Kitab, hər bir xalqın mədəniyyətinin əsas göstəricələrindən biridir
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Heydər Əliyev
Dünyanın inkişaf etmiş ölkələrində kitabxanalara həm də vətəndaşların informasiyaya azad müyəssərlik hüququnun reallaşdırıldığı bir məkan kimi də xüsusi önəm verilir. Kitabxana siyasəti dövlətin həm iqtisadi, həm təhsil, həm mədəniyyət, həm də informasiya siyasətinin üst-üstə düşdüyü sahədir. Cəmiyyətin sənəd-informasiya tələbatının ödənilməsi funksiyasını həyata keçirən bir təsisat kimi kitabxanalar vətəndaş cəmiyyətinin formalaşmasında zəruri vasitə rolunu oynayır. Kitabxanaların informasiya resurslarının zaman və məkan məhdudiyyəti yoxdur. Digər tərəfdən, kitabxanalar mövcud sənədlərin saxlanc yeri olmaqla yanaşı, müasir texnologiyalar sayəsində informasiya dünyasına açılan qapı rolunu oynayır. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər öz müsahibələrinin birində xüsusi olaraq vurğulayirdi ki: “Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayiram”. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev təhsilə, kitaba, kitabxanalara, müzeylərə, tarixə, ədəbiyyata, musiqimizə, milli-mənəvi dəyərlərimizə məxsusi olaraq böyük diqqət göstərirdi. Ulu öndər Heydər Əliyevin çox şaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutur. “Dahi şəxsiyyətin bu sahədəki əvəzedilməz xidmətləri iki mərhələyə ayrılır: 1) Sovet hakimiyyəti illərində kitabxana işinin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri; 2) Müstəqillik illərində kitabxana işinin inkişafında dahi rəhbər Heydər Əliyevin rolu” [4.web]. Birinci mərhələdə Heydər Əliyev bu sahədəki fəaliyyəti sayəsində dövlət büdcəsindən kitabxanaların saxlanılmasına və inkişafına ayrılan xərclər artırıldı; yeni kitabxana binaları inşa edilirdi; kitabxana fondlarının zənginləşdirilməsinə diqqəti artırmağı tövsiyə edirdi və s.. Məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan 1970-1980-ci illərdə özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdı. “Həmin dövrdə respublikamızda demək olar ki, hər il kitabxana binaları tikilirdi. 1975-ci ildə kitabxanaların sayı 110 vahid çoxaldı, eləcə də bu məqsədlə büdcədən ayrılan vəsait artırıldı. Həyata keçirilən tədbirlər nəticəsində 1976-1980-ci illərdə Azərbaycanda dövlət büdcəsi hesabına 415 kitabxana binası tikildi”[4.web]. Məxsusi olaraq qeyd etmək lazımdır ki, müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan cəmiyyət qurmaq Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli kimliyini, vətənpərvərliyin gücləndirilməsi nəticəsində çox ciddi addımlar atıldı. Belə ki, “Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı”[3.s.7]. Müstəqillik illərində hakimiyyətə gələn Heydər Əliyev bütün sahələrdə olduğu kimi, kitabxanaların inkişafına xüsusi yer ayrırdı. Kitabxana fondlarının artırılmasına, xarici ölkələrdən kitab, jurnal və elmi məcmuələrin alınmasına şərait yaradırdı. Heydər Əliyev kitabxanaların xalqımızın mədəni-mənəvi tərəqqisində və cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi. “Ölkəmizdə yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasında H.Əliyevin xidmətləri əvəzedilməzdir. O, respublikada rəhbərliyə gəldikdən sonra 60-cı illərdə ləğv edilmiş kitabxanaları bərpa etmək, yeni kitabxanalar açmaqla yanaşı, yüksəkixtisaslı kitabxanaçı kadrların yetişdirilməsi işinə də xüsusi diqqət yetirməyə başladı [1.s.23]. Bunun nəticəsində Bakı Dövlət Universitetində fəaliyyət göstərən Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, qəbulun artırılması üçün xüsusi göstəriş vermişdi. Beləliklə, Heydər Əliyevin dövlət kitabxana siyasəti respublika miqyasında aparılan kitabxana işinin əsasını təşkil edir. Ümummilli liderin dövründə kitabxana işi haqqında bir çox sərəncamlar və dövlət qərarları verilmişdir. 1998-ci ildə ölkəmizin tarixində ilk dəfə olaraq “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda deyilir: “Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir” [4.web]. Ümummilli Lider, Azarbaycanda Atatürk irsinin və türk xalqlarının tarixinin araşdırılmasına dair əvəzsiz xidmətləri olmuşdur. Belə ki,: “Boyük Atatürkün yaratdigi və bugünkü nəslə, gələcək nəslə qoydugu irs elə boyük xəzinədir ki, bu araşdırmalar hələ yüz il bundan sonra da getsə, onun hamısnı elm, kitab vasitəsilə, başqa yollarla meydana çıxarmaq mümkün olmayacaqdir. Ona görə də mən fərman vermişəm və Azarbaycanda Atatürk irsinin və türk xalqlarının tarixinin araşdırılması üçün yeni bir mərkəz yaratmışam. Bu mərkəzin Faxri Prezidenti Azərbaycan Prezidentidir”[2.s.53]. Bildiyimiz kimi, repressiyaya düçar olmuş böyük xəzinələrimizdən biri də "Kitabi Dədə Qorqud" dastanı olmuşdur. Dastanın vətənə qaytarılmasın da Heydər Əliyevin misilsiz xidməti olmuşdur. О vaxt yubiley günlərində biz "Dədə Qorqud" eposunun, Azərbaycan dilində yazılmış eposun Drezden kitabxanasında saxlanılan nüsxəsinin sürətini almaq istəyirdik. О indi galib çatıbdır. Mən onu sizə təqdim etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın bu günü və gələcəyi üçün ən böyük nailiyyətlərindən biridir ki, biz "Dədə Qorqud”u repressiyadan xilas etdik, xalqımıza qaytardıq. Nəhayət, onun əlyazmasını, indiyə qədər Drezden kitabxanasında qorunub-saxlanılan əlyazmasının sürətini biz Azərbaycana gətirmişik. Mən bunu Əlyazmalar İnstitutuna təqdim edirəm [2.s. 54]. Heydər Əliyev orta əsrlər Sərginin ən böyük şairlərindən biri Nizami Gəncəvinin xatirəsini abədiləşdirmək, irsinin daha da təbliğ olunması və geniş vüsət alması üçün böyük işlər görmüş və kitablarının nəşri üçün köməklik göstərmişdir. Nizaminin “Xosrov və Şirin”,"Leyli və Məcnun” və “İsgəndərnamə” kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Böyük fəxr hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər şəxsi kitabxanasından Milli Kitabxanaya olduqca çox kitab bağışlamışdır. Müxtəlif mövzulara həsr olunan bu kitablar, bu gün təbii ki, kitabxana fondunda öz yerini tutmuşdur. Eyni zamanda, bağışlanan kitablar içərisində Səudiyyə Ərəbistandan gətirilən Quran kitabının nüsxəsi də, vardır. “Bilirsiniz ki, mən Səudiyyə Ərəbistana rəsmi səfərə getmişdim. Səfər zamanı biz islam aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. Orada - islam dininin mərkəzi Məkkədə mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis şəkildə buraxı1mış bu nüsxələrdən birini də Dövlət Kitabxanasına verirəm”[2.s.39]. Beləliklə, Azərbaycan xalqının vətənpərvər oğlu, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxanalar dövlət qayğısı ilə əhatə olunmuş, bu sahənin inkişafı naminə böyük səy göstərmişdir. Məhz buna görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərəqqi dövrü kimi daxil olmuşdur. Böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev özündən sonra çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca bu nəhəng şəxsiyyətin öz xalqına möhkəm sədaqətlə bağlı olduğu, ölkəmizin inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə çıxmış olur. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun və mütərəqqi ideologiyasının layiqli davamçısı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizdə kitab nəşri işinə və kitabxanaların inkişafına böyük töhfələr verməkdədir. Yekünlaşdıraraq vurğulamaq istərdim ki, AMEA-nın Mərkəzi Kitabxanasının daimi oxucusu olaraq Respublikamızın dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərinə və elmi əsərlərinə kitabxananın hər bir guşəsində rast gəlmək olar.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1. Abuzər Xələfov - Heydər Əliyev və Azərbaycanda Kitabxana işi Azərnəşr, 2006.- 312 s.
2. Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqinda müdrik fikirləri // tərt, ed.: R.İ.Süleymanov/ Bakı: Mütərcim, 2016, 72 s.
3. Zahid Cəfərov - “Konstitusuya və Suverenlik ili: Dövlətşilik təcrübəsi və hüquqi inkişaf ” // Respublika qəzeti №46 (8094)1.05.2025, 12 s.
4. https://science.gov.az/ru/news/open/16926 - Kitabxana işinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu
Təhminə Ağakişiyeva,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

