AMEA-nın elmi müəssisə və təşkilatlarında koronavirusa dair maarifləndirici tədbirlər keçirilib
Tədbirdə Yasamal Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin Əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri Sevinc Ağalarova, epidemioloqlar Kəmalə Cəlilova və Səbirə Məmmədova virus və ondan mübarizə yollarına dair məlumat veriblər. Ölkə başçısının müvafiq tapşırığına əsasən, Çindən başlayaraq dünyaya yayılan koronavirus və ondan qorunma metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığı, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyi bildirilib.
Baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahsızlıq, mədə-bağırsaq sisteminin pozulması, nəfəs çatışmazlığı və digər halların xəstəliyin ilkin simptomlarından olduğu, belə hallarda dərhal həkimə müraciət edilməsinin vacibliyi bildirilib. Epidemioloqlar virusun 60 dərəcədə, eləcə də dezinfeksiya zamanı məhv olduğunu deyib, xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərin (xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək) mütəmadi aparılmasının önəminə toxunublar.
Eyni zamanda AR Səhiyyə nazirinin əmrinə əsasən, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, eləcə də Kliniki Tibbi Mərkəzdə koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə xüsusi palataların ayrıldığı diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin xəstəliklə bağlı geniş müzakirələr aparılıb, alimlərin sualları cavablandırılıb.

