07.11.2025, 21:33 - Baxış sayı: 78

Qələbəmizə töhfə vermiş alim dostumuz


İllərlə eyni kollektivdə işləmiş adamların təqaüdə çıxmalarının onlar üçün faciə olmasının mənasını ömrümün əsrin dörddə birinə bərabər hissəsini həsr etdiyim AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivinə bağlılığımı dərindən hiss edəndən sonra dərk etməyə başlamışam... Bu kollektivin tanıdığım, ünsiyyət saxladığım bütün fərdlərini sevirəm. Bəzilərini anam kimi, bəzilərini atam, böyük qardaşım kimi, bəzilərini bacım, bəzilərini övladlarım kimi... Onların içərisində elələri var ki, onlara münasibətdə daha doğma hisslər də iştirak edir. Məsələn o fərqli münasibətə “tuş gələn”lər həm də mənim rəfiqəm və dostum olmaqla qəlbimə bir az da yaxın insanlardırlar. 

Belə insanlardan biri də illərdir ki, eyni şöbələrdə çiyin-çiyinə çalışdığım dostum, balaca qardaşım Radif Mustafayevdir. Biz onunla demək olar ki, eyni vaxtda akademiyanın müxbir üzvü, fəlsəfə doktoru mərhum Zakir Məmmədovun rəhbərliyi altında dissertasiya mövzularımızı müəyyənləşdirmiş və o mövzuların üzərində işləməyə başlamışıq. Onunla birlikdə fəlsəfə doktoru pofessor, şöhrət ordenli Zümrüd Quluzadənin (Zümrüd ananın) “Fəlsəfə tarixi və ictimai fikir şöbəsi”ndə aşağıdan yuxarıya “elm nərdivanının pillələrini dırmaşaraq” bu gün elə yenə də həmin mərhum Zümrüd ananın yetirməsi akademiyanın müxbir üzvü olan professor Könül xanım Bunyadzadənin rəhbərliyi altında fəaliyyət göstərən “İslam fəlsəfəsi şöbəsi”ndə elmimizə xidmət edirik. Bizi, həm də eyni fəlsəfi fənləri illərdir ki, Ölkəmizin müxtəlif ali təhsil müəsisələrində tədris etməyimiz də birləşdirir. Bu gün biz, bizi dəyərləndirən kafedraların dəvəti ilə Bakı Dövlət Universitetində fəlsəfi fənləri deyən məslək dostları kimi xalqımızın balalrının maariflənməsinə pedaqoji xidmət edirik.

Radif müəllimi, aramızda çoxlarımızdan fərqləndirən bir üstünlüyü də var. O bizim əziz, yaralı Vətənimizə cəbhələrdə, səngərlərdə də xidmət göstərmişdir. O 44 günlük Vətən müharıbəsinə Akademiyadan vuruşmağa gedən 24 nəfərin biri, institutumuzun yeganə Vətən Müharibəsi iştirakçısı 44 günlük Vətən Müharibəmizin canlı səlnaməsidir!

Yeri gəlmişkən deyim ki, Radif müəllim AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasının əyani aspirantı olub və onu müdafiə ərəfəsində həqiqi hərbi xidmətə çağırmışdılar ( o vaxt şöbə müdirimiz Zümrüd xanım Radifin müdafiə ərəfəsində olmasını diqqətlərə çatdırıb nə qədər cəhd etdi ki, onu əsgər aparmasınlar (o zaman o, həm də iki övlad atası idi) mümkün olmadı)) və TərtərinTalış kəndinin önündə cəbhə xəttində borcunu düşmənlə üzbə-üz səngərdə baş leytinant kimi ona tapşırılan əsgərlərə atalıq edərək (baxmayaraq ki, özü də gənc idi) başa vuraraq geri şanlı bir əsgər kimi qayıtdı. Müdafiəsini etdi. İnstitut rəhbərliyi onun namizədlik dissertasiyasının mövzusunu əhatələyən əsərini ( tam ruhuna uyğun “Orta əsirlər müsəlman Şərqində insanın sosial və hüquq bərabərliyi problemi” mövzusunda yazdılmış əsəri ) də çapa layiq gördü və çap etdirdi. Sonrakı illər də onun həyatına məhsuldar illər kimi daxil oldu. Xeyli elmi məqalələrin, dərc olunmuş konfrans materiallarının, məruzə edilmiş elmi mətnlərin, alimlərin qarşısında edilmiş elmi seminarların müəllifinə çevrildi.

2020-ci ilin payızı isə onun, bu məhsuldar alimin, vətənpərvər pedaqoqun həyatına fərqli payız kimi daxil oldu. Artıq üç uşağın atası olan və iki universitetdə pedaqoji fəaliyyətlə məşğul olub bir elmi tədqiqat institutunda (Prezident yanında İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində və əsas iş yeri olan doğma Fəlsəfə və Sosioloqiya İnstitutunda) böyük elmi işçi kimi çalışan bu zəhmətkeş insanı təlimlərə çağırdılar. O, Vətənə ehtiyata buraxılmış baş leytenant kimi yenidən lazım oldu. Bəlkə də onu aparmamalı idilər. Belə ki, o hələ əyani aspirant ola-ola əsgəri borcunu (o zaman iki uşaq atası idi) vermişdi. Amma indi düşünürəm ki, bu imanlı, dürüst, vətənpərvər oğlana göylərdən bir çağrışı imiş... Onun həmin müharibədə iştirakı, filosof ağılına və məntiqinə söykənən taktikası o qaynar bölğədə neçə əsgərimizi ölümdən xilas etmişdir... O təlimlərə gedəndən bir həftə sonra müharibə başladı və şanlı ordularımız dünyanı heyrətə salan döyüş taktikası ilə torpaqlarımızı vəhşi düşmənlərin tapdağı altından xilas etməyə başladı. Radif müəllim döyüşlərin ən qızğın yerində atış tağım komandiri kimi şəxsi heyəti ilə canını gözardı edərək əziz Vətəni uğrunda döyüşlərə atıldı.

 Onun “44 günlük müharibə xatirələri”-nə qulaq asanda savadlı bir alimin müharibədə olmasının da xalq üçün ayrıca bir avantaj olmasını kəşf edirsən. Belə ki, müharibədən sonra o bizlərə həvəslə multikulturalizmə dair dərs dediyi mühazirələrin məna yükünün məhz bu müharibənin açılış alanı olduğunu müşahidə etdiyini fəxrlə danışır. Vətənimiz Azərbaycana xidmətə gələn oğulların Azərbaycanda yaşayan müxtəlif xalqların vətənsevər oğullarının boya başa çatdıqları torpaqlar uğrunda “uf!” demədən canlarından hər an keçməyə hazır olmaları barəsində ürək dolusu, sevinclə, qürurla bəhs edir. Xatırlayıram ki, o müharibə zonasından həm də erməni müəlliflərinin rus dilində olan kitablarını növbəti tədqiqatları üçün daşıyıb gətirmişdi... Radif müəllimin rəhbərlik etdiyi batareya “xüsusi təyinatlıları” dəstəkləyirmiş, o bunun üçün taqımı ilə birlikdə əlindən gələni edirmiş. Dediyinə görə ilk döyüş tapşırıqlarını Füzulidə yerinə yetirməyə başlayıblar. Bir ilahiyyatçı filosof kimi onu da tez-tez qeyd edir: “Sanki, illərdir erməni vandallarının bəd əməllərini müşahidə edən Allahın da səbr kasası dolmuşdu, o böyük VARLIĞİN da hər an bizimlə olub hər həmləmizdə bizi müvəffəq etməsini duymamaq əlimizdə deyildi. Hər döyüşdə ilahi ədalətin təntənəsini sezir, xalqımızın dəstəyi, əsgərlərimizin sonsuz coşqusu, dövlət rəhbərimizin müdrik siyasəti, hətta məktəbli balalarımızdan gələn titrək sətirli məktubları da bizləri hər gün yeni bir qələbə əldə etməyə ruhlandırırdı. Canımıza neçə onilliklər yığılmış nisgilimiz, yurd yerlərimizi xarabazara çevirmiş düşmənə qarşı döyüş əzmimizi birə on qat artırırdı” O, müharibənin qurtardığı günün elan olunmasını “həyacanlı, itkilərimizdən məyus olmuş qəlbimizə su kimi səpildi, bu dəfə də həmin gecəni səhərə kimi yata bilmədik”- deyə xatırlayır. Radif müəllim dekabırın 29- da ordudan tərxis olunur və o zaman bilir ki, dövləti onun müharibədə iştirakını üç medalla Füzuli rayonunun, Cəbrayıl rayonunun və Laçın rayonunun azad olunmasına görə medalları ilə təltif etmişdir.

 AMEA-nın Fəlsəfə və Sosioloqiya İnstitutunda “İslam fəlsəfəsi şöbəsində” şəhid şair, vətən sevdalı Ülvü Bünyadzadənin bacısı, Akademiyanın müxbir üzvü Könül Bünyadzadənin şöbəsində aparıcı elmi işçi kimi çalışan dosent- doktor Radif Mustafayevi doğma İnstitutumuzun onu tanıyan bütün əməkdaşları çox sevir. İnstitutumuzun rəhbərliyi, başda direktorumuz tolerantlıq nümunəsi olan professor İlham Məmmədzadə olmaqla əməkdaşlarımız Radif Mustafayevə, bu gün doktorluq işi üzərində çalışan bu əzimkar alimə xüsusi bir hörmətlə yanaşır, onun Vətənə xidmətlərini ayrıca dəyərləndirirlər. Sabah Ölkəmiz Qələbəmizin beş illik yubleyini qeyd edəcək. Biz də bu münasibətlə bütün vətənsevərləri, qələbənin əldə olunmasında iştirak edən hər kəsi, o cümlədən canını Vətən yolunda qurban verməyə daim hazır olan 44 günlük Vətən Müharibənin iştirakçısı Radif müəllimi ürəkdən təbrik edirik!

 Vətənimiz, onu bizə bütöv vətən edən müdrik və müzəffər Prezidentimiz var olsun! Şəhidlərimizin ruhları Vətənlərinin qalıcı azadlığı ilə daim şad olsun! Vətən müharibəmizin iştirakşıları azad VƏTƏNDƏ bərxüdar olsun, müstəqilliyimiz əbədi olsun! Vətənimizin müdafiəsində – Birinci və İkinci Qarabağ müharibəsində döyüşə gedən Akademiya əməkdaşlarımıza sonsuz minnətdarıq!

Mətanət Şəkixanova

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent