Dünyaya örnək...
"Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun." Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bu çağırışı etdi.
Bu çağırış özündə mühüm məqamları ehtiva edir. Bu baxımdan ki, yeni dövrün hədəfləri əvvəlki illərin hədəflərindən fərqlidir. 30 il torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması amalı ilə yaşadıq. Bu gün isə qalib xalq olaraq tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edirik. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb.
7 fevral tarixində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə üzrə prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Liderini dəstəkləyən xalqımız bu Qələbəni Prezidentə etimadın və inamın, aparılan siyasətin qazandırdığı uğurlara dəyərin ifadəsi kimi qeyd edir. Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəsini zəfərdən-zəfərə aparır. Bugünümüzü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu faktor özünü daha aydın şəkildə göstərir.
Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycanın tarixinə qaranlıq səhifə kimi yazılıb. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı bu çətin vəziyyətdən xilas edən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, idarəçilik bacarığı oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı. Dövlət başçısı İlham Əliyev “Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” söyləyərək bildirir ki, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?
Cənab İlham Əliyev bu məqamı da vurğulayır ki, əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq: “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.” Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər həlledici illərdir. Dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ümummilli Lider hələ 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək hər kəsi onun qorumağa çağırmışdır. Dahi şəxsiyyətin aforizmə çevrilən “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisə etdikdə daha aydın görürük. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın hansı vəziyyətdə olduğunu düşünmək çətin deyildi. Ölkə, xalq o zaman xoşbəxt olur, gələcəyə inamla addımlayır ki, onu düşünən, inkişafına, tərəqqisinə səy göstərən, imzasının imzalar arasında görünməsində maraqlı olan, on əsası müstəqil siyasət yürütməyi bacaran, bütün hallarda dəyişməz mövqeyini ortaya qoyan Lideri vardır. Azərbaycan xalqı o xoşbəxtliyi yaşayan xalqlardandır. Hər zaman ölkəsinə, xalqına bağlı olan Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi barədə düşünmüş, tərəqqisi üçün bütün qüvvə və bacarığını ortaya qoymuşdur. Ümummilli Lider bildirmişdir: “Mənim həyatımın məqsədi Azərbaycandır. Azərbaycan xalqıdır. Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.”
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bildirmişdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Həyat onu göstərdi ki, cənab İlham Əliyevin 20 ildən artıq Prezidentlik dövrünün 17 ilində torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində xeyli işlər görüldü. “Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var" söyləyən cənab İlham Əliyev bildirir ki, 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Müharibədən sonra yeni dövr başlayır: “Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq uğurlu addımlar atılır və nəticə göz önündədir. Bu gün Qarabağda yenidənqurma və bərpa işləri davam edir. Müharibədən dərhal sonra başlanan işlərin sürətlə aparılası soydaşlarımızın evlərinə daha tez qayıtmasına xidmət edir. Qarabağın inkişaf etdirilməsi, hər bir işğaldan azad edilmiş rayonumuzla bağlı Liderimizin fikirləri bu yurdların yaxın gələcəkdə böyük inkişafından xəbər verir.
Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər isə nəinki xalqımızın, region dövlətlərinin də gələcək inkişafına hesablanmış addımdır. Ermənilər üçtərəfli 10 noyabr Bəyannaməsində üzərinə düşən öhdəliyin icrasını gecikdirməyə çalışsalar da, bizim Liderimiz bütün məsələlərin həllinin öhdəsindən gələcəkdir. Çünki artıq dünyanın böyük ölkələri də bizi dinləyir, haqqın tərəfimizdə olduğunu anlayır. Beləliklə, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının yarılması kimi gündəmdə olan məsələlərimiz yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır.
İLHAM MƏMMƏDZADƏ,
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun
direktoru, fəlsəfə elmləri doktoru, professr

