BIR-BIRINI TAMAMLAYAN FUNDAMENTAL DƏYƏRLƏR – SÜLH VƏ INSAN HÜQUQLARI
Müasir dövrdə sülh və insan hüquqları beynəlxalq hüququn, dövlətlərin konstitusiya sistemlərinin və qlobal idarəetmə mexanizmlərinin əsas dəyərləri sırasında xüsusi yer tutur. XX əsrdə baş vermiş iki dünya müharibəsi, kütləvi insan hüquqları pozuntuları, soyqırımlar, məcburi köçürmələr və digər humanitar fəlakətlər göstərmişdir ki, beynəlxalq sülhün qorunması ilə insan hüquqlarının müdafiəsi bir-birindən ayrılmaz məsələlərdir. İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hüquq sistemi məhz bu tarixi təcrübədən çıxış edərək dövlətlərarası münasibətlərdə güc tətbiqinin məhdudlaşdırılması ilə yanaşı, insan hüquqlarının universal müdafiəsini də beynəlxalq hüquqi nizamın əsas istiqamətlərindən birinə çevirmişdir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin preambulasında insan ailəsinin bütün üzvlərinin xas ləyaqətinin və bərabər və ayrılmaz hüquqlarının tanınması azadlığın, ədalətin və dünya sülhünün əsası kimi xarakterizə edilir. Bu müddəa sülh və insan hüquqları arasındakı normativ əlaqənin ən mühüm ifadələrindən biridir.
İnsan fəaliyyətində müəyyən istiqamətləndirici meyarlar mövcuddur. Onlar dəyərlər adlanır. Dəyər – insan üçün əhəmiyyət kəsb edən, onun üçün qiymətli və vacib olan, fəaliyyətində istiqamətləndiyi məfhumdur. Fundamental dəyərlər isə digər dəyərlər üçün əsas və istiqamətləndirici əhəmiyyət daşıyan ali prinsiplərdir. Məhz buna görə fundamental dəyərlərin pozulması təkcə fərdi maraqların deyil, bütövlükdə cəmiyyətin hüquqi və mənəvi nizamının zədələnməsinə gətirib çıxara bilər. Həmçinin fundamental dəyərlər insanın ləyaqətini, azadlığını, bərabərliyini, ədaləti və sosial həmrəyliyi ifadə edən, dövlətin və cəmiyyətin hüquqi-siyasi quruluşunun əsasını təşkil edən ali mənəvi və hüquqi prinsiplərdir. İnsan hüquqları isə bu fundamental dəyərlərin konkret hüquqi ifadəsi və təminat mexanizmidir. Dəyərlər tələbatlarla o qədər sıx bağlıdır ki, istənilən sosial birlik konkret mədəni dəyərlər sistemi formalaşdırarkən və bu sistemin inkişafını təmin edərkən, onun təməlini həmin birliyin üzvlərinin idealları və tələbatları üzərində qurur. Cəmiyyətdə mədəni dəyərlər sistemi həm əsas həyati dəyərlərdən (buraya həyatın məqsədi və mənası, xoşbəxtlik haqqında təsəvvürlər daxildir), həm də dünyagörüşü, mənəvi, estetik, hüquqi və digər dəyərlərdən ibarət ola bilər.
Fəlsəfi-hüquqi baxımdan fundamental dəyərlərlə insan hüquqları arasında qarşılıqlı vəhdət mövcuddur. İnsan ləyaqəti insan hüquqlarının başlanğıc nöqtəsi, azadlıq və bərabərlik onların əsas prinsipləri, ədalət və həmrəylik isə onların sosial həyata keçirilməsinin mühüm şərtləridir. Bu baxımdan insan hüquqları yalnız hüquq normalarının məcmusu deyil, həm də dövlət hakimiyyətinin legitimliyini müəyyən edən fundamental dəyərlər sistemidir.
Sülh anlayışı tarixən müxtəlif fəlsəfi və hüquqi mövqelərdən izah edilmişdir. Klassik yanaşmada sülh əsasən müharibənin və silahlı zorakılığın olmaması kimi qəbul edilirdi. Lakin müasir hüquq nəzəriyyəsində bu yanaşma kifayət hesab edilmir. Sülh çox zaman yalnız müharibənin olmaması — xaosun ortasında hökm sürən sakitlik kimi başa düşülür. Lakin sülh passiv bir vəziyyət deyil. O, daim kollektiv səylər tələb edən, fəal mövqe və ümumi məsuliyyət ifadə edən bir vəziyyətdir. Sülh yalnız hərbi əməliyyatların olmaması ilə məhdudlaşmır (neqativ sülh). Ədalətin, bərabərliyin, söz azadlığının və hüquqların qorunmadığı cəmiyyətlərdə daxili narazılıqlar və münaqişə ocaqları yaranır. İnsan hüquqlarına hörmət olunması pozulmaz və davamlı sülhün (pozitiv sülh) əsasını qoyur. Sülh bəşəri fundamental dəyərlər sistemində xüsusi yer tutur. Müharibə və silahlı münaqişələr insanın yaşamaq, təhlükəsizlik, sağlamlıq, ailə həyatı, yaşayış yeri və digər fundamental hüquqlarına ciddi təhlükə yaradır. Buna görə insan hüquqlarının səmərəli müdafiəsi ilə sülhün qorunması arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Sülhün bəşəri dəyər kimi tanınması dövlətlərin yalnız hərbi qarşıdurmadan çəkinməsini deyil, həm də münaqişələrin hüquqi və diplomatik vasitələrlə həll edilməsinə üstünlük verməsini tələb edir.
Sülh şüurlu seçimdir. Bu seçim bizə irqi, dini, dil və mədəni fərqlərimizə təhdid kimi deyil, qarşılıqlı zənginləşmə və güc mənbəyi kimi yanaşmaq üçün imkan yaradır. Bu, dinləməyə, monoloqa deyil, dialoqa qoşulmağa və başqalarının divarlar ucaltmağa çalışdığı bir zamanda körpülər qurmağa çağırışdır.Getdikcə dərinləşən qütbləşmə, aşırı millətçiliyin yenidən güclənməsi və sosial gərginliyin artması ilə səciyyələnən müasir dünyada belə seçim artıq könüllü və ya ikinci dərəcəli məsələ deyil. O, zəruri və əvəzolunmaz şərtdir. Əgər cəmiyyətdə silahlı münaqişə olmasa da, sistemli ayrı-seçkilik, hüquqsuzluq, siyasi təqib, sosial ədalətsizlik və insan ləyaqətinin pozulması mövcuddursa, belə vəziyyəti tam mənada davamlı sülh hesab etmək çətindir. Deməli, sülhün davamlılığı onun yalnız zorakılığın olmaması ilə deyil, insan hüquqlarının real və effektiv təmin olunması ilə də müəyyən edilir.
Fəlsəfi-hüquqi baxımdan fundamental dəyərlərlə insan hüquqları arasında qarşılıqlı vəhdət mövcuddur. İnsan ləyaqəti insan hüquqlarının başlanğıc nöqtəsi, azadlıq və bərabərlik onların əsas prinsipləri, ədalət və həmrəylik isə onların sosial həyata keçirilməsinin mühüm şərtləridir. Bu baxımdan insan hüquqları yalnız hüquq normalarının məcmusu deyil, həm də dövlət hakimiyyətinin legitimliyini müəyyən edən fundamental dəyərlər sistemidir. Bu dəyərlərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onlar bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil. Məsələn, insan ləyaqətinin müdafiəsi azadlıq və bərabərlik olmadan tam mümkün deyil; ədalət bərabərliklə, sülh isə insan hüquqlarının müdafiəsi ilə sıx bağlıdır.
İnsan hüquqları zirehə bənzəyir: onlar bizi qoruyur; qaydalara bənzəyir, çünki bizə necə davranmağın mümkün olduğunu göstərir; hakimlərə bənzəyir, çünki onlara müraciət edə bilərik. Onlar emosiyalar kimi mücərrəddir və emosiyalar kimi hər bir insana məxsusdur; ətrafda nə baş verməsindən asılı olmayaraq mövcuddurlar. Onlar təbiətə bənzəyir, çünki tapdalana bilərlər; ruha bənzəyir, çünki məhv edilə bilməzlər. Zaman kimi, onlar da hamımıza eyni münasibətdədir: varlı və kasıb, yaşlı və gənc, ağ və qaradərili, hündür və qısa boylu olmağımızdan asılı olmayaraq. İnsan hüquqları bizə hörmət təklif edir və bizdən başqalarına hörmətlə yanaşmağı tələb edir. Bəzən xeyirxahlığın, həqiqətin və ədalətin nə demək olduğu barədə fərqli fikirlərimiz ola bilər. Lakin həyatımızda onlarla qarşılaşdıqda, onları mütləq tanıyırıq.
İnsan hüquqlarının tanınması o deməkdir ki, hər bir insana aşağıdakı müddəalara riayət olunmasını tələb etmək hüququnun verildiyi qəbul edilir: “Siz nə deyirsiniz və nə edirsinizsə edin, mən bu hüquqlara malikəm, çünki mən də sizin kimi insanam.” İnsan hüquqları hər bir insana xasdır. Bəs nə üçün bu tələb onun əsaslandırılması üçün hansısa müəyyən davranışın nümayiş etdirilməsini nəzərdə tutmur? Nə üçün insanların öz hüquqlarına layiq olduqlarını sübut etmələri tələb olunmasın?
Nəticə etibarilə, insan hüquqlarına riayət olunması tələbi mənəvi xarakter daşıyır və əxlaqi dəyərlərə əsaslanır. Mənim yaşamaq hüququm, son nəticədə, o deməkdir ki, heç kəsin mənim həyatımı əlimdən almasına yol verilmir: bu, sadəcə olaraq yolverilməzdir. Bu fikrin xüsusi əsaslandırmaya ehtiyacı, demək olar ki, yoxdur və yəqin ki, hər bir kəs belə yanaşma ilə razılaşar. Axı özümüzə münasibətdə hamımız qəbul edirik ki, həyatımızda və varlığımızda toxunulmaz olan və heç kəsin müdaxilə etməməli olduğu müəyyən məqamlar vardır. Çünki söhbət bizim varlığımızın kim olduğumuzu və nə olduğumuzu müəyyən edən həyati əhəmiyyətli tərəflərindən gedir. Bu cəhətlər bizim insan təbiətimiz və insan ləyaqətimiz üçün mühüm əhəmiyyət daşıyır.
İnsan hüquqları olmadan biz öz insani potensialımızı tam şəkildə reallaşdıra bilmərik. İnsan hüquqları yalnız bu anlayışı fərdi səviyyədən planetin bütün digər insanlarına şamil edir. Əgər mən belə tələblər irəli sürə bilirəmsə, deməli, bunu hər bir başqa insan da edə bilər. İnsan hüquqları konsepsiyasının əsasında iki əsas dəyər dayanır: birincisi — insan ləyaqəti, ikincisi isə bərabərlikdir. İnsan hüquqlarını ləyaqət hissi ilə yaşamaq üçün zəruri olan fundamental normaları müəyyən edən anlayış kimi başa düşmək olar. Onların universallığı isə ən azı bu baxımdan bütün insanların bərabər olmasından irəli gəlir. Burada biz heç kimi fərqləndirməməli və fərqləndirə də bilmərik. Əslində, insan hüquqları konsepsiyasını qəbul etmək üçün yalnız bu iki inancın və ya dəyərin tanınması kifayətdir və yəqin ki, heç kəs bunlarla ciddi şəkildə mübahisə etməz.
Məhz buna görə insan hüquqları dünyanın bütün mədəniyyətləri, bütün sivil dövlətləri və bütün əsas dinləri tərəfindən dəstəklənir. Demək olar ki, hər yerdə qəbul edilir ki, dövlət hakimiyyəti nə qeyri-məhdud, nə də özbaşına ola bilər. Dövlət hakimiyyəti onun yurisdiksiyası altında olan hər kəs üçün ən azı elə minimal şəraitin təmin edilməsi zərurəti ilə məhdudlaşdırılmalıdır ki, həmin şəxslər insan ləyaqətinə uyğun həyat sürə bilsinlər.
Filosoflar insan hüquqlarının mahiyyəti və təbiəti barədə mübahisələri sonsuzadək davam etdirə bilərlər. Lakin beynəlxalq birlik artıq 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini (ÜİHB) qəbul etməklə insan hüquqlarının müdafiəsi ideyasına sarsılmaz sadiqliyini bəyan etmişdir. O vaxtdan etibarən beynəlxalq birlik ÜİHB-də təsbit olunmuş səmərəli prinsipləri çoxsaylı beynəlxalq, regional və milli hüquqi sənədlərdə möhkəmləndirmişdir. ÜİHB hüquqi baxımdan məcburi sənəd kimi hazırlanmamışdır. Lakin onun müddəalarının sonrakı dövrlərdə qəbul edilmiş və hüquqi baxımdan məcburi xarakter daşıyan çoxsaylı beynəlxalq müqavilələrə – “konvensiyalar” və ya “sazişlər” kimi tanınan sənədlərə daxil edilməsi nəticəsində həmin müddəaların hüquqi statusu bu gün artıq şübhə doğurmur.
Beynəlxalq hüquqda sülh və insan hüquqlarının qarşılıqlı əlaqəsinin əsasları BMT Nizamnaməsində öz əksini tapmışdır. BMT Nizamnaməsinin 1-ci maddəsində beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə yanaşı, insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqi təşkilatın məqsədləri sırasında göstərilir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi isə insan hüquqlarının universal xarakterini təsdiqləyərək insan ləyaqətinin, bərabərliyin və azadlığın qorunmasını beynəlxalq hüquqi və mənəvi standart kimi müəyyən etmişdir. Bəyannamənin preambulasında insan hüquqlarına hörmətsizliyin ağır nəticələr doğurduğu və insan hüquqlarının tanınmasının azadlıq, ədalət və dünya sülhünün əsası olduğu qeyd edilir. Bu yanaşma sülhü insan hüquqlarından ayrı mövcud olan siyasi vəziyyət kimi deyil, insan ləyaqətinə əsaslanan beynəlxalq ictimai düzənin nəticəsi kimi nəzərdən keçirməyə imkan verir. 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt insan hüquqlarının beynəlxalq müdafiə sistemini daha da inkişaf etdirmişdir. Bu sənədlərin əhəmiyyəti ondadır ki, sülhün yalnız siyasi və hərbi təhlükəsizliklə deyil, insanların sosial, iqtisadi, mədəni və siyasi hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu göstərən geniş hüquqi sistem formalaşmışdır. Və bu sənədlər əsasında formalaşmış beynəlxalq hüquq sistemi göstərir ki, sülh və insan hüquqlarının müdafiəsi beynəlxalq ictimai qaydanın bir-birini tamamlayan elementləridir.
Əlaqə yalnız insan hüquqlarından sülhə doğru deyil, həm də sülhdən insan hüquqlarına doğru istiqamətlənir. Silahlı münaqişə şəraitində insan hüquqlarının həyata keçirilməsi ciddi şəkildə məhdudlaşa bilər. Münaqişələr nəticəsində insanların təhlükəsizliyi, yaşayış yeri, təhsil, səhiyyə, mülkiyyət və digər fundamental hüquqları risk altında qalır. Xüsusilə yaşamaq hüququ və şəxsi təhlükəsizlik sülh və təhlükəsizliklə birbaşa əlaqəlidir. Bu səbəbdən sülhün qorunması insan hüquqlarının həyata keçirilməsi üçün zəruri sosial-siyasi və hüquqi mühit yaradır. Burada mühüm nəticə meydana çıxır: İnsan hüquqları davamlı sülhün məzmununu müəyyən edir, sülh isə insan hüquqlarının effektiv həyata keçirilməsi üçün zəruri şərait yaradır.
Sülh və insan hüquqları arasındakı münasibət birtərəfli deyil. İnsan hüquqları sülhün təmin olunmasına xidmət etdiyi kimi, sülh də insan hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır. Silahlı münaqişələr zamanı ilk növbədə yaşamaq və təhlükəsizlik hüquqları ciddi risklərlə qarşılaşır. Müasir hüquq doktrinasında xüsusi maraq doğuran məsələlərdən biri sülh hüququ anlayışının formalaşmasıdır. 2016-cı il dekabrın 19-da BMT Baş Assambleyası 71/189 saylı qətnamə ilə Sülh hüququna dair Bəyannaməni qəbul etmişdir. Qətnamə 131 lehinə, 34 əleyhinə və 19 bitərəf səslə qəbul edilmişdir. Azərbaycan qətnamənin lehinə səs verən dövlətlər sırasında olmuşdur. Bəyannamənin giriş müddəalarında insan ləyaqətinin və bərabər və ayrılmaz hüquqların azadlıq, ədalət və sülhün əsası olduğu, sülhün isə insanın xas ləyaqətindən irəli gələn hüquqların tam həyata keçirilməsi vasitəsilə təşviq edildiyi vurğulanır. Bu sənədin elmi-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, burada sülh ayrıca siyasi məqsəd kimi deyil, insan hüquqlarının həyata keçirilməsi ilə sıx bağlı universal dəyər kimi nəzərdən keçirilir. Bununla belə, “sülh hüququ”nun müstəqil və tam formalaşmış universal subyektiv hüquq kimi hüquqi statusu beynəlxalq hüquq doktrinasında mübahisəli olaraq qalır. Buna görə elmi baxımdan daha düzgün yanaşma sülh hüququnu inkişaf etməkdə olan kollektiv və fərdi hüquq konsepsiyası kimi qiymətləndirməkdir.
Davamlı sülhün təmin edilməsində insan hüquqları ilə yanaşı hüququn aliliyi və demokratik institutlar da mühüm rol oynayır. Hüququn aliliyi dövlət hakimiyyətinin hüquqi çərçivədə həyata keçirilməsini təmin edir. Demokratiya insanların ictimai və siyasi qərarların qəbulunda iştirak imkanlarını genişləndirir. İnsan hüquqları isə dövlət hakimiyyətinin fərdin ləyaqətinə və azadlıqlarına müdaxiləsinin hüquqi sərhədlərini müəyyən edir. Bu üç prinsip birlikdə sosial konfliktlərin hüquqi və institusional vasitələrlə həllinə imkan yaradır.
İnsan hüquqlarının sistemli şəkildə pozulması yalnız fərdi hüquqi problem deyil. Belə pozuntuların geniş miqyas alması sosial sabitlik və təhlükəsizlik üçün də risk yarada bilər. BMT-nin yanaşmasına görə insan hüquqları pozuntuları münaqişə və qeyri-sabitliyin kök səbəblərindən biri ola bilər. Bu səbəbdən insan hüquqlarının qorunması konfliktlərin qarşısının alınmasının mühüm alətlərindən biridir. Bu kontekstdə insan hüquqları pozuntularının aşağıdakı nəticələri mümkündür:
Birinci, dövlət institutlarına ictimai etimad azalır.
İkinci, sosial qruplar arasında narazılıq və qarşıdurma artır.
Üçüncü, hüquqi mexanizmlərə inam zəiflədikdə mübahisələrin qeyri-hüquqi üsullarla həll olunması riski artır.
Dördüncü, ayrı-seçkilik və sosial bərabərsizlik uzunmüddətli konfliktlər üçün zəmin yarada bilər.
Deməli, insan hüquqlarının müdafiəsi yalnız “reaktiv” hüquqi mexanizm deyil, həm də preventiv sülh siyasətinin mühüm elementidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası göstərir ki, silahlı münaqişələr zamanı belə dövlətlərin insan hüquqları sahəsində beynəlxalq öhdəlikləri xüsusi əhəmiyyət daşıyır. Məhkəmənin dövlətlərarası işlər üzrə sonrakı təcrübəsində münaqişə şəraitində baş vermiş genişmiqyaslı insan hüquqları pozuntuları araşdırılmışdır. Məsələn, Ukraine and the Netherlands v. Russia işi üzrə Böyük Palatanın 9 iyul 2025-ci il tarixli qərarında Məhkəmə 2014-cü ildən Ukraynadakı münaqişə ilə bağlı genişmiqyaslı insan hüquqları pozuntularına dair məsuliyyət məsələlərini araşdırmışdır. Məhkəmə Konvensiyanın müxtəlif müddəalarının pozulması ilə bağlı nəticələrə gəlmişdir. Bu təcrübə mühüm hüquqi nəticə ortaya qoyur: silahlı münaqişə insan hüquqlarının hüquqi əhəmiyyətini aradan qaldırmır. Əksinə, münaqişə şəraitində insan hüquqlarının müdafiəsi daha mürəkkəb və daha vacib xarakter alır. Beləliklə, sülh prosesləri ilə insan hüquqları mexanizmləri bir-birini tamamlamalıdır.
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının müdafiəsini dövlətin əsas konstitusion vəzifələrindən biri kimi müəyyən edir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilir. Bu norma insan hüquqlarının Azərbaycan konstitusion dövlətçiliyinin mərkəzi elementlərindən biri olduğunu göstərir. Konstitusiyanın 24-cü maddəsində insan ləyaqətinin qorunması, 25-ci maddəsində bərabərlik hüququ, 26-cı maddəsində isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı fundamental müddəalar müəyyən edilmişdir. Eyni zamanda Konstitusiyanın 9-cu maddəsi Azərbaycan Respublikasının sülhsevər siyasət həyata keçirməsini təsbit edir. Bu müddəaların sistemli təhlili göstərir ki, Azərbaycan Respublikasının konstitusion-hüquqi sistemində sülhün və insan hüquqlarının təmin edilməsi vahid konstitusion dəyərlər sistemi təşkil edir. Dövlətin əsas vəzifəsi bu dəyərləri yalnız Konstitusiyada bəyan etmək deyil, onların real həyata keçirilməsini təmin edən hüquqi, institusional və sosial mexanizmlər yaratmaqdır. Azərbaycan Respublikasının Konstitusiyasında da insan hüquqları, insan və vətəndaşın hüquq və azadlıqları, insan ləyaqəti, bərabərlik, azadlıq, demokratiya və hüquqi dövlət prinsipləri dövlət quruluşunun əsas elementləri kimi təsbit edilmişdir. Bu baxımdan fundamental dəyərlər insan hüquqlarının fəlsəfi əsası, Konstitusiya isə həmin dəyərlərin hüquqi normativ ifadəsi kimi çıxış edir.
Bu normaların sistemli təhlili göstərir ki, Azərbaycan Respublikasının konstitusion modelində insan şəxsiyyəti, onun hüquq və azadlıqları dövlət fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edilir. Həmçinin sülh siyasəti insan hüquqlarının təmin edilməsindən, insan hüquqlarının təmin edilməsi isə sülh və təhlükəsizliyə əsaslanan hüquqi mühitdən ayrı nəzərdən keçirilməməlidir.
Ümümiyyətlə, fundamental dəyərlərin hər birinin ayrıca əhəmiyyəti olsa da, onların əsas xüsusiyyəti qarşılıqlı əlaqədə olmalarıdır. İnsan ləyaqəti olmadan azadlıq öz mahiyyətini itirir. Azadlıq olmadan insanın şəxsiyyət kimi inkişafı məhdudlaşır. Bərabərlik olmadan azadlıq yalnız müəyyən qrupların üstünlüyünə çevrilə bilər. Ədalət olmadan hüquq formal xarakter daşıya bilər. Sülh olmadan fundamental hüquqların praktiki həyata keçirilməsi çətinləşir. Həmrəylik olmadan isə sosial hüquqların və sosial ədalətin təmin edilməsi zəifləyir. Bu baxımdan fundamental dəyərləri piramida formasında deyil, vahid dəyər sistemi kimi nəzərdən keçirmək daha məqsədəuyğundur. Bu sistemin mərkəzində insan ləyaqəti, onun ətrafında isə azadlıq, bərabərlik, ədalət, sülh, həmrəylik, demokratiya və hüququn aliliyi yerləşir.
XXI əsrdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt, qlobal miqrasiya, ekoloji problemlər və transmilli iqtisadi münasibətlər fundamental dəyərlərin məzmununa yeni aspektlər gətirmişdir. Rəqəmsal mühitdə şəxsi həyatın toxunulmazlığı, şəxsi məlumatların müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal bərabərlik kimi məsələlər insan hüquqlarının yeni istiqamətlərini formalaşdırır. Süni intellekt və alqoritmik qərarvermə şəraitində isə ədalət, ayrı-seçkiliyin yolverilməzliyi, şəffaflıq və insan ləyaqətinin qorunması prinsiplərinin yeni texnoloji mühitə uyğunlaşdırılması zərurəti yaranır. Ekoloji problemlər də fundamental dəyərlərin nəsillərarası ölçüsünü gücləndirir. Sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq imkanının qorunması artıq yalnız ekoloji məsələ deyil, insan hüquqları və gələcək nəsillərin maraqları ilə bağlı fundamental problem kimi nəzərdən keçirilir.
Aparılmış təhlilimiz göstərir ki, sülh və insan hüquqları müasir beynəlxalq hüquq və konstitusiya hüququ sistemində bir-birindən ayrılmaz iki fundamental dəyərdir. Sülhün yalnız silahlı münaqişənin olmaması kimi başa düşülməsi müasir hüquqi reallıqlar baxımından kifayət deyil. Həqiqi və davamlı sülh insan ləyaqətinin qorunmasını, bərabərliyi, hüququn aliliyini, sosial ədaləti, demokratik iştirak imkanlarını və insan hüquqlarının effektiv müdafiəsini tələb edir. İnsan hüquqlarının sistemli şəkildə pozulduğu cəmiyyətdə uzunmüddətli sosial sabitliyin və davamlı sülhün təmin edilməsi çətinləşir. Əksinə, hüquq və azadlıqların qorunduğu, fərdin ləyaqətinə hörmət edildiyi və hüquqi müdafiə mexanizmlərinin effektiv fəaliyyət göstərdiyi cəmiyyətdə münaqişələrin dinc və hüquqi yollarla həlli üçün daha əlverişli şərait yaranır. Beynəlxalq hüququn inkişafı da bu qarşılıqlı əlaqəni təsdiq edir. BMT Nizamnaməsindən başlayaraq Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, beynəlxalq insan hüquqları paktları və BMT-nin Sülh hüququna dair 2016-cı il Bəyannaməsinə qədər formalaşan normativ sistem sülhü insan hüquqları ilə əlaqəli universal dəyər kimi qəbul etməyə imkan verir. BMT Baş Assambleyasının 71/189 saylı qətnaməsi ilə Sülh hüququna dair Bəyannamənin qəbul edilməsi bu istiqamətdə mühüm mərhələ olmuşdur. Azərbaycan Respublikasının konstitusion-hüquqi sistemi də sülh və insan hüquqlarını qarşılıqlı əlaqəli fundamental dəyərlər kimi nəzərdən keçirməyə imkan verir. Dövlətin sülhsevər siyasəti ilə insan hüquq və azadlıqlarının təmin edilməsinin konstitusion əsasları vahid hüquqi sistemin elementləridir.
Müasir hüquqi dövlətin əsas vəzifəsi fundamental dəyərləri yalnız konstitusion mətnlərdə və beynəlxalq sənədlərdə bəyan etməklə məhdudlaşmamalıdır. Bu dəyərlərin gündəlik ictimai münasibətlərdə, dövlət idarəçiliyində, məhkəmə fəaliyyətində, sosial siyasətdə, təhsildə və insanlarla dövlət arasındakı münasibətlərdə real şəkildə həyata keçirilməsi təmin edilməlidir. Fundamental dəyərlərin universal xarakteri müxtəlif xalqların və mədəniyyətlərin fərqliliyini aradan qaldırmır. Əksinə, bu dəyərlər müxtəlif mədəniyyətlərin ümumi hüquqi və mənəvi dialoq platformasını formalaşdırır. Müxtəliflik və universal insan hüquqları arasında ziddiyyət yaratmaq əvəzinə, onların qarşılıqlı tamamlanması müasir sivilizasiyanın mühüm vəzifələrindən biridir.
İnsan hüquqları davamlı sülhün normativ-hüquqi əsası, sülh isə insan hüquqlarının effektiv və real həyata keçirilməsinin sosial-siyasi təminatıdır. Bu qarşılıqlı əlaqənin möhkəmləndirilməsi müasir hüquqi dövlətin və demokratik cəmiyyətin strateji vəzifələrindən biri kimi qiymətləndirilməlidir. Sülh və insan hüquqları arasında münasibət sadəcə paralel mövcudluq münasibəti deyil. Onlar qarşılıqlı şərtlənən hüquqi-sosial fenomenlərdir: insan hüquqlarının müdafiəsi sülhün yaranması və davamlılığı üçün preventiv mexanizm, sülh isə insan hüquqlarının real həyata keçirilməsi üçün fundamental təminatdır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
“Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin
a.e.i., h.ü.f.d., dosent Əliyev İlham Malik oğlu

