25.02.2025, 12:01 - Baxış sayı: 35

SOYQIRIM – İNSANLIĞA QARŞI düşünülmüş ən ağır cəza metodudur


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi

Xanımağa İsmayılova

Soyqırımı – konkret olaraq insanların kütləvi şəkildə, düşünülmüş ən ağır bir cəza metodu əsasında yer üzündən silinməsi deməkdir. Soyqırımlara bəşər tarixində hələ XIII-XIV əsrlərdə kütləvi qırğınlar kimi təsadüf olunurdu. Belə ki, dünyanın ayrı-ayrı bölgələrində İngiltərədə, Amerikada, İspaniyada, Norveçdə müxtəlif səbəblərdən irimiqyaslı, yəni 100 minlərlə insanın tələfatına səbəb olan soyqırımlar baş vermişdir. Soyqırımların törədilməsinin bir məqsədi olur. İnsanı vəhşicəsinə məhv etmək. Bunu insana, topluma və xalqlara aid etmək olar və belə idi. Bəşər tarixində müxtəlif məqsədli soyqırımlar olmuşdur. Lakin, xatırlayaq ki, Belarusiyanın Xatın kəndi, Vyetnam müharibəsi zamanı Sonqmi kəndi və Xocalı soyqırımı zamanı sakinləri eyni metodla Yer üzündən silinərək məhv edilməsi kimi hadisələr baş vermişdi.

Daha geniş mənada məhz yaxın iki əsrdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanda reallaşan soyqırımlar, etnik təmizləmələr, deportasiyalar, qırğınlardan bəhs etsək görərik ki, Rusiyanın yaratdığı Ermənistan adlı qondarma dövlət yaxın iki əsrdə Azərbaycanın əksər bölgələrində xalqımıza qarşı irimiqyaslı soyqırımlar törətmişdir. Bunlar tarixi mənbələr və arxiv materiallarında öz əksini tapmışdır.

Məsələ odur ki, əsrlər boyu ermənilər məhvetmə, soyqırım, deportasiyaları özlərinə aid olmayan torpaqlarda məhz Azərbaycan ərazisində düşünülmüş və sistemli şəkildə törətmişdilər. Ermənilərin törətdikləri insanlığa sığmayan vəhşiliklər təkcə Azərbaycan xalqı, milləti üçün yox, eyni zamanda ölkəmizdə kompakt səkildə yaşayan xalqların nümayəndələrinin də amansızcasına məhv edilməsinə gətirib çıxarmışdır. Məsələn, Qubada yaşayan Azərbaycan vətəndaşı olan yəhudiləri, ləzgiləri də kütləvi şəkildə məhv etmişdilər. Bunlar fakt kimi yəhudi olan Quba sakini Aqorun Simoqodsevin xatirələrində, düzdür bu gün Fransa Azərbaycana qarşı çox məkrli planlarla erməniləri müdafiə etsə də, fransız konsulu Malevil onların ““Böyük Ermənistan” qurmaq planları, ərazilərini böyütmək və rusların təşviqi ilə soyqırımı hadisələrini həyata keçirdiklərini yazmışdır”. Bax, buradan belə nəticəyə gəlmək olur ki, ermənilər hər zaman rusların himayəsində olmuşlar və bu gun də belədir. Onlar eyni zamanda öz millətçilik ideyalarını genişləndirmək üçün Qərbin güclü xristian dövlətlərindən də istifadə etmişlər. Tarixdən də məlum olduğu kimi, Azərbaycan xalqının başına gətirilən bu hadisələrin kökündə Gülüstan (1813), Türkmənçay (1828) kimi müqavilələr durur ki, məhz bu da torpaqlarımızın hissə-hissə parçalanmasına və eyni zamanda əhalinin yaşadıqları dədə-baba yurdlarından, əzəli torpaqlarımız olan Qərbi Azərbaycandan-indiki Ermənistan adlanan ərazilərdən axırıncı nəfərinədək varı-yoxu əllərindən alınaraq deportasiya edilməsinə gətirib çıxarmışdır. Soyqırıma məruz qalan əhalinin milli-mənəvi, mədəni və siyasi-ideoloji fikirlərin, milli maraqların daşıyıcıları olan insanlar da məhv edilib. Bu gün bu nəsillərin nümayəndələrinin yaşaması Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması, daxili və xarici siyasətinin möhkəmlənməsi yönümündə fəaliyyət göstərmələrinə cox mühüm töhfə verə bilərdi. Bu deportasiyalar, qırğınlar, talanlar soyqırımlar təkcə insanlar üçün yox, həm də əzəli Azərbaycan torpaqlarına, qədimdən mövcud olmuş yer, oba, rayon, kənd adlarına, tarixi memarlıq abidələrinə, konkret olaraq yuzlərlə məscidlərimizə və s. qarşı olan bir soyqırımı idi.

Ermənilər 1987-88-ci illərdə artıq yeni planları həyata keçirməyə başladılar. Hadisələrin ermənilər (həmin illərdə erməniləri - ekstremistlər adlandırırdılar) tərəfindən Qərbi Azərbaycanın bir hissə olan Zəngəzur və Dağlıq Qarabağda başlasalar da və nəhayət 1990-cı ilin qanlı Yanvar, ard-arda rayonların işğalı və Xocalı Soyqırımını törədilməsi Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin bilavasitə başlanğıcınını təmin etmiş oldu. Ümumilikdə deyə bilərik ki, Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım həm hərbi, həm siyasi cinayət sayılırdı.

Nəhayət, Müstəqil Azərbaycanın dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəni daha dəhşətli bəlalardan, parçalanmalardan xilas etdi. Xalqın qarşısına çıxaraq Azərbaycanı pərakəndəlikdən, hərc-mərclikdən qorumağa və birliyə çağırdı. Heydər Əliyevin ilk tarixi addımlarından biri olan 1918-ci ildə ermənilər tərəfindən törədilmış “Mart Soyqırımı”nın tanıdılması 1998-ci il martın 26-da xalqın müqəddaratını həll edən çox uğurlu addımını ataraq 31 mart gününü Dünya azərbaycanlılarının Soyqırımı günü elan etmişdir.

Bu gün artıq bu hadisələr geridə qaldı. Məhz 44 günlük müharibəni, zəbt edilmiş torpaqlarımız Azərbaycan Respublikamızın Ali Baş komandanı İlham Əliyev və Şanlı ordumuzun, xalqımızın birliyi, birgə səyi ilə azad edildi. Azərbaycan dövlətinin tarixində Yeni Azərbaycan yarandı. Xalqımız artıq yeni: öz müqəddaratını həll edən, ərazi bütövlüyünü, suverenliyini, sakitlik, sabitlik şəraitini qazanmış Azərbaycanın inkişafını təmin etməyə qadir siyasi Liderinin Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir. Dövlətin irəliyə aparan addımlarını, yeni ideoloji, ictimai, siyasi, iqtisadi, mədəni, milli-mənəvi cəhətdən möhkəmlənməsində bütün xalq-rəhbər birliyinin möhkəmliyini daimi etməliyik. Azərbaycan tolerant və multikultural ənənələrə malik güclü bir dövlət kimi özünü dünyada tanıtmışdır. Buna görə də, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin vətəndaşlıq hüquqlarının qorunmasını, yəni sülh şəraitində yaşamasını möhkəmlətməliyik. Çünki, 1905-ci ildən 2020-ci il 27 sentyabr tarixinə qədər Azərbaycanda yaşayan digər xalqların nümayəndələri də baş vermiş hadisələrdə iştirak etmişdilər və vətən uğrunda soyqırım və müharibələrdə şəhid olmuşdular. Xalqımız bu tarixi hadisələri həmişə yadda saxlamalı, daim sadalamalı, dərin hörmətlə şəhidlərimizi yad etməlidir. Çünki, Azərbaycan dövləti və Azərbaycan xalqı bu gün başda Ali Baş Komandan İlham Əliyevin və məhz şəhidlərimizin qanı, qazilərimizin canı bahasına azad edilmiş müstəqil, suveren ölkəmizdə problemsiz yaşayır. Bu gün Rusiya-Ukrayna, Yaxın Şərqdə İsrayıl-Qəzza bölgəsində baş verən və hələ də həllini tapmayan, 100 minlərlə insan tələfatına, şəhərlər və kəndlərin, bütün flora və faunanın korlanmasına səbəb olan müharibələr bəşəriyyətə verilən bir mesajdır ki, dünyada sülhün, əmin-amanlığın bərpa olunması işində bütün güc dövlətləri mübarizə aparmalıdır. Problemləri masa ətrafında həll etmək üçün səyləri birləşdirmək lazımdır. Bunları misal çəkməkdə məqsəd Azərbaycan nümunəsini yada salmaqdır.

Qeyd edim ki, Dövlətimizin Prezidenti İlham Əliyev başda olmaqla, Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban Əliyeva, güc strukturları, Xocalı soyqırımını həmişə diqqət mərkəzində saxlayırlar. Hər il xaricdə yaşayan azərbaycanlılar Xocalı soyqırımı gününü dərin hüznlə yad edərək orada yaşayan xarici vətəndaşları da ermənilərin törətdikləri vəhşi soyqırıma qarşı çıxmağa, ədalətin bərpası üçün təbliğatlar aparır, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və onların çoxsaylı nümayəndələri də dayanmadan işlər görürlər, fotosərgilər təşkil edərək bu hadisə barədə yetəri qədər məlumatlar verir, erməni vandalizmini ifşa edirlər. Xatırlayaq ki, Xocalı Soyqırımı statusu hələ öz siyasi-hüquqi həllini, təsdiqini tapmayıb.

Yeri gəlmişkən, bu gün də ermənilər Azərbaycanda yaşasalar da torpağı, soyqırımı olmamasına baxmayaraq həmişə torpaq davası, soyqırımı iddiası edirlər. Ermənilər 1915-ci il 24 Aprel ayında qondarma Soyqırımı aktının tanınmasını təsdiq etmişdilər (2019-cu ildə ABŞ və 49 Ştatı, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya və Rusiya və ümumilikdə 30 ölkə.(az.m.wikipedia.orq/wi)). Onu da qeyd edim ki, Dünya dövlətləri yəni ermənipərəst dövlətlər ikili siyasi oyunlarla Xocalı Soyqırımını tanıdıqlarına inandırmağa çalışırlar. Lakin rəsmiyyətə gəldikdə isə bu özünü təsdiq etmir. Biz isə çox ciddi çəkildə bu soyqırımı hadisəsinin baş verdiyini və dünyada təsdiq olmasına nail olmalıyıq.

Hər il ölkəmizin bütün bölgələrində, dövlət qurumlarında olduğu kimi, AMEA-nın institutlarında, eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunda da Xocalı soyqırımı ilə bağlı tədbir, konfrans keçirilir və elmi fəaliyyət baxımından əməkdaşların qarşısında mühüm vəzifələr qoyulur. Artıq bu gün Xocalı azaddır və gələcəyə doğru tarixi faktları, hansı araşdırmaları aparmalıyıq və yeniliklər etməliyiksı onu düşünməliyik. Tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərimizin formalaşmasında yeni elmi araşdırmalar üzərində işləməliyik. Bizim fikrimizcə, ölkədə və xaricdə dünya səviyyəsində soyqırımla bağlı elmi araşdırmalar aparılmalı, elmi nöqteyi-nəzərdən tutarlı faktlarla əsərlər yaradılmalı, bu vəhşi soyqırım hadisələri tarixi baxımdan cox diqqətlə öyrənilməli, eyni zamanda bu barədə yazılmış əsərlər başqa dillərə tərcümə edilərək xarici ölkələrin nüfuzlu institutlarına, kitabxanalarına göndərilməlidir. Bununla da ermənilərin iç üzü açılmalıdır.

İnanırıq ki, yaxın vaxtlarda Azərbaycan xalqı, dövləti bu soyqımının dünyada tanıdılmasına və soyqırımı aktının həqiqiliyinin təsdiqinə nail olacaqdır. Çünki, başda Ali Baş Komandan, prezidentimiz İlham Əliyev və məqsədləri, ideoliji fikirləri, iqtisadi, Böyük qayıdış proqramı çərçivəsində irihəcmli quruculuq, yeni şəhərsalma işləri həyata keçirilir. Eyni zamanda ictimai-siyasi, milli-mənəvi, mədəni, tarixi dəyərlərə söykənən böyük alim, tədqiqatçılar ordusu, cox qürurlu və güclü bir dövlətimiz – Azərbaycanımız vardır.

Ümumiyyətlə, Azərbaycanda törədilmiş soyqırımları xalqın yaddaşından silinməyəcək bir hadisə kimi həmişə yad ediləcək, soyqırım məsələsinə görə dünyada ədalət öz yerini tapacaq, Azərbaycanın haqq işi qalib gələcəkdir. Bu gün artıq Xocalıda da Azərbaycan bayrağı dalğalanır!