17.02.2026, 13:53 - Baxış sayı: 78

“Qadın alimlər elmdə” mövzusunda dəyirmi masa keçirilib



Fevralın 17-də AMEA Fəlsəfə Sosiologiya İnstitutunda Qadınlar Şurasının “11 fevral Qadın və qızlar elmdə Beynəlxalq günü” münasibətilə “Qadın alimlər elmdə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq, bu gün münasibətilə institutun xanım əməkdaşlarını təbrik edib. Professor bu günün əsas məqsədi qadınların və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində rolunun nə qədər vacib olduğunu cəmiyyətə xatırlatmaqdır. Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2015-ci dekabrın 22-də qəbul etdiyi qətnaməsi ilə təsis olunub və o vaxtdan bəri gender bərabərliyinin elmdə təşviqi üçün mühüm platformaya çevrilib. Gənc qadınların elmdəki bu fəallığı təkcə akademik göstəricilərin yaxşılaşmasına deyil, həm də cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəlməsinə, və ölkənin innovativ gələcəyinin daha sağlam təməllər üzərində qurulmasına xidmət etdiyini vurğulayıb.

Sonra “Enerji təhlükəsizliyi və gürcüstanşünaslıq” şöbəsinin müdiri, s.e.ü.f.d. Samirə Həbibbəyli çıxışında Cənubi Qafqazın mürəkkəb geostrateji mövqeyi nəzərə alındıqda, Gürcüstana dair tədqiqatlar Azərbaycan üçün yalnız akademik maraq deyil, birbaşa milli təhlükəsizlik və xarici siyasət prioritetidir. Gürcüstan regionun Qara Dənizə və ümumilikdə Avropaya çıxış qapısıdır. Bu səbəbdən Gürcüstana dair sistemli, çoxölçülü və proqnostik tədqiqatlar aparmaq Azərbaycanın uzunmüddətli milli maraqlarının qorunmasının vacib şərtidir.

Gürcüstana dair tədqiqatlarda Azərbaycanlı qadınların müəyyən rolu var. Ədəbiyyat sahəsində Dilarə Əliyeva, tarix üzrə Şəfiqə Həmidova, İradə Bağırova, İradə Hüseynova, siyasi elmlərdə Ülkər Məmmədzadə, Nəsibə Mirzəyeva Gürcüstana dair əsərləri ilə tanınırlar. Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsi də məhz bu problemin tədqiatı ilə məşğuldur. Şöbənin qadın əməkdaşları Gürcüstanın inzibati-ərazi quruluşu, idarəçiliyi, demoqrafiyası, onun qonşu dövlətlərlə münasibətləri, ölkədə mövcud olmuş və hazırda fəaliyyət göstərən erməni təşkilatları və digər bu kimi problemlərlə bağlı tədqiqatlar aparılmasında yaxından iştirak etmiş, fundamental əsərlərin yazılmasında əhəmiyyətli rol oynamışlar. Gürcüstanın öyrənilməsi Azərbaycan üçün təkcə elmi-praktiki istiqamət kimi yox, həm də regional siyasi nəzəriyyələrin inkişafı, müqayisəli analizlərin genişləndirilməsi və Cənubi Qafqaz üzrə konseptual çərçivənin formalaşdırılması baxımından vacib olduğundan bu elmi sahəyə dair qadın alimlərin apardığı tədqiqatlar da təqdirəlayiqdir –deyə qeyd edib.

Daha sonra “Etika” şöbəsinin işçisi f.ü.f.d. Samirə Dadaşova “Gender tədqiqatların metodologiyasına dair” mövzusunda çıxış edərək rəqəmsal texnologiyalar sosial elmlərin özünün də transformasiya edir, həm onların ənənəvi vəzifələrini, həm də biliklərin istehsalı və yayılması üsullarını yenidən formalaşdırır, alqoritmik modelləşdirmə və rəqəmsal etnoqrafiya gender identikliyi və sosial münasibətlərin öyrənilməsində yeni perspektivlər açır və ya rəqəmsal sosiologiya onlayn mühitdə sosial münasibətlərin qurulmasını, sosial şəbəkələrin gender rollarına təsirini və rəqəmsal platformalarda identikliyin təqdim edilməsini analiz etməyə imkan verir – deyə vurğulayıb.

Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, “Siyasətin fəlsəfəsi və sosiologiyasışöbəsinin müdiri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, şöbə müdiri, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d., dosent İradə Zərqanayeva, f.ü.f.d. Mahrux Nəcəfova, İnstitutun Qadınlar Şurasının sədr müavini, elmi işçi Xanımağa İsmayılova və digər çıxışçılar mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər.