19.12.2025, 13:49 - Baxış sayı: 72

Media etikası: qloballaşma dövründə etika və hüququn mediada rolu


Qloballaşma dövründə mühüm məsələlərdən biri də media etikası, yəni etikanın mediada əsas funksiyasıdır. Media etikası dedikdə, media işçilərinin öz peşə vəzifələrini yerinə yetirərkən könüllü olaraq (kənardan müdaxilə olunmadan, qanuni cəzaya məruz qalmadan), vicdan əsasında əməl etməli olduqları qaydalar məcmusudur. Ümumiyyətlə, medianın etikası üç hissədən ibarətdir:

a) Hesabatın hazırlanmasında və digər əlaqəli fəaliyyətlərdə düzgünlük, ədalətlilik və estetika;

b) Xüsusilə, xəbər mənbələrinə münasibətdə müxbirlərin davranışı;

c) Müxtəlif qrupların maraqlarının toqquşmasına qarışmaqdan imtina etmək.

Media etikasının bu hissəsinə nəzər saldıqda, istər-istəməz sualla qarşılaşırıq: Bu üç məsələ media sahəsində bütün etik məsələləri və problemləri əhatə edə bilərmi? Təbii ki, media etikasını bunlarla məhdudlaşdırmaq olmaz. Burada jurnalistlərin üzərinə böyük məsuliyyət düşür və buna görə də, bir neçə sualları qarşıya qoymağı məsləhət bilirik. Çünki bu suallar və bunlara verilən cavablar jurnalistlik fəaliyyətinin etik normalarını müəyyənləşdirir. Aşağıdakı suallara diqqəti yönəldək:

Jurnalistlər hazırladıqları xəbərlər ictimaiyyət tərəfindən izlənsin deyə yalan və aldatma kimi dəlillərdən (proofs) istifadə edə bilərlərmi?Birbaşa olaraq sitatı dəyişmək mümkündürmü?Müsahibin xəbəri olmadan onun danışığını yazmaq olarmı?Jurnalist müsahibindən hədiyyə qəbul edə bilərmi?Jurnalistlər uşaqlardan müsahibə alarkən hansı məqamları nəzərə almalıdırlar?Jurnalistlər psixi xəstələrlə işləyərkən hansı məqamları nəzərə almalıdırlar? Jurnalistlər üçün qəzetlərin xəbər mənbələrini qorumaq nə dərəcədə vacibdir? Müəyyən sözlərin cəmiyyətdə populyarlaşması nə dərəcədə effektlidir və jurnalistlər bu məsələ ilə necə məşğul ola bilərlər? Bu suallar baxmayaraq ki, media etikası ilə bağlı qarşıya çıxan bütün problemləri əhatə etmir, lakin qeyd olunan hazırkı suallar dünyanın hər yerində tərtib edilmiş peşəkar etik toplularda dəqiqliyi ilə nəzərə alınmışdır. Bu, onu deməyə əsas verir ki, belə suallar media etikasının məqbul perspektivliyini göstərir.

Yuxarıda sadalanan bəzi məsələlərin media hüququnda qaldırılan məsələlərlə oxşarlığını nəzərə alaraq, belə bir sualın gündəmə gəlməsinin vaxtı çatmışdır. Sual bundan ibarətdir ki, media sahəsində etika və hüquq arasında hansı əlaqələr var və bu əlaqələr arasında olan fərq nədən ibarətdir? Məlum olduğu kimi, bütün sahələrdə, o cümlədən medianın fəaliyyətində də etik və hüquqi münasibətlər sosial həyat qorucularını düşündürmüş ən qədim məsələlərdəndir. Bu məsələlər nə qədər təhlil olunsa belə, yenə də bəzi məsələlərin araşdırılmasına ehtiyac vardır. Bu baxımdan diqqət etsək, görərik ki, insanların qarşıdurmasını aradan qaldırmaq, rasional, dinc və ədalətli həyat qurmaq, qədim və müasir cəmiyyətlərdə qanun tərtib edib həyata keçirmək əsas məsələ hesab olunurdu. Qanunun sərtliyi və əyilməzliyi etik normaların yumşaqlığı və humanistliyi ilə uyğunluq təşkil etməlidir ki, insanların diqqətinə səbəb olsun. Çünki tövsiyələr, etik davranışlar, qanuni qüvvəyə malik olan əmrlər olmadan insanları başqalarının hüquqlarına tabe olmağa vadar etmək olmaz. Unutmamalıyıq ki, qanunun tələbləri ilə yanaşı, etik normalara da əməl olunmalıdır. Amma təkcə etik nəsihətlər və tövsiyələr verməklə həddi aşmış, cinayətə meyilli olan insanların başqalarının haqqını tapdalamasına mane ola bilmərik. Bunun üçün etika və hüququn, əxlaq və qanunun birliyi tələb olunur ki, bunlar olmadan məqsədə çatmaq qeyri-mümkündür. Təbii ki, burada medianın da, xüsusi ilə etik normalara əməl edən medianın mövcudluğu danılmazdır. Belə olan halda etik medianı necə əldə etməliyik, buna necə yiyələnməliyik? Ümumiyyətlə, bu, mümkündürmü? Yaxşı olar ki, diqqəti aşağıdakı mövzulara yönəldək.

Etika və media: qarşılıqlı təsir ya münaqişə?

İlk olaraq “media etikası” nə deməkdir və bunun hansı aspektləri var, bu məsələyə aydınlıq gətirməliyik. Nəzərə almaq lazımdır ki, media etikası əxlaq və ünsiyyət arasında fənlərarası bir məsələdir; daha aydın desək, media etikası əxlaq elmi ilə media təcrübəsinin və ya kütləvi kommunikasiyanın kəsişməsidir; etik xüsusiyyətlərə görə, media etikası daxili məsələ olaraq, dəyərlər və normalarla bağlıdır. Bu, o deməkdir ki, etik qaydalara və prinsiplərə rabitəçi və rabitə təşkilatı əməl etməlidir və təbii ki, bu, medianın hüquq və qanunlarından fərqlidir. Ola bilsin ki, mediada olan bəzi çatışmazlıqlar hüquq və qanunlarla ziddiyyət təşkil etməsin, lakin etik prinsiplərlə ziddiyyət təşkil edir.Digər tərəfdən, media etikası cəmiyyətin mədəniyyəti daxilində, yəni içdən gələn dəyərlər və normalarla məşğul olur. Odur ki, media etikası ümumi və universal prinsip və qaydalara tabe olsa belə cəmiyyətin əsas dəyərlərinə kökləndiyi üçün bir cəmiyyətdən və mədəniyyətdən digər bir cəmiyyətə və mədəniyyətə qədər fərqli və dəyişkən ola bilər.Buna görə də media etikasının ümumi prinsiplərini tərtib etmək media hüquqlarının ümumi qaydalarını tərtib etmək qədər sadə deyil vəhər bir mədəniyyətin və cəmiyyətin özünə xas tələbləri və məhdudiyyətləri vardır. Ancaq əsas mövzuya gəldikdə isə (etika və media: qarşılıqlı təsir ya münaqişə?), etika və hüquq bir-birini tamamlayan iki böyük qüvvədir. Bir-birini tamamlayan bu iki böyük qüvvə medianın fəaliyyəti sahəsində də özünü göstərir.

Məlum olduğu kimi, mətbuatın fəaliyyətini tənzimləmək üçün qanunun zəruriliyinə heç bir şübhə və ya ciddi etiraz ifadə edilmir,lakin media etikasına riayət edilməsinin zəruriliyi ilə bağlı belə bir fikir yoxdur.Media etikasına qarşı çıxmaq bəzən o qədər ciddi olur ki, bəziləri bunu iki ziddiyyətli komponent olduğunu bildirirlər. Əgər bu cür yanaşmanı qəbul etməsək (media və etika arasında ziddiyyətin olması məsələsini) və bunun adi bir söz olaraq olduğunu qəbul etsək, onda bəzi nəşrlər yazılarının rəngarəng olması üçün etik məsələlərə işarə edərlər, nəinki etikanın ciddi bir məsələ olmasına görə. Sual olunur: nəyə görə bu cür anlaşılır? Cavabı bundan ibarətdir ki, media nümayəndələri öz fikirlərini əsaslandırmaq üçün peşəkar zərurət, etik dəyərlər, standartlardakı qeyri-müəyyənlik, kommersiya reklamları kimi dəstəkləyici mənbələrin rolu və nəhayət icra zəmanətinin olmaması kimi səbəbləri göstərirlər.Amma bu səbəblərin hər birinə verilə biləcək cavablardan başqa bir məqama diqqət yetirmək media etikasına riayət etməyin zəruriliyini təsdiqləmək üçün kifayətdir.Bu məqam ondan ibarətdir ki, auditoriyanı cəlb etmək və onların inamını qazanmaq istənilən medianın əsas uğurudur;o dərəcədə ki, hər bir medianın dəyərinin həcmi auditoriyaların sayından və onlara göstərilən təsirdən asılıdır.Digər tərəfdən, etik prinsiplərə riayət olunması istənilən medianın auditoriyasını cəlb edən və saxlayan əsas amillərdən biridir. Buna misal olaraq demək olar ki, jurnalistlər üçün dəqiqlik və etibarlılıq çox vacibdir.Əslində bu iki meyar əksər media üçün vacibdir və bu səbəbdən də hər bir media (istənilən funksiyaya malik olan media) özünü bu uğuru qazanmağa borclu hesab edir. Xəbərləri ictimaiyyətə təqdim edən jurnalistlər ictimaiyyətlə əlaqəli fəaliyyəti yerinə yetirirlər.Onlar reklamlar dərc edir və ya digər media fəaliyyətlərində iştirak edir, ictimaiyyətin onların verdiyi xəbərlərə inanmasını istəyirlər və eyni zamanda alınan xəbərlərin hazırlanmasında və təqdim edilməsində etik normaları nəzərə alırlar.Bundan əlavə, media işçiləri çox yaxşı bilirlər ki, ictimaiyyətə təqdim etdikləri məlumatlar (müxtəlif baxışlar, hətta əyləncəli verilişlər belə) onlara olan etimad və inam qazandırmasa uğur qazana bilməyəcək və tez bir zamanda izləyicilərini itirəcəklər, həmçinin, rabitə sənayesində də auditoriyanın etimadını qazanmaq və mediaya inam yaratmaq vacib bir məsələdir.

Media etikasına diqqəti daha ciddi edən başqa məsələlər də var;mediada təqdim olunan materialların (zorakılıq və cinayət kimi) nəticələrinə diqqət yetirmək, ekspertlər və ictimaiyyət arasında anlaşma atmosferi yaratmaq, həmçinin bəzi məsələlərdə (məsələn, fərdi hüquqların qorunması, insan ləyaqətinin toxunulmazlığı və s.) media qanunları kifayət qədər aydın olsa belə bunlar etik normalar olmadan həyata keçirilə bilməz. Odur ki, medianın etik prinsiplərə riayət etməsi zərurəti nəinki şübhə doğurmur, hətta onu ikinci dərəcəli vəzifə və ya sırf elmi müzakirə mövzusu kimi də qiymətləndirmək olmaz.Bu məsələyə ümumi mənada (rabitə sənayesi) jurnalistika peşəsi üçün əsas vəzifə kimi baxmaq lazımdır. Belə olan halda peşəkar etikanın standartlaşdırılmasına və tənzimlənməsinə ehtiyac duyulur. Burada sual yaranır: belə bir vəziyyətdə nə etməliyik? Bu məsələ ilə bağlı çox yığcam və konktert təhlillər aparmışıq və yaxşı olar ki, diqqəti aşağıdakı mövzuya yönəldək.

“Media etikası” ilə bağlı qaldırılan etirazlardan biri də bu anlayışın ümumiliyi və qeyri-müəyyənliyidir. Etik prinsiplərə və standartlara riayət etməkdə maraqlı olan bir çox nəzəriyyəçi, eləcə də media rəhbərləri meyarların qeyri-müəyyənliyini, onun müxtəlif qavrayış və şərhlərinin mümkünlüyünü media sahəsində etikanın idarə olunmasına mühüm maneələr hesab edirlər. Bu irad o qədər güclüdür ki, prinsipcə medianın etikasından danışmaq olmaz, çünki medianın işi o qədər mürəkkəb və genişdir, həmçinin “media etikası” termini o qədər qeyri-müəyyən və problemlidir ki, onu bu müzakirədən kənarda qoymaq olmaz.Yuxarıdakı irad (bəzi doktorinalrda olduğu kimi) etikanın nisbiliyinə və onun təbiətinə diqqət etdiyimiz zaman xüsusilə güclüdür.Lakin bu nəzəriyyənin yanlışlığı ilə yanaşı qeyd olunan problemin aradan qaldırılması üçün bəzi həlli yolları da təqdim edilmişdir.

Təbii ki, hər bir insanın ümumi etika anlayışını bilməsi və istənilən halda etik vəzifədən çıxara biləcəyi qərarlar mümkündür.Amma reallıq budur ki, hər şeydən əvvəl insanın fitrətinə, vicdanın hökmünə güvənmək və ona arxalanmaq lazımdır. Etik məlumatlarla hüquqi tənzimləmələr arasındakı əsas xüsusiyyət və fərq də budur.Biz deyə bilərik ki, bu, əsasən həyata keçirilməsinin təminatı və onun praktiki dəstəyidir. Etik prinsipləri və onların həyata keçirilməsinin zəruriliyini izah etmək (etik normalara riayət edilməsinin auditoriya arasında etimadın qorunmasına, peşəkar fəaliyyətin daha yaxşı yerinə yetirilməsinə, ticarət və daxili nəzarətin gücləndirilməsinə və davamlı tədris-praktik kursların keçirilməsinə) elmi qeyri-müəyyənlikləri və ya praktiki problemləri azalda bilən əsas məsələlərdən biridir.

Hazırkı mövzuda digər məsələlərdən biri də media etikasına fərqli baxışlardır. Ümumiyyətlə, media etikasına fərqli baxışlar mövcuddurmu? Media etikası sahəsində bəzi nəzəriyyəçilər mədəni və fəlsəfi baxışların fərqliliyindən asılı olaraq, müxtəlif fikir və mülahizələr söylənmişlər ki, bunlardan bəzilərinə qısa bir nəzər salırıq:

Situasiyaçılıq və Antinomizm kimi nəzəriyyələr inanırlar ki, media (jurnalistika) müəyyən nəticəni əldə etmək üçün ünsiyyətdə olduğu şəxsə təsir göstərməyə və bir anda istədiyinə nail olmağa çalışır. Digər nəzəriyyə Makiavelizmdir (Machiavellianism psychology). Bu nəzəriyyə etik məsələlərə laqeydlik kimi xarakterizə olunan psixoloji bir vəziyyətdir. Bu mövzuda mühüm nəzəriyyələrdən biri də Teleologiyadır.Bu, nəticənin etikada yeganə təyinedici faktor olduğunu, lakin hərəkətin nəticəsinə biganə olduğunu göstərən nəzəriyyədir. Bu nəzəriyyələr arasında Hedonizmin də çox maraqlı yanaşması vardır. Bu nzəriyyəyə əsasən, düzgün media təcrübəsi daha çox insanların maraqlarına xidmət edən təcrübədir. Eqoizm (Egoism) nəzəriyyəsinə gəldikdə isə düzgün media təcrübəsi rabitəçi (communicator) üçün xoş və arzu olunan bir hərəkətdir. Fəlsəfi baxımdan “eqoizm” termini insanın öz hərəkətinin motivasiyası, məqsədli olması üçün lazım olduğu nəzəriyyəsidir. Eqoizmin iki variantı var: təsviri və normativ. Təsviri (və ya müsbət) variant eqoizmi insan əməlinin faktiki təsviri kimi təsəvvür edir; yəni insanları öz maraq və istəkləri motivasiya edir və onları başqa cür təsəvvür etmək olmaz. Normativ variant isə təklif edir ki, hazırda davranışlarını motivasiya edən şeydən asılı olmayaraq insanlar həvəsli olmalıdırlar. Burada digər qruplar da vardır və onların gəldiyi nəticə bundan ibarətdir ki, media etikasına dair jurnalistlərin media etikasına yanaşması (hərtərəfli qanunlarla) vahid və hüquqi cəhətdən mümkün yanaşma olacaqdır.

Etika və medianın qarşılıqlı əlaqəsi

Etika və medianın qarşılıqlı əlaqəsinə gəldikdə isə qeyd etməliyik ki, qloballaşma dövründə media və kütləvi kommunikasiya vasitələri insanların müxtəlif sahələrinə dərin, sürətli və geniş təsirləri ilə ciddi narahatlıqlara səbəb olmuşdur. Bu hallardan biri də “media etikası” mövzusu və “etika” ilə “media”nın qarşılıqlı əlaqəsidir; bu, o deməkdir ki, biz aydınlaşdırmalıyıq etika və medianın qarşılıqlı əlaqəsi necə olmalıdır? Ümumiyyətlə, “media etikası” və ya “etik media”nın olması mümkündürmü? Etika və medianın əsas xüsusiyyətləri hansılardır? Digər bir sual da qarşımıza çıxır və bunun üzrəində düşünmək vacibdir. Sual bundan ibarətdir ki, kütləvi informasiya vasitələri üçün davranış kodeksi və ya etik prinsiplər tərtib etmək olarmı; yəni bir tərəfdən medianın fəaliyyəti və medianın müxtəlif proqramlarının ona əməl etməsi ilə etik medianın şahidi ola bilərikmi? Media vasitəsilə etik prinsip və normaları qəbul edib, bilərəkdən hərəkət edən auditoriya media etikasına əməl etməlidirmi? Yuxarıdakı suallara və etika ilə medianın qarşılıqlı əlaqəsilə bağlı deyə bilərik ki, bu sahədə müxtəlif və bəzən bir-birinə zidd olan fikirlər mövcuddur ki, yaxşı olar onlardan bəzilərinə nəzər salaq:

1) Bəziləri hesab edirlər ki, media etik ola bilməz və etik məsələlərə əməl edə bilməz; çünki media rəqabətli mühitdə daha çox qazanc əldə etməyə çalışır. Belə bir vəziyyətdə media etikaya əməl etsə, rəqiblərdən geri qalacaq və “mənfəət” əldə edə bilməyəcək. Peşəkar media maksimum mənfəət və fayda əldə etməyə çalışan, məhdudiyyətlərə daha az riayət edən mediadır.

2) Bir çoxları hesab edirlər ki, media vasitəsilə etik məsələlərə riayət olunması heç də çətin deyil. Cəmiyyətdə nüfuz sahibi olmaq, həyatını davam etdirmək üçün medianın ictimai etimadı qazanmasına ehtiyac vardır. İctimaiyyətin inamını, etibarını qazanmaq və ictimaiyyət üçün məqbul media yaratmaq lazımdır. Buna görə də medianın fəaliyyətini təşkil etmək, qeyri-etik hərəkətlərin qarşısını almaq üçün dünya dövlətləri tərəfindən media pozuntuları ilə bağlı qanunlar hazırlanıb. Təbii ki, bu qruplar arasında da müxtəlif fikirlərə rast gəlmək mümkindür. Yaxşı olar ki, diqqəti aşağıdakı bəndlərə yönəldək:

a) Bəziləri hesab edirlər ki, hərtərəfli etik sistemi bütün ölkələrdə hazırlamaq və tətbiq etmək olar. Əksər islam mütəfəkkirləri, birqütblü və monokultural dünya və insan haqları bəyannaməsi tərəfdarları bu fikirdədirlər.

b) Digər tərəfdən, media sahəsində ekspertlərin əksəriyyəti iddia edirlər ki, praktikada hər yerdə tətbiq oluna bilən hərtərəfli media etikasına malik olmaq əməli (praktiki) deyil, çünki bir çox etik standartlar dünyanın hər yerində qəbul olunmur. Bəzi tədqiqatçılar iddia edirlər ki, etik normalara dair universal razılığın olmaması kütləvi ünsiyyətin xüsusiyyətlərindən biridir. Nəticə etibarı ilə bununla bağlı müəyyən edilmiş bir çox etik qaydalar, ən yaxşı halda heç bir ortaq əxlaq fəlsəfəsinə əsaslanmayan yalnız normativ göstərişlərdir ki, jurnalistlər zamandan asılı olaraq onunla (etik qaydalar) xüsusi bir şəkildə üzləşirlər. Qalıcılığı və məqbulluğu şübhəli olan bu cür normaları tətbiq etmək üçün geniş qanunlar əməli (praktiki) deyil. Müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə mövcud olan dəyər və normaların müxtəlifliyinə görə hərtərəfli, əhatəli və ümumi formada olan media mütəxəssislərinin etik qaydalarını tərtib etmək çox çətindir, lakin həyata keçirilsə o qədər də problemli olmayacaqdır.

Qeyd: Məlumat üçün qeyd etmək istərdik ki, ilk dəfə (1920) peşəkar etik normaların inkişaf tarixini ifadə edən McBride Komissiyasının peşə hüquqları və media etikasının prinsipləri haqqında hesabatında bəhs olunmuşdur. Bu haqda daha geniş məlumat almaq istəyən komissiyanın hesabatına baxa bilər.

Bütün bunlarla yanaşı, unutmaq olmaz ki, milli prioritetlərə, dil məhdudiyyətlərinə, mədəni müxtəlifliyə, həmçinin siyasi quruluşun növünə görə hər bir xalq üçün fərdi etik qaydalar dəyişir.UNESCO kimi təşkilatların qəbul edilmiş media etik qaydalarına nail olmaq səylərinə baxmayaraq,praktikada kütləvi kommunikasiya prosesi hər bir jurnalistin konkret baxış bucağından asılıdır. Məhz buna görə də media etikası sahəsində müxtəlif nəzəriyyəçilərin mədəni və fəlsəfi baxışlarının fərqliliyindən asılı olaraq müxtəlif baxış və mülahizələrdən bəhs edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu baxış ümumi deyil, çünki İslam dinində və digər dini mədəniyyətlərdə etik dəyərlər heç vaxt nisbi qəbul olunmur,çünki İslam dinində hər zaman və hər yerdə dəyişməz etik prinsiplər və meyarlar vardır ki, onlardan heç vaxt kənara çıxmaq mümkün deyil: məsələn, yalan danışmaq, əsassız şayiələr yaymaq, şəxsə böhtan atmaq, insanların şəxsi həyatına müdaxilə etmək, insanlara qarşı haqsızlıq etmək və s. bunlar etik normalara zidd əməllərdir ki, heç vaxt qəbul olunmur.

Medianın etik vəzifəsi və məsuliyyəti

Qloballaşma dövrünə əsasən medianın etik vəzifəsi və məsuliyyətindən bəhs edərkən mühüm bir sualla qarşılaşırıq: etik mediaya malik olmaq və mediada etikanı institutlaşdırmaq mümkündürmü? Bu suala cavab vermək üçün medianın etik vəzifəsinə və məsuliyyətinə xüsusi diqqət etməliyik, çünki audio, vizual və yazılı medianın etik vəzifələri vardır, həmçinin burada dini medianı da unutmaq olmaz. Məhz buna görə də medianın və dini medianın etik vəzifələrindən bəzilərini qeyd edirik:

- Milli müstəqilliyə və suverenliyə, ictimai asayişə və təhlükəsizliyə, o cümlədən cəmiyyətin rahatlığına, sağlamlığına və ruhi əmin-amanlığına hörmət edilməsi, ictimai maraqların müdafiəsi, hüquq və xalq hakimiyyəti institutları arasında əlaqələrin yaradılması və genişləndirilməsi media işçilərinin etik, sosial və mənəvi vəzifələrindən biri hesab olunur;

- Kütləvi informasiya vasitələri dini inanclara, etnik və milli-mənəvi dəyərlərə, adət-ənənələrə həmişə hörmətlə yanaşmalıdırlar. Bu sahədə gender, irqi, ideoloji, etnik ayrı-seçkilik və düşmənçilik təbliğatı, eləcə də digər ölkələrə qarşı etnik münaqişələri təşviq və qızışdıran hər hansı bir fikirdən çəkinməlidirlər;

- Medianın vəzifəsi milli və dini dəyərləri, vətəndaşlıq hüquqlarını, azadlıqlarını, sosial, siyasi, iqtisadi, mədəni inkişaf hüququnu qorumaq, həmçinin azadlıq hərəkatlarına dəstək olaraq müxtəlif dillərə və mədəniyyətlərə hörmətlə yanaşmalıdır;

- İnsanların şəxsi ləyaqətinə və şəxsi həyatına hörmətlə yanaşmaq, ayrı-ayrı şəxsləri təhqir etməkdən, böhtan, şər atmaqdan çəkinmək, xüsusilə qadınların, uşaqların, yeniyetmələrin hüquqlarını qorumaq, qocalara, xəstələrə, imkansızlara yardım etmək medianın mühüm vəzifələrindəndir;

- Kütləvi informasiya vasitələri xəbər dərc etmək, şərh etmək və konstruktiv tənqid etmək azadlığını müdafiə edərkən öz peşə sirlərini saxlamağa, məxfi yolla əldə edilmiş məlumat, xəbər, şəkil, reportaj və s. yaymaqdan (məhkəmə qərarı ilə müəyyən edilmiş hallar istisna olmaqla) çəkinməlidirlər;

- Kütləvi informasiya vasitələrinin nümayəndələri sosial hadisələr və problemlər haqqında bilik əldə etmək üçün obyektiv faktlara diqqət yetirməli, hər bir fərdin faktları bilmək hüququna əsaslanaraq onları sərbəst təsvir, təhlil, tənqid və şərh etməlidir; ən əsası isə onu izləyən auditoriyaya düzgün, məntiqli və ədalətli məlumatlar təqdim etməlidir;

- Nəzərə almaq lazımdır ki, medianın fəaliyyəti, xüsusilə xəbərlər kommersiya deyil, bundan kommersiya kimi istifadə olunmamalıdır, media sosial xidmət kimi qəbul olunmalıdır. Buna görə də media mənsubları öz peşə vəzifələrini yerinə yetirərkən təkcə medianın rəhbərləri qarşısında deyil, həm də auditoriya, cəmiyyətin maraqları (ictimai maraqlar) qarşısında məsuliyyət daşıyırlar. Bu ictimai məsuliyyət media işçilərindən tələb edir ki, müxtəlif şəraitlərin olmasına baxmayaraq, həmişə öz vicdanına uyğun hərəkət etsinlər;

- Media mənsubları sözlərinin düzgünlüyünə xüsusi diqqət yetirməli, yalnız mənşəyi və mənbəyi aydın olan xəbərləri, məlumatları dərc etməlidirlər; məlumatların düzgünlüyünə diqqət olunmalı, etibarsız xəbərlər yaymaqdan, şayiələri təbliğ etməkdən və bu kimi digər əməllərdən çəkinməlidirlər;

- Plagiat, mətnlərin, sənədlərin təhrif edilməsi və hadisələrlə bağlı əsas məlumatların silinməsi media işində həmişə qınaq obyekti və anormal davranış kimi qiymətləndirilməlidir. Xəbər, sənəd, foto və s. əldə etmək üçün yanlış, qeyri-qanuni və qeyri-etik üsullardan istifadə edilməməlidir. Bu baxımdan etik prinsiplərə riayət etmək xüsusilə zəruridir;

- Media işçisinin vicdanı və peşə şərəfi tələb edir ki, onlar hər hansı maddi və qeyri-qanuni mükafatlardan, ictimai maraq və mənafelərə zidd olan şəxsi məqsədləri irəli sürmək üçün tövsiyələrdən çəkinsinlər;

- Kütləvi informasiya vasitələrinin üzvləri medianın fəaliyyətini kommersiya və ya hər hansı bir siyasi fəaliyyətlə qarışdırmamalı, həmçinin reklamçılardan, auditoriyadan birbaşa və ya dolayı yolla heç bir sifariş və mükafat almamalıdırlar;

- Media peşəsinin müstəqilliyi və ictimai maraqların müdafiəsi xəbərlərin, reportajların dərc edilməsi və ya dərc edilməməsi, onların məzmununun dəyişdirilməsi ilə bağlı hər hansı bir təzyiq və hədələri qəbul etməməyi, lakin dövlət siyasətinə, ictimai maraqlara və etik prinsiplərə əməl eməyi tələb edir;

- Medianın məsul şəxsləri hər bir fərdin düzgün və təsirli xəbər, məlumat əldə etməsinə kömək etməlidirlər, həmçinin açıq-aşkar yanlış olan dərc edilmiş materialı düzəltməli, auditoriya və maraqlı şəxslərin medianın fəaliyyəti haqqında fikirlərə hörmətlə yanaşmalıdırlar.

Hazırkı tədqiqatdan belə nəticəyə gəlmək olar ki, etikandan kənar, hüququn tələblərinə və milli-mənəvi, dini dəyərlərə, inanclara və əxlaq normalarına zidd olan xəbərləri təbliğ etməməklə etik mediaya malik ola bilərik; bu yolla həm etik mediaya, həm də media etikasına malik oluruq. Etik məsələləri yalnız media vasitəsi ilə qəbul edən insanlar bunu “medianın etikası”, dini məsələləri media vasitəsilə qəbul edən insanlar isə bunu “medianın dini” adlandırırlar. Bundan əlavə, etik məsələlərə əməl edən media da “etik media” adlanır.

Təbii ki, mediada etikanın institutsionallaşması üçün media mənsublarının milli-mənəvi, dini dəyərlərə, adət-ənənələrə, mədəniyyətə, etik normalara malik olması zəruridir. Bu, xüsusi media mexanizmləri vasitəsilə peşəkarcasına, cəlbedici formada edilməlidir ki, dinləyicilər dini və sivil cəmiyyətin etik normalarını tanısınlar və bunları bir-birindən ayırmağı da bacarsınlar. Digər tərəfdən, etika və media arasında heç bir ziddiyyət olmasa, belə bir vəziyyətdə düzgün və qarşılıqlı fəaliyyətin göstərliməsi mümkündür, amma bu o demək deyil ki, müasir media etikanın bütün istiqamətlərinə daxil olmaq və medianı dərindən etik mediaya çevirmək üçün tam imkanlara malikdir. Buna görə də etik yönümlü medianın olması mümkündür. Lakin qəbul etmək lazımdır ki, tam və mükəmməl etik media, eləcə də İslam dininə, onun prinsip və meyarları ilə tamamilə eyniləşdirilə bilən media etikasına nail olmaq çox çətin və əlçatmazdır. Əlbəttə, bir çox etik prinsiplər media vasitəsilə cəmiyyətdə institusionallaşdırıla bilər, amma dinləyicinin zövqünə məhəl qoymayaraq qeyri-etik verilişlər təqdim etmək, əlbəttdə ki, mediaya ciddi ziyan vuracaq, izləyicini qeyri-etik mediaya cəlb edəcəkdir. Bunun qarşısını almaq üçün media mənsubları məlumat hazırlayarkən xəbərlərin mahiyəti ilə yanaşı hüququn tələblərinə, həmçinin etik normalara və onun cəmiyyətdə işlənmə mexanizimlərinə də diqqət göstərməlidirlər.

Etika və medianın qarşılıqlı əlaqəsinə gəlincə isə, nəticə olaraq deyə bilərik ki, bu, media etikasının prinsiplərinin standartlaşdırılması və tənzimlənməsidir. Əgər buna riayət olunarsa, onda atılan hər bir addım qarşılıqlı əlaqəyə və etik məqsədlərə yardım kimi dəyərləndiriləcəkdir ki, bu da media ilə auditoriya arasında anlaşmanın əsası ola bilər. Media etikası geniş formalarda öyrənilə bilər; media etikası bütün fərdi və kollektiv davranışları, audio, vizual və yazılı medianı əhatə edir. Media etikasının geniş formada öyrənilməsi məsələnin həllinin vacibliyini və zəruriliyini göstərir.Təbii ki, bu istiqamətdə mədəniyyət və etikanın əlaqəsi də unudulmamalıdır, çünki cəmiyyət yarandığı vaxtdan mədəniyyət mövcud olmuşdur. Mədəniyyət sosial həyatın əsas göstəricisidir və cəmiyyətin təfəkküründə, istəyində, sözündə, hətta səylərində əks olunur, lakin etika isə mədəniyyətin formalaşmasına birbaşa təsir göstərir.

https://science.gov.az/az/news/open/34432

Əntiqə PAŞAYEVA, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent