I BEYNƏLXALQ “TÜRK DÜNYASININ MƏNƏVİ DƏYƏRLƏRİ: SEYİD YƏHYA BAKUVİ” konfransı keçirilib
Noyabrın 20-də Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı, Azərbaycan, Türkiyə, Bolqarıstan, Özbəkistan, İngiltərə, Mərakeş və digər ölkələrin tərəfdaş qurumlarının dəstəyi ilə I Beynəlxalq “Türk dünyasının mənəvi dəyərləri: Seyid Yəhya Bakuvi” konfransı keçirilib.
XV əsrin görkəmli Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinə həsr olunan konfransın əsas məqsədi onun fəlsəfi və irfani görüşlərinin beynəlxalq elmi müstəvidə araşdırılması, türk dünyasının mənəvi-mədəni əlaqələrinin öyrənilməsi və ortaq tarixi-mədəni irsin təbliğinə töhfə vermək olub.
Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun 37-ci Baş Konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi beynəlxalq səviyyədə qeyd olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı, Fransa və Türkiyədə beynəlxalq tədbirlər təşkil edilib, mütəfəkkirin fars dilində qələmə aldığı əsərlər Azərbaycan dilinə tərcümə olunaraq geniş oxucu auditoriyasına təqdim edilib. Keçirilən konfrans həmin təşəbbüslərin davamı olaraq Bakuvi irsinin türk dünyasının mənəvi inteqrasiyası və ortaq mədəni yaddaşı kontekstində daha dərindən öyrənilməsinə xidmət edir.
Konfransın elmi proqramında Seyid Yəhya Bakuvinin fəlsəfi təlimi, humanizm və tolerantlıq prinsipləri, Əhməd Yəsəvidən Bakuviyə uzanan təsəvvüf ənənəsi, Xəlvətiyyə ideologiyasının ortaq türk kimliyinin formalaşmasındakı rolu, Bakuvi xəlifələrinin Osmanlı mədəniyyətinə təsiri, eləcə də Xəlvətilik ənənəsinin klassik ədəbiyyatda, dildə və incəsənətdə təzahürləri müzakirə olunub. Eyni zamanda, Bakuvi irsinin UNESCO və beynəlxalq elmi ictimaiyyət səviyyəsində tanıdılması məsələlərinə diqqət yetirilib.
Konfransın plenar iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Azərbaycanda Seyid Yəhya Bakuvi araşdırmaları” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanda mütəfəkkirin həyat və yaradıcılığının tədqiqi istiqamətində aparılan araşdırmalardan, onun fəlsəfi və irfani irsinin öyrənilməsinin elmi əhəmiyyətindən bəhs edib.



