Azərbaycan-Türkiyə münasibətlərinin müasir fəlsəfəsinin əsası - “Bir millət, iki dövlət”
Sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 108-ci ildönümü tamam olur. Bu tarixi gün Azərbaycan xalqının istiqlal mübarizəsində mühüm yer tutur. 1918-ci ildə Ənvər paşa və Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə göstərdiyi hərbi-siyasi dəstək, habelə Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə Türkiyənin Naxçıvana göstərdiyi qardaşlıq yardımı iki ölkə arasında münasibətlərin tarixi və mənəvi əsaslarını nümayiş etdirir.
Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli söyləyib. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin müasir fəlsəfəsinin əsasını Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu təşkil edir.
Alim qeyd edib ki, 2018-ci il sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan və Türkiyə prezidentlərinin səsləndirdiyi fikirlər bu tarixi formulun əbədi olduğunu bir daha təsdiqləyib. Prezident İlham Əliyev həmin tədbirdə 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycanın milli ordu birləşmələrinin Bakının azad edilməsi uğrunda qazandığı zəfəri Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi qiymətləndirib.
E.Mədətli bildirib ki, 2020-ci il Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi də iki ölkə arasında strateji tərəfdaşlığın və qardaşlığın mühüm göstəricisi olub. Prezident İlham Əliyev həmin dövrdə beynəlxalq media qurumlarına verdiyi müsahibələrdə Türkiyənin Azərbaycana dəstəyini dəfələrlə xüsusi minnətdarlıqla qeyd edib. O, Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 15-də Türkiyənin NTV telekanalına müsahibəsində səsləndirdiyi fikirlərin də bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Dövlətimizin başçısı Azərbaycan-Türkiyə münasibətlərini ortaq tarix, etnik köklər və dil üzərində qurulmuş möhkəm bir bina kimi səciyyələndirib və bu qardaşlıq binasının gələcək nəsillər tərəfindən daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib”.
Müsahibimiz qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına deyil, bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərir. Bu formul müasir dövrün çağırışlarına uyğun olaraq məzmunca zənginləşir, milli kimliklə yanaşı, dünyəvilik, tolerantlıq, fərqli mədəniyyətlərə açıqlıq və ümumbəşəri dəyərlərə bağlılığı özündə ehtiva edir. “Bir millət, iki dövlət” ideyasının bu aspektləri Azərbaycan və Türkiyə xalqlarının tarixi və mədəni bağlılığını Türk dünyası kontekstində dərk etməyə imkan verir. Bu fəlsəfə Cənubi Qafqazdan Anadoluya, eləcə də bütövlükdə Türk dünyasına vahid mədəni-tarixi və milli identiklik məkanı kimi baxışın formalaşmasına xidmət edir.
E.Mədətli sonda vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsi yalnız iki qardaş ölkənin birliyinin möhkəmlənməsinə deyil, bütövlükdə türk dövlətləri arasında əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə və türk birliyinin daha geniş miqyasda təşəkkülünə dəyərli töhfə verir.
Müxbir - Tünzalə Arazlı

