15.09.2026, 11:24 - Baxış sayı: 12

ZƏKA NURU İLƏ İŞIQLANAN ÖMÜR: ZAKİR MƏMMƏDOVUN ELMİ-FƏLSƏFİ İRSİ


İslam dininin müqəddəs kitabı Qurani-Kərimdə alimlərin Allah-Təalanın yerdəki nuru olması göstərilmişdir. Təbii ki, bu pak ad əsil alimlərə şamildir. Dini və fəlsəfi ədəbiyyatlarda “işıq” kəlməsi dərin məna daşıyır. İnsanın mənəvi saflığlı, xeyirxahlığı “daxildəki işıq” kimi dəyərləndirilir. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov yaşadığı 66 illik ömür payında təmənnasız xeyirxahlığı, şərəfi, imanı ilə Tanrının nurunu köksündə daşıdı. Bu nura əsaslanaraq elmə ziya saçmağa çalışdı. Zakir Məmmədovun həyatı Azərbaycanda fəlsəfi irsinin yeganə tədqiqatçısı olduğu Şihabəddin Yəhya Sührəvərdinin işraqilik təliminin mahiyyətinə bənzəyir. Həyatın daxilindəki mənəvi nurdan istiqamətlənərək elmi fəaliyyətində mühüm nailiyyətlər qazanmaq və elmə böyük töhfələr vermək istəmişdir. Öz zəka nuru ilə orta əsrlər fəlsəfə tariximizin araşdırılmasına işıq saçmışdır.

Orta əsrlər müsəlman Şərqi mədəniyyətinin, ictimai və elmi həyatının inkişafında mühüm xidmətlər göstərmiş şəxsiyyətlər arasında azərbaycanlı alimlər, filosoflar və mütəfəkkirlər xüsusi mövqeyə malikdirlər. Qaynaqlarda nisbəsinə görə Azərbaycandan olduğu anlaşılan dövrünün onlarla zəka sahiblərinin adlarına rast gəlinir. Bu şəxsiyyətlərin irsinin araşdırılması bizim üçün milli qürür olmaqla yanaşı, vətəndaşlıq borcudur.

Zakir Məmmədovun milli fəlsəfi irsimizi araşdırmasında Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin yenicə açılmış ərəb filologiyası şöbəsində (1957-1962 illər) təhsil almasının, böyük şəxsiyyət, poliqlot alim, Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədovdan ərəb dilini mükəmməl öyrənməsinin mühüm rolu vardır.

Qeyd etmək lazımdır ki, Zakir Məmmədov 1962–1963 illərdə Misirdə Asuan bəndinin tikintisində ilk azərbaycanlı tərcüməçi kimi işləmişdir. Onun göstərdiyi bu xidmət 2019-cu ildə İslam Əmək­daşlıq Təş­ki­la­tı­nın Misirdə keçirilən böyük tədbiri zamanı xa­­tırlanmış, Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri Azər­bay­ca­­nın nümayəndə heyətilə görüşündə Zakir Məmmədovun Asuan bəndinin ti­kin­ti­sin­­də xidmətini ehtiramla yada salmışdır.

Zakir Məmmədov 1 yanvar 1964-cü ildən Azərbaycan EA Fəlsəfə bölməsində (indiki AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) işə başlamışdır. Alim elmi fəaliyyətə başladığı ilk günlərdən ərəb, fars dillərində qələmə alınmış mötəbər mənbələri araşdıraraq Şərq, o cümlədən Azərbaycanla bağlı nadir elmi tapıntıları üzə çıxarmışdır. Bunun nəticəsi kimi görkəmli filosoflarımız haqqında ümumi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Şihabəddin Sührəvərdi və b. haqqında ayrıca məqalələr çap etdirmişdir.

Zakir Məmmədov 1967-ci ildə tamamladığı “Siracəddin Urməvinin məntiqi görüşləri” mövzusunda namizədlik dissertasiyasının müdafiəsinə 1969-cu ildə müvəffəq olmuşdur. 1974-cü ildə bitirdiyi “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” adlı doktorluq dissertasiyası kitab kimi 1978-ci ildə çap olunsa da, müdafiəsinə 16 il sonra 1990-cı ildə nail olmuşdur.

Zakir Məmmədov AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) 1997-ci ildə ilk dəfə “Şərq fəlsəfəsi tarixi və dinşünaslıq” adlı elmi-tədqiqat şöbəsini yaratmış və həmin şöbəyə rəhbərlik etmişdir. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Zakir Məmmədov ömrünün 40 ilini Azərbaycan milli fəlsəfəsinin tədqiqinə həsr etmişdir. Alimin fəailiyyətinin böyük hissəsi ictimai şüurda dini ideologiyaya qarşı çıxıldığı, bəzi fəlsəfi düşüncələrin dini təbliğ kimi qələmə verildiyi SSRİ dövrünə təsadüf etmişdir. Lakin o, araşdırmalarını zamanın tələbinə uyğun deyil, mütəfəkkirlərin və filosofların dünyagörüşlərini olduğu kimi tədqiqini doğru hesab edərək obyektiv mövqedən milli fəlsəfi irsimizin varlığını aşkara çıxarmışdır.

Beləliklə, tədqiqatçı XX əsrin 60-cı illərindən gərgin axtarışlar apararaq Şərq dillərində yazıb-yaratmış Azərbaycan filosoflarının və mütəfəkkirlərinin dünyanın müxtəlif ölkələrində çap olunmuş, habelə əlyazması şəkilində saxlanılan zəngin irsini üzə çıxarmış, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır.

Elm və mədəniyyət tarixində orta əsrlər mərhələsini Azərbaycan, ümumiyyətlə, müsəlman Şərqi üçün yüksək tərəqqi və inkişaf dövrü hesab etmək mümkündür. Məhz buna görə, “fəlsəfə tarixi nəzəri təfəkkür qabiliyyətini inkişaf etdirmək və təkmilləşdirmək üçün yeganə vasitədir” fikrini irəli sürən Zakir Məmmədov qırx ilə yaxın müddətdə elmi axtarışlar aparmış, orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda dini-fəlsəfə ilə yanaşı elmi-fəlsəfənin də varlığını sübuta yetirmişdir.

İslam aləminin fəlsəfəsi və İslam fəlsəfəsi ifadələri arasında məna fərqi vardır. Zakir Məmmədov ilk dəfə olaraq bu mələsələdən bəhs edərək yazmışdır: “İslam aləminin mədəniyyəti, elmi, fəlsəfəsi və s.” əvəzinə “islam mədəniyyəti, elmi, fəlsəfəsi və s.” demələri dolaşıqlıq yaradır. İbn Sina, Bəhmənyar, İbn Rüşd, Eynəlqüzat Miyanəci və Şihabəddin Sührəvərdini – bitkin elmi-fəlsəfi təlimlərinə, müstəqil doktrinalarına görə əzab və işgəncələrə məruz qalmış bu filosofları Əbuhamid Qəzali ilə, ümumiyyətlə sxolastlarla bir mövqedə tutub, onları “islam fəlsəfəsinə” aid etmək düzgün deyildir.

Alimin əsərlərindən məlumdur ki, orta əsrlərdə müsəlman Şərqində mükəmməl dini-fəlsəfi təlimlərlə yanaşı yetkin elmi fəlsəfi sistemlər meydana gəlmişdi. X əsrdə türk filosofu Əbunəsr Məhəmməd Farabinin işləyib hazırladığı Şərq peripatetizmini Azərbaycanda Bəhmənyar (993-1066), Əfzələddin Xunəci (1194-1248), Siracəddin Urməvi (1198-1283) və b. görkəmli təbiətşünas filosoflar inkişaf etdirmişlər. O dövrdə bütün təbiət və riyaziyyat elmləri (fizika, kimya, tibb, mexanika, hesab, həndəsə, cəbr, astronomiya və i.a.) peripatetik fəlsəfə ətrafında birləşmişdi. XII əsrdə Azərbaycan filosoflarından Eynəlqüzat Abdulla Miyanəcinin (1131-ci ildə 32 yaşında edam edilib) panteist təlimi və Şihabəddin Yəhya Sührəvərdinin (1191-ci ildə 37 yaşında edam edilib) işraqilik təlimi fəlsəfi məktəbə çevrilərək əsrlər boyu istedadlı filosoflar üçün örnək olmuşdur. Onların ideyaları sonralar Avropa ölkələrinə nüfuz etmişdir. Bir sözlə, dünya fəlsəfəsi tarixi orta əsrlərdə məhz Şərq, ələlxüsus Azərbaycan filosoflarının sayəsində elmi-fəlsəfi təlimlərdən xali olmamışdır.

Zakir Məmmədov Azərbaycanda Eynəlqüzat Miyanəcinin fəlsəfi irsinin yeganə tədqiqatçısıdır. Alim sufizmdə panteist sistemini ilk dəfə İbn Ərəbinin (1165-1240) işləyib hazırlaması haqqındakı yanlış müddəanı elmi faktlarla təkzib etmiş, İbn Ərəbidən hələ yarım əsr əvvəl sufizmin panteist fəlsəfəsinin Eynəlqüzat Miyanəcinin yaratdığını mənbələrlə əsaslandırmışdır.

Qeyd etmək lazımdır ki, Zakir Məmmədovun təşəbbüsü ilə Azərbaycan EA Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar qəbul etmişdır. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir.

Tədqiqatçıİşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) irsini XX əsrin 60-cı illərindən araşdırmaqla Azərbaycanda mütəfəkkirin fəlsəfi irsinin yeganə tədqiqatçısı olmuşdur. Zakir Məmmədov ərəbşünas alim Tariyel Həsənovla birlikdə Şihabəddin Yəhya Sührəvərdinin “Filosofların görüşləri” traktatını Azərbaycan və rus dillərinə tərcümə etmişdir. Traktat orijinalı ilə birlikdə hər iki dildə ilk dəfə 1986-cı ilə çapdan çıxmışdır. Alim 1989-cu ildə Şihabəddin Yəhya Sührəvərdinin “İşıq heykəlləri” traktatını ərəbcədən azərbaycancaya tərcüməsini şəxsi vəsaiti hesabına kitabça şəklində çap etdirmişdir.

Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan EA Rəyasət Heyəti və Nazirlər Kabineti qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Zakir Məmmədovun təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar Azərbaycan EA Rəyasət Heyəti tərəfindən qərar qəbul edilmişdir. O, Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileyləri, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyi ilə əlaqədar məqalələr hazırlamış, jurnal və qəzetlərdə nəşr etdirmişdir.

Zakir Məmmədov 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında verdiyi fərmanla Dövlət Yubiley Komissiyasının üzvü seçilmişdir.

Tədqiqatçı Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırmışdır. Məhz onun araşdırmasından məlum olur ki, 1266-cı ildən Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da, alim elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.

Zakir Məmmədov ilk dəfə olaraq böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur Ömər Xəyyamın (1048-1131) Bəhmənyarın şagirdi olduğunu göstərmişdir. Tədqiqatçının fikrincə, Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri tərəfindən inkişaf etdirilərək Şərq peripatetizminin son böyük nümayəndəsi Rəcəbəli Təbrizidə (...-1669) sona çatmışdır.

Alimin yaradıcılığından aydın görünür ki, müqtədir Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, bütün müsəlman Şərqi ölkələrində əsrlər boyu istedadlı filosoflar üçün örnək olmuşdur. Onların ideyaları sonralar islam aləmi ilə məhdudlaşmamış və Avropa ölkələrində də yayılmışdır. Bir sözlə, dünya fəlsəfəsi tarixi orta əsrlərdə (1000 illik bir dövrdə) məhz Şərq, ələlxüsus Azərbaycan filosoflarının sayəsində elmi-fəlsəfi dünyagörüşündən xali olmamışdır. Bütün bunları Zakir Məmmədov 30-dan çox kitabda (çap edilmiş və çap edilməmiş) və 250-dən çox məqalədə ifadə etmişdir.

Zakir Məmmədov 1969-1970 illərdə Azərbaycan Sovet Ensiklopedi­ya­sında (indiki Azərbaycan Milli Ensiklopedi­ya­sı) elmi redaktor (yarımştat) vəzi­fəsində çalışmışdır. Şərq filosoflarından – Əbunəsr Farabi, Məhəmməd Bərdəi, Əsirəddin Əbhəri, Əbunnəcib Sührəvərdi, Əbuhəfs Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Həmədani Eynəlqüzat Miyanəci, Siracəddin Urməvi, Əfzələddin Xunəci, Əminəddin Təbrizi, Rəcəbəli Təbrizi, Tacəddin Urməvi, Qütbəddin Şirazi, Məhəmməd Xalxali, Şəmsəddin Xoylu, Şihabəddin Xoylu, Şəmsəddin Xosrovşahi, Mühyiddin Qarabaği kimi qırx nəfərdən çox mütəfəkkir məhz onun tədqiqatı sayəsində 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”na salınmışlar.

Alimin 40 illik gərgin elmi fəaliyyətinin nəticəsi kimi “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” (1978), “Bəhmənyarın fəlsəfəsi” (1983), “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” (1986; rusca: 1993), “Azərbaycan fəlsəfəsi tarixi” (1994; təkrar nəşr: 2006), “Nizami Gəncəvinin fəlsəfi düşüncələri” (2000), “Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü)” (2009), “Seçilmiş əsərləri” (2015; 740 səh), “Bəhmənyar məktəbinin fəlsəfəsi” (2022), “Siracəddin Urməvinin dünyagörüşü” (2024), “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” (2025), “Azərbaycan fəlsəfəsi tarixi: təd­qiqi və təbliği (məqalələrdən seçmələr)” (2026) və başqa əsərləri çapdan çıxmışdır.

“Azərbaycan fəlsəfəsi tarixi” (Bakı, 1994) monoqrafiyası Azərbaycan Res­pub­li­­kasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində la­tın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq­qın­da” 12 yan­var 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunan ki­tab­lar sı­ra­sın­da “Azərbaycan fəlsəfəsi tarixi” 2006-cı ildə təkrar çap edil­miş­dir. Bu alimin cismən yoxluğundan sonra əməyinə ve­ri­lən ilk böyük qiy­mət idi.

Zakir Məmmədov tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. Alimin tədqiqatlarına qədər Bəhmənyarın “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” adlı kiçik həcmli iki traktatı məlum idi. Alim Bəhmənyarın irsindən bir sıra materiallarla yanaşı, onun ərəb dilində 900 səhifəyə yaxın “Təhsil” kitabının varlığını aşkara çıxarmışdır. Bəhmənyarın “Metafizikanın mövzusu”, “Mövcudatın mərtəbələri” traktatları ilə bərabər “Təhsil” kitabı da onun tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuşdur. “Təhsil” əsərini ilk dəfə olaraq tam halda tədqiqata da Zakir Məmmədov cəlb etmişdir.

Dünya fəlsəfəsinin incilərini – Yəqub Kindinin “İlk fəlsəfə” traktatını, Əbülhəsən Əşərinin “Müsəlmanların fikirləri və ibadət edənlərin rəy müxtəlifliyi” əsərlərindən fraqmentləri, Farabinin “Məsələlərin mahiyyəti” kitabını, İbn Sinanın “Bilik kitab”ından fizika hissəsini, “Siyasət kitabı. Etikaya dair traktat”ı, Bəhmənyarın “Təhsil” kitabından Məntiq hissəsini, “Metafizikanın mövzusu” və “Mövcudatın mərtəbələri” traktatlarını, Qəzalinin “Yanılmaqdan xilas edən” traktatından parçaları, Eynəlqüzat Miyanəcinin “Həqiqətlərin məğzi” traktatından parçaları, Əbuhəfs Sührəvərdinin “Biliklərin töhfələri” kitabından seçilmiş parçaları və i.a. əsərləri Zakir Məmmədov Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş, həmin əsərlər “Şərq fəlsəfəsi (IX-XII əsrlər)” (BDU nəşriyyatı, 1999) toplusuna daxil olmuşdur. O, ilk dəfə 1971-ci ildə çapdan çıxmış A.Bakıxanovun məntiqə dair “Tərəzinin mahiyyəti” traktatını da ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

Zakir Məmmədovun elmi yaradıcılığını fərqləndirən cəhət təkcə onun orijinal mənbələr vasitəsilə işlənməsi deyil, eyni zamanda XX əsrin 60-cı illərindən etibarən dərc edilən elmi əsərlərinin hər biri orijinallığını, elmi dəyərinin saxlamasıdır. Sağlığında iki yüzdən çox orijinal əsəri – kitabları və məqalələri nəşr olunmuşdur.

Alimin şəxsi arxivində çap olunmamış ondan artıq monoqrafiyası qorunur. Onlardan yalnız dördü vəfatından sonra ilk dəfə tərtib edilərək işıq üzü görmüşdür: “Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü)” (2009), “Bəhmənyar məktəbinin fəlsəfəsi” (2022), “Siracəddin Urməvinin dünyagörüşü” (2024), “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” (2025). Gərgin araşdırmanın nəticəsində ərsəyə gəl­miş bu mo­noq­ra­fiyalar ilk dəfə nəşr olunmuş və bir neçə əsər isə hə­lə zamanını göz­lə­yir. Mə­lum­dur ki, bir alim üçün cismən yoxluğundan sonra əlyazması şəklində qal­mış yeni araşdırmaların üzə çıxarılması və çapı nadir fakt­lar­dan­dır.

2026-cı ildə 90 illik yubileyi olan Zakir Məmmədov 66 illik ömür yaşamışdır. O, bu ömrün 40 ilini Azərbaycan milli fəlsəfi irsinin üzə çıxarılmasına, araşdırılmasına həsr etmişdir. Zakir Məmmədov Şihabəddin Sührəvərdinin qəbri üzərində yazılmış beytləri təkrarlamağı xoşlayardı: “Bu qəbrin sahibi gizli gövhər idi. Allah onu şərəfdən yaratmışdı. Zəmanə o gövhərin qədir-qiy­mə­tini bilməmiş, buna görə də Allah onu qeyrətlə sədəfə sal­mış­dır”.

Aytək Zakirqızı Məmmədova

Ülkər Zakirqızı Məmmədova