Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma
Təkbaşına qalib dövlətdən Türk ailəsinin aparıcı gücünə transformasiya
III MƏQALƏ
Sinergetik harmoniya
Öncəki məqalələrdə vurğuladığımız müddəalar prizmasında “təkbaşına qalib dövlət” ifadəsini müstəqil dövlətçilik kontekstində izah edək. Bu anlamın siyasi mənası müstəqilliklə birbaşa bağlıdır. Bir dövlətin təkbaşına qalib olması üçün onun daxili və xarici siyasətində kompleks şəkildə əsas faktorları müstəqil dövlətçiliyin təmininin sinergetik harmoniyasına nail olması gərəkdir. Burada “sinergetik harmoniya” terminoloji orijinallıq və ya formal fərqlilik rəmzi deyildir. Müstəqil dövlətin fəaliyyətində əsaslandığı çoxlu sayda parametrin özünü təşkil edən mürəkkəb sistem formalaşdıra bilməsinin fənlərarası ifadəsidir. Onun xüsusiyyətləri mövcuddur.
Birincisi, sinergetik harmoniya çoxlu sayda faktorun sistem xarakterli kollektiv fəaliyyəti nəticəsində yarana bilir. Şərti olaraq “elementlər” adlandırdığımız həmin faktorlar (və ya parametrlər) yalnız müəyyən həddən sonra konkret məqsədə xidmət edən istiqamət “seçə” bilirlər. Yekun mərhələdə çoxlu sayda element bifurkasiya zonası (bu, müəyyən məqamda, sistemin müxtəlif variantlardan birinə üstünlük verməsi anıdır) formalaşdırır. Cəmiyyətlər üçün həmin an mürəkkəb “seçim sahəsi”nin (tezaurus sahəsi) yaranması deməkdir.
Seçimdən sonra sistem (baxdığımız halda, cəmiyyət) mümkün ssenarilərdən birinə üstünlük verməlidir. Bununla o, növbəti struktur-funksional sahənin “cazibə sahəsi”nə yönəlmiş olur. Elmi olaraq sübut edilmişdir ki, həmin seçimdən sonra sistemin öncə mövcud olan potensial təkamül ssenarilərinə dönüşü mümkün olmur. Deməli, cəmiyyətin və dövlətin elə məqamı gəlir ki, təkamül yolu dəqiq seçilməlidir: ya tam müstəqillik və tam suverenlik, ya da himayədar axtarışı!
Bu proses sosial sistemlər üçün kifayət qədər mürəkkəb dinamika ilə xarakterizə olunur və onların üzərində ayrıntılı dayanmaq indi imkansızdır. Ancaq dövlət başçısının nitqi kontekstində vacib siyasi, dövləti, müstəqillik və geosiyasi anlamı olan bir sıra məqamları müəyyən etmək olar.
İlk olaraq dövlətin təkbaşına ölkəni çox çətin şəraitdə necə qalib dövlətə çevirə bilməsinin fəlsəfəsi üzərində vurğuladığımız “sinergetik harmoniya” müstəvisində baxmaq gərəkdir. Uzun müddət davam edən kənar müdaxilələr nəticəsində iki milyon kvadratkilometr ərazisini itirən, öz dövrünün güclü imperiyalarından olan bir dövlətin XXI əsrdə 86,6 min kvadratkilomter ərazidə necə tam müstəqil və suveren respublika ola bilməsinin fəlsəfəsi dərk edilməlidir.
Populizmdən, psevdovətənpərvlikdən, xəyali romantizmdən, keçmişin gücünü hay-küylə bu günə süni transformasiya etməkdən uzaq, realpolitika prizmasında bu ciddi müstəqil ekzistensial mahiyyətli elmi, siyasi, geosiyasi, geoiqtisadi əsaslı dərketməyə böyük ehtiyacımız vardır. Və bu məqamda çox böyük bir “siyasi-ideoloji, mənəvi-mədəni, tarixi-geosiyasi” sərvətimizin aktuallığı ön plana çıxır. Bunlar ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil güclü dövlət qurmanın strategiyası və onu siyasi varislik müstəvisində yaradıcı inkişaf etdirən Prezident İlham Əliyevin ideyaları, konseptləri, konsepsiyaları, doktrinalarıdır!
Müstəqil güclü dövlət anlamında bu xətdən kənara çıxmaq cəhdləri fəlakətli ola bilər. Məhz bu prizmada biz dövlət başçısının qurultaydakı nitqinə bütövlükdə və ayrıca “təkbaşına müstəqil güclü tam suveren dövlət” tezisinə baxmalıyıq. Onun təhlükəsizlik, quruculuq, əməkdaşlıq, sülh, kimsədən asılı olmamaq kimi vacib aspektləri Heydər Əliyev-İlham Əliyev dövlət quruculuğu strategiyasının fonunda adekvat dərk oluna bilər. Azərbaycanın müstəqil, güclü, tam suveren respublika kimi əbədi mövcudluq imkanlarının bütün açar formulları məhz vurğulanan strateji konsepsiyadadır.
İndi bu təməl (baza) tezisin prizmasında hazırkı mərhələdə təkbaşına suverenliyin və müstəqilliyin sinergetik harmoniyasının bir sıra aspektlərinə nəzər salaq.
Daxili özünütəşkil
“Təkbaşına” sözü Prezidentin işarə etdiyi anlamda konkret məzmuna malikdir: Azərbaycan Respublikası 1993-cü ilin iyununda dövlət quruculuğunda, daxili birliyin təminində və xarici siyasətin bütün sferalarında ancaq və ancaq özünün daxili resurslarına (insani, siyasi, iqtisadi, tarixi, demoqrafik, mənəvi, mədəni, ideoloji) arxalanmışdır. Həmin resursları güclü dövlət quruculuğu məqsədinə ölkənin (cəmiyyət+dövlət) özünüinkişaf etdirə bilməsi naminə vahid sistemli fəaliyyət kimi konseptuallaşdırmışdır.
Deməli, bu anlamda “təkbaşına” kimsəni saymamaq, dost və qardaş ölkələrə etinasız olmaq, qlobal miqyasda hansısa ölkələrə qarşı olmaq mənasını qətiyyən vermir. Onun başlıca qayəsi indiki tarixi mərhələdə Azərbaycanın respublika kimi daxili imkanlarına əsaslanaraq güclü müstəqil, suveren dövlət qurmaq xəttini seçməkdən ibarətdir.
Bu yanaşmanın dərin siyasi, geosiyasi, iqtisadi və strateji quruculuq fəlsəfəsi mövcuddur. Faktiki olaraq, öz daxili potensialı üzərində suveren və güclü müstəqil dövlət olmaq, hər bir müstəqil dövlətin identikliyinin mərkəzi anlamını təşkil edir. Azərbaycan Avrasiyada bu kursu seçən, onu davamlı olaraq istənilən situasiyada aktuallaşdıran və qəbul edilən dövlətdir!
Yəni Azərbaycan Prezidenti ölkənin immanent faktorlarını çağdaş geosiyasi reallıqların mahiyyətinə uyğun vahid məqsədə çatmaq üçün özünütəşkil edən sosial-siyasi-mədəni sistem formasında birləşdirmişdir. Onu təminetmənin mexanizmləri vardır. Onlardan birincisi, azərbaycançılıqdır. Digəri iqtisadi müstəqillikdir. Bir başqası multikulturalizmdir.
Siyasi-diplomatik mexanizm kimi reallaşdırıcı və milli təhlükəsizliyi təminedici fəaliyyət kimi isə enerji strategiyasını, idarəetmədə islahatları və beynəlxalq arenada nəticəverici kursun həyata keçirilməsini göstərmək olar.
Burada lider-xalq birliyini mütləq vurğulamaq lazımdır. Azərbaycan xalqı öz liderinə tam etimad göstərmiş və daim dəstəkləmişdir. Onda yuxarıda vurğulananları ümumiləşdirərək, prosesin sinergetik mənzərəsini aşağıdakı kimi ifadə edə bilərik.
Azərbaycanda müstəqillik və dövlətçilik lider-xalq birliyinin idarəedici parametr rolu oynaması fonunda ancaq daxili (iç) imkanlara əsaslanan və dövlətçilikdə mühüm sayılan faktorların nizamlayıcı parametrlər kimi rol oynamasını təmin edən davamlı strateji inkişaf kursu sayəsində tərəqqidədir! Bundan başqa, həmin kursun çox vacib geosiyasi özəlliyi vardır.
Özyetərli dövlətin Azərbaycan təcrübəsi
Bütövlükdə Azərbaycan Respublikasının müstəqil uğurlu dövlət qurmaq təcrübəsi çox qiymətlidir. Cənubi Qafqaz kimi geosiyasi baxımdan mürəkkəb olan bir məkanda Azərbaycan 44 günə Vətən müharibəsində böyük qələbə qazandı və sonrakı mərhələdə regional sülh, barış, əməkdaşlıq istiqamətlərində aparıcı yer tutdu. İndi bu proses daha geniş geosiyasi məkanda uğurla davam etdirilir.
Prezident İlham Əliyevin qurultayda söylədiyi nitqdə ifadə etdiyi aşağıdakı fikirlər bu bağlılıqda çox maraqlı və əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu bir nadir təcrübədir”.
Əlbəttə, Azərbaycan rəhbərliyi bu uğura böyük zəhmət, yüksək zəkalı siyasi-diplomatik fəaliyyət, perspektivli strateji dövlət quruculuğu xəttini davamlı inkişaf etdirmək sayəsində nail olmuşdur. Azərbaycan lideri dəfələrlə vurğulamışdır ki, müstəqil dövlət quruculuğunun müxtəlif istiqamətlərində ölkəmizin unikal təcrübəsi formalaşmışdır.
Nümunə kimi dövlət başçısının bu ilin martında keçirilmiş XIII Qlobal Bakı Forumunda Azərbaycan təcrübəsinin sistemli təqdim etməsini göstərə bilərik. Tədbirdə söylədiyi nitq zamanı ölkə rəhbəri İlham Əliyev vurğulamışdır:
– “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub;
– Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi... bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur;
– Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir... Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
– Sonrakı təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi... indi biz, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur.
– İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir”.
Dövlət başçısının təsnif etdiyi bu beş təcrübə çağdaş mərhələdə müstəqillik, dövlətçilik, öz daxili imkanlarına arxalanan suverenlik kontekstində istənilən ölkə üçün unikal təcrübə nümunəsidir. Təsnifdən aydın görünür ki, Azərbaycan Prezidenti məharətlə daxili və xarici faktorları bir-biri ilə uzlaşdırmışdır və nəticədə mükəmməl sistemli konseptual mənzərə yaranır. Prezidentin qurultaydakı nitqi məhz bu baxımdan çox qiymətli və motivəedicidir.
Həmin bağlılıqda mühüm bir ümumiləşdirmə apara bilərik. Prezidentin vurğuladığı 5 təcrübə Azərbaycanın müstəqil dövlət kimi identifikasiyasında özyetərlilik faktorunun məzmununu ifadə edir. Onun əsas əlamətlərindən biri Azərbaycanın daxili imkanları hesabına suverenliyini təmin etməsi, güclü müstəqil dövlət qurması, onu davamlı inkişaf etməsi ilə yanaşı, topladığı təcrübəni başqaları ilə də paylaşmağa hazır olması maraqlı bir xüsusiyyətdən xəbər verir.
Azərbaycan özünün müstəqil dövlətçiliyini kənarda kimlərəsə qarşı addım kimi inkişaf etdirmir. O, daxili potensialı üzərində bərqərar olan və hər bir səmimi, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa açıq dövlətdir! Bu o deməkdir ki, Azərbaycan Respublikası atdığı hər bir addımda, verdiyi qərarlarda özyetərli müstəqil dövlət identikliyinə sahib ölkə olduğunu vurğulayır. Burada hər hansı xarici dövlətə qarşı heç bir xüsusi niyyət yoxdur. Buna görə də dövlət başçısının qurultaydakı nitqini təhlil edəndə diqqətli olmaq lazımdır: orada heç bir dövlətin adı hədəf kimi çəkilmir! Çünki nitqin konseptual strukturunda heç bir dövlət hədəf alınmamışdır. Orada bir ölkənin başçısı və xalqın lideri daxili resurslara əsaslanan tam müstəqil dövlət quruculuğu xəttinin əbədi davam etdiriləcəyinin mesajını verir!
Vurğulanan aspektdə digər mühüm məqam cəmiyyətin müstəqilliyi anlamı ilə əlaqəlidir. Ölkə rəhbəri Azərbaycan cəmiyyətinin müstəqilliyinin (və ya libertarian anlamda azadlığının) hər şeydən öncə, güclü sosial bağlantılara və ümumi dəyərlərə əsaslandığını önə çəkir. Onda deyə bilərik ki, müstəqillik yalnız fərdi azadlıq deyildir, həm də cəmiyyət qarşısında məsuliyyətdir!
Etiraf etmək lazımdır ki, müasir elmi tələblər prizmasında mükəmməl yanaşmadır! Həm də iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadəetmə imkanları kimi əsas parametrlərin adekvat dərki üçün ciddi konseptual baza tezisləridir. Məsələnin bu tərəfi üzərində geniş dayanmağa ehtiyac vardır.
(ardı var)
Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru

