26.10.2026, 13:44 - Baxış sayı: 8

“Şəhərsalma mədəniyyəti”adlı monoqrafiya nəşr olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, fəlsəfə üzrə fəlsəfə doktorları, dosentlər Ağasəlim Həsənov və Zeynəddin Şabanovun birgə müəllifliyi ilə “Şəhərsalma mədəniyyəti” adlı monoqrafiya işıq üzü görüb (Bakı: Füyuzat, 2026, 352 səh.).

Monoqrafiya AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 30 sentyabr 2026-cı il tarixli iclasının qərarı ilə nəşr olunub.

Əsərdə şəhərlərin yaranma və inkişaf tarixi, şəhər sosiologiyası, müasir şəhər nəzəriyyələrinin fəlsəfi təhlili, şəhər kimliyi və rəqəmsal kimlik məsələləri araşdırılır. Bununla yanaşı, şəhərsalma sahəsində innovasiyaların tətbiqi, milli-mədəni koloritin qorunması, ekoloji mədəniyyətə riayət edilməsi və ekosistemin mühafizəsi kimi aktual problemlərə diqqət yetirilir.

Monoqrafiyada, həmçinin sivilizasiya inkişafı kontekstində şəhərləşmənin müasir problemləri və şəhər mühitində birgəyaşayış mədəniyyəti təhlil olunur, müvafiq istiqamətlər üzrə təklif və tövsiyələr irəli sürülür.

Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Əli Abasov, rəyçiləri isə fəlsəfə üzrə fəlsəfə doktorları, dosentlər Faiq Ələkbərov və Şölət Zeynalovdur.

“Şəhərsalma mədəniyyəti” monoqrafiyası şəhərsalmanın fəlsəfi, sosioloji və mədəni aspektlərinin öyrənilməsi, urbanizasiya proseslərinin elmi-nəzəri baxımdan araşdırılması və müasir şəhər mühitinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli elmi nəşrdir.