdır. Tədqiqatçılar konsepsiyanı nə tamamilə rədd etməməli, nə də tənqidsiz qəbul etməməlidir. Əksinə, biliklərin cəmiyyətdəki rolunu həm tarixi perspektivdən, həm də indiki dövrdə yaratdığı keyfiyyət dəyişiklikləri baxımından araşdırmaq vacibdir. Bu istiqamətdə empirikanı gücləndirmək üçün müxtəlif ölkə və sektorlarda “biliklər cəmiyyəti”nin göstəriciləri (məsələn, bilik iqtisadiyyatının payı, bilik işçilərinin artımı, informasiya infrastrukturunun yayılması və s.) müqayisəli şəkildə öyrənilməlidir.
İnklüziv bilik siyasətinin formalaşdırılması: Siyasət səviyyəsində “biliklər cəmiyyəti” termini şüar olaraq deyil, real hədəf olaraq qəbul edilməlidir. Hökumətlər və beynəlxalq təşkilatlar bilik infrastrukturunun inkişafına, təhsilə və innovasiyaya yatırım etməyi strateji prioritet saymalıdırlar. Xüsusilə, cəmiyyət daxilində bilik uçurumunun aradan qaldırılması üçün universal və bərabər bilik əldəetmə imkanları təmin edilməlidir. Bu, həm texnoloji infrastruktura (internetə çıxış, rəqəmsal bacarıqlar), həm də açıq elm və təhsil təşəbbüslərinə dəstək verilməsi deməkdir. Yalnız biliklərə çıxış cəmiyyətin hər təbəqəsi üçün mümkün olduqda “biliklər cəmiyyəti”nin potensial faydaları gerçəkləşə bilər.
Ədəbiyyat siyahısı:
1. Qurbanov, F. (2024). Yeni tarixi mərhələdə milli ideya: fəlsəfi yanaşma. İ. Məmmədzadə (red.), YUNESKO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "Dəyərlər və identikliyin fəlsəfi problemləri" mövzusunda beynəlxalq elmi konfransın materialları (s. 38–47). Bakı: AMEA Fəlsəfə və Sosiologiya İnstitutu.
2. Unger, R. M. (2020). The Knowledge Economy: A Critique of the Dominant View. American Affairs, 4(3), 1-24.
3. Webster, F. (2014). Theories of the information society (4th ed.). Routledge. https://www.taylorfrancis.com/books/mono/10.4324/9781315867854/theories-information-society-frank-webster
4. Fuller, S. (2001). A critical guide to knowledge society newspeak: Or, how not to take the great leap backward. Current Sociology, 49(4), 177–201. https://doi.org/10.1177/0011392101049004010
5. Leiss, W. (1989). The myth of the information society. In I. Angus & S. Jhally (Eds.), Cultural politics in contemporary America (pp. 282–298). Routledge. https://api.pageplace.de/preview/DT0400.9781000726350_A43842511/preview-9781000726350_A43842511.pdf
6. Fecher, B. (2013, October 28). There is no knowledge society: A case for critical research on internet and society. Digital Society Blog, Alexander von Humboldt Institute for Internet and Society. https://www.hiig.de/en/there-is-no-knowledge-society-a-case-for-critical-research-on-internet-and-society/
7. Bell, D. (1973). The Coming of Post-Industrial Society: A Venture in Social Forecasting. New York: Basic Books.
8. Drucker, P. F. (1993). Post-capitalist society. New York: HarperBusiness. https://www.researchgate.net/publication/220363595_Effects_of_Transformational_Leadership_and_Organizational_Position_on_Knowledge_Management
9. Machlup, F. (1962). The production and distribution of knowledge in the United States. Princeton, NJ: Princeton University Press. https://www.mises.at/static/literatur/Buch/machlup-production-and-distribution-of-knowledge-in-the-us.pdf
10. Castells, M. (1996). The rise of the network society. Oxford: Blackwell. https://deterritorialinvestigations.wordpress.com/wp-content/uploads/2015/03/manuel_castells_the_rise_of_the_network_societybookfi-org.pdf
11. Mövlanov, F. (2025). Texnologiya və iqtisadiyyat: rəqəmsal inkişafın təsiri. Elmi Tədqiqat Beynəlxalq Elmi Jurnal, 5(4), 113–119.
12. Jabrailov, M. (2025). Yapay zekâ ve yeni emperyalizm: Dijital araçların jeopolitik güç mimarisi içindeki yeri. Journal of Turkic Civilization Studies, 6(2), 420–428.
13. Məmmədzadə, İ. (2021). Elm fəlsəfəsi və süni intellektin bəzi problemləri haqqında. AMEA Fəlsəfə və Sosiologiya İnstitutu. https://philosophy.edu.az/index.php?newsid=1178
14. Stehr, N. (1994). Knowledge societies. London: Sage. https://www.academia.edu/1033140/Stehr_Nico_Knowledge_societies_London_Sage_1994
15. Böhme, G., & Stehr, N. (Eds.). (1986). The knowledge society. Dordrecht: Reidel. https://edoc.hu-berlin.de/server/api/core/bitstreams/77b968b9-c04a-496b-af17-6c0ddae9f2a0/content
16. Stehr, N. (2007). Modern societies as knowledge societies. In A. Sales & M. Fournier (Eds.), Knowledge, communication and creativity (pp. 311–324). London: Sage. https://www.jstor.org/stable/41263380
17. Rüstəmova, A. (2020). Azərbaycanda informasiya cəmiyyətinin inkişafının fəlsəfi problemləri: Dil və kommunikasiya. Sumqayıt: Azəri Poliqrafiya.
18. OECD. (1996). The knowledge-based economy. Paris: OECD. https://www.oecd.org/en/publications/1996/05/oecd-observer-volume-1996-issue-3_g1g343a0.html
19. World Bank. (2002). Constructing knowledge societies: New challenges for tertiary education. Washington, DC: World Bank. https://books.google.com.gt/books?id=q0b7V6OCfiMC&printsec=frontcover#v=onepage&q&f=false
20. Romer, P. M. (1990). Endogenous technological change. Journal of Political Economy, 98(5), S71–S102.
21. Romer, P. M. (1986). Increasing returns and long-run growth. Journal of Political Economy, 94(5), 1002–1037.
22. Romer, P. M. (1993). Idea gaps and object gaps in economic development. Journal of Monetary Economics, 32(3), 543–573.
23. Luhmann, N. (1995). Social systems (J. Bednarz Jr. & D. Baecker, Trans.). Stanford University Press. (Original work published 1984).
24. Əlibəyova, T. və Qurbanov, F. (2022). Qnoseologiya və epistemologiya: müqayisəli fəlsəfi təhlil. Metafizika, 5(3), 43–57.
25. Xəlilov, S. S. (2011). Elm haqqında elm (Elmşünaslığa giriş). Azərbaycan Universiteti.
26. Abbasov, Ə. F. (2021). Postneoklassik epistemologiya və müasir sivilizasiyanın inkişaf strategiyaları. Fəlsəfə, 2(32), 45–58.
27. Əliyev, Ə. Q. (2021). İqtisadiyyatın rəqəmsallaşması şəraitində sənaye sektorunun innovasiyalı inkişafının formalaşması və idarə edilməsi mexanizmlərinin işlənilməsi [İqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı]. Azərbaycan Milli Elmlər Akademiyası, İnformasiya Texnologiyaları İnstitutu.
28. Məmmədova, E. (2025). Rəqəmsal savadlılıq və sosial media alətlərinin öyrənmə prosesinə inteqrasiyası. Elmi Tədqiqat Beynəlxalq Elmi Jurnal, 5(4), 93–98.
[1] - Qurbanov, F. (2024). Yeni tarixi mərhələdə milli ideya: fəlsəfi yanaşma. İ. Məmmədzadə (red.), YUNESKO-nun təsis etdiyi Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "Dəyərlər və identikliyin fəlsəfi problemləri" mövzusunda beynəlxalq elmi konfransın materialları (s. 38–47). Bakı: AMEA Fəlsəfə və Sosiologiya İnstitutu.
[2] Unger, R. M. (2020). The Knowledge Economy: A Critique of the Dominant View. American Affairs, 4(3), 1-24.
[3] Webster, F. (2014). Theories of the information society (4th ed.). Routledge. https://www.taylorfrancis.com/books/mono/10.4324/9781315867854/theories-information-society-frank-webster
[4] Fuller, S. (2001). A critical guide to knowledge society newspeak: Or, how not to take the great leap backward. Current Sociology, 49(4), 177–201. https://doi.org/10.1177/0011392101049004010
[5] Leiss, W. (1989). The myth of the information society. In I. Angus & S. Jhally (Eds.), Cultural politics in contemporary America (pp. 282–298). Routledge. https://api.pageplace.de/preview/DT0400.9781000726350_A43842511/preview-9781000726350_A43842511.pdf
[6] Fecher, B. (2013, October 28). There is no knowledge society: A case for critical research on internet and society. Digital Society Blog, Alexander von Humboldt Institute for Internet and Society. https://www.hiig.de/

