01.06.2026, 13:21 - Baxış sayı: 28

Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar uşaqların müdafiəsi sahəsində daha səmərəli tədbirlərin görülməsinə şərait yaratmışdır


Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə olunması, onların hüquqlarının qorunması və sağlam mühitdə böyüməsi siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, “Uşaqlar bizim gələcəyimizdir” kəlamı ilə gələcək nəsillərin tərbiyəsinə dövlət səviyyəsində xüsusi önəm vermişdir. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuşdur. 1998-ci ildə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, uşaqların hüquq bərabərliyi və müdafiəsi təsbit olunmuşdur.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Bu dövlət siyasətinin məntiqi davamı olaraq, hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda geniş şəkildə qeyd olunur və uşaqlar üçün müxtəlif festivallar təşkil edilir.

Dahi lider Heydər Əliyevin təməlini qoyduğu bu humanizm prinsipləri bu gün də Prezident İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dövlət səviyyəsində, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğı və genişmiqyaslı tədbirlərlə qeyd olunur.

Dövlət başçısının həyata keçirdiyi sosial siyasət nəticəsində Azərbaycanda uşaqların hüquqlarının qorunması, sağlam böyüməsi və təhsili üçün yeni məktəblər, bağçalar, idman-sağlamlıq kompleksləri istifadəyə verilir, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial təminatı mütəmadi olaraq gücləndirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də uşaqlara göstərilən qayğının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Biz ilk növbədə, bütün imkanlarımızı uşaqların rahat yaşamasına yönəltməliyik, uşaqlar üçün işləməliyik və işləyirik”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar çətin həyat şəraitində olan uşaqların müdafiəsi sahəsində daha səmərəli tədbirlərin görülməsinə, onların cəmiyyətə inteqrasiyasına şərait yaratmış, bununla bağlı qanunvericilik bazası da müasir çağırışlara uyğunlaşdırılmışdır.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya

İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent