15.10.2026, 12:05 - Baxış sayı: 25

“Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnalı “ERIH PLUS” beynəlxalq elmi indeksinə daxil edilib


Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun təsisçisi olduğu “Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnalı nüfuzlu “ERIH PLUS” beynəlxalq elmi indeksinə daxil edilib. Bu nailiyyət jurnalın beynəlxalq elmi nüfuzunun möhkəmləndirilməsi və Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisədir.

“ERIH PLUS” (European Reference Index for the Humanities and Social Sciences) humanitar və sosial elmlər sahəsində elmi nəşrləri əhatə edən beynəlxalq indeksdir. Jurnalın bu indeksə daxil edilməsi onun beynəlxalq elmi informasiya məkanında tanınması, elmi məqalələrin daha geniş tədqiqatçı auditoriyasına çatdırılması və beynəlxalq akademik əməkdaşlıq imkanlarının artırılması üçün mühüm əhəmiyyət kəsb edir.

2006-cı ildən nəşr olunan “Elmi əsərlər” jurnalı fəlsəfə, sosiologiya, politologiya və fənlərarası aktual elmi tədqiqatların nəticələrini elmi ictimaiyyətə təqdim edir. Jurnal alimlər arasında elmi fikir mübadiləsinin inkişafına, müasir elmi yanaşmaların yayılmasına və Azərbaycan tədqiqatçılarının araşdırmalarının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.

Jurnalın “ERIH PLUS” indeksinə daxil edilməsi nəşrin beynəlxalq elmi informasiya sistemlərində təmsilçiliyini genişləndirir. Jurnalda dərc olunan məqalələrin “ERIH/Dimensions” platformasında təqdim edilməsi tədqiqatların daha asan aşkarlanmasına və elmi nəticələrin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.

Bu uğur AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi nəşrlərin inkişafı, akademik keyfiyyətin yüksəldilməsi və Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyası istiqamətində fəaliyyətinin mühüm nəticələrindən biridir.

Jurnalın “ERIH PLUS”-dakı rəsmi səhifəsi:

https://erihplus.hkdir.no/journal?id=506336

Jurnalın rəsmi saytı: https://scientificworks.az/