06.10.2026, 15:28 - Baxış sayı: 9

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir


Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərindən biri kimi dövlət suverenliyinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmada suverenlik yalnız siyasi müstəqillik və ərazi bütövlüyü anlayışı ilə məhdudlaşmır, həm də iqtisadi dayanıqlıq, güclü dövlət institutları, milli həmrəylik və ideoloji təhlükəsizliklə tamamlanan kompleks strateji dəyər kimi təqdim olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə söyləyib.

Professor bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə dövlətin suveren iradəsinin və milli gücünün nəticəsi kimi qiymətləndirilə bilər. Lakin qazanılmış nəticələrin davamlı xarakter alması üçün onları sülh və inkişaf müstəvisində möhkəmləndirmək tələb olunur. Bu isə iqtisadi imkanların genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, investisiya mühitinin inkişafı və strateji qərarların çevik qəbul edilməsi ilə yanaşı, milli ideoloji dayaqların da gücləndirilməsini zəruri edir. Bu baxımdan azərbaycançılıq suverenliyin mühüm ideoloji dayağı kimi çıxış edir. Azərbaycançılıq cəmiyyətin müxtəlif sosial və siyasi təbəqələrini vahid vətənpərvərlik ətrafında birləşdirən, dövlətçilik şüurunu gücləndirən və milli maraqların qorunmasını təmin edən ideoloji platformadır. Müasir dünyada dövlətlərin təhlükəsizliyinə yalnız hərbi və iqtisadi vasitələrlə deyil, həm də informasiya, mədəniyyət və ictimai şüur müstəvisində təsir göstərilməsi bu məsələnin əhəmiyyətini daha da artırır. Bu səbəbdən ideoloji təhlükəsizlik xarici təsirlərə qarşı dayanıqlı milli düşüncə və dövlətçilik mövqeyinin formalaşdırılmasını tələb edir. Suveren dövlətin davamlı inkişafı onun müdafiə qabiliyyəti ilə də birbaşa bağlıdır. Müasir geosiyasi reallıqlar göstərir ki, güclü ordu dövlətin müstəqil siyasət yürütməsi üçün mühüm təminatlardan biridir. Azərbaycanın hərbi potensialının inkişaf etdirilməsi yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda, ölkənin regional mövqeyinin qorunması və milli maraqlarının təmin edilməsi baxımından strateji amildir.

Alim qeyd edib ki, gələcək baxışında iqtisadi inkişafla yanaşı, elm, təhsil, texnologiya, insan kapitalı və innovasiyaların əhəmiyyəti də ön plana çıxır: “Müasir dünyada dövlətlərin gücü yalnız təbii və iqtisadi resurslarla deyil, bilik, texnologiya və insan potensialından istifadə imkanları ilə də müəyyənləşir. Buna görə Azərbaycanın qarşıdakı mərhələdə əsas məqsədlərindən biri əldə olunmuş siyasi və hərbi nəticələri dayanıqlı sosial-iqtisadi inkişafla tamamlamasıdır. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında ifadə olunan yanaşmalar Azərbaycanın gələcək inkişaf modelində suverenliyin mərkəzi strateji dəyər kimi nəzərdən keçirildiyini göstərir. Bu modelin ideoloji əsasını azərbaycançılıq, siyasi dayağını güclü dövlətçilik, iqtisadi bazasını dayanıqlı inkişaf, təhlükəsizlik təminatını isə güclü müdafiə sistemi təşkil edir. Azərbaycanın qarşıdakı mərhələdə əsas məqsədi əldə etdiyi suverenliyi yalnız qorumaq deyil, onu inkişaf, sülh, milli birlik və regional əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirməkdən ibarətdir”.

Müxbir - Tünzalə Arazlı