“Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda elmi seminar keçirilib
Seminarda f.ü.f.d., Zaur Rəşidov “Azərbaycandan dünyaya yayılan fəlsəfi ideyalar” mövzusunda məruzə ilə çıxış edib. Zaur Rəşidov məruzəsində orta əsrlərdə Azərbaycan ərazisində formalaşan 3 əsas fəlsəfi cərəyan, işraqilik, hürufilik və xəlvətilikdən danışıb: “Şihabəddin Yəhya Sührəvərdi (1155-1191) tərəfindən əsası qoyulan işraqilik sinkretik mahiyyətə malik olmuş, İslam universumu əsasında Qədim yunan (Hermes ənənələri, Pifaqor, Empedokl, Platon və s.), Qədim İran və Hind hakimlərinin hikmətlərini bir yerə toplaya bilmişdir. Tanrını Nur, yəni öz zahirliyində gizli hesab edən bu təlim, Hüsaməddin Bitlisi (XVI), Həsən əl-Kürdi (XVII), İsmayıl Rusuhi Ankaravi (XVII), Məmməd Əmin Şirvani (XVII) kimi mütəfəkkirlər vasitəsi ilə Anadoluya da yayılmışdır. Məmməd Əmin Şirvani işraqiliyi “işraki elm, fəlsəfi elm cümləsindəndir” kimi təsnif etmişdir.
“Piri-sani” kimi tanınan Seyid Yəhya Bakuvi (1410-1462) tərəfindən sistemləşdirilən xəlvətilik təlimi, Teymurilər və Səfəvilərin təqibləri nəticəsində Anadoluya köç etməyə məcbur olmuşdur. İlk dönəmdə Osmanlılar Sünni təriqət olan xəlvətilikdən səfəvilərə qarşı sədd kimi istifadə etdilər. Anadolunun kütləvi şəkilədə şiələşməsində bu təriqətin nüfuzu və imkanlarından yararlandılar. Bu mücadilədə özünü doğrultmuş xəlvətilik, daha sonralar Balkanlardakı İslamın ortodokslaşmasında da xüsusi əhəmiyyət kəsb etdi. Osmalıda olduqca geniş yayılmış bu təriqət XVII əsrdə özünün yüksək inkişaf mərhələsinə çatdı. Tolerant mahiyyəti ilə seçilən xəlvətilik Bakıdan Balkanlara qədər olan geniş coğrafiyada yayıldı. Daha sonralar Şimali Afrikaya qədər genişlənə bildi. Seyid Yəhya Bakuviyə görə, “dillərimiz və rənglərimizin müxtəlifliyi Onun (Tanrının) qüdrətinə dəlildir”. Bu kimi insani fikirlərə əsaslanan xəlvətilik yayıldığı məkanlarda sevilə bildi”.

