17.11.2025, 13:56 - Baxış sayı: 63

“Fətəli xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimi kimi” mövzusunda Dəyirmi masa keçirilib

Noyabrın 14-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Fətəli Xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “Fətəli Xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimi kimi” mövzusunda Dəyirmi masa keçirilib.

Dəyirmi masada çıxış edən f.e.d., professor İlham Məmmədzadə qeyd etmişdir ki, “Fətəli Xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını rəhbər tutaraq, AMEA Azərbaycan Cümhuriyyətin ilk Baş nazirinin ictimai-siyasi irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə tədbirlər planı hazırlamışdır. Hazırda AMEA-nən bütün elmi müəssisə və təşkilatlarında görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirilir, kitab və monoqrafiyalar nəşr edilir.

Professor çıxışında bildirib ki, Fətəli Xan Xoyski Azərbaycan tarixində müstəqillik uğrunda mübarizənin simvolu kimi unudulmaz iz qoyub. Onun həyat və fəaliyyəti milli azadlıq, dövlətçilik və demokratiya ideyalarının vəhdətini təcəssüm etdirir. Yubiley tədbirləri onun ideyalarının, mübarizəsinin və siyasi irsinin gələcək nəsillərə ötürülməsi üçün əhəmiyyətli bir fürsətdir. Bu irsin təhlili və qiymətləndirilməsi həm Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, həm də milli və tarixi yaddaşın zənginləşməsinə xidmət edir. Bugünkü Azərbaycan müstəqilliyinin və dövlətçilik ənənələrinin formalaşmasında Fətəli Xan Xoyskinin xidmətləri unudulmazdır. Onun ideyaları və fəaliyyəti yeni nəsillər üçün ilham mənbəyi olaraq qalır, milli azadlıq, vətənpərvərlik və siyasi məsuliyyət anlayışlarını yaşadır.

Tədbirin əsas məruzəçisi “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri f.e.d. Arzu Hacıyeva “Azərbaycanın varlığı fəlsəfəsi: Fətəli Xan Xoyskinin nitqi üzərində düşüncələr” mövzusundakı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin, onun qurucularının həyat və fəaliyyətinin öyrənilməsinin siyasi baxışlardakı dəyişikliklərlə bağlı mərhələlərini xatırlatmış, xalqın yaddaşında siyasi lider, hüquqşünas, diplomat və istiqlal fədaisi kimi qalmış Fətəli Xan Xoyskinin daxili və xarici, beynəlxalq münasibətlərin tarıma çəkildiyi olduqca gərgin, mürəkkəb dönəmdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı kimi fəaliyyətinə qısaca nəzər salmışdır.

 Xüsusi olaraq Fətəli Xan Xoyskinin Cumhuriyyətin baş naziri kimi Azərbaycan parlamentinin 1918-ci ilin 7 dekabrında açılışı günü söylədiyi məşhur tarixi nitqi haqqında düşüncələri ilə bölüşmüşdur. Göstərmişdir ki, bu məşhur nitq sadəcə hökumətin parlament qarşısında hesabatı deyildi, burada gənc dövlətin altı aylıq tarixinin şərhi, milli varlığın mahiyyətinin fəlsəfi mənalandırılması, müstəqil dövlətçiliyin fəlsəfi əsasları əksini tapmışdır. Onun parlament üzvlərinə “Bu gün o gündür ki, milli müqəddəratınızı öz əlinizə aldınız” sözlərində tarix fəlsəfəsinin fundamental ideyası — Azərbaycan xalqının tarixin obyektindən subyektinə, tarixə tabe olan yox, tarixi yaradan qüvvəyə çevrildiyinin, “özü üçün ruhdan” “özünüdərk edən ruh” mərhələsinə qədəm qoyduğunun bəyanı idi.

Siyasətdə əxlaq məsələsinə toxunarkən, Fətəli Xan Xoyskinin siyasəti məqsəd deyil, xidmət kimi başa düşdüyünü qeyd edir: Azərbaycan dövlətinin ilk addımlarının hərc-mərclik və nizam, azadlıq və məhdudiyyət, ideal və reallıq, arzu və zərurət arasında gərgin bir dialektik mübarizə şəraitində atıldığına baxmayaraq gənc hökumətin, Xoyskinin özü dediyi kimi, yol göstətən ulduzunun “millətin hüququ, istiqlalı və xeyiri” olmuşdur.

Eyni zamanda Xoyskinin nitqinin klassik siyasi ritorikanın bütün əsas ünsürlərini – logosu, etosu və pafosu özündə ehtiva etdiyini deyən məruzəçi nitqin dil, üslub və kompozisiya xüsusiyyətlərinə də diqqət yetirir, dövlətçiliyin səsinin eşidildiyi, millətin ruhunun duyulduğu bu nitqu milli siyasi diskursun nümunəsi kimi təqdim edir.

Fətəli Xan Xoyskinin nitqlərində əksini tapan hüquqi dövlət quruculuğu, vətəndaş həmrəyliyi, tolerantlıq, siyasi məsuliyyət, milli müstəqilliyin qorunması kimi ideyalar bu gün də öz aktuallığını qoruyur – deyə məruzəçi vurğulayıb.

Tədbirdə t.e.d., prof. Qasım Hacıyev “Fətəli Xan Xoyski Cənubi Qafqazın siyasi həyatında”, f.ü.f.d. Vahid Ömərov “Fətəli Xan Xoyski “Nemezis” əməliyyatının hədəfində”, s.e.ü.f.d. Samirə Həbibbəyli “Fətəli Xan Xoyskinin diplomatik istedadı və Azərbaycanın suverenliyinin təmin olunması yolunda fəaliyyəti”, f.e.d. Füzuli Qurbanov “XX əsrin əvvəllərində Azərbaycanın siyasi şüuru və dövlətçilik” mövzusunda çıxış etmişlər.

Sonda Fəlsəfə Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli Fətəli Xan Xoyskinin geniş ətraflı dövlətçilik fəaliyyətini xüsusilə də gənc Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə tanıdılması sahəsində ardıcıl həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulamışdır.