Xalqımızın yaddaşında əbədi yaşayacaq Lider – Heydər Əliyev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini , t.e.d. Eynulla Mədətli açıb. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Eynulla Mədətli çıxışında bildirib ki, dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür. Bu gün Azərbaycan xalqı onun əziz xatirəsini dərin ehtiramla yad edir, dövlətçilik tariximizdə qoyduğu misilsiz izləri böyük minnətdarlıqla xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, ordu quruculuğunda, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyət idi. Onun uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına olan sarsılmaz sevgisi bu gün də dövlətçiliyimizin əsas dayaqlarından biridir.
O, Ulu Öndərin ikinci dəfə Azərbaycana hakimiyyətə qayıtmasından, Azərbaycanın müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin respublikanın yenidən qurulması, iqtisadiyyatın dirçəldilməsi istiqamətində gördüyü işlərdən, “Əsrin müqaviləsi”ndən bəhs edib. Heydər Əliyev siyasətinin məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu vurğulayıb.
Tədbirdə AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə, f.ü.f.d., dosent Fikrət Nəbiyev, f.ü.f.d., dos. İradə Zərqanayeva, f.ü.f.d., dosent Əli İbrahimov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.e.d. Füzuli Qurbanov Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında fikirlərini və xatirələrini bölüşüblər.









