Konstitusiya, dövlət, qanun və qanunçuluğun etik aspektləri, hüquqi, ictimai-siyasi funksiyası

“Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda”.
Heydər Əliyev
Ümummilli Lider Heydər Əliyevin bütün zamanlarda mühüm əhəmiyyət kəsb edən dövlətçilik, konstitusiya, demokratiya, insan haqları, ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət, tarix, vətənpərvərlik, milli münasibətlər və digər məsələlərlə bağlı tarixi çıxışlarının hazırkı dövrdə geniş təhlil olunmasına ehtiyac vardır. Ulu Öndər hər bir çıxışında bu sahədə çalışan vətəndaşlara, xüsusi səlahiyyəti olan əməkdaşlara xitab edərək, onların hər birini Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, inkişaf etməsi, bu yolda cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək və qanunun aliliyini qorumağa çağırırdı. Bu sahədə çalışan hər bir vətəndaşın əsas vəzifəsi hər hansı bir məsələnin araşdırılmasında ədalət, insaf, vicdan prinsiplərinə riayət etməli, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirməlidir. O, konstitusiyadan irəli gələn tələbləri və qanunun aliliyini əsas tutaraq bütün vətəndaşları ona tabe olmağa çağırır. Bu çağırış təbii ki, müəyyən bir dövrü əhatə etmir, bu çağırış bütün zamanların tələbidir: “Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm”.
Dövlət və qanunun nisbətinə gəldikdə qeyd etməliyik ki, tarix baxımından dövlət və qanun həmişə yanaşı mövcud olmuş və inkişaf etmişdir. Qəbul etmək lazımdır ki, bir çox hallarda hakimiyyət qanunu üstələmiş və öndə getmişdir. Dövlət ictimai-siyasi proseslər və tarixi hadisələr nəticəsində meydana gəlir, yalnız sonradan qanunla təsbit olunur. Dövlət yarandığı vaxtdan hüquqla bağlı olan məsələlərə, o cümlədən ictimai nizam-intizama ehtiyac olmuşdur. Ancaq mənbəyinə, təkamülünə görə üstünlük hakimiyyətə məxsusdur. Bununla belə özbaşınalığın qarşısını almaq üçün qanun hakimiyyətə nəzarət etməli və qanunun aliliyi xalqın ümumi iradəsinə əsaslanmalıdır. Məhz bundan sonra qanunverici dövlətin yaranmasına ehtiyac olur. Burada qanunverici dövlət dedikdə, yəni qanunvericilik üçün nəzərdə tutulan dəyərli bir dövlət təşkilatı nəzərdə tutulur, həmçinin deyilir ki, hüququn prinsipləri dövlətin iradəsini əks etdirir və burada əsas məqsəd dövlət təşkilatı nəzərdə tutulur ki, bu təşkilat hüquqi qaydaların yaranmasında səlahiyyətə malikdir.
Burada ədalət, insaf, vicdan, bərabərlik və digər etik meyarlar konstitusiyaya əsasən dövlət və qanun arasında bağlılıq yaradır, hər ikisinin (dövlət və qanun) cəmiyyətdə vəhdətini və işlənmə mexanizmini tənzimləyir. Ümumiyyətlə, dövlət səlahiyyət əsasında hüquqi təşkilatlar qarşısında öhdəliklər qoyur, həmçinin hüquqi quruluşların mənşəyi olaraq insanların yaşamaq haqqını reallaşdırır. Məlumdur ki, dövlət hüquqi təşkilatlar qarşısında öhdəliklər qoyur və onlardan tələb edir ki, bunlara riayət olunsun; dövlət bir növ ictimaiyyətin sütunu hesab olunur. Ancaq burada bir sual yaranır: bu qədər gücü dövlətə bəxş edən hansı qüvvədir və dövlət hansı qaydaya söykənərək əmr verir? Əgər dərindən düşünsək məlum olar ki, dövlətin yaranmasında təkcə ictimai varlığın və ölkənin olması kifayət deyil, bunların olmasından əlavə qanunların mövcudluğu mühüm şərtdir. Burada millət dedikdə, çoxlu sayda insanlar nəzərdə tutulur ki, dövləti yaradırlar; yəni dövlət yaranmasında hər şeydən əvvəl insan kütlələrinə ehtiyacı vardır. Amma insan kütləsinin olması o demək deyildir ki, dövlət insanlardan ibarət sadə bir qurumdur, bəlkə dövlət bütün zamanlarda yeni bir dəyərdir (identiklik). Buna əsasən millət və ölkə maddi məsələləri əhatə edərək təbiətə bağlıdır, yəni bunlar fərziyyə olaraq bir növ əməllə bağlıdır nəinki reallıqla. Bir insan və onun mövcud olduğu məkan zaman və şəraitə uyğun olaraq qeyri-sabitdir və onun həmin məkanda daimi varlığı mümkün deyil; amma dövlətin yaranmasında isə sabitlik əsas şərtdir. Burada sabitlik dedikdə ictimai-siyasi sabitlik və əmin-amanlıq nəzərdə tutulmur, burada əsas məqsəd ölkənin sabit və davamlı olmasıdır; yəni dövlətin mövcud olduğu həmin məkanın dəyişməməsi və sabit məkan omasıdır. Deməli, dövlət ancaq müəyyən olunmuş, sabit və dəyişməyən ölkə üzərində hakimiyyətə malikdir və bütün bu məsələləri yaradan və qoruyan məhz Əsas Qanun – Konstitusiyadır. Qanunlar ictimaiyyətdə etik normalar əsasında özünü biruzə verir; düzgün, haqlı və qanuna uyğun olan hər hansı bir əməl qanun və etik normalar kimi göstərilməlidir, yəni qanun və etik normalar o qədər yaxındır ki, qanunlar dedikdə məhz etik normalar anlaşılır. Etik normalar həm təbii, həm də pozitiv (sivil) hüquqda mövcuddur. Məhz bu baxımdan Ulu Öndərin qanun və qanunçuluq barədə dediyi kəlamları oxuyarkən bir daha etik və mənəvi dəyərlərin şahidi oluruq. O, Konstitusiyada təsbit olunmuş müddəaları əsas gətirərək ölkəmizdə hüquqi dövlətin yaradılmasına, insanların hüquqlarının qorunmasına diqqəti yönəldir: “Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Dövlət və qanunun nisbəti təkcə siyasi və hüquqi məsələləri deyil, sosial məsələləri də əhatə edir. Məlum olduğu kimi insan ictimai bir varlıqdır; vətən, ölkə, hakimiyyət, dövlət hər biri insana məxsusdur, insanın dəyəri, onun kimliyidir. İnsanın ictimai bir fərd kimi formalaşmasında dövlət və qanunun xüsusi rolu vardır. Çünki vətən, ölkə, hakimiyyət və dövlət hər biri ayrı-ayrılıqda insanın şərəfi, mənliyi və ləyaqətidir. Hər bir fərd məhz bu dəyərlərlə tanınır; insan Konstitusiyaya, demokratik prinsiplərə, hüquq qaydalarına və etik normalara nə dərəcədə riayət etməsi ilə seçilir və tanınır.
Həmçinin qanuni mühitin yaranmasında dövlət hakimiyyəti və onun fəaliyyəti mühüm şərtdir. Dövlət hakimiyyəti o zaman qanuni hesab olunur ki, insanların iradəsini əks etdirsin. Əgər dövlət ictimaiyyətin iradəsi və istəyi ilə yaranırsa, onda həmin dövlət həm strukturda, həm də ictimaiyyət üçün daha faydalı və səmərəli olacaqdır. Ulu Öndər ictimai məsuliyyəti və dövlətçilik prinsiplərini nəzərə alaraq hər bir çıxışında dövlətin xalq üçün olduğunu bildirmişdir: Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” və ya “Dövlətçilik haqqında düşünən adam – həm adi vətəndaş, həm dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar heç vaxt öz canı haqqında düşünməməlidir”. Bundan əlavə, dövlətin yaranmasında insanların iradəsini əks etdirən prinsiplər Ulu Öndərin çıxışlarında daha çox özünü göstərir. O, hər bir çıxışında konstitusiyaya istinad edərək bu sahədə çalışan vətəndaşların yüksək xüsusiyyətlərə malik olmalarını təkidlə bildirir: “Qanuna xidmət edən hər bir adam aydın zəkaya, təmiz əllərə və alovlu qəlbə malik olmalıdır”. Digər çıxışında isə dövləti son damla qanına qədər qoruyacağını və bu dövlətə təcavüz edən hər bir vətəndaşı qanun çərçivəsində cəzalandıracağını nəzərə çatdırır: “Mən dəfələrlə demişəm, bu gün, gərginlik yaranan vaxtda bir daha deyirəm: Azərbaycanın dövlətçiliyini son damla qanımadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyəm.
Ulu Öndər bütün vətəndaşları konstitusiyadan irəli gələn tələblərə tabe olmağa, qanuna riayət etməyə çağırır, həmçinin qanunların riayət olunmasında bütün səyləri ilə çalışacağını və bu yoldan dönməyəcəyini bildirirdi: “Biz hamımız nizam-intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolda şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm”. Digər nitqində isə hər bir vətəndaşa dövlətin qanunlarına əməl etməyi tövsiyə edirdi: “Dövlətin qanunlarına əməl etməyən insan dövlətin qanunları əsasında cəzalanmalıdır”. Buradan məlum olur ki, dövlət və qanunun nisbəti cəmiyyətdə tutduğu dərəcə ilə müəyyənləşir və dövlətin mövcudluğu təkcə adına görə deyil, əsas funksiyasına görədir. Dövlətin hər hansı bir qərarı hüquqa, qanuna və etik normaya uyğun olmalıdır, bunlardan kənar hər hansı bir əmr hədəfə çata bilməz, daha aydın desək, burada ictimaiyyət və hakim qüvvə nəzərdə tutulur; yəni dövlət və qanun ictimai-siyasi məfhum olaraq ölkənin etik dəyərlərini əks etdirir, bu dəyərlər həm dövlətin ictimai-siyasi fəaliyyətində, həm də normativ aktlarda mövcuddur. Amma qanunçuluqda etik normalara gəldikdə isə qeyd etməliyik ki, hər bir qanunda etik qayda və normalar mövcuddur. Etik qayda və normalara əsaslanmayan qanunlar əsassız hesab olunur və onun ictimai və hüquqi qüvvəsi olmur. Ulu Öndərin hüquq, qanun, qanunçuluq, dövlətçilik barədə dediyi kəlamları diqqətlə təhlil etsək şahidi oluruq ki, onun hər bir sözü etik dəyərlər göstəricisidir; yəni müxtəlif sahələri əhatə edən dərin fikirli kəlamları mənəviyyata, etik normalara əsaslanır: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır.” Ulu Öndərin fikrincə, hər hansı bir hüquq işçisinin hüquq elmində, hüquqşünaslıqda biliyi ilə yanaşı, həm də əxlaqi, mənəvi dəyərlərə malik olması əsas şərtdir. Hüquqşünasın etik dəyərlərə sahib olması təkcə qanunların düzgün işlənmə mexanizmi ilə məhdudlaşmır, bu dəyərlərə sahib olmaq qanunla ictimaiyyət arasında bağlılıq yaradır, bundan əlavə, ictimai kütlə arasında qanunların aliliyinə inam yaranır və bunun da nəticəsində ictimai asayiş təkcə qanunlarla deyil, həm də mənəvi dəyərlər əsasında idarə olunur və qorunur. Ulu Öndər nitqində kimliyindən asılı olmayaraq hər bir vətəndaşın qanunun prinsiplərinə riayət etməsini və qanunun aliliyinin qorunmasını təkidlə bildirir.
Ulu Öndərin insan ləyaqətinə verdiyi dəyəri cinayət-hüquq siyasətində də özünü açıq-aydın göstərir. İnsan haqlarında ölüm hökmünün ləğv olunması buna sübutdur. Ulu Öndərin təşəbbüsü ilə 1998-ci fevral ayının 10-da Milli Məclis ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etdi və həmin andan başlayaraq bu hökm qüvvədədir. O, ədalət, azadlıq, insaf, humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq ölüm cəzasının insan ləyaqətinə zidd olduğunu bildirmişdir: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ulu Öndər digər nitqində qanun və qanunsuzluq arasında olan vəziyyətə diqqəti çəkir. Onun nəzərində qanunsuzluğu, ədalətsizliyi, haqsızlığı yalnız qanunlarda mövcud olan etik dəyərlərə – ədalətə riayət etməklə aradan qaldırmaq mümkündür. Ümummilli Lider hər bir nitqində haqq, ədalət prinsiplərinin qanunların tətbiqində mühüm məsələ olduğunu qeyd edir. O, ədaləti bərpa etmək və qanuna zidd olan əməlləri aradan qaldırmağın vacib olduğunu bildirmişdir: “Qanunsuzluğu aradan qaldırmaq lazımdır. Qanunsuzluğa qanunsuzluqla cavab vermək lazım deyil”. Ümummilli Liderin fikrincə, dərəcəsindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların qanuna tabe olmaları, qanunların təkcə sözdə deyil, əməldə də qorunması, həmçinin cinayət törədən şəxsin cəzalandırılıması qanunçuluğun əsas tələb və prinsiplərindəndir. Ancaq bilmədən, təsadüfən cinayətkarların təsiri altına düşən insanlara olan münasibət digər cinayətkarlardan fərqli olmalıdır: “Kimin nə qədər böyük xidməti olsa da, kim nə qədər böyük hünər, cəsarət sahibi olsa da, nə qədər ülvi amalı olsa da, cəmiyyət üçün gərəkli və dəyərli adam olsa da, onların hamısı qanuna tabe olmalıdır”.
Ulu Öndərin fikirlərini təhlil etdikcə görürük ki, cəzanın özündə də islah etmək xüsusiyyəti vardır. Cəza təkcə insan üçün nəzərdə tutulan məhdudiyyətləri yaratmır, insanı qapalı məkanda saxlamaq, onu ictimaiyyətdən təcrid etmir, cəzanın tərbiyəvi əhəmiyyətlərindən biri də budur ki, insan törətdiyi cinayət əməli barədə düşünür, nəyin düzgün, səhv etdiyini təkcə ağılla deyil, həm də ruhən, qəlbən anlayır. Cəzanın tətbiq edilməsinin səbəblərindən biri də digər insanları cinayət əməllərindən uzaqlaşdırmaq, ictimaiyyəti baş verə biləcək hər hansı bir cinayətdən xilas etməkdir. Ulu Öndər cəzanın tərbiyəvi əhəmiyyətini qeyd edir: “Cəzanın böyük tərbiyəvi əhəmiyyəti var. Əgər bir insan öz cinayətinə, xəyanətinə görə cəzalanırsa, bu, minlərlə insanların belə cinayətlərindən xilas olmasına kömək edir, belə cinayətlərə qoşulmamasını təmin edir”. Ulu Öndər bəzi insanların ölkə daxilində cinayət törədib başqa bir ölkəyə qaçmalarına kəskin münasibətini bildirərək onları vətənpərvərlikdən, insana xas olan üstün keyfiyyətlərdən uzaq hesab edir. Onun nəzərində vətəninə, xalqına, dövlətinə bağlı olan insan heç vaxt bu addımı atmaz və belə insanlar xalqın, cəmiyyətin nəzərində nüfuzsuz və yaramaz insanlar hesab olunurlar: Vətənpərvər, mərd insan əgər şurlu ya şursuz hansısa bir cinayəti edibsə, o, vətənindən qaçmamalıdır. Cinayət edib vətənindən qaçan adam xalq, millət, cəmiyyət üçün ən yaramaz və ən nüfuzsuz bir adamdır”. Ulu Öndər ölkəmizdə, hüquq-mühafizə orqanlarında, hətta tək-tək insanlar arasında vətənə, xalqa təkcə sözdə deyil, əməldə də ləyaqətlə, vicdanla xidmət olunacağına şübhə etmir və buna inanır. O, hüquq-mühafizə orqanlarında çalışan insanlarda etik dəyərlərin, mənəvi saflığın olmasının vacib olduğunu bildirir: “Vətənə, xalqa sədaqət və mənəvi saflıq, bunlar bizim müvəffəqiyyətimizin əsasıdır. Güman edirəm ki, biz hüquq-mühafizə orqanlarında belə bir mühitin, əhval-ruhiyyənin yaranmasına nail ola biləcəyik”.
Aparılan təhlillərdən belə nəticəyə gəlmək olar ki, Ulu Öndərin dövlət, konstitusiya, qanun və qanunçuluq barədə dediyi hər bir sözü təkcə hüquq-mühafizə orqanlarına deyil, həm də ictimai-siyasi mühiti qorumaq, insanların haqlarına ədalətlə, vicdanla riayət etmək mənasını daşıyır. Qanunlarda olan etik, əxlaqi, mənəvi dəyərlər insanı mükəmməl bir varlıq olaraq cəmiyyətə təqdim edir və qanunun aliliyinin qorunmasına səbəb olur. Etik xüsusiyyətlər insan varlığının formalaşmasına, insanın ictimai-siyasi sahədə inkişafına zəmin yaradır. Vətən, ölkə, hakimiyyət və dövlət dediyimiz bu məfhumlar hər biri ayrı-ayrılıqda insanın şərəfi, mənliyi və ləyaqətidir. Çünki hər bir insan tutduğu vəzifəsindən, məqam və dərəcəsindən, milli mənsubiyyətindən asılı olmayaraq üzv olduğu ölkəsinin Konstitusiyasına, qayda-qanunlarına necə əməl etməsi ilə seçilir. Buna görə də kimliyindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mühafizə sistemini qorumalı, onun tələblərini yerinə yetirməli və ölkəsinin layiqli vətəndaşı olmalıdır.
https://science.gov.az/az/news/open/34283
Əntiqə PAŞAYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya
İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

