27.11.2026, 15:20 - Baxış sayı: 43

Azərbaycan–Gürcüstan siyasi-diplomatik münasibətləri XX əsrin əvvəllərindən günümüzə mövzusunda dəyirmi masa keçirilib


Noyabrın 27-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 34-cü ildönümünə həsr olunmuş “Azərbaycan–Gürcüstan siyasi-diplomatik münasibətləri XX əsrin əvvəllərindən günümüzə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Azərbaycan–Gürcüstan münasibətlərinin tarixi əhəmiyyətindən, iki xalq arasında əsrlər boyu formalaşmış dostluq və mehriban qonşuluq ənənələrindən bəhs edib. O, müstəqilliyin ilk illərində iki dövlət arasında siyasi-diplomatik əlaqələrin qurulması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. Bildirib ki, Heydər Əliyevin uzaqgörən xarici siyasəti Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada, strateji tərəfdaşlığa və regional əməkdaşlığa əsaslanan münasibətlərin möhkəm təməlini formalaşdırdığını bildirib.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu-Hacıyev XX əsrin əvvəllərində Azərbaycan və Gürcüstan arasında cərəyan edən siyasi-diplomatik prosesləri analitik müstəvidə təhlil edib. O, dövrün geosiyasi mənzərəsi, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri və hər iki dövlətin qarşılaşdığı siyasi çağırışlar barədə ətraflı məlumat verib.

Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov çıxış edərək Sovet İttifaqının tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişaf dinamikasına, həmin dövrdə münasibətlərin səciyyəvi xüsusiyyətlərinə toxunub.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan–Gürcüstan siyasi-diplomatik münasibətlərinin inkişaf mərhələlərini və bu prosesi şərtləndirən fundamental amilləri elmi-analitik baxımdan təhlil edib. Məruzədə obyektiv geosiyasi və geoiqtisadi imkanların reallaşdırılmasında, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində, eləcə də bu tərəfdaşlığın davamlılığının təmin edilməsində siyasi iradə, strateji liderlik və siyasi kursun varisliyi amillərinin roluna xüsusi diqqət yetirilib.

Tədbirdə, həmçinin fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə gender münasibətlərinin müasir cəmiyyətdəki yeri Gürcüstanın azərbaycanlı qadınlarının ictimai-siyasi proseslərdə iştirakı və gender bərabərliyinin təmin olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu məsələlərin Azərbaycan–Gürcüstan münasibətləri kontekstində də elmi və ictimai baxımdan aktuallığını vurğulayıb.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov isə Gürcüstanın geosiyasi mövqeyi və geosiyasətinin xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

Sonda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüb.

Dəyirmi masa Azərbaycan–Gürcüstan münasibətlərinin tarixi təcrübəsinin, müasir siyasi-diplomatik əməkdaşlıq perspektivlərinin və regional geosiyasi proseslərdə iki ölkənin qarşılıqlı fəaliyyətinin elmi müstəvidə müzakirəsi baxımından əhəmiyyət kəsb edib.