Yunanıstan səfiri Nikolaos Kanellos Fəlsəfə İnstitutunun qonağı olmuşdur
Fəlsəfə İnstitutunun alimləri ilə tanış olmaq imkanına görə Yunanıstanın səfiri təşəkkürünü bildirdi. Xüsusilə cənab səfir Azərbaycan alimlərinin əməkdaşlığa can atdıqlarını, onların marağını və qədim yunan fəlsəfəsini bildiklərini məhz Bakıda gördüyünü qeyd etdi. Bu yaxınlarda Gəncə şəhərinə ziyarəti ona dahi azərbaycanlı mütəfəkkir Nizami Gəncəvinin irsi ilə tanış olmaq imkanı verdi. Bu səfər cənab səfirə Afinanın bir sıra universitetlərində Nizamiyə həsr olunmuş silsilə konfranslar təşkil etmək və Azərbaycan dili fakültəsinin açılması üçün təkan vermişdir. Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə "Qədim yunan fəlsəfəsini sevənlər Klubu"nun yaradılması haqqında arzularını bildirdi.
İnstitutun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli Atropatenanın Yunanıstanla qədim əlaqələrindən, Aristotel və Platonun ideyalarının Şərqin ərəb dilli fəlsəfi fikrinə təsirindən danışdı.
Cənab səfir vidalaşarkən özünü burada öz vətənində olduğu kimi hiss etdiyini və bu müəssisədəki yüksək elmi səviyyədən ruhlandığını bildirdi.

