AMEA-da “Zəfərdən-zəfərə: Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçirilib
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi müəssisə və təşkilatların baş və icraçı direktorları, gənc alimlər, həmçinin AMEA-nın Vətən müharibəsində iştirak etmiş veteranları və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin təsdiq edilməsi münasibətilə ölkə başçısına Akademiyanın çoxminlik kollektivi adından dərin minnətdarlığını bildirib, bu Nizamnamənin AMEA-nın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdiyini söyləyib. Qeyd edib ki, alimlərimiz dövlət başçısının böyük etimadını bundan sonra da doğruldacaq, ölkəmizin inkişafı, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dövlətinin elm sahəsində maraqlarının beynəlxalq müstəvidə qorunması naminə fəaliyyətlərini inamla davam etdirəcəklər.
Konfransın mövzusuna toxunan akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqı, dövləti həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı ötən 3 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləyib, hərbi və diplomatik müstəvidə tarixi qələbələr əldə edib.
Müstəqil və güclü Azərbaycanın lideri, Prezident İlham Əliyevin siyasi və diplomatik şücaəti və Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyulduğunu deyən akademik İsa Həbibbəyli Şuşada Dövlət Bayrağımızın ucaldılması ilə Böyük Qələbənin tam təmin edildiyini söyləyib. Qeyd edib ki, “böyük Ermənistan”, “güclü erməni ordusu”, “keçilməz Ohanyan səddi” kimi ermənilərin illərlə uydurduğu mif, eləcə də ermənilərin və onların havadarlarının məkrli planları cəmi 44 günə Azərbaycan əsgərinin şücaəti ilə birdəfəlik darmadağın edildi. Həmçinin diqqətə çatdırıb ki, bu ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən və düşmənin tam təslimiyyətilə nəticələnən antiterror tədbirləri və oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Dövlət Bayrağımızın ucaldılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
AMEA rəhbəri vurğulayıb ki, Vətən müharibəsində və antiterror tədbirləri zamanı qazanılmış Qələbə ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı.
Akademik İsa Həbibbəyli ölkəmizin Qarabağda atdığı addımların beynəlxalq müstəvidə də dəstəkləndiyini, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə Qazaxıstan, Özbəkistan prezidentlərinin, Macarıstanın Baş nazirinin Prezident İlham Əliyevi ərazi bütövlüyümüzün tam bərpa olunması münasibətilə təbrik etdiklərini söyləyib.
Akademik İsa Həbibbəyli Qarabağda həyata keçirilən Böyük Qayıdış və quruculuq proseslərində alimlərimizin də yaxından iştirak etdiklərini, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatlar apardıqlarını, Tarix İnstitutunun 44 günlük Zəfərin tarixinə həsr olunmuş çoxcildlik əsərlər hazırladıqlarını, Dilçilik İnstitutu tərəfindən isə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın çap olunduğunu söyləyib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin sonunda Akademiyanın və alimlərimizin bundan sonra da dövlət başçısı tərəfindən qoyulan tapşırıqların və vəzifələrin öhdəsindən layiqincə gələcəyini, Azərbaycanın uğurlarını ölkəmizdə və beynəlxalq elmi sferada uğurla təbliğ edəcəyini, Qarabağda həyata keçirilən elmi-tədqiqat işlərində yaxından iştirak etməyə davam edəcəyini bildirib.

