29.03.2021, 09:35 - Baxış sayı: 433

Elm: bəşəriyyətin intellektual “çırağı”


Füzuli Qurbanov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
fəlsəfə elmləri doktoru, şöbə müdiri


Elm tarixən bəşəriyyət üçün çox əhəmiyyətli olub. Lakin hər tarixi mərhələdən elmin cəmiyyət üçün funksiyaları xüsusi məzmun kəsb edib. Müasir tarixi mərhələdə elm cəmiyyətin bütün sferalarının fəaliyyətində aparıcı rol oynayır. Söhbət yalnız cəmiyyətin elmi prinsiplərlə idarə edilməsi gerçəkliyindən getmir. Cəmiyyətin özünütəşkilində elm tarixdə görünməmiş səviyyədə rol oynamağa başlayıb. Hətta deyə bilərik ki, müasir cəmiyyəti elm və informasiya yaradır. Toplumun bütün sferalarında elmin rolu böyükdür və onun fəlsəfi-nəzəri dərki də son dərəcə aktualdır. Çünki elmi kəşflər sürətlə sosial həyata tətbiq edilir və sosial-mədəni gerçəklik dinamik surətdə dəyişir. Bu dinamikanın meydana gətirə biləcəyi müxtəlif təbiətli fəsadlar, risklər, qeyri-müəyyənliklərin öncədən proqnozlaşdırılması mümkündürmü? Sual aktuallığını saxlayır.
Elmi yeniliklərin sürətli tətbiqi ilə onların yaratdıqları fərqli sosial-mədəni mühitin təkamülü dunamikasının fəlsəfi-elmi dərki arasındakı vurğulanan paradoks bütövlükdə bəşəriyyətin mövcudluğu şərtləri üzərində düşünməyə yeni intensivliklə sövq edir. Bu baxımdan nanotexnologiyaların inkişafı və süni intellektin yaradılması perspektivləri dünya üçün əhəmiyyət daşıyır. Bu kontekstdə bir neçə fakta baxaq.
“Science” jurnalı 2020-ci ilin 10 elmi kəşfini sıralayıb. İlk sırada COVİD-19 peyvəndi gəlir. Sonra, hüceyrənin üçölçülü struktura yerləşdirilməsidir. Buna süni intellektdən istifadə əsasında nail olunub.
Üçüncü əhəmiyyətli yenilik CRİSPR genomunun redaktorunun kəşfidir. Gen mühəndisliyinə aid olan bu kəşf geni modifikasiya olunmuş orqanizm yarada bilir. Bu da elmi ilə yanaşı, etik problemləri də aktuallaşdırıb. 2020-ci ildə CRİSPR iki irsi xəstəliyi tam sağalda bilib.
Daha bir vacib elmi yenilik iqlim üzrə aparılan elmi araşdırmalara aiddir. Alimlər atmosferə indiki templə buxar qazının atılması prosesinin davam etməsi halında dünyanın necə olacağını modelləşdiriblər. Nəticə Bakı üçün də maraqlıdır: bir sıra sahilyanı şəhərlər mümkün kataklizmlərə hazır olmalıdırlar.
Jurnal astrofizika, biologiya, kvant mexanikası, kompüter texnologiyaları, informasiya texnologiyaları, tibb, arxeologiya, canlı aləmin müxtəlif səviyyələri arasında bioloji oxşarlığın tədqiqi və digər istiqamətlər üzrə seçilən elmi faktları vurğulayıb. Aparılan sorğularda mütəxəssisslər Çinin ən yüksəz sürətli kvant kompüterini yaratmasını vurğulayıblar (“Szyuçjan”).
Bunlara 2020-ci ildə Nobel mükafatının hansı elmi ixtiralara verildiyini də əlavə etmək olar. Onlar fizika, kimya, fiziologiya və tibb, iqtisadiyyata aiddir.
Fizikada Rocer Penrouz “qara dəlik”lərlə bağlı araşdırmalarına, Raynxard Hençel və Andrea Hez bizim qalaktika ilə əlaqəli araşdırmalarına, kimyada Emmanuel Şarpantye və Cenifer Daudna genomun redaktə edilməsinə, fiziologiya və tibbdə hepatit C virusunun kəşfinə, iqtisadiyyatda auksion nəzəriyyələrinin təkmilləşdirilməsinə görə Nobel mükafatına layiq görülüblər.
Bu faktlar əsasında müasir elm üçün aktual istiqamətlər kimi fizika, biologiya, tibb, fiziologiya, kimya, astrofizika, iqlim dəyişiklikləri, ekologiya, gen mühəndisliyi, kompüter texnologiyaları və informasiya texnologiyalarını göstərə bilərik.
Ayrıca, pandemiyanın elm üçün aktuallaşdırdığı peyvənd üzrə tədqiqatlar yeni səviyyədə elm-etika, elm-humanizm, elm-ədalətlilik anlayışlarını gündəmə gətirib. Bu da dünya miqyasında fundamental elmlərlə humanitar-ictimai elmlərin yeni səviyyədə qarşılıqlı əlaqəsini yaratmağı aktuallaşdırır.
Deməli, 2020-ci il bir tərəfdən insan, iqlim, ekologiya, müxtəlif təbiətli texnologiyalar, süni intellekt, kosmosun tədqiqi kimi sferaların araşdırılmasını aktuallaşdırıb, digər tərəfdən də təbiət elmləri ilə ictimai-humanitar elmlərin qarşılıqlı əlaqəsini yeni keyfiyyətdə təşkil etmək zərurətini meydana çıxarıb.
Yuxarıda vurğulanan elmi tendensiyalar göstərir ki, bəşəriyyət üçün elmi fəaliyyətin məzmunu, məqsədi, bu fəaliyyətin aksioloji və etik aspektləri, intellektin proqnozlaşdırma gücünün artırılması və digər vacib məsələlərin aktuallığı daha da artıb.
Təbii ki, Azərbaycan bu prosesdən kənarda qala bilməz. Azərbaycan Cənubi Qafqazın lider dövləti və bütün istiqamətlərdə sağlam islahatlar aparan ölkə kimi güclü intellektual-mənəvi potensiala malikdir.Ölkəmizin dünya elminə inteqrasiyasına yeni nəfəs və dinamika verilməlidir. Bu prosesdə böyük ənənəsi olan AMEA şübhəsiz ki, aparıcı rol oynamalıdır.
Bu istiqamətdə “Dünya-Azərbaycan” münasibətlərini elmi ölçməklə 2021-2022-ci illər üçün optimal elm siyasətini formalaşdırmaq mümkündür. Bunun üçün AMEA-nın yaradıcı kollektivinin kifayət qədər məqsədyönlülüyünün, iradi qətiyyətinin və intellektual gücünün mövcudluğuna şübhə yoxdur!