Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə tədbir iştirakçılarına xoş gəldin deyib onları salamladı. Fəlsəfə və Sosiologiya İnstitutunun elmi nailiyyətlərindən, xarici elm və təhsil müəssisələri ilə birgə fəaliyyətlərindən, müştərək nəşr olunan elmi kitab və monoqrafiyalar barədə ətraflı məlumat verdi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçriməyi və islahatların aparılmasının nəzərdə tutuluduğunu bildirib.
Fəlsəfənin əsas prioritetləri məsələsinə toxunan professor bunları deyib: “Bizim filosofları zəmanəmizin ən parlaq zəkaları ilə birləşdirən məhz bu məsələlər yaxın gələcəkdə fəlsəfənin əsas prioritetlərini əsaslandırmağa imkan verir:
Birincisi, rasional və irrasional idrakın, tolerantlıq və dözümsüzlüyün hüdudları haqqında düşünərək fəlsəfi, metafizik alim və din xadimlərini dialoqa cəlb etməyə, onların səylərini müsbət birgə fəaliyyətə yönəltməyə qadirdir. İkincisi, güman edirik ki, fəlsəfədə realizm və idealizm, metod və həqiqət xüsusunda diskussiyaların aktuallaşması nəinki davam edəcək, hətta elmə daha çox təsir göstərəcək. Üçüncüsü, milli fəlsəfə və universallığın qarşılıqlı nisbəti. Dördüncüsü, koqnitiv elmlər, şüur fəlsəfəsi və etikanın qarşılıqlı əlaqələri. Və nəhayət, fəlsəfə və ideologiya, siyasət və əxlaq arasında qarşılıqlı münasibətlər, geofəlsəfənin mahiyyəti.
Bu qeyd və ideyalar bizə müasir fəlsəfəmizin əsas prioritetlərini, bunların onun gələcəyinin yalnız bəzi konturları olduğunu dərk edərək, ifadə etməyə imkan verir. Fikrimizcə, fəlsəfədə çoxfənli tədqiqatların, məntiqin inkişaf etdirilməsi kursunu davam etdirmək lazımdır, onlar yalnız fəlsəfəyə deyil, həm də ümumilikdə ictimai elmlərə inandırıcılıq əlavə edəcək. Onlar nəinki fəlsəfədə müəyyən dərəcədə sübutlu, əsaslandırılmış olan daha dəqiq nəticələrə yaxınlaşmağa imkan verəcək, həm də digər elmlərdə fəlsəfəyə daha çox maraq göstərilməsini təmin edəcək. Bu cür fəlsəfənin fərdi şüurla əlaqələrinin dərk olunmasına, fəlsəfə və psixologiyanın qovuşuğunda tədqiqatların aparılmasının inkişaf etdirilməsinə diqqət yetirmək vacibdir”.
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri vəzifəsini icra edən Ding Tao, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq müşaviri və Azərbaycanda Fransız İnstitutunun direktoru Jerom Kel, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Siyasi, İqtisadi, Mətbuat və İnformasiya müşaviri Crtomir Peter Fisinger tədbirə dəvət üçün məmnunluqlarını dilə gətirən qonaqlar, qonaqpərvərliyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildirib və Müstəqillik Günü münasibəti ilə tədbir iştirakçılarına təbriklərini çatdırıblar.

