07.04.2026, 15:17 - Baxış sayı: 83

“Azərbaycançılıq ideyaları və Sovet dövrü: Səməd Vurğun yaradıcılığı kontekstində” mövzusunda dəyirmi masa keçirilib


Aprelin 7-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Azərbaycançılıq ideyaları və Sovet dövrü: Səməd Vurğun yaradıcılığı kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq, Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, əsərlərinin əhəmiyyətindən və yüksək bədii sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirilib ki, tədbirin məqsədi görkəmli ədibin Azərbaycan ədəbiyyatına böyük xidmətlərini, əsərlərinin bədii-fəlsəfi mahiyyətini bir daha dəyərləndirmək, onun yaradıcılığını yeni elmi meyarlar əsasında tədqiqini istiqamətləndirmək, poeziyasının indiyədək araşdırmalardan kənar qalan problemlərini müzakirə etməkdir.

Elmi işlər üzrə üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “S. Vurğunun “26-lar” poemasında 1918-1920-ci illərdə Azərbaycanda ictimai-siyasi vəziyyətə münasibət ” mövzusunda çıxış edərək xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından danışıb. E. Mədətli bildirb ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının, mənəviyyatının, ümumiyyətlə, Azərbaycan milli kimliyinin və mənsubiyyətinin ən böyük simasıdır. O, sovet dövründə yaşasa da öz dövrünün övladı olsa da, mənsub olduğu cəmiyyətə, dövlətə, quruluşa, sistemə, partiyaya xidmət etsə də, onun Azərbaycan xalqının qarşısındakı xidmətləri böyükdür. Səməd Vurğun Azərbaycan xalqının tarixi keçmişi, milli-mənəvi dəyərləri əks etdirən 30-dan çox poeması məlumdur. Onun bütün janrlarda əsərləri vardır, tarixi dramı olan “Vaqif”, fəlsəfi dramı, gələcəyin, cəmiyyətin obrazını yaratdlğı insan qardaşlığından söz açan “İnsan” dramı, sovet quruculuğunu mədh edən “Muğan” poeması, bəşəri problemlərindən bəhs olunan “Zəncinin arzuları” kimi çox möhtəşəm poemaları dərin oxucu məhəbbəti qazanıb. Səməd Vurğunun yaradıcılığı sovet ideoloji çərçivələri daxilində Azərbaycançılıq ideyalarının qorunması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun poeziyasında Vətən sevgisi, ana dilinə bağlılıq, milli dəyərlərin tərənnümü və tarixi yaddaşın yaşadılması üstün yer tutur. Çıxışında E. Mədətli “26-lar” poemasından bir parça səsləndirib, 1918-1920-ci illərdə Azərbaycanda xüsusən Bakıda baş verən ictimai-siyasi hadisələri təhlil edərək onlara S. Vurğunun münasibətini açıb.

Daha sonra f.e.d.Füzuli Qurbanov  “Səməd Vurğun yaradıcılığında “el”, “yurd” və “vətən” anlayışları mövzusunda çıxış edərək bildirib ki, Səməd Vurğunun əsərlərində Azərbaycan xalqının tarixi keçmişi, milli-mənəvi dəyərləri, ana dilinə sevgisi və Vətən obrazı mühüm yer tutur. Şair sovet ideologiyasının tələblərini nəzərə alsa da, Azərbaycan torpağının gözəlliyini, xalqın qəhrəmanlıq ənənələrini və milli özünüdərk hissini ön plana çəkmişdir. Vurğuladı ki, Səməd Vurğunun “Azərbaycan” şeirində milli ideal konseptinin mövcudluğu Azərbaycançılıq ideologiyası istiqamətində poeziyamızda nadir şeir nümunəsidir. Milli ideya-estetik, forma və məzmun keyfiyyətləri ilə fərqlənən, Azərbaycançılıq ideallarının mükəmməl daşıyıcısı rolunda meydana çıxan “Azərbaycan” şeirində vətəndaşlıq və vətənpərvərlik mövqeyi aparıcı rol oynayır – deyə F. Qurbanov vurğulayıb.

F.ü.f.d. Əli İbrahimov “S. Vurğunun “Komsomol” poemasında yeniliklə köhnəliyin mübarizəsi”, elmi işçi Telman Quliyev “S. Vurğunun publisistikasında milli-mənəvi dəyərlər”, elmi işçi Aypara Abbasova (Fəlsəfi nəfəs və bədii ahəng - Vurğun dünyasına səyahət adlı kitabın müəllifidir) “S. Vurğun poeziyasında milli özünüdərk və Vətən sevgisi” mövzusunda çıxış etmişlər. F.e.d., prof. Əbühəsən Abbasov, f.ü.f.d. Radif Mustafayev, siy. e.ü. f.d. Ruşan Ruşanzadə çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.