“Liderin etik-psixoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə seminarın mövzusunun aktuallığını qeyd edərək Azərbaycanda gedən köklü islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, Ulu öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışdı.
Professor qeyd etdi ki, Ulu Öndərin müdrik dövlətçilik siyasəti, idarəetmə təcrübəsi, zəngin mənəvi irsi və gələcək nəsillərə ötürdüyü ideyalar yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də gələcək tədqiqatlar üçün aktual mövzulardandır. Həmçinin bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin dövlətçilik ideayaları əsasında formalaşması amilinin rolunu şərh edən İlham Məmmədzadə Ulu Öndərin mənəvi irsinin və dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırdı.
Ulu öndər Heydər Əliyev çağdaş tariximizə müstəqil dövlətimizin xilaskarı kimi şanlı səhifə yazıb. Milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib – deyə İlham Məmmədzadə qeyd edib.
Daha sonra f.e.d., professor Adil Əsədov, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d, Füzuli Qurbanov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, filologiya elmləri doktoru Afaq Əsədova və digər çıxışçılar mövzu ətrafında çıxış edərək fikir mübadiləsi aparıblar.

