Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Beşinci Beynəlxalq Həmzə Nigari Simpoziumunda iştirak ediblər
Mayın 17-də Muğam mərkəzində açılış və bədii hissə ilə öz işinə başlayan simpozium mayın 18-də Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində dörd bölmədə işini davam etdirmişdir. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları mövzularında məruzələri dinlənilmişdir.
Fəlsəfə və Sosiologiya İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi Xanımağa İsmayılova Simpoziumda “Soyqırım – Azərbaycan xalqına qarşı ermənilərin sistemli şəkildə məhvetmə üsulu kimi” adlı məqalə ilə çıxış etmişdir.
Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində şəhid məzarlığını, Xaçın su anbarını,tarix-mədəniyyət abidələrini, o cümlədən Ağdam məscidini, İmarəti, Şahbulaq qalasını, Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət etmiş, Həmzə Nigari nəslinin davamçıları ilə yaxından tanış olmuşlar.

