“Ülvi söhbətlər” fəlsəfi seminarlar silsiləsindən ilk görüş keçirilib
Sentyabrın 28-də Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadənin müəllifliyi və təşəbbüsü ilə “Ülvi söhbətlər” adlı fəlsəfi seminarlar silsiləsinin ilk görüşü keçirilib.
1990-cı il 20 Yanvar faciəsində şəhid olmuş şair Ülvi Bünyadzadənin xatirəsinə həsr olunan ilk seminar “Mən kiməm?” mövzusuna həsr edilib.
Seminarı Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva açaraq əvvəlcə Ülvi Bünyadzadə haqqında qısa məlumat verib. O, Ülvi Bünyadzadənin universitetin fəxri məzunu və qüruru, tələbələr üçün yüksək nümunə olduğunu bildirib.
Professor Həmidə Əliyeva belə bir seminarın dəyərlərin deqradasiyaya uğradığı müasir dövrdə gənclər üçün əhəmiyyətindən danışaraq onun gənclərin düşüncələrinin düzgün formalaşmasına və özünüdərk prosesinə mühüm töhfə verəcəyini vurğulayıb. Daha sonra sözü seminarın mühazirəçisi professor Könül Bünyadzadəyə verib.
Professor Könül Bünyadzadə yaradılmış şəraitə və ideyasına göstərilən dəstəyə görə universitet rəhbərliyinə, akademik Kamal Abdullaya, Elm və innovasiya məsələləri üzrə prorektor, filologiya elmləri doktoru, professor Həmidə Əliyevaya, eləcə də Universitetin Tələbə Elmi Cəmiyyətinə təşəkkürünü bildirib.
Daha sonra professor Könül Bünyadzadə hazırladığı slaydlar əsasında mühazirə ilə çıxış edib.
Mühazirəçi “Mən kiməm?” sualının cavabını axtarışına Ülvi Bünyadzadənin şəxsiyyəti, yaradıcılığı və Andı üzərindən başlayıb. Şeir nümunələri əsasında “Mən” anlayışını müxtəlif rakurslardan, o cümlədən ruh və bədən münasibəti kontekstində nəzərdən keçirib.
Professor Könül Bünyadzadə “Mən”in dərkində özünüdərkin, insanın daxili potensialının düzgün şəkildə üzə çıxarılmasının əhəmiyyətini vurğulayıb. O, həqiqi “Mən”in insanın daxili aləmindən qidalanmasının zəruriliyini fəlsəfi müstəvidə əsaslandırıb.
Sonda professor Könül Bünyadzadə dinləyicilərin suallarını cavablandırıb.
Professor Həmidə Əliyeva maraqlı məruzəyə görə universitet rəhbərliyi və tələbələr adından təşəkkürünü bildirib, “Ülvi söhbətlər” fəlsəfi seminarlar silsiləsinin gələcək fəaliyyətinə uğurlar arzulayıb.





