05.10.2026, 10:33 - Baxış sayı: 11

Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: konseptual yanaşma


Təhlükəsizlik konsepsiyasi və yeni konseptual doktrina

I məqalə

Tarixi nitqin qayəsi

Azərbaycan Prezidenti İlham Əliyevin yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqi elmi camiədə böyük əks-səda yaratmışdır. Dövlət başçısı növbəti dəfə müstəqil dövlət quruculuğu anlayışı, kursu və onun feili icrası ilə bağlı konseptual fikirlər ifadə etmişdir. Həmin fikirlər kompleks halında bütöv, tam, sistemli konsepsiya və konseptual doktrinanın bariz nümunəsidir. Azərbaycan dövlətçilik təcrübəsində yeni bir hadisədir. Onun adekvat geosiyasi, siyasi-nəzəri və fəlsəfi adekvat dərki arxiəhəmiyyətlidir. Eyni dərəcədə də ölkə rəhbərinin müəyyən etdiyi konsepsiya və konseptual doktrinanın təbliği və təşviqi qarşıya qoyulan ciddi vəzifədir.

Bu məsələyə elmi aspektdə fundamental yanaşmaq zəruridir. Çünki Azərbaycan dövlət, cəmiyyət və xüsusi mədəniyyət məkanı olaraq ekzistensial mövcudluğunun və inkişaf yolunun elə mərhələsindədir ki, əsaslı, müasir və dərin elmi qavram bütövlükdə önləyici siyasət konseptinin mərkəzi komponentini təşkil edir. Burada aktuallıq sırf nəzəri qavramla məhdudlaşa bilməz – praktiki olaraq Azərbaycan cəmiyyəti dövlətin hansı istiqamətdə hansı siyasəti yeritdiyini doğru anlamalı və bu əsasda yeni səviyyədə daxili konsensus yaranmalıdır.

Azərbaycan müasir tarixində müstəqil dövlət olaraq həm özünüidentikləşdirmək, həm də ranqını yeni səviyyəyə yüksəltmək baxımından həssas bir mərhələyə qədəm qoymuşdur. Bu aspektdə Azərbaycan Prezidentinin nitqində irəli sürülən müddəalar faktiki olaraq dövlətçiliyin inkişafının konseptual dərinlikdə başlıca xüsusiyyətlərini ifadə edirlər. Dövlət başçısı məsələni o dərəcədə fundamental qoymuşdur ki, onun fəlsəfi, siyasi-nəzəri, geosiyasi “şifrələri”ni açmaq böyük vəzifə kimi qarşımızda durur. Azərbaycan liderinin Qurultaydakı tarixi nitqinin qayəsi bütövlükdə müstəqilliyin, dövlətçiliyin, tam suverenliyin və təhlükəsiz inkişafın faktiki anatomiyasıdır. Buna görə Prezident İlham Əliyevin fikirlərinə birbaşa aiddiyyatı olan bir neçə nəzəri anlayışın izahına ehtiyac vardır.

Tam suveren dövlət

“Tam suveren dövlət” nəzəri anlayış kimi müasir mərhələdə müstəqil milli dövlət ola bilmənin başlıca semantik sahəsini müəyyən edir. Onu müasir dövlətçilikdə əsas konseptlərdən biri kimi qəbul edirlər. Müəyyən mənanı ifadə edən anlayış kimi tam suverenlik konsept səviyyəsini aşaraq konsepsiyaya çevrilmişdir. Yəni “tam suveren dövlət” ifadəsi anlayış-konsept-konsepsiya “zəncirində” semantik transformasiyaya uğramışdır və bu, onun substantiv mövcudluğu ilə funksional aktuallığının mərkəzi koqnitiv motivəedici faktorudur.

Bu o deməkdir ki, dövlətin tam suverenliyi nəzəri təsəvvür kimi nə qədər mükəmməl olsa da, onun əsl mahiyyəti praktiki müstəvidə özünütəsdiq etməlidir. Nəzəri anlamla praktiki özünütəsdiqin sintezi hər bir dövlət üçün konkret tam suverenlik nümunəsini formalaşdırır.

Deməli, Azərbaycan Prezidenti irəli sürdüyü müddəalarda Azərbaycanın tam suveren dövlət kimi nəzəri-konseptual obrazı ilə feili aspektdə praktiki-real obrazını vəhdətdə ifadə etmişdir.

Bu mövzu Azərbaycan konteksti daxilində də aktualdır, çünki ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin tam təmin olunması istiqamətində mühüm addımlar atmışdır. Həmin prizmadan baxanda Azərbaycanı tam suveren dövlət kimi yeni mərhələdə xarakterizə edən əsas parametrlər hansılardır? Öncə, burada zaman məsələsinə ciddi diqqət yetirmək gərəkdir. Yəni söhbət ümumiyyətlə suverenlikdən getmir – konkret olaraq yeni mərhələdə Azərbaycan üçün tam suverenliyi müəyyən edən başlıca komponentlərin müəyyən olunmasından gedir. Burada təbii ki, suverenliyin müstəqil dövlətçilik konteksti ön sıraya çıxmalıdır.

Bütövlükdə suverenlik dövlətin siyasi və hüquqi müstəqilliyini ifadə edir ki, daha sadə ifadə ilə bu, dövlətin öz daxili və xarici işlərini heç bir xarici təsir olmadan idarə etmə hüququna malik olması deməkdir. Deməli, suverenlik faktiki olaraq dövlətin siyasi və milli kimliyini təsbit edir. Ancaq bu, suverenliklə dövlət identikliyinin qarşılıqlı münasibətlərini müəyyən etməklə reallaşa bilir. Azərbaycan Konstitusiyasında bu məsələnin dəqiq hüquqi təsbiti mövcuddur. Onun başlıca xüsusiyyəti Azərbaycanda dövlət suverenliyinin bünövrəsində xalq suverenliyinin dayanması ilə bağlıdır. Buradan iki nəticə çıxara bilərik.

Birincisi, Azərbaycan Prezidenti yeni mərhələdə tam suveren dövlət məsələsinə “tam suveren xalq” anlamı işığında baxır.

İkincisi, bu yanaşmada hazırda mərkəzi faktor olaraq xalqın və dövlətin təhlükəsizliyinin təmini irəli sürülür.

Hər iki aspektin olduqca əhəmiyyətli daxili və xarici şərtləndirilməsi vardır. Təhlükəsizlik konsepsiyasından konseptual doktrinaya keçidin daxili məntiqi vurğulanan xüsusiyyətdən qaynaqlanır. Onun konseptual səviyyədə bir mühüm parametri mövcuddur. Qısaca izah etməyə çalışaq.

Legitimlik: daxili resurslardan formalaşma

Maks Veber yazırdı ki, legitimlik xarici himayədən deyil, daxili resurslardan formalaşanda əsl anlama malik olur. Burada “daxili resurs” ümumi halda bütövlükdə cəmiyyətin iqtidarın timsalında dövlətin legitimliyini qəbul etməsini əhatə edir. Müasir mərhələdə bir sıra dövlətlər xarici himayəyə ümid edir. Sirr deyil ki, keçmiş sovet respublikaları arasında da onlar az deyillər. Azərbaycan Prezidenti isə Qurultayda da bir daha vurğuladı ki, dövlət daxili resurs əsasında formalaşan legitimliyi seçmişdir. Onun yığcam ifadəsi dövlət başçısının aşağıdakı fikirlərində əksini tapmışdır: “Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər...Amma təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi”.

Bu o deməkdir ki, Azərbaycan dövlət olaraq ən çətin dönəmdə belə xarici himayəyə deyil, cəmiyyətin daxili imkanlarına əsaslanmış addımlar atmışdır. Azərbaycan Respublikası xalqın suverenliyini başqa heç bir faktora dəyişməmişdir. Əgər dövlət daxili resurslardan qaynaqlanan suverenlik növünü seçirsə, onun siyasi, hüquqi, mənəvi, psixoloji və mədəni anlamları xalq suverenliyini təmələ yerləşdirməklə birbaşa bağlıdır. Dövlətin təhlükəsizliyi ilk növbədə xalqın təhlükəsizliyi deməkdir. Ölkə rəhbəri məhz bu fundamental təməl üzərində yeni mərhələdə təhlükəsizliyin təminini konseptuallaşdırır. Buna görə də “tam suveren xalqın tam suveren dövləti” anlamı yeni mərhələnin əhəmiyyətli xüsusiyyətlərindən biridir.

Məsələnin digər bir aspektinə də nəzər salaq.

Tam suverenliyin əsas parametrləri

Nəzəriyyədə bir qayda olaraq onlar aşağıdakı kimi təsnif edilirlər:

“1. Ərazi bütövlüyünün təmin olunması

2. Hüquqi müstəqillik

3. Xarici siyasətdə müstəqillik”.

Birinci parametrin Azərbaycanın suverenliyində yeri və rolu haqqında çox yazılmışdır. Ərazi bütövlüyünün bərpası məsələsi milli ideya kimi aktuallaşdırılmışdı. Azərbaycan üçün tam suverenlikdə ərazi bütövlüyünün bərpası həlledici rol oynadı. Çünki bu nailiyyətlə Azərbaycan milli sərhədlərini aşan geosiyasi dəyişiklik etdi. Cənubi Qafqazda son bir neçə yüz ildə hökm sürən destruktiv geosiyasi trendi “sındırdı” və əvəzində regional təhlükəsizlik, əməkdaşlıq və sülhə aparan yeni trendin əsasını qoydu. Şişirtmədən deyə bilərik ki, Cənubi Qafqazda XXI əsr “Azərbaycan əsridir”!

Bunlara görə, Azərbaycanın təkbaşına ərazi bütövlüyünü bərpa etməsi adi “coğrafi-ərazi ədalət”in siyasi, hüquqi və hərbi uğurla məhdudlaşmamalıdır. Onun çox geniş miqyasda geosiyasi anlamı mövcuddur. Burada “təkbaşına” sözü faktiki olaraq Azərbaycanın tam suverenlikdə xalq suverenliyinə söykənərək dövlət suverenliyinə tam nail olmasını ifadə edir. Dövlət başçısının siyasi leksikonunda “təkbaşına” anlamı konsepsiya səviyyəsində semantik anlam qazanmışdır. Bu, ümumiyyətlə, müasir siyasi və geosiyasi nəzəriyyələr üçün mühüm bir yenilikdir ki, ideya, anlayış, konsept və konsepsiya səviyyələrində bir-biri ilə sıx bağlı semantik “sahə” yaradır.

Onun geniş nəzəri izahına keçmək üçün tam suverenliyin digər iki “qanadı” – hüquqi və xarici siyasətdə müstəqillik anlamlarına Azərbaycan Prezidentinin nitqi fonunda nəzər salaq.

Tam suverenlik kontekstində hüquqi müstəqillik dövlətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin tam müstəqil olmasını ifadə edir. Legitimlik daxili səfərbərliyə əsaslanırsa, onda qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin önəmi çox böyük olmalıdır. Azərbaycan təkbaşına məsələlərini həll edibsə, onda mütləq vurğulanan üç faktor burada ciddi rol oynamışdır. Bu özünü indi də tam gücü ilə göstərir.

Nümunə kimi Azərbaycanın qanunverici, icra və məhkəmə strukturlarının müstəqil dövlətçilik istiqamətində aktiv fəaliyyətini göstərə bilərik. Məsələn, Azərbaycan prokurorluq və məhkəmə sistemi tam ədalətli surətdə separatçıları kənardan heç bir təsirə imkan vermədən mühakimə etmişdir. Legitimliyi himayədarın öhdəsində olan dövlət bunu edə bilməzdi.

Azərbaycan hüquq-mühafizə orqanları dünyanın istənilən ölkəsində lazımi hüquqi addımları ata bilən səviyyəsinə yüksəlmişdir – bir neçə hüquqi məsuliyyəti olan insanların Azərbaycana gətirilməsi, təhlükəsizliklə bağlı ölkədən kənarda əməliyyatların keçirilməsi, məhkəmə önünə əvvəllər tam toxunulmaz kimi təqdim olunan şəxslərin çıxarılması, dövlətçiliyin əleyhinə olan istənilən radikal dini qruplaşmanın zərərzisləşdirilib məsuliyyətə cəlb edilmələri və digər faktları göstərə bilərik.

Azərbaycan Parlamentinin informasiya təhlükəsizliyi ilə bağlı atdığı cəsarətli addımları xüsusi vurğulamaq lazımdır. Milli Məclis sözün həqiqi mənasında legitimliyi daxili resurslara dayanan müstəqil dövlətin müstəqil qanunverici orqanı kimi fəaliyyət göstərir.

Ölkənin icra strukturları həm kadrlarla yeniləşir, həm də müxtəlif sferalarda quruculuq işlərində fəallıq göstərir. O cümlədən, Qarabağda müxtəlif sefarlarda aparılan bərpa işlərinin miqyası göz qamaşdırır. Burada nöqsanlara toxunmuruq, çünki əsas məqsəd icra orqanlarının tam suverenliyə xidmət edən fəaliyyətini təhlil etməkdən ibarətdir.

Bütün bunların fonunda tam suverenliyin mühüm parametrlərindən olan xarici siyasətin müstəqilliyi bütün əhəmiyyəti ilə özünü göstərir. Azərbaycan beynəlxalq münasibətlərdə öz maraqlarını sərbəst şəkildə ifadə edir və həyata keçirir. Prezident İlham Əliyev bu bağlılıqda Qurultayda çox maraqlı və yığcam fikir söyləmişdir – “bizim sözümüz sözdür”!

xalqqazeti.az

(ardı var)

Füzuli Qurbanov,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru