26.11.2026, 16:57 - Baxış sayı: 38

POETİK DUYĞU VƏ FƏLSƏFİ TƏFƏKKÜRÜN VƏHDƏTİ: AKADEMİK ASLAN ASLANOVUN YARADICILIQ PORTRETİ


Nəğmədə əbədiləşən filosof

Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

Xəyalımdan nələr gəlib nə keçər,

Yaz gələr ellərə durnalar köçər.

Bulaqlar-samavar, ağ daşlar–şəkər

Bənzəyir çəməndə közə lalələr.

Meylim üzünüzdə qara xaldadır,

Aslanın əlacı ilk vüsaldadır,

Nə vaxtdır Bakımın gözü yoldadır,

Bir qonaq gələsiz bizə, lalələr!

Nəğmədə əbədiləşib illər uzunu dillərdən düşməyən “Lalələr”in Azərbaycanımızın əsrarəngiz təbiətinin füsunkar bir şəklini, bir məqamını şair qəlbinin incə duyğuları ilə canlandıran bu sözləri Aslan Aslanova məxsusdur. Qəribədir, bəzən yaradıcı insanın adını, özünün də gözləmədiyi halda, çoxsaylı əsərlərindən biri, bəzənsə hətta onlardan ən sadəsi, həcmcə ən kiçiyi, elə ekspromtdan yaranan altı beytdən ibarət “Lalələr” kimi, daha çox məşhurlaşdırır. Ümumiyyətlə, zənnimcə, xalq arasında şair Aslan Aslanov alim Aslan Aslanovdan daha çox tanınır. Şeir həvəskarları onun müxtəlif vaxtlarda nəşr edilmiş “Səni düşünürəm” (1958), “Qızlar və bənövşələr” (1961), “Nəğməli günlərim” (1988) kitablarında toplanmış poetik əsərlərini və tərcümələrini maraqla oxuyurlar. Çoxları Aslan Aslanovun elm sahəsində fəaliyyətindən xəbərsizdirlər, bilmirlər ki, o, sadəcə gözəlliyi duyub hikmətli sözlə ifadə edən şair deyildi, həm də görkəmli filosof, şeirin, sənətin, yaradıcılığın mahiyyət və formalarını gözəllik qanunları əsasında öyrənən estetika elminin dərin bilicisi, estetika tarixçisi və nəzəriyyəçisi olmuşdur.

Aşıq məclislərindən elm məbədinə

Aslan Aslanov 1926-cı il avqustun 20-də Azərbaycanın qərbində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Ağstafa rayonunda dünyaya gəlib boya-başa çatmışdır. Şeirə, sənətə vurğunluğunun təməli ailəsində qoyulmuşdu. Deyirlər, el sənətini sevən, ona hədsiz dərəcədə bağlı olan atası Məmməd kişi və anası Zeynəb xanım evlərində tez-tez aşıq məclisləri düzənləyərlərmiş. Saz havası ilə mənalı sözün vəhdətinin yaratdığı mədəni mühit kiçik yaşlarından Aslanın gözəllik hissini xalq ruhu ilə qidalandırmış, bədii zövqünü formalaşdırmış, onu ilk qələm təcrübələrinə həvəsləndirmişdi…

Qısaca da olsa akademikin bioqrafiyasından bəzi əhəmiyyətli məqamları yada salaq. Orta təhsilini Ağstafa dəmiryol məktəbində alan A.Aslanov məktəbi bitirdikdən sonra, elə burada müəllim işləməyə başlayır. 1942-ci ildə işdən ayrılmayaraq ADU-nun fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur. Lakin 1945-ci ildə, görünür, humanitar sahəyə marağı səbəbinə, fakültəsini dəyişərək, ADU-nun tarix fakültəsi nəzdində yenicə açılan fəlsəfə şöbəsinə keçir. Yeri gəlmişkən deyim ki, o zaman fəlsəfə şöbəsində darvinizmin əsasları, müasir fizikanın əsasları, ali riyaziyyat və s. bu kimi təbiətşünaslıq və dəqiq elmlər də tədris edilirdi. Alimin elmdə qazandığı uğurlarda müəllimlərinin müstəsna xidmətini qeyd etməsən olmaz. Təkcə bunu xatırlatmaq kifayətdir ki, o, dünya şöhrətli alim, akademik A.O.Makovelskinin etika və estetika elmlərinin nəzəriyyəsi və tarixinə dair mühazirələrini dinləmiş, fəlsəfədən, daha dəqiq desək, dialektik və tarixi materializm fənnindən Azərbaycan fəlsəfəsi tarixinin bir elm kimi binasını qoymuş əfsanəvi akademik Heydər Hüseynovdan dərs almışdı. Təsadüfi deyil ki, fəlsəfə sahəsində peşəkar kadrlar hazırlayan şöbənin ilk buraxılışının, gələcəkdə tanınmış elm xadimləri olan məzunları arasında Azərbaycan EA-nın, Aslan Aslanovla yanaşı, daha bir həqiqi üzvü Firudin Köçərli,EA-nın müxbir üzvü Ziyəddin Göyüşov da vardı.

Ali təhsilini başa vuran A.Aslanovu universitetdə saxlayırlar, fəlsəfə kafedrasında müəllim işləyərək, qiyabi aspiranturada təhsilini davam etdirir. 1958-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə edir, 1974-cü ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi, bir qədər sonra professor adını alır. 1980-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildən isə həqiqi üzvü seçilir.

Gəncliyindən ictimai işlərdə fəal olan (o, müxtəlif illərdə universitetin komsomol və partiya təşkilatlarının katibi olmuşdur) alimi bir sıra məsul vəzifələrə irəli çəkmişlər. O, ADU-nun (1953-1954) çoxtirajlı “Lenin tərbiyəsi uğrunda” qəzetinin redaktoru, estetika və etika kafedrasının müdiri (1961-1980), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru (1977-1987), Azərbaycan EA-nın Fəlsəfə, hüquq və iqtisad bölməsinin akademik katibi (1987-1989) vəzifələrində çalışmışdır. 1987-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna direktor təyin edildiyi vaxtdan 1995-ci ilə, yəni ömrünün sonuna kimi ona rəhbərlik etmişdir.

Şərqlə Qərb arasında estetika körpüsü: ənənə və həqiqət axtarışında

Aslan Aslanovun elmi-fəlsəfi araşdırmaları estetika problemlərinə həsr olunmuşdur. 1979-cu ildə A.H.Mikayılov, T.S.Əkbərov və başqaları ilə birlikdə yazdığı və ümumi redaktəsi altında nəşr edilən “Marksist-leninçi estetikanın əsasları” kitabı ali məktəb tələbələrinin əlindən tutan keyfiyyətli dərs vəsaiti idi. O, həmin mövzuda “İncəsənət və tərbiyə” (1961) başlıqlı monoqrafik tədqiqat əsərinin, bir çox sanballı məqalələrin müəllifidir.

Alimin irsində “Estetika aləmində” kitabı (1987) elmi yaradıcılığının özünəməxsus yekunu kimi, zənnimcə, xüsusi yer tutur. Buraya filosofun müxtəlif illərdə ölkə daxilində və xarici mətbuatda dərc edilən məqalələri, estetika üzrə beynəlxalq konqreslərdə etdiyi məruzə, çıxışların mətnləri, eyni zamanda həmin dövr üçün yeni əsərləri daxil edilmişdir. Maraqlıdır ki, estetikanın intəhasız problemləri olduğu, barəsində yüzlərlə əsərin yazıldığı və hələ yazılacağı halda, kitabını bu cür adlandırmasının düzgünlüyünə kiminsə skeptik yanaşa biləcəyini nəzərdə tutaraq, o, “Müəllifdən” başlıqlı giriş hissəsində bu barədə öz mülahizələri ilə bölüşür. Göstərir ki, “kainatdakı bütün ulduzların, yer üzündəki bütün çiçəklərin idrakını öhdələrinə götürmə”yin ağıllarına gəlməməsi astronomun “kosmik dünyada”, botanikin “çiçəklər aləmində” ifadələrini işlətmələrinə mane olmadığı kimi, estetikin də “estetika aləmində” deməyə haqqı çatır.

Kitabdakı, müəllifin öz təbiri ilə desək, “estetik-tarixi-nəzəri oçerklər” tamamilə düşünülmüş metodologiyaya söykənir. Dünya mədəniyyətinin, onun qanunauyğunluqlarının dərkində ümumi ilə təkcənin, xüsusi ilə konkretin dialektikasından çıxış edən prinsip və üsulları o, “marksist estetikanın metodoloji əsasları” kimi təqdim etsə də, onların ümumilikdə hər bir elmin təməlində durduğunu qeyd etməyi unutmur. Bu barədə yazır: “Artıq Kantın sayəsində biz bilirik ki, anlamağın dərinliyi müxtəliflikləri bir anlayışa yığmaq və bir anlayışdan müxtəliflikləri çıxarmaq bacarığından doğur. Bu mənada dünya mədəniyyətinin və ya tutalım ki, Şərq mədəniyyətinin tipologiyasını (ən əsas, ən ümumi cəhətlərini – cizgilərini) bilmək o zaman xeyirlidir ki, bu tipologiyanın məzmun dərinliklərinə çıxa bilirsən. Yəni tipoloji modeldən mədəniyyətin konkret hadisələrinin, sahələrinin içinə adlaya bilirsən. Və ya tərsinə, mədəniyyətin konkret hadisələrində onun tipoloji modelinin minlərlə təsdiqini görürsən. Məhz bunun üçün də mədəniyyətdəki konkretliklər araşdırılmalıdır. Məhz tipologiya ilə konkretliklərin əlaqələri içində hərəkət etmək sayəsində biz Hegelin tələb etdiyi “proses olan həqiqəti” mənimsəyirik”. Eyni zamanda “proses olan həqiqəti” anlamaq üçün tarix və müasirliyi bir-birinə qarşı qoymaq olmaz, onlar arasında mövcud olan varislik əlaqəsini nəzərə almaq vacibdir, çünki “Tarixi günlərin, ayların, illərin, əsrlərin həqiqətləri bir-birilə möhkəm, qırılmaz bağlarla əlaqəlidir. Qədimin öz dövrü üçün müasirliyi bu günün tarixinə çevrilmiş, bugünkü günümüz, ayımız, ilimiz gələcəyin tarixidir”.

Beləliklə, A.Aslanovun fikrincə, estetik fikrin təkamülü və inkişafı prosesində konkreti təmsil edən hər bir mərhələnin aid olduğu dövrə və xalqa xas olan sənət və bədii zövqü, gözəllik haqqında təsəvvür və baxışları, incəsənətə münasibəti ilə bağlı özəllikləri vardır. Odur ki, onların ayrı-ayrılıqda öyrənilməsi önəmlidir. Həm də ona görə ki, özündən sonrakı nəzəriyyələrə təsirini izləməyə imkan verir. Digər tərəfdən, estetik fikir tarixinin tədqiqində Şərq və Qərb estetikalarının qarşılıqlı əlaqə və təsiri konteksti daim nəzərə alınmalıdır. Alim bəhs etdiyim kitabında hər iki prinsipə sadiq qalır. Burada onun qədim Şərq, qədim yunan, Roma estetik fikrinə, Orta əsrlər Avropa, orta əsrlər Şərq, İntibah dövrü estetikasına, Azərbaycanda estetik fikir tarixinə, Lüdviq Feyerbaxın, M.F.Axundovun estetik görüşlərinə həsr edilmiş tədqiqatları ilə yanaşı, Şərq və Qərb estetikalarının komparativ təhlilini əks etdirən məqalələr də yer almışdır.

Bu məqalələri oxuduqca, müəllifinin estetika sahəsində erudisiyasının genişliyinin, əldə etdiyi bilgilərə sərbəst yanaşıb, daima müstəqil və obyektiv fikir söyləmək cəhdinin, müqayisəli tənqidi-təhlillərin şahidi olursan. Onlarda estetik fikrə münasibətdə hər cür ifratçılığın yolverilməz olduğu qənaəti xüsusilə qabarıq çatdırılır, bir çox “izm”lər bu baxımdan tənqidə tuş gəlir. Əsas tənqid hədəflərindən biri, bəlkə də birincisi, Qərb və Şərq arasında keçilməz sədd qaldırıb, Şərq estetik nəzəriyyələrinin, incəsənətinin idraki, mədəni və bəşəri-tərbiyəvi əhəmiyyətini inkar etmək cəhdlərində bulunan Avropasentrizmdir. Aslan Aslanov daim modernləşən bu fikir cərəyanını qüvvətləndirən və təhlükəli saydığı iki amilə xüsusi diqqət yetirir. Bunlardan birinin səbəbi əgər milli nihilizmdirsə, ikincini birtərəfli, spekulyativ, ümumi xarakter daşıyan, hətta bəzən səthi tədqiqatlar doğurur. O göstərir ki, Hegelin irsinin dərindən araşdırılmaması onun Şərq fəlsəfəsinə münasibətindəki “ziddiyyətlərin şişirdilməsi və mütləqləşdirilməsi” ilə nəticələnir. “Dünya fəlsəfi fikir tarixində nüfuzlu bir şəxsiyyət”, “böyük dialektik təfəkkür sahibi olan bir filosof” olan Hegelin Şərqə qeyd-şərtsiz mənfi münasibət bəsləməsi fikrinin təlqin edilməsi onu estetika tarixində Avropasentrizmin ən böyük tərəfdarlarından birinə çevirib, cəbhəsini möhkəmləndirir. Bu xüsusda Sovet fəlsəfə elmi və Sovet hegelşünaslığının da istisna olmadığını, necə deyərlər, düşmən dəyirmanına su tökdüyünü bildirir.

Alim avropasentrizmin tərs üzü olan – Şərq mədəniyyətini tamamilə müstəqil, heç bir yad təsirə məruz qalmayan mədəniyyət kimi təqdim, həm də onun orta əsrlər çağını (Müsəlman Şərqi timsalında) idealizə edərək bütünlüklə Qərb mədəniyyətinə qarşı qoyan “Şərqsentrizm”ə də qarşı çıxır. Eyni zamanda hind filosofu P.R.Damlenin “bütün bəşəriyyət üçün bir mədəniyyət və bir dünyagörüşü var” sözlərində ifadə edilib, Qərbin və Şərqin özünəməxsus, orijinal mədəniyyətlərinin olduğunu inkar edən “sinkretizm” tərəfdarlarının mövqeyini də yanlış hesab edir.

Aslan Aslanovun tənqidi, artıq göstərildiyi kimi, Sovet elmi ədəbiyyatından da yan keçmir, xüsusilə Orta və Yaxın Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının estetik fikir tarixinin tədqiqinə etinasız münasibəti pislənir və səbəbləri göstərilir. Topluya daxil etdiyi bəzi məqalələri ilə bu sahədə mövcud boşluğu aradan qaldırmağa çalışır.

Əslində yuxarıda bəhs edilən bütün bu fikir cərəyanları barədə fikirlər öz aktuallığını saxlayır, çünki onlar bu gün də modernləşmiş şəkildə öz mövcudluqlarını davam etdirir.

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, A.Aslanov hər bir xalqın orijinal, təkrarolunmaz xüsusiyyətlərə malik fəlsəfi, o cümlədən estetik fikrini ümumdünya fəlsəfi fikrinin tərkib hissəsi hesab edir, lakin özünəməxsusluğun heç də bu mədəniyyətlərin bir-birindən təsirlənib, bəhrələnmədiyinə dəlalət etmədiyini göstərir. Alimin VII ümumdünya estetika konqresindəki “Aristotel poetikasının Şərq fəlsəfəsi və ədəbiyyatında mövqeyinə dair” məruzəsi bu cəhətdən səciyyəvidir. Burada onun araşdırdığı mühüm problemlərdən biri “məhz Aristotel poetikasının orta əsr şərq poetikalarına təsiri məsələsi”dir. Bir sıra görkəmli şərqşünas alimlərin yunan filosoflarının, o cümlədən Aristotelin əsərlərinin, “Poetika”sının Avropa xalqları arasında yayılmasında ərəblərin müstəsna rolunu qeyd etmələrinə baxmayaraq, Aristotel və Şərq poetikalarının bir-birindən asılı olmayıb, tam müstəqilliyi barədə irəli sürdükləri ideyaları ilə, məsələn, İ.Y.Kraçkovskinin Aristotelin əsərlərinin ərəb poetika nəzəriyyələrinə nəzərə çarpacaq təsirinin olmaması fikri ilə razılaşmır. Onların ən əsas dəlillərindən biri İbn Rüşdün (qərb ədəbiyyatında Averrois adı ilə məşhurdur) faciə və komediya barədə söylədikləri idi.

““Poetika”nın hətta ibn Rüşd kimi biliciləri belə, məsələn, faciə və komediyadan söhbət gedərkən faciənin “təqdir və mədh” sənəti hesab edərək “qəsidə” ilə bağladıqları halda, “komediya”nı təkdir, pisləmə sənəti adlandıraraq, onu həcv ilə bağlayırdılar” – A.Aslanovun Renanın “Averroies və averroizm” əsərindən gətirdiyi bu iqtibas mənə Borxesin “Averroisin axtarışları” novellasını xatırlatdı.

Kiçik bir ricət: Borxes və İbn Rüşd – axtarışlardan doğan fəlsəfi-estetik dialoq

Argentina yazıçısı bu əsərində bir məğlubiyyət prosesini canlandırmaq istəmişdi. XII əsr ərəb alimi və filosofunun yaradıcılıq axtarışları ilə dolu bir gününü təsvir edən hekayənin qısa məzmunu belədir: İbn Rüşd narahatdır. Şərh etdiyi Aristotelin “Poetika”sı üzərində işi bir nöqtədə ilişib qalmışdır, çünki əsərdə tez-tez işlədilən iki sözün: “faciə” və “komediya”nın nə demək olduğunu anlamır, onların mənasını ələk-vələk etdiyi kitab və lüğətlərdən də tapa bilmir. Gün ərzində ətrafında baş verənlər, gördüyü, eşitdikləri həmin sözləri anlamaq üçün ona sanki ipucu verir. Balkondan boylanıb, həyətdə yarı-çılpaq oğlan uşaqlarının oyununa tamaşa edir: uşaqlardan biri minarəni təcəssüm edən digərinin çiyinlərinə çıxıb müəzzin imiş kimi əzan verir, üçüncü uşaqsa qumun içində dizləri üzərində sürünərək namaza yığışan dindar kütləni təqlid edirdi. Lakin oyun uzun sürmür, çünki uşaqların hamısı müəzzin olmaq istəyir, heç kəs minarə və kütlə olmaq istəmir. Axşam isə dəvət edildiyi məclisdə İbn Rüşd məşhur səyyahdan əcaib əhvalat eşidir. O, nəql edirdi ki, səyahətlərindən birində, Kantonda olarkən müsəlman tacirləri onu böyük zaldan ibarət qəribə evə gətirirlər. İçəridə çoxlu adam vardı, onlar bir-birinin üstündə yerləşən qalereya və balkonlarda oturmuşdular. Qırmızı maskalı on beş-iyirmi nəfər adam isə xüsusi artırmada durub oxuyur, danışır, dua edirdilər, atları olmasa da çapır, qamış qılıncla döyüşə girirdilər – zalda oturanlara hansısa əhvalatı hərəkət və danışıqla təsvir edib göstərirdilər… Lakin bütün bunlar filosofun faciə və komediya sözlərinin mənasını tapmasına kömək etmir, çünki islam ənənəsində teatr yox idi. Əksinə həmin məclisdə İbn Rüşd ənənənin müdafiəsinə qalxır, onun əbədiliyindən, keçici olmayan əhəmiyyətindən bəhs edir, keçmiş əyyamlarda yaşamış şairlərin şeirlərinin mənalarının zamanla yeni mənalar almasından, zənginləşməsindən danışır və hamı onu heyranlıqla dinləyir. Gecədən xeyli keçmiş evə qayıdan İbn Rüşdə qəflətən başında dolanan kəlmələrin mənası əyan olur, o, qələmini götürüb, əlyazmasına bu sözləri əlavə edir: “Aristu (Aristotel) mədhiyyəni faciə, həcv və lənəti komediya adlandırmışdı. Quranın səhifələrində və yeddi müqəddəsin “Müəllaqat”ında gözəl faciələr və komediyalar doludur”. Beləcə, bir günün intellektual həqiqət axtarışları məğlubiyyətlə bitir. Çünki hamı üçün nə qədər dəyərli, zəruri olsa belə, gerçək dünyadan, reallıqdan uzaq düşən, zamanın gətirdiyi yeniliklərdən bəhrələnməyən ənənə yalnız özünü təkrar edir, inkişafdan qalır.

Novella maraqlı sonluqla qurtarır: Borxes hiss edir ki, bu hekayəsi ilə o teatr haqqında anlayışı olmadan dramın nə olduğunu şərh etmək istəyən Averroisdən az gülünc görünmür. Çünki başqa materialı olmadan Renan, Leyn və Asin Palasyosun əsərlərindən əldə etdiyi məlumat “qırıntıları” əsasında Averroisi təsvir etmək fikrinə düşmüşdür. Yəni yazıçının dediyi o idi ki, həqiqət nisbidir və həqiqət axtarışına çıxan heç kəs yanlışlıqdan sığortalanmayıb.

A.Aslanov da orta əsrlər müsəlman Şərqində Qədim Yunanıstanın teatr sənəti haqqında təsəvvürün olmaması barədə, – hətta Borxesi əməlli-başlı maraqlandırıb, bədii-intellektual təxəyyülünə yem verən – fikrə etiraz etmək üçün dəlil tapır. Bu dəlil İbn Rüşddən iki əsr əvvəl yaşamış Fərabinin “Elmlərin təsnifatı” (“İxsa əl’ülum”) traktatında işlətdiyi “söhbətlə tamaşa və ya əmələ uyğun şeylər haqqında” ifadələrində idi. O, Fərabinin “Fəlsəfi traktatları”nın (Alma-ata, 1972) tərtibçi və şərhçilərinin fikrinə şərik olub (“Elmlərin təsnifatı” əsərinə qeydlərin müəllifi İlyas Ömər Məhəmməddir), “İkinci müəllim”in “söhbətlə tamaşa” deyəndə “yunan faciələrinin teatr tamaşası”nı, ““Əmələ uyğun şeylər” ifadəsi altında isə qədim Elladanın teatr səhnələrində real həyatın komik və satirik aktyorlar tərəfindən təcəssümünü nəzərdə” tutduğunu təsdiq edir.

Həmin məqaləsində alim Aristotel “Poetika”sının orta əsr müsəlman Şərqinin fəlsəfi-estetik fikrinə təsirini izləməyə imkan verən digər konkret nümunələri təhlil edir, həmçinin Şərqin daha qədim estetik ideyalarının, o cümlədən “Avesta”nın Aristotel poetikasına “zənn edilən təsiri məsələsi”ni araşdırıb bu barədə maraqlı mülahizələr söyləyir.

Beynəlxalq estetika üfüqləri və milli ənənənin qorunması

“Estetika aləmində” kitabı (xüsusilə “Şərq və Qərb estetika tarixinin öyrənilməsinin bəzi məsələləri”, “Müasir Qərb və Şərq burjua estetika nəzəriyyələrində incəsənət və cəmiyyət problemi” oçerklərində) keçən əsrin 60-80-cı illərinin ümumdünya estetik fikri, onun durumu, problemləri, tədqiqatları haqqında xeyli geniş təsəvvür yaratmaq mənasında da öz adını doğruldur. Estetika üzrə əsas mövzusu “İncəsənət və cəmiyyət” olan VI (İsveç, 1969-cu il), “Estetika və incəsənət bugünkü həyatda” başlığı altında keçirilən VII (Rumıniya, 1972-ci il) beynəlxalq konqreslərdə dünyanın hər yerindən – ABŞ, Meksika, İngiltərə, Fransa, İsveç, Yunanıstan, Çexoslovakiya, Polşa, Rumıniya, SSRİ və bir çox başqa ölkələrdən gəlmiş filosof-estetiklər iştirak etmişdilər. Onların arasında holland estetiki Jan Aller, italyan filosofu Canni Vattimo, fransız Etyen Surio, ABŞ-dan Tomas Monro, yunan Mixelles, rus sovet alimi M.F.Ovsyannikov və b. kimi məşhur simalar vardı. A.Aslanovun həmin sanballı beynəlxalq tədbirlərin bilavasitə iştirakçısı olması ona konqreslərdə hökm sürən atmosferi oxunan məruzələrin, irəli sürülən ideyaların tənqidi təhlilləri vasitəsilə oxucusuna yetərincə dürüst çatdırmasına imkan verir.

Eyni zamanda o, müasirləri olan türk estetiklərinin görüşlərini, öz sözləri ilə desək, “sənətin idraki əhəmiyyəti və tərbiyəvi təsiri məsələsi” rakursundan ayrıca tədqiqat obyekti kimi araşdırır. Melahat Özgünün “Şeir, musiqi və plastik sənətlər”, Cəlal Cümrəlinin “Şeirin gələcəyi”, İsmayıl Tunalının “Sənət ontologiyası” əsərlərini nisbətən ətraflı təhlil edib, Fikrət Adil, Güvəmli, Atac, Fethi Naci kimi sənət nəzəriyyəçilərinin göstərilən problemə münasibətindən danışır. O, müasir türk estetik fikrinin vahid axın olmayıb, özündə sənət və bədii yaradıcılığa müxtəlif, fərqli yanaşmaları əks etdiyini vurğulayır. Mülahizələrini konkret nümunələrlə möhkəmləndirir: məsələn, şairi cəmiyyətdən ayıran, onun cəmiyyət barədə düşünməsini şairin nöqsanı, zəifliyi sayan Atacın tam əksinə, Fethi Naci sənətin gerçəkliyin sadəcə surəti olmayıb, onu açmaq, dəyişdirmək vasitəsi hesab edib, ədibin xalqın getdiyi yola işıq salmalı olduğunu, “kütlədən qopacaq dərəcədə irəlidə deyil, onlarla əl-ələ, amma daima kütlənin önündə” durmalı olduğunu qeyd edir. Aydındır ki, Aslan Aslanova ikinci münasibət daha yaxın idi. Ümumiyyətlə, o, türk estetikasında mütərəqqi bildiyi, öz düşüncələri ilə səsləşən fikirləri xüsusi nəzərə çarpdırır. Bu baxımdan Cəlal Cümrəlinin “Şeirin gələcəyi” əsərindən gətirdiyi iqtibas səciyyəvidir. Cümrəli poeziyada modernist meyillərə qarşı çıxaraq qərb fikrinin mexaniki şəkildə türk poeziyasının varlığına aşılanmasının mənfi nəticələri barədə yazırdı: “Biz illərdən bəri daxildən daha çox, Fransadan azmı şeir axını axtardıq, yaxşı və pis nümunələr də verdik – türk icmaiyyətinin gözlədiyi şeiri yarada bildikmi? Nədən belə oldu? Yad ölkələrin şeir axınlarını şeirimizə uyğunlaşdırmaq istəyimizdən”. Bu sözlərə haqq verərək, Aslan Aslanov İran, Türkiyə kimi bir sıra Şərq ölkələrinin şeir sənətinə, zəngin klassik ənənəsinə calanan “yalançı, saxta peyvəndlərə” qarşı çıxır, onların klassik ənənəni deformasiyaya uğratmaq təhlükəsinə diqqəti cəlb edir. Əslində, Azərbaycanda da şeir və sənət bu tip “sovet, rus peyvəndləri”ndən xali deyildi. Alim açıq danışa bilməsə də, öz mülahizələri ilə hər halda bu barədə düşünməyə vadar edirdi. Bu incə məqam onun Şərq və Qərb estetik mədəniyyətləri arasında qarşılıqlı təsirin labüdlüyü və əhəmiyyətinə dair düşüncələrini sanki tamamlayır. Mədəniyyətlər bir-birindən bəhrələnməlidirlər, lakin bu, ənənəyə pozucu təsir göstərən calaq, surətçıxarma, təqlid yolu ilə olmamalıdır, yaradıcılığa köklənməlidir – zənnimcə, Aslan Aslanovun incəsənət, ənənə və novatorluq arasındakı əlaqə-münasibətə baxışının özülündə məhz bu ideya durur.

Tərcümədə yaşayan gözəllik və saralmış səhifələrin xatirəsi

Mənim nəzərimdə, tərcümə, bütün başqa özəllikləri ilə yanaşı, həm də yad mədəniyyətdən, ənənədən gələn gözəlliyi dərk etmək, duymaq və öz xalqına çatdırmaq vasitələrindən biridir. Alimin bu sahədə də xidmətləri az deyil. O, dünya estetik fikrinin iki abidəsini rus dilindən doğma azərbaycancamıza çevirmişdir. Onlardan biri Aristotelin məşhur “Poetika”sıdır (1974) ki, Q.E.Lessinq onu mükəmməlliyi və qüsursuzluğuna görə Evklidin “Elementləri”nə bərabər tuturdu. Digəri isə Didro irsinə müraciət olub, F.Hegel, K.Marks və F.Engelsin yüksək dəyər verdikləri və dialektikanın bariz nümunəsi hesab etdikləri “Ramonun qardaşı oğlu” (1962) əsəridir. Estetik alimimiz bir sıra poetik sənət nümunələrinin, Bayronun məşhur “Şərq poemaları”nın (1968), A.Tvardovskinin öz vaxtında birinci dərəcəli Stalin mükafatı almış “Vasili Tyorkin. Döyüşçü haqqında kitab”ın tərcüməçisi kimi də tanınır. Böyük Vətən müharibəsinin şən, şux və nikbin təbiəti, hazırcavablığı ilə insanların qəlbini fəth edən igid əsgərinin macəralarından danışan “Vasili Tyorkin”in tərcüməsi hətta üç dəfə (1955, 1973, 1985) nəşr edilmişdir.

Atamın — yazıçı-publisist Əşrəf Hacıyevin (1932–2001) biblioqrafiyasını tərtib edərkən, ev arxivində qorunan və zamanın saraltdığı qəzet kəsikləri arasında onun “Molodyoj Azerbaydjana” qəzetinin 1956-cı il 9 sentyabr tarixli sayında dərc edilmiş “Döyüşçü haqqında nəğmə” başlıqlı yazısına rast gəlmişdim. Bu, “Vasili Tyorkin” poemasının ilk dəfə Azərbaycan dilində işıq üzü görməsi barədə resenziya idi. Düzü, xeyli təəccübləndim. Atamla akademikin köhnə tanışlar olduğunu bilsəm də, bu tanışlığın mənim hələ dünyada olmadığım uzaq 1956-cı ilə, indi düşünürəm, ola bilsin daha əvvələ gedib çıxdığından xəbərsizdim. 24 yaşlı Əşrəf Hacıyevin 30 yaşlı Aslan Aslanovun tərcüməsi barədə istedadla yazılmış, təhlil dərinliyi, məzmun bitkinliyi, xüsusi səmimiliyi ilə seçilən resenziyasını, gizlətməyəcəyəm, qüssə qatışmış fərəh hissi ilə oxudum. Tərcümənin məziyyətlərini göstərmək üçün gənc müəllif əvvəlcə “Vasili Tyorkin” kimi monumental əsərin yüksək bədii dilinin xüsusiyyətlərinə diqqəti cəlb edir, burada xalq danışıq dilindən, müdrik atalar sözlərindən, məsəllərdən ustalıqla istifadə edilməsinin əsəri zənginləndirib gücləndirdiyini, obraza böyük təbiilik və həyatilik verdiyini söyləyir. Tərcümənin çətinliyinin poemanın dilinin hədsiz lakonikliyi, “bədii formanın qəlizliyi və orijinallığı”, “epitet, metafora, metonimiyaların və s. sırf rus xarakteri” ilə bağlı olduğunu qeyd edərək sözünə davam edir: “A.Aslanov əsas etibarilə bu çətinlikləri aradan qaldırmağa, əsərin məzmun, ruh və üslubunu saxlamağa, Azərbaycan dilində uğurlu dil və poetik ekvivalentlər tapmağa müvəffəq olmuşdur. Tərcümənin dili bədii, ifadəlidir, poema üçün səciyyəvi olan optimist, həyatverici ruhu özünə hopdurmuşdur, onda Aleksandr Tvardovskinin əsərinə xas təravət və təbiilik vardır”. Məqalədə tərcüməçinin Azərbaycan dilinin, xalq danışığının ifadə vasitələrindən məharətlə istifadə edərək orijinalın məna və lakonizmini saxlamaqla onun ən çətin yerlərini düzgün verə bildiyi uğurlu misralar misal gətirilir, “hər bir böyük işdə” olub “asanca düzələ bilən” bəzi qüsurlardan da yan keçilmir. Başlıcası isə, tənqidçinin fikrincə, “gənc istedadlı şair Aslan Aslanovun” ciddi işi sayəsində Azərbaycan ədəbiyyatının daha bir ecazkar əsərlə zənginləşməsidir…

Yadıma düşdü ki, “Vasili Tyorkin” atamın kitabxanasında olmalıdır və xeyli axtarışdan sonra çəhrayı üzlü kitabı tapdım. Bu, elə A.Aslanovun 1955-ci ildə çıxan həmin tərcüməsi idi. Kitabda atamın mürəkkəb qələmlə etdiyi qeydlər – mətn üzərində işinin izləri qalmışdı. Bəzi səhifələrin kənarındakı müqayisə üçün rus orijinalından götürülmə misralar, yaxud sözlər qeyd edilmişdir. Ayrı-ayrı beytlərin, bəndlərin, misraların yanında nida, sual işarələri qoyulmuş, yaxud “gözəldir”, “təkrar”, “təsiri azalmışdır”, “ricət”, “həyəcan” və s. sözlər yazılmışdır. Bunların arasında resenziyada istifadə edilməyənləri də vardı. Məsələn, Vasili Tyorkinin alman faşisti ilə təkbətək əlbəyaxa döyüşünün təsvir edildiyi hissədə onun düşmənə ünvanladığı aşağıdakı sözlərinin yanında “əla” yazılıb:

— Əclaf, sən kinlisənsə

Mən səndən də kinliyəm,

Əgər sən cinlisənsə,

Mən cinlidən də cinliyəm.

Bu, rus xalq danışığını obrazlar səviyyəsində sırf Azərbaycan el danışığına döndərə bilən həqiqətən “əla” tərcüməni oxuyanda eybəcərliyin nə üçün estetik dəyər daşıyıcısı, estetikanın kateqoriyası olduğunu anlayırsan.

Yazının qəribə gedişatı, axarı olur, bəzən onun səni götürüb hara aparacağını qabaqcadan bilmirsən. İndi, mən də yazdığıma baxıb, görürəm ki, o, “Lalələr”, estetika, tərcümə, yaradıcılıq prosesi, Aristotel, İbn Rüşd, Borxes, Vasili Tyorkin haqqında söhbətə, atam haqqında xatirəyə çevrilib. Əslində burada qeyri-təbii heç nə yoxdur. Çünki Aslan Aslanovun həyatında bunların hamısı olmuşdur. Və bütün bunları birləşdirən böyük həyat idealı təsadüfən gözümə sataşan, özünün nə vaxtsa gözəlliyi vəsf edərək uca səslə söylədiyi bu misralarda ifadə olunmuşdu:

Nə mənası quru yerdə ad-sanın,

Ey insanlar, gül-çiçəyə yaslanın.

İlk şüarı, al bayrağı Aslanın

Gözəllikdir, gözəllikdir, gözəllik! 

ARZU ƏŞRƏF HACIYEVA,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru