“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın I cildi işıq üzü görüb
Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin birinci cildində XIX əsr Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi (A.A.Bakıxanov, Z.Şirvani, Q.Zakir, M.M.Nəvvab, X.Natəvan, F.Kəminə, Heyran xanım, M.Hidəci, M.M.Şükuhi, S.Ə.Nəbati, Ə.Axundoğlu, M.H.Nigari və başqaları); 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü (M.Ş.Vazeh, T.Z.Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F.Axundzadə, N.Vəzirov, Z. Marağalı və başqaları); 3) Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları (C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə, M.T.Sidqi, S.Ünsizadə və başqaları).

