“Fəlsəfi epistemoloji sistem” mövzusunda elmi seminar keçirilib
Fevralın 20 də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri f.e.d. Füzuli Qurbanovun “Fəlsəfi epistemoloji sistem” mövzusunda elmi seminarı keçirilib.
Seminarın əsas məqsədi AMEA-nın yeniləşmə kursu çərçivəsində təşkilat rəhbərliyinin müəyyən etdiyi 7 prioritet istiqamətlərin birincisi olan AMEA-nın Azərbaycanşünaslığı inkişaf etdirməyin fəlsəfi-epistemoloji əsasını hazırlamaqdan ibarətdir. F.Qurbanov qeyd etdi ki, AMEA-nın Azərbaycanşünaslığın Mərkəzinə Çevrilməsinin konseptual əsasını və bu istiqamətdə tədqiqatların aparılması vəzifəsini akademik İsa Həbibbəyli qoymuşdur.Biz məhz bu fəlsəfi aspektdə elmi problemin tədqiqini davam etdirməliyik, Azərbaycanşünaslığın AMEA məktəbini yaratmalıyıq. Bu gün həmin istiqamətdə ilk məruzəni təqdim edirik. Lakin onu deyək ki, Azərbaycançılıq və Azərbaycanşünaslıqla bağlı Fəlsəfə və Sosiologuya İnstitutunda bir neçə ildir ki, fəlsəf, elmi tədqiqatlar aparılır. Bu baxımdan bugünkü məruzə həmin prosesin davamı kimi qəbul edilməlidir.
Füzuli Qurbanov bundan sonra “Fəlsəfi epistemoloji sistem” mövzusunda məruzəsində vurğulamışdır: məntiq təlimləri bizim yanaşmanın nəzəri təməli olan mürəkkəblik paradiqması (Edqar Moren), dövrləşdirmə konsepsiyası (İsa Həbibbəyli anlamında), fəaliyyət nəzəriyyəsi (S.L.Rubinşteyn, A.N.Leontyev, L.S.Vıqotskiy, L.Qrehem, Y.Engeström) və aktor-şəbəkə nəzəriyyəsi (Bruno Latur) üçün çox səmərəli izahedici idraki gücə malikdirlər. Onlar yekun olaraq “yeni epistemologiya”da “sinergetik sintez” məntiqində ehtiva olunurlar. Alim başqa məqamlarla yanaşı, burada hər bir elmi təşkilat üçün indi çox əhəmiyyətli olan fənlərarası yaradıcı komandaların formalaşdırılmasının həyata keçməsinin aktuallığını irəli sürdü, Azərbaycanşünaslığın inkişafında həmin yaradıcı platformanın çox uğurlu ola biləcəyinə inandığını bildirdi.
Sonra fil.e.d. Afaq Əsədova çıxış edərək, fəlsəfi-epistemoloji sistemin insanın düşüncəsini və dünyanı qavrayışını tənzimləyən bir bilik sistemi olduğunu, bu sistemin yalnız məlumat toplamaq deyil, həm də insanın düşüncə üsulunu, biliyi necə əldə etdiyini və dünyanı necə qavradığını təşkil etdiyini şərh etdi. Vurğuladı ki, Epistemologiyada biliklərin etibarlılığı yalnız ağıl və məntiq yolu ilə əldə edilə bilər. Epistemologiyada dil problemi bilik, düşüncə və reallıq arasındakı mürəkkəb münasibəti araşdımaqla göstərir ki, bilik, düşüncə və reallıq bir-birindən ayrı mövcud olan müstəqil sahələr deyil. Onlar dil vasitəsilə qarşılıqlı əlaqədə formalaşır və anlaşılır. Dil həm biliyin ifadə vasitəsi, həm düşüncənin quruluş mexanizmi, həm də reallığın dərk edilmə forması kimi çıxış edir.
İnstitutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, şöbə müdiri f.e.d., professor Əli Abasov, f.e.d., professor Əbülhəsən Abbasov, f.e.d., professor Arif Büniyatov, f.ü.f.d., dos. İradə Zərqanayeva çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşdülər.
Sonda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək maraqlı və qiymətli tövsiyələrini vermişdir. Professor bütün sahələrdə olduğu kimi fəlsəfənin birbaşa epistemoloji sistemdə rolu, müasir epistemologiyada tarixi-mədəni, obyekt-bilik münasibətləri məsələlərinin qoyuluşu, bilik və informasiyanın epistemoloji müqayisəsi, epistemologiyanın müasir elmi sistem prizmasında mövcud izahları, müasir mərhələdə elmlərarası əlaqələrin epistemoloji aspektləri,epistemologiya ilə fəlsəfənin əlaqələri haqqında ətraflı məlumat verərək, epsitemologiyanın elmi əsaslarını fəlsəfi yöndən təhlil etmişdir.









