Qadınlar və qızlar elmdə
İnsan həyatının mənası çevrəsindəki insanlardan tutmuş ölkəsinə və bütövlükdə, dünyaya hansı ölçüdə gərəkliyi ilə ölçülür. Xidmət çevrəsi böyüdükcə yaşanmış ömrün çəkisi, ictimai-bəşəri dəyəri də yüksəlir. Cəmiyyətləri idarə edən səlahiyyətli adamlar arasında xüsusilə elmdə qadınların sayı artır. Elmdə qadınların mövcudluğu elm tarixinin ən erkən dövrlərini əhatə edir. Avropada İntibah dövründə ilk alim-qadın Marqaret Kavendiş sayıla bilər, o, fizika ilə bağlı bir sıra traktatların müəllifidir. Hedi Lamarr ABŞ donanmasının bir çox gəmilərini təkcə xilas etməyib, həm də müasir Wifi və Bluetooth standartlarının ilk nümunələrini yaradıb. Qreys Xopper adlı xanım proqramlaşdırma dilləri ideyasını təbliğ edib. Bu gün bütün dünyada qadınların elmdə rolunun artımı hiss olunur. Azərbaycan ədəbiyyatının formalaşmasında yazdığı əsərləri ilə, istedadlı rəssamlığı, şairəliyi, azad düşüncə tərzi ilə tarixdə seçilən Xan qızı Xurşudbanu Natəvan əsl Şərq qadını obrazı yaradaraq Azərbaycan qadınına xas ən yüksək keyfiyyətləri bu gün də öz adı ilə yaşadır.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, xüsusilə, elmdə qadınların fəaliyyətinin inkişafı istiqamətində mühüm işlər görmüşdür. 1977-ci ildə isə Ulu Öndər Heydər Əliyevin qadınlar haqqında dediyi müdrik sözlər Azərbaycan qadınına inamı, güvəni, qayğını bir daha artırmış oldu: “Azərbaycan qadını öz ağlına, zəkasına, biliyinə güvənən bir qadındır və bu qadın hər zaman Azərbaycanın adını yüksəklərdə tutur”. Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən tükənməz bir xəzinədir.
Alim qadınlarımızdan danışarkən ilk növbədə akademik Zərifə xanım Əliyevanın adını çəkmək lazımdır. Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar dünya tibb elminin tarixində yeni səhifə açmaqla ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax Mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, akademik Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
Professor Aida xanım İmanquliyeva Azərbaycanda ilk qadın-ərəbşünas elmlər doktorudur. O, milli şərqşünaslıq elmini xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda yüksək səviyyədə təmsil etmişdir. Dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanınmış tədqiqatçısı olan Aida İmanquliyeva bu problemə “Mixail Nuaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyalarını və 70-dən artıq elmi məqalə həsr etmişdir.
Mehriban xanım Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir. Respublikamızda qadın hərəkatının geniş vüsət alması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin başlıca istiqaməti xalqın rifahına yönəlmişdir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Onun istər Azərbaycanda, istərsə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Bu il elm, texnologiya, innovasiyalar və gender bərabərliyi məsələlərinə dair “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis edilməsinin 10 ili tamam olur. BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi təntənə ilə keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir neçə il əvvəl “Qadınlar və qızlar elmdə” konfransında çıxışı elmdə olan hər bir xanım üçün qürur mənbəyidir.
Qeyd edək ki, ölkəmizin qadın və qızların maarifləndirilməsi istiqamətindəki səyləri nəzərə alınaraq, Beynəlxalq Etimad Kral Elmlər Akademiyası qeyri-hökumət təşkilatı tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 - sentyabr 2025) “Elmdə qadın və qızların dünya paytaxtı” elan edilib ki, bu da Azərbaycanda qadın alimlərin fəaliyyətinə böyük töhfədir.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent