Alimlərimizin məqaləsi “Epistemologiya və Dəyərlər Nəzəriyyəsi üzrə Tədqiqatlar” jurnalında dərc olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və Etika şöbəsinin böyük elmi işçisi Samirə Dadaşovanın birgə məqaləsi Rumıniya Akademiyasının Fəlsəfə və Psixologiya İnstitutunun “Epistemologiya və Dəyərlər Nəzəriyyəsi üzrə Tədqiqatlar” jurnalında dərc olunmuşdur.
“Azərbaycanda müasir elm fəlsəfəsi: problemlər və istiqamətlər” adlı məqalədə bilik nəzəriyyəsi və onun Azərbaycanda inkişafı təhlil edilir. Müəlliflər qeyd edirlər ki, elmi bilik yalnız müxtəlif fənlərarası qarşılıqlı təsirlər nəticəsində deyil, həm də formalaşdığı mədəni və tarixi kontekstlər çərçivəsində meydana çıxır. Buna görə də elm fəlsəfəsi bu kontekstləri təfəkkürün formalaşmasının ayrılmaz tərkib hissəsi kimi qəbul edir və dillərin, anlayış çərçivələrinin, eləcə də irsən ötürülmüş intellektual ənənələrin bilik prosesini necə formalaşdırdığını ön plana çıxarır.

